Faiq QİSMƏTOĞLU: O BALACA EV…

FAİQ QİSMƏTOĞLU
53496 | 2018-09-07 15:43
… Dünyada hər bir adamın uşaqlıq vaxtı bir balaca evi olur. Və bu balaca ev o qədər doğma, o qədər şirin idi ki, o yerdən adam uzaq düşmək istəmirdi. Və biz də uşaq olanda belə balaca-balaca evlərimiz vardı. Və bu balaca-balaca evləri biz Bəhmənlidə «şirəlik»dən keçib «çalma» deyilən yerdə düzəldərdik. Düzəldib oturardıq onun içində özümüzə xəyal aləmində qeyri-adi şeylər fikirləşərdik. Və onda bizim 13-14 yaşımız vardı. Bu evləri Zülfüqar, Təbriz və bir də mən düzəldərdik. Şumlanmış torpaqdan səliqə ilə bir-birinin üstünə yığardıq və hətta ona tavan, döşəmə də düzəldərdik. Tavanı, döşəməsi qarğıdan, otdan olardı. Və biz düzəltdiyimiz ev də Zülfüqarın atası Əhəd əmimin qoruduğu çalmada olardı. Və Əhəd əmi də atla gəlib ordan keçəndə bizə baxardı. Görərdi ki, başımız qarışıqdı, salam verərdi və sonra da sifətində təbəssüm yaranıb çıxıb gedərdi…

Əhəd kişi də elə-belə adam deyildi. Günü-güzəranı at belində keçirdi. Və həmişə mən elə Əhəd əmimi at üstündə təsəvvür edirəm. Çox nadir halda onu atsız görərdik. Amma elə ki, ayağını üzəngiyə qoyub atın yəhəri üstündə əyləşirdi və bir də görürdün ki, atı elə çapır ki, sanki maşın gedir. Və onun atı da başqa atlardan fərqlənirdi. Atın yalmanı və quyruğu çox uzun idi. Bir dəfə atı minmək istədim, amma nə illah elədim at məni yaxın buraxmadı. Əmioğlum Zülfüqar atın yalmanından tutandan sonra at yumuşaldı və mən ayağımı üzəngiyə qoyub atın belinə mindim. Cilovu çəkdim ki, at yerisin. At yeridi və sonra da tərpənmədi. Qayıdıb Zülyüqara dedim ki, əmioğlu, atın başını qaldır getsin. Elə bu vaxt Əhəd əmim gəldi və məni atın belində görüb dedi:

- Ay oğul, səndən at minən olmaz. Düş atdan yerə, bir də o ata minmə! Yoxsa at səni belindən qaldırıb çırpar yerə, sür-sümüyün qırılar. Sonra mən Qismətə nə cavab verəcəm?..

… Elə həmin anda atın belindən düşdüm və bir daha ata yaxın getmədim. Amma əmioğlum Zülfüqar o atın dilini yaxşı bilirdi. Elə rahat onun belinə əyləşirdi ki, mən ona qibtə ilə baxırdım. Və yaxşı da at çapmağı vardı. Atı çapırdı, çapırdı və sonra da gəlib bizim tikdiyimiz o balaca evin yanında dayanırdı. Ayağını üzəngiyə qoyub yavaşca yerə düşürdü.


Əhəd əmimin uşaqlarının hamısı zəhmətkeş idi. Çünki onlar gözlərini açıb atalarının, anası Səkinə xalanın necə alın təriylə yaşadıqlarını görmüşdülər. Və o uşaqlar da həmişə böyüklərinin getdiyi, addımladıqları yolla gedirdilər. İlqar, İbrahim, Zülfüqar, Qaim, Məmməd, Qədir, Sona və Sara bizim hər birimizə çox doğmaydı. Düzdür, böyük qardaş İlqar və ortancıl qardaş İbrahim bizdən böyük idi, onlarla az-az görüşürdük. Biz ancaq Zülfüqarla, Qaimlə, Sona və Sara ilə elə çox vaxt məhəllədə bir yerdə oynayardıq.

İlqar Əhəd əmimin böyük oğlu idi. Orta tibbi təhsili vardı, amma çox həkimdən savadlı idi. Atam ona professor deyirdi. Çünki təyziqi qalxanda, ürəyinin ağrısı tutanda biz qaça-qaça rəhmətlik İlqarı axtarardıq. Bir dəfə də atamın vəziyyəti ağırlaşmışdı, ayaqyalın, başıaçıq qaça-qaça Əhəd əmimgilə getdim. Elə evə çatmamış qaşqıra-qışqıra dedim ki, İlqar əmi, əmimin vəziyyəti ağırdı. O da bir göz qırpımında içi dərman və iynə dolu çantasını götürdü, yerindən elə tərpəndi ki, məndən tez əmimin üstünə çatdı. Əgər o bir qədər gec gəlsəydi, əmim çoxdan dünyasını dəyişmişdi. Yəni İlqar əmioğlumun köməyi ilə atam rəhmətlik dəfələrlə ölümdən xilas olmuşdu. Əhəd əmimin ortancıl oğlu isə İbrahimdi. Çox səbrli, çox da istiqanlı insandı. Bir dəfə kəndin üstündəki böyük su kanalında (camaat ona qurultay arxı deyir – F.Q) çimirdik, mən də üzməyi bilmirdim. Tay-tuşlarım hamısı suya baş vurur, üzür, sonra isə kanaldan kənara çıxırdı. Mən də onlara baxıb suya tullandım, amma gedib düşdüm burulğana. Nə illah elədim çıxa bilmirdim. Rəhmətlik böyük qardaşım Qürbət isə kənardan baxıb hay-həşir qoparırdı ki, kimsə mənə kömək eləsin. Artıq suda gözüm kəlləmə çıxmışdı. Bir neçə saniyə keçsəydi, boğulmağıma şübhə yoxuydu. Bu vaxt Əhəd əmimin oğlu İbrahim suya tullandı ayağımın altından boynuyla məni kənara atmaq istədi. Amma bu alınmadı. İkinci dəfə yenidən cəhd elədi, var gücünü toplayaraq məni çətinliklə də olsa kanalın kənarına tullaya bildi. Özü sudan çıxıb məni üzü üstə çevirdi, qarnıma dolan suyu masaj ilə geri qaytartdı. Az qalmışdı ölüm. Əgər İbrahim əmioğlu olmasaydı, mən 13-14 yaşında dünyamı dəyişməli idim. Və bu günkü yaşa gəlib çatdığıma görə, göydə Allaha, yerə İbrahim əmioğluya borcluyam. Bu hadisəni qohumlarımın hamısı bilir. Hətta həmin hadisəni İbrahimin oğlu Namiq müəllimə də danışmışam. Maşallah, Namiq də o qədər savadlı, ağıllı, tərbiyəli və mədəni oğlandır ki, onunla bütün qohum-əqrəba qürur duyur. Mən də savadlı adam görəndə elə bil gözümün işığını tapıram. Və bu Namiq də mənimlə hər dəfə söhbət eləyəndə sevinirəm nə yaxşı bizim nəsildə, kökdə belə gənclər yetişir.


Zülfüqar əmioğluyla uşaqlığımız bir yerdə keçib, bir məhəllədə olmuşuq və orta məktəbi də eyni vaxtda bitirmişik. Həmişə mehriban olmuşuq. Bəzən yolumuzu azanda, dalaşanda onun anası Səkinə xalayla mənim anam Mirvari arvad bizi saktləşdirib, deyib ki, əmioğlusunuz, bir-birinizlə boğuşmayın, bir-birinizi qoruyun və sevin. Və biz də ağlımız kəsəndən böyüklərimizin göstərdiyi yolla getmişik. Və düşünürəm ki, o yol da bizi həmişə işıqlı bir aləmə aparıb. Allah Səkinə xalaya da rəhmət eləsin, mənim anam Mirvariyə də!

Zülfüqar uşaqlıq yoldaşlarımdan məni ən çox axtaran, arayan insanlardandı. Ondan da yaxın olduğum və arxa durduğum, barmağımın beşini bal eləyib ağzına dürtdüyüm doğmalarım var. Ancaq onlar bir dəfə mənə telefon açıb əhvalımı soruşmazlar. Amma Zülfüqar əmioğlu bir də görürəm ki, xəbərim olmadan ad günümü hardan öyrənibsə, mənə zəng vurur və təbrik edir. O zəng vuranda və təbrik edəndə özümü göyün yeddinci qatında hiss eləyirəm. O mənə zəng eləyəndə yadıma çalmada düzəltdiyimiz o balaca ev düşür…yadıma rəhmətlik Əhəd əmim, Səkinə xala, rəhmətlik İlqar düşür… yadıma bizim bir tikə çörəyi necə o balaca evdə şirinliklə yediyimiz anlar gəlib düşür… və yadıma düşən bir də Əhəd əmimin uzun yalamanlı, uzun quyruqlu atı olur…

… İnsanın dərdini bölə biləcəyi, sevincini paylaşacağı həmdəmi olanda o adam xoşbəxt sayıla bilər. Və bir də o adam xoşbəxt sayıla bilər ki, onu anlayan olsun, başa düşən tapılsın. Bu dünyada məni anlayan, başa düşən və dərdimi şirin söhbətləriylə unutduran üç-dörd adam varsa, onlardan da biri də Zülfüqar əmioğludur. İnanın, onunla heç tez-tez görüşə də bilmirik. Çünki mənim də, onun da o qədər qayğıları var ki, vaxt tapmaqda çətinlik çəkirik. Nə yaxşı ki, bu telefon var. Elə ki, mobil telefonla bir-birimizə telefon açırıq, bax onda da danışmaqdan doymuruq. Ötən günlər, uşaqlıq çağları böyüklərimiz bu söhbətlərlə yada salınır, xatırlanır. Bax, bu söhbətlərdə biz yenidən o balaca evə, atalı-analı günlərə qayıdırıq. O günləri xatirələrinin hərarəti heç olmasa bizi az da olsa isidir. İndi insanlar o qədər soyuqlaşıb ki, o qədər yadlaşıb ki, bəzən elədiyin söhbət səni isitmək əvəzinə üşüdür.

… Onun çox gözəl, çox ağıllı, çox da tərbiyəli övladları var. Xüsusən həkim-cərrah Vidadinin tərbiyəsi, mədəniyyəti və qanacağı həmişə bir ziyalı olaraq mənə çox xoş gəlir. Çünki bu uşaq nə qədər tərbiyəlidirsə, nə qədər savadlıdırsa, bir o qədər də sadə bir insandır. Özü də tayfamızın adını özünə soyad götürüb. Yəni indi o, belə tanınır: Vidadi Kəbirli! Gözəl cərrah, gözəl həkim, gözəl də ziyalı. Bəli, dahilərdən biri deyir ki, insanın ən böyük var-dövləti onun savadlı və tərbiyəli övladlarıdır. Elə mənim əmimoğlu Zülfüqar da dünyanın ən varlı adamıdır. Çünki onun övladları çox savadlı, çox tərbiyəli, çox da əxlaqlı insanlardılar. Başqa cür də ola bilməz! Çünki Zülfüqarın dünya boyda ürəyi var. Və bu uşaqlar, bu nəvələr də onun dünya boyda ürəyindən işıq alıblar, nur alıblar. Və mən deyərdim ki, o, balalarına baxıb sevinə bilər. Sevinə bilər ki, bu 62 illik ömrü elə-belə saç-saqqal ağartmayıb. Ötən hər ömür, hər il balalarına, nəvələrinə bir gözəllik, bir işıq, bir sevgi gətirib. Elə mənim uşaqlıq dostum Zülfüqar Məmmədovu da yaşadan və nurlu sabaha aparan bu sevgidir…

TƏQVİM / ARXİV