adalet.az header logo
  • Bakı 16°C
07 Sentyabr 2018 18:58
50101
GÜNDƏM
A- A+

ŞOK! ŞOK! ŞOK! YOX BİR .OK!

Bu başlıqlı mənasız xəbərlərlə qəzetlər, saytlar oxucuların day zəhləsini töküb. Şok! Şok! Şok! Dünən iki qonşu arvad dalaşıb!

Dünən televiziyaya baxıram: Şok! Şok! Şok! Axırı da P…!

Hansısa rayonda iki qonşu arvad saçyoldusuna çıxıb. Xəbərlər proqramında bunu o qədər geniş, o qədər əhatəli təfsilatı ilə, video materialla təqdim elədilər ki, «Baharın on yeddinci anı»nda Müller köməkçisinə deyir ey «çto, mı vzyali Moskvu?» İndi «mı vzyali Şuşu?» İki qonşu arvadın dalaşmasının bu millətə nə dəxli?

Və yaxud o gün kanalların biri 14 yaşlı bir gəncin intiharını bir gündə üç dəfə yayımladı. Necə kəndir götürür, necə stul götürür, necə ağaca bağlayır, necə ilgəyi boynuna keçirir, sonra ayağının altındakı stulu vurub aşırır və sair və ilaxır. Belə şeyi televiziyada yayımlayarlar? Nəyi təbliğ edirsiz?

İki-üç gündü rayonlardaydım xəbərim yoxdu, televiziyalarımızın Azərbaycanın brendinə çevirdikləri Falçı Bayram veriliş açdı, yoxsa yox?! Millətin gözü qalıb yolda.

Deməli, Türkiyə televiziyalarında siqaretin üstünü vururlar. Təqdirəlayiqdir! Amma dalına bir qulaq asın. Filmlərdə göstərirlər ki, narkoman heroini necə qaynadır, sonra onu necə şprisə çəkir, qolunu necə şnurla bağlayır, damarını axtarır, iynəni necə ləzzətlə damarına vurur. Sonra necə xumarlanıb məst olur. Adamın lap tamahı düşür. Amma bunun üstünü vurmurlar.

Kəsəsi, Türkiyə televiziyaları bizim televiziyaların da bərəkətini qaçırtdı.