adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Sentyabr 2018 21:42
14588
ƏDƏBİYYAT
A- A+

Əvəz Mahmud Lələdağ


El-obanı gəzməyə yorulmaz qılçın ola.
Gözəllərin əliylə daranan saçın ola.
Əynində toy libası, qeyrətdən tacın ola.
Sənə ürəkdən yanan istəkli bacın ola.
Yaylaqlara köçməyə sanballı köçün ola.
Nazik yuxa bişirən küllənmiş sacın ola.
Əğyarı məhv etməyə qolunda gücün ola.
Səni bağrına basan Qubadlı, Laçın ola,
Əvəz Mahmud Lələdağ.

Minəsən köhlən ata, yolun dağlara düşə.
Bir tərəfdən çay axa, bir yanda qalın meşə.
Gətirdiyin xalçanı, sərəsən yaşıl döşə.
Ocaq qalamaq üçün tapasan gözəl guşə.
Çoban bir dübür kəsə, köz üstə kabab bişə.
Badımcanı, bibəri, taxasan yağlı şişə.
Dərdin, qəmin dağıla, belə ola həmişə,
Əvəz Mahmud Lələdağ!

Uzanasan kölgədə göy otların üstünə.
Div yuxusu yatasan, gün düşməyə üstünə.
Bu dəmdə bilməyəsən soyuq nədi, isti nə.
Çiçəkləri, gülləri qoymayasan pis günə.
O fidan pöhrələrin, durmayasan qəsdinə.
Əvəz Mahmud Lələdağ.

Doğma yurda getməyə bir qanadlı quş olam.
Gedib qarlı zirvədə qartalla yoldaş olam.
Mirəhməd dərəsində yaz, yay, payız, qış olam.
Düzdərin zəmisinə gur yağan yağış olam.
Elin dağ-dərəsiylə yaxından tanış olam.
Bozdağın sinəsində bir əbədi daş olam.
Əbədiyyət evinə bir az yubanmış olam,
Əvəz Mahmud Lələdağ.

***
Qəlbimdən keçən budur, səni hər az görüm, yar.
Səfalı əllərinlə gəl yaramı özün yar.
Allahın köməyiylə mən də olum bəxtiyar.
Öz vaxtında yetişsin, bizim dağlara bahar.
Əriyib getsin tamam qışdan qalan hər nə var.
Cücərsin üzə çıxsın torpaq altda olanlar.
Şirin yemlik, əvəlik, quşəppəyi, qulançar.
Qızılgül qaş-göz atsın, çiçəkləsin heyva, nar.
Ətirli Novruzgülü, sevincə sevinc qatar.
Gələr bizim göllərə, durnalar qatar-qatar
Bir-birinə can deyər, saf eşqili cavanlar.
Hər bir kəsin bu yerdə arzuları gül açar,
Əvəz Mahmud Lələdağ.

***
Yaz sovuşub qurtarar, yurda isti yay gəlir.
İnsanın köməyinə dəniz gələr, çay gələr.
Samovar tüstülənir, süfrəmizə çay gəlir.
Yaxın dostdan, tanışdan, bir-birinə pay gəlir.
Qızıl payız boylanar, çox fərəhli ay gəlir.
Cavanlar dərdləşərlər, haray gələr, hay gəlir.
Toyumuz yaxınlaşır, toy gününü say, gəlir,
Əvəz Mahmud Lələdağ.


Ay gözəl

Eşqin məni edib dəli-divanə
Qənşərə çıx səni görüm, ay gözəl.
Yan-yörələr eşitməsin səsimi,
Göz-qaş ilə salam verim, ay gözəl.

Qadam alım, qəmli baxma üzümə,
Odlu baxış axıb dolsun gözümə.
O baxışdan hünər gəlsin dizimə,
Qəm-kədəri yerə sərim, ay gözəl.

Qurban olum səni doğan gəlinə,
Əl uzadım, əlini ver əlimə.
Nəfəsimlə sığal çəkim telinə,
Qoynundan narı dərim, ay gözəl.

Əvəz deyir, canım sənə sadağa,
Məni yorub bu izləmə, qadağa.
Gəl qoşulub qaçaq burdan uzağa
Gözəl olsun görüş yerim, ay gözəl.

Yanmışın

Bu gün bir tellinin telini saydım,
Şəvədən qaradı teli, yanmışın.
Yanaq lalə, göz piyalə, dodaq bal,
Qarışqa belidir, beli, yanmışın.

O bülbülün qəddin əyib gül dərdi,
Nə müddətdir qırıb atmır gül, dərdi.
Əl uzadıb bir ətirli gül dərdi,
Ətirə boyandı əli yanmışın.

Allı-güllü don yaraşır özünə,
Ənnik-kirşan bulaşdırmır üzünə.
Diqqət ilə qulaq asdım sözünə,
Şəkərdən şirindir dili, yanmışın.

Biləyində qolbağısı qəşəngdir,
Düymələnmiş zər yaxası qəşəngdir.
Həm anası, həm atası qəşəngdir,
Xeyir-bərəkətdir eli, yanmışın.

Bəxtəvər başına Əvəz Lələdağ,
İlahi verdiyi qismətə bir bax!
Buxağı dələmə, qoynu bağça-bağ,
Adamı məst edir gülü, yanmışın.

Gözləyir

(Ağdam ərazisində ermənilər törətdiyi
yanğıdan duyğulandım)

Alçaq xislətinlə sən alçalırsan,
Alçatmaq ölümdən betərdi, yağı.
Qoca təbiətdən qisas alırsan,
Sənə nifrət edir İşıqlıdağı.

Niyə yandırırsan quş yuvasını,
Sığırçın, bildirçin, kəklik azalıb.
Tüstüylə boğursan dağ havasını,
Vəhşilik, qəddarlıq canında qalıb.

Bu dağın, təpənin nədir günahı,
Od vurub büsbütün külə döndərdin.
Səni tutacaqdı torpağın ahı,
İlanın leşini kimə göndərdin.

İnsafsız, mürvətsiz yaranmısan sən,
Tər gülü, çiçəyi məhv eyləyirsən.
Səni bağışlamaz bu çöl, bu çəmən,
Günah işlədirsən səhv eyləyirsən.

Sənin ucbatından, sənin üzündən,
Marallar hürküşüb qürbətə düşüb.
Yaş axır ceyranın qara gözündən,
Ağdam nəşdər olub bağrını deşir.

Yarıcan olmusan işğalçı yağı,
Addımın daralıb yola yaramaz.
Mən sənə verdiyim çörəyi, yağı,
Bir yolluq itirdin sarsaq, yaramaz.

Nankorsan, nadansan, haqq itirənsən,
Mənim torpağıma dikmə gözünü.
Xeyir baxçasında şər bitirənsən,
Taleh dağlayacaq sırtıq üzünü.

Niyə unutmusan kim olmağını,
Əziz peşən idi eşşək nallamaq.
Çəkiclə əzərdin baş barmağını,
Yoxdur yer üzündə sənin tək axmaq.

Sən artıq hər şeyi uduzmusan bil,
Namusu, qeyrəti, haqqı, salamı.
Bax, əlim dəyməmiş yolumdan çəkil,
Bunu məndən başqa istəyir hamı.

Özünü həmişə qoçaq sanırsan,
Səni gecə-gündüz əcəl izləyir.
Nə hikmət qanırsan, nə söz qanırsan,
Canına vida de ölüm gözləyir.

Görüm

Eşqin ürəyində gəlib yurd salıb,
Onu ürəyimdən sən çıxart görüm.
Gecəni sübhədək yata bilmirəm,
Sən də mənim kimi "şirin" yat görüm.

Vüsal xumarlığı gözümdə gəzir,
Sözlərin ilişir sözümdə gəzir.
Marallar, ceyranlar düzündə gəzir,
Birinin burnunu gəl qanad görüm.

Söz verib sözünün üstündə dursan,
Dizimdə taqətsən gözümdə nursan.
Sən xalis sikkəsən parlayan dülsən,
Könlümün evində toy-busat olsun.

Mənim nəyim var ki sözdən savayı,
Haqdan ədalətdən düzdən savayı.
Kimim var əzizim, sizdən savayı,
Sizdə dözüm görüm, sədaqət görüm.

Əvəz Lələdağın gülü də sənsən,
Obası da sənsən, eli də sənsən.
Xoş keçən ayı da, ili də sənsən,
Nişan üzüyünü salamat görüm.