adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Sentyabr 2018 16:45
9302
SİYASƏT
A- A+

Ruhanidən Türkiyə və Qərbə Suriya mesajı

Tehranda Suriyada siyasi nizamlanma üzrə Astana prosesi çərçivəsində bu ölkədə atəşkəsə qarant ölkələr olaraq Türkiyə, Rusiya və İran liderlərinin Suriya böhranına həsr edilən üçtərəfli sammiti işə başlayıb.

Adalet.az xəbər verir ki, sammitdə çıxış edən İran prezidenti Həsən Ruhani Suriya müharibəsinin hərbi yolla həllinin olmadığını vurğulayıb. Bildirib ki, Suriyadakı müharibə alovunu söndürmək və ölkənin bütövlüyünü qorumaq üçün ortaq bir mexanizm işlənib hazırlanmalıdır. Ruhaninin sözlərinə görə, yeni mexanizm Astana prosesinin davamı olmalıdır.

Fürsətdən istifadə edərək Ruhani ABŞ başda olmaqla, İranın Suriyadan çıxmasını tələb edən qərb ölkələrinə mesaj da göndərib. Həmin mesajdan Türkiyəyə də pay düşüb.

"İran İslam Respublikasının Suriyadakı mövcudluğu bu ölkənin leqitim hökumətinin istəyinə əsaslanır. Bizim Suriyada iştirakımız nə də keçmişdə, nə gələcəkdə öz qərar və baxışlarımızı zorla qəbul etdirmək niyyəti daşımayıb. Regiondakı bəzi ölkələrin terror və separatizm narahatlığını başa düşürük. Amma bunun üçün ən təsirli variantın Suriya hökuməti ilə əməkdaşlıq olduğuna əminik. Biz sülh üçün döyüşürük. Odur ki, bu mübarizədən mülki əhali zərər çəkməməlidir. İşğalçı Sionist rejimi isə terrorla mübarizə apardığını iddia edə bilməz. Bu rejim işğal etdiyi Suriya torpaqlarını dərhal tərk etməlidir. Sionist rejimi dəstəkləyən ABŞ-dan da Suriya böhranında müsbət və konstruktiv rol oynayacağını gözləmək olmaz. Suriyanın gələcəyinə dair ilk və son qərar yalnız Suriya xalqına məxsusdur.” – deyə, İran prezidenti bildirib.

Qeyd edək ki, məhz bu sammitdə İdlibin taleyinə - ora birgə hücumun təşkil edilib-edilməməsinə, yaxud Bəşər Əsəd hökumətinə bu məsələdə dəstək verilməsi məsələsi barədə qərar qəbul ediləcəyi ehtimal olunur.