adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Akademik Bəkir Nəbiyevlə söhbət və ya gündəlikdən sətirlər

8713 | 2018-09-06 21:09
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Tarix: 1 mart 2006-cı il

Səhər saat 11-də Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında, 5-ci mərtəbədə yerləşən Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik Bəkir Nəbiyevin kabinetində "İlin ədəbi yekunları" adlı elmi-ədəbi müşavirə keçirildi. Müşavirəni giriş sözü ilə Bəkir Nəbiyev açdı və tənqidçi Qurban Bayramov yola saldığımız ilin poetik mənzərəsi haqda ətraflı məzurə elədi. O, Musa Yaqub, Qulu Ağsəs və bir çox digər şairələrin yaradıcılıqlarına xas olan müsbət keyfiyyətlərdən söhbət açdı, həyatımızın bir çox digər sahələrində olduğu kimi poeziyamızda müsbət istiqamətə doğru meyllərin nəzərə çarpacaq dərəcədə hiss edildiyini diqqətə çatdırdı. Sonra gənc tənqidçi Nərgiz Cabbarlı keçən il ərzində yaranan nəsr əsərlərinin keyfiyyət göstəricilərindən, bu keyfiyyətlərin müsbət və mənfi çalarlarından ətraflı bəhs elədi, Elçin Hüseynbəyli, İlqar Fəhmi və Xanəmirin yeni romanlarında çoxlu sayda qüsurlu cəhətlərin olduğunu diqqətə çatdırdı. Sonra Bəkir Nəbiyev müşavirəni saxlayıb dedi ki, bu gün mərhum akademikimiz Kamal Talıbzadənin vəfatının qırxıncı günü olduğu üçün müşavirəmizi bu həftənin cümə günü davam etdirəcəyik. Sonra yazıçı və alimlər çıxıb getdi və içəridə ikimiz qaldıq. Mən onun 75 illik yubileyi ilə bağlı "Addım" qəzetində çap olunmuş materialı ona təqdim etdim və ondan müsahibə almaq fikrində olduğumu bildirdim. Akademik bu yazıdan indiki ana kimi xəbərsiz olduğunu deyib mənə təşəkkür elədi. Bəkir müəllim müsahibə verməyə hazır olduğunu bildirdi və mən diktafonu sazlayıb yarım saata kimi onunla söhbət etdim. Müsahibim bu yaxınlarda qeyd olunan 75 illiyi münasibəti ilə ölkənin ən ali mükafatı olan "İstiqlal" orderinə layiq görülmüş hörmətli alimimiz, məhsuldar, səmərəli yaradıcılıq fəaliyyəti ilə çoxlarına nümunə olan akademik Bəkir Nəbiyevdir.
- Bəkir müəllim, bu gün "Ədəbi ilin yekunları" adlı elmi-praktik konfrans öz işinə başladı və bu mövzudan söhbət düşəndə şəxsən siz özünüz hansı vacib məqamlar barədə düşünürsünüz?
- Əlamətdar haldır ki, ilin ədəbi yekunları respublikamızın ədəbi-mədəni təşkilatlarından məhz Nizami adına ədəbiyyat inistitutunda qeyd olunur. Hələ vaxtı ilə akademik M.A.Dadaşzadə böyük Nizaminin adını daşıyan bu institutda sovet ədəbiyyatı deyilən bir qurumun, şöbənin rəhbəri olarkən bu ənənənin əsasını qoymuş və ötən əsrin 70-ci illərindən başlayaraq, ədəbi yekunlar hər il elmi konfranslar şəklində qeyd edilmişdir. Yaxşı bilirsiniz ki, ədəbiyyat da digər sahələr kimi üzdə olan bir yaradıcılıq təsərrüfatıdır. Ağıl və istedadın məhsulu olan diqqətəlayiq əsərlərin vaxtlı-vaxtında nəzərdən keçirilib dəyərləndirilməsinə xüsusi bir mənəvi zərurət duyulur. Bu tədbiri fərqləndirən cəhət ondan ibarətdir ki, birinci növbədə bu və ya digər yazıçı, əsər, əsərlər qrupu, eləcə də bu və ya digər mövzunun elmi cəhətdən əsaslandırılması haqqında bu tipli müşavirələrdə ilk sanballı fikirlər deyilir. Bu prosesin özü çox ciddi elmi-ədəbi mahiyyət daşıyır. Bildiyiniz kimi, 2005-ci ilin son ədəbi nümunələri il ərzində aylıq nəşr olunan "Azərbaycan" jurnalının dekabr nömrəsində dərc edilmişdir. Bu gün həmin prosesdən 2 ay sonra belə geniş yığıncaq keçirilməsi, bu qədər dəqiq təhlillər aparılması əlbəttə ki, təqdirəlayiq haldır. Məhz bundan sonra ayrı-ayrı yaradıcılıq təşkilatlarında bizim keçirdiyimiz müşavirənin materialları müzakirə ediləcək, bu barədə müxtəlif fərqli fikirlər irəli sürüləcəkdir. Lakin bizim əməkdaşlarımızı fərqləndirən cəhət bundan ibarətdir ki, ilin ədəbi məhsulları və ədəbi yekunları barədə ilk sanballı və sistemli fikir söyləmək onlara nəsib olur və bu proses demək olar ki, hər il öz vaxtında həyata keçirilir. Bildiyiniz kimi müəyyən zaman fasiləsi keçdikdən sonra bizim bu gün müzakirə etdiyimiz əsərlər ədəbiyyat tarixinə düşəcək, ayrı-ayrı elmi yaradıcı şəxslər tərəfindən təhlilə və elmi araşdırmalara cəlb ediləcəkdir.
Gələcəyin ədəbiyyatını araşdırmalı olan tarixçilər həmin əsərlərin yarandığı vaxtdan dərhal sonra yazılan məqalə və elmi təhlillərin özünə də tədqiqat obyekti kimi yanaşıb əsərlərin özü ilə birlikdə şərh ediləcəklər.
- Bəkir müəllim, zaman-zaman siz ədəbi prosesdə yaranan əsərləri və bu əsərlərə həsr edilən təhlil xarakterli yazıları yüksək səviyyədə araşdırmış, yaranan yeni əsərlər barədə sanballı tənqidi fikirlər söyləmisiniz.
- Mən bu barədə birinci növbədə təqdiredici münasibətimi bildirmək istərdim.
Hər bir mühazirənin müəllifi bizdə müasir ədəbiyyatın təhlili ilə məşğul olan şöbələrin məchul əməkdaşlarıdır, aparıcı elmi işçiləridir. Onların arasında elmlər doktorları (Aydın Dadaşov) da, elmlər namizədləri də (Qurban Bayramov, Elçin Mehrəliyev) də var. Hətta biz cəsarət edib heç bir elmi dərəcəsi olmayan əməkdaşımıza da, yəni istedadlı gənc tənqidçi Nərgiz xanım Cabbarlıya da nəsr mövzusunda məruzə etməyi tapşırdıq. Qəti şübhə etmirəm ki, bu istedadlı xanım yaxın gələcəkdə elmlər namizədi, hətta elmlər doktoru olmağa layiqdir.
- Mən keçən bu illər ərzində ədəbiyyatın bir sıra nəfəri kimi həmişə sizin yaradıcı fəaliyyətinizi diqqətlə izləmiş, sizin "Tənqid və ədəbi proses", eləcə də "Yeni izlər sorağında" kimi kitablarınızı dönə-dönə oxumuş, öz yaradıcılığımda dəfələrlə sizin nüfuzlu qənaət və ümumiləşdirmələrinizə istinad eləmişəm. Dövrü mətbuatda və elmi- ədəbi orqanlarda ardıcıl şəkildə çap olunan əsərlərinizi də həmişə xüsusi diqqətlə nəzərdən keçirmişəm.
- Bəkir müəllim, dahiyanə bir əsər olan "Qılınc və qələm" romanı barədə bu günün prizmasından yanaşmalı olsanız, nə deyə bilərsiniz?
- "Qılınc və qələm" romanı Azərbaycan ədəbiyyatının çox görkəmli simalarından biri olan M.C.Ordubadinin son və şah əsəridir. Bundan əvvəl isə o "Dumanlı Təbriz", "Gizli Bakı", "Döyüşən şəhər" kimi məşhur əsərlərini yazmış, bu əsərlərin hər biri ədəbiyyat tariximizdə möhkəmlənə bilmişdir. Erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri qanlı vandalizm əməlləri barədə onun vaxtı ilə qələmə aldığı "Qanlı sənələr" əsəri bu vəhşiliyin tarixini araşdıran ziyalılarımız üçün ən ciddi və sanballı tədqiqat obyektidir. Elə bil ki, dahi yazıçı bütün təcrübə və bacarığını səfərbərliyə alaraq "Qilinc və qələm" adlı əsərində yüksək peşəkarlıq nümayiş etdirmişdir.
- Bu sualı təsadüfi vermədim, indiki bəlli durumumuzda bizim üçün qılıncla qələm ittifaqı nə dərəcədə vacibdir?
- Hər bir millət özünün istiqlalı, tarixi, ənənəvi mövqeyini qorumaq yolunda, dahilərini qorumaq yolunda daim mübarizə aparır. Bu mübarizənin gedişi prosesində müxtəlif xarakterli silahlardan yararlanmaq zərurət yaranır. Həmin silahları ümumiləşdirilmiş mənada iki qismə bölmək olar: maddi və mənəvi silahlar. Maddi silahlar deyəndə bugünkü anlayışla müxtəlif xarakterli hərbi qurğular və silahlar nəzərdə tutulur. Mənəvi silah dedikdə isə bizim millətin ağlı, zəkası, savadı, mənəviyyatı, mentaliteti nəzərdə tutulur. Bu mənada Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin ağır, üzücü forma aldığı indiki bir zamanda bu savaşın son akkordlarını vurmaq üçün məhz qılıncla qələmin ittifaqı zəriridir. Bu münaqişə sülh yolu ilə həll olunmazsa, mütləq hərb yolu ilə, zor gücünə nizama salınmalıdır.
- Özünüz də dolayısı ilə etiraf edirsiniz ki, bu gün biz ədəbiyyatın səfərbəredici qüdrətindən yeterincə yararlana, bəhrələnə bilməmişik. Təsadüfi deyil ki, Abbas Səhhət demişdir. "Sabir İran inqilabı üçün bir ordu qədər iş görmüşdür". Bir də ki, keçdiyiniz 75 illik ömrünüzə nəzər salmalı olsanız, ilk növbədə hansı əlamətdar məqamları yada sala bilərsiniz?
- Mənim həyatımda ən çox yadda qalan və bütün ömrüm boyu məni sarsıdan hadisə 1937-ci il repressiyasıdır. Mən atası, əmisi və böyük qardaşı bir gecənin içində evdən çıxarılıb zindana atılan, gedər-gəlməzə göndərilən bir ailənin son beşiyiyəm. Şəxsiyyətə pərəstişin davam etdiyi bütün illərdə mən o cəza tədbirlərinin ağrı-acısını öz üzərimdə hiss etmişəm. Təsəvvür edin ki, mən orta məktəbi bitirərkən süni şəkildə ən yaxşı bildiyim ədəbiyyat fənnindən bir "yaxşı" yazıb məni qızıl medaldan məhrum etdilər, yaxud, həmkarlarım aspiranturaya bir dəfə imtahan verib daxil olsa da, mən yetim üç dəfə dalbadal imtahan verməli oldum. Çünki həmin o şəxsiyyətə pərəstiş illərində eyni yerə imtahan verən rəqibləriminin biri partiya üzvü, digəri isə müharibə veteranı oldu. Mən isə "xalq düşməninin" oğlu olduğuma görə sonuncu imtahandan bir "4" yazıb durna qatarından ayrı salırdılar. Məsələn, mən o zaman rus dilini dövrün tələbləri baxımından kifayət qədər yaxşı bilirdim.

(ardı gələn sayımızda)

Bayram Afurcalı

TƏQVİM / ARXİV