adalet.az header logo
  • Bakı 13°C

Yanlışlıq, savadsızlıq, oğurluq

HİDAYƏT ELVÜSAL
37332 | 2018-09-06 21:21
Söhbətə Dədə Şəmşirin "Ay qız" rədifli gəraylısına mərhum bəstəkarımız Bəhram Nəsibovun bəstələdiyi musiqi ilə başlamaq istəyirəm. Onu da bilirəm ki, Bəhram müəllim o mahnını bəstələrkən sözləri eyni ilə saxlamışdı və biz bunu dəfələrlə eşitmişdik. Sizi yormayım. Mahnı belə başlanır:

Niyə məndən GEN gəzirsən,
Dolanırsan GENdən, ay qız?

Yox! Şeir belə deyil! Dədə Şəmşir kimi bir qələm sahibi EYNİ mənanı verən EYNİ sözü, nəinki qonşu misrada, heç qonşu bənddə də işlətməyib. Bəs, bu misraların orijinalı necədir? Əslində belədir:

Niyə məndən YAN (!!!) gəzirsən,
Dolanırsan GENDƏN, ay qız?

Yəni söz sərrafı EYNİ mənanı verən EYNİ sözdən yox, eyni mənanı verən SİNONİMDƏN istifadə edib.
Ola bilsin ki, kimsə "kitabda belədir" desin. Əzizim, o şeiri kitaba salan, oxuyan, redaktə edən bizik. Səhv edə bilmərik? Gözümüzdən qaça bilər. Sadəcə olaraq, mütaliəmizdən, biliyimizdən, dünya görüşümüzdən istifadə etsək, belə yanlışlıq olmaz.
Elə buradaca gözəl qəzəlxanımız Əliağa Vahiddən də söz açmaq yadıma düşdü. Neçə illərdir ki, xanəndələr onun qəzəllərini ifa edirlər. Amma şəxsən mənə qəribə gələn bəzilərinin nə oxuduqlarının bilməməsidir. Onun məşhur "Sən əgər olmasan, ey gül, mənə canan kim olar?" misrası ilə başlanan qəzəl bir beytdə düzgün oxunmur. Bəli, kitabda da belədir. Amma məntiqə baxsaq görərik ki, çap zamanı xətaya yol verilib:

Sevir aləm səni BİR (!!!) gözlərinin xatirinə,
Yoxsa TƏK (???) zülfün üçün bunca pərişan kim olar?

Fikir verirsizmi? Məntiq pozulub. Bəs, əslində bu beyt Vahidin qələmindən necə süzülüb:

Sevir aləm səni HƏM (!!!) gözlərinin xatirinə,
Yoxsa TƏK (!!!) zülfün üçün bunca nəfisi kol olar.

Gördüyünüz kimi, sözlər yerlərinə oturdu. Yəni "aləm səni yalnız zülfün üçün sevmir, sənin həm də (!) gözlərin gözəldir". Bax, heç şübhəsiz ki, bu beytin orijinalı məhz belədir və xanəndələr bu qəzələ müraciət edərlərsə, Vahidin yazdığı kimi oxumaları məsləhətdir.
Düzdür, bəzən şeirdəki bəzi ifadələr musiqiyə uyğun gəlmir. O zaman bəstəkar mütaliəsindən, ədəbi savadından istifadə etmək məcburiyyətində qalır. Bir ifadəyə görə şeirdən əl çəkmək istəmir. Bax, o zaman mənasına xələl gətirmədən, bir uyğunluq, musiqi ilə "barış" əldə etmək mümkündür. Böyük şairimiz Məmməd Arazın sözlərinə musiqi yazmış Razim Paşayev məhz belə də edib və bu mahnı indiyə qədər öz təravətini itirməyib:

Səndən mənə bir ömürlük xatirə,
Məndən sənə nə qalacaq, bilmirəm.

Əslində isə orijinalda "bilmirəm" yox, "nə bilim"dir. Amma ifa zamanı bu "parçalı" söz dildə "maneə" yaratdığından, bəstəkar "bilmirəm"lə əvəzləyib, mahnıya və ifaçıya rahatlıq gətirib. Yadımdadır, Məmməd müəllim də mahnını çox bəyənmiş və bəstəkarın bu "ərköyünlüyünü" hətta təqdir eləmişdi. Yəni belə "düzəlişlər" yolveriləndir. Mənanı itirmir, şeirə xələl gətirmir, onu musiqidə daha çox sevdirir.
Amma həmişə belə olmur.
Məhərrəm Həsənov adlı bir xanəndə var. İnsafən səsi-avazı normaldır. Amma bu Məhərrəm sözlərin başında turp əkməklə də məşhurdur. O, Zeynəb xanım Xanlarovanın repertuarından "Ya bir olar, ya iki" mahnısını lentə aldırıb. Bir TV-nin layihəsi olan "Təbiətin qoynunda" ifalar seriyasında da təqdim olunur. Amma elə mahnı başlarkən, yəni:

İsmi-pünhan, niyə məndən küsübsən?
Dost mehriban ya bir olar, ya iki...

misralarında bu Məhərrəm təzə dil, ifadə "kəşf" eləyib. Molla Cumanın yazdığına elə "düzəliş" edib ki, kişi sağ olsaydı, ürəyi partlayardı. Məhərrəm belə oxuyur:

İsmi-pünhan, niyə məndən küsübsən,
Dost mehriban ya bir... YA OLAR İKİ (???)

Bu nə deməkdir? "Ya olar iki" nə deməkdir, Məhərrəm? Bu, hansı dil qanunudur? Yaxşı, sənin vecinə deyil, savadın-filanın bu gündə. Bəs, bu ifanı qəbul edib, yayınlayan TV-də nə düşünüblər? Doğrudanmı Azərbaycan türkcəsini bilən birisi tapılmayıb ki, Məhərrəmə "ya olar iki" dilə hörmətsizlikdir, savadsızlıqdır desin. Rəhmətlik Əliağa Vahidin başqa misraları yada düşür:

...Çal musiqinin böyrünə min zərb ilə tişə,
Şeirin, qəzəlin qol-qanadın sındır həmişə.
Dəryada üzüb, anlama dərin, ya dayazdır,
Xanəndəsən, oğlan, avazın "yaxşı avazdır".

Əməkdar artist Yusif Mustafayevin oxuduğu "Dağlarda-dağlarda" aşıq musiqisi ruhunda təqdim olunub. Sözləri isə... bərbaddır. Açığını desək - oğurluqdur, plagiatdır. Mikayıl Azaflının məşhur "Qoynunda-qoynunda" şeirindən götürülmüş bir intonasiya, qafiyə bazarlığıdır. Azaflının "qoynunda-qoynunda" rədifinin əvəzinə "dağlarda-dağlarda" yazmaqla heç nəyə nail ola bilməzsən. Bir bənd isə Məmməd Aslanın "Mənim ürəyimdə" şeirindən əməlli-başlı oğurlanıb. M.Aslanda belədir:

Orda neçə şirin dastan,
Varaqlanar zaman-zaman.
Leyli-Məcnun əhdi-peyman,
Bağlar mənim ürəyimdə.

Yusif Mustafayevin müraciət etdiyi şair dədə malı bu bəndi götürüb dəyişərək:

...Neçə cavan əhdi-peyman,
Bağlar dağlarda-dağlarda...

Ayıbdır! İndi bu şeir oğrusu kimdirsə özü bilər. Amma Yusif Mustafayev respublikanın əməkdar artistidir. Gecə-gündüz ya toydadır, ya ekranda. Heç kitab-filan oxumur? Yaxşı deyək ki, oxumur. Bəs, o birilər...
Yəni oğurluq musiqi ifaçıları... Mənim əzizlərim, çox hörmət etdiyim cavan saz ifaçıları - Aşıq Namiq və Mübariz Camaloğlu. Sizə nə olub?

Ay sevgilim, can sevgilim...

Qardaşlar! Bu musiqi Zeynəb xanım Xanlarovanın repertuarında yüz dəfə səslənib. Bu "Tarla qızları" mahnısıdır. İndi kimsə öz bəstəsi kimi təqdim edib. Siz niyə oxuyursunuz, ya sazda ifa edirsiniz? Hələ:

Kaş səni görməyəydim,
Bu CÜRÜNƏ (?!) sevməyəydim...

Heç gözləməzdim. Bu CÜRÜNƏ mahnı olmaz, əzizlərim. Nə söz sözdü, nə də musiqi orijinaldı. Amma günahınız da yoxdur. Savadsız, hazırlıqsız dinləyiciyə sırıya bilirsiniz - sözü də, musiqini də.
Nə isə! Hələlik bu qədər.
Amma ardı var...


TƏQVİM / ARXİV