adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Sentyabr 2018 12:41
13898
MARAQLI
A- A+

Adam öldürmüşəm, heç kimin xəbəri yox

Son vaxtlar yuxularımda çox əzab çəkirəm. Kabuslar, insanlar yaddaşımı zəbt ediblər. Beynimin içində əməlli-başlı məskən salıblar. Yuxudan ayılandan sonra özümə gəlməyim bəzən günlərcə çəkir. Özümə sula verirəm ki, bilmədən kimisə öldürmüşəm? Kiminsə haqqını yemişəm? Suallarım cavabsız qalır. Həyatım qaydasında, mehriban bir ailəm var. Bəs niyə yaddaşım mənə işkəngcə verir?

Yaşadığım müddətdə çox ayrılıqlar yaşamışam. İnsan fiziki cəhətdən ayrılır, ancaq mənəvi tərəfdən ayrılmır, qopmur. Zamanla ayrıldığın adamın üzü-gözü, gülüşləri, dediyi sözlər yaddaşında kök salır.

Dünən gecəki yuxumun təsirindən hələ də çıxa bilmirəm. Deməli, görürəm ki, bir təsadüf nəticəsində adam öldürürəm. Bir müddət keçir. Heç kimin bu cinayətdən xəbəri olmur. Ancaq polislər, müstəntiqlər məni axtarırdılar. Nəhayət ki, tapırlar. Saatlarca gedən sorğu-sualdan sonra mənim işimi gün üzünə çıxardırlar. Əlimə qandal vurub, həbsə atırlar məni. İlahi yuxudan necə qışqırıqla oyandımsa ev əhli dik atıldı. Bir neçə dəqiqədən sonra özümə gəldim ki, bütün bu olanlar yuxu məhsuludu. 

Koreyalı rejissor Kim Ki Dukun "Yuxu” filmi yadıma düşür. Sevgilisindən ayrılan oğlan yuxularında dəhşətli dərəcədə əzab çəkir. Oğlan köhnə sevgilisini unuda bilmir, yuxularında onu axtarır. Qız isə lunatikdir, zəhləsi getdiyi köhnə sevgilisinin yanına gedir, özü istəmədən. Xatirələr də əzab verir. Əzablara tab gətirə bilməyən qəhrəmanımız əlini, ayaqlarını kəsik-kəsik edir ki, yatmasın. Çox dəhşət filmdir.

Bəzən gecənin bir yarısı qan-tər içində yuxudan ayılıram. Soyuq su ilə üzümə su çırpıram, bir siqaret yandırıb, pəncərimizdən boş yola baxıram, daha doğrusu donub qalıram. Yuxunun təsiri ovqatımı darmadağın edir. Heç nə düşünə bilmir, key kimi oluram.

Ancaq həyatda gördüyümüz şeyləri yuxuda görürük. Çox vaxtı yuxuda tanımadığımız insanları görürük. Lakin, unutmaq lazım deyil ki, təfəkkürümüz insan simaları yarada bilmir. Yuxuda görüb tanımadığımız insanlar həyatda görüb sadəcə unutduğumuz simalardır. Unutmaq isə heç vaxt mümkün olmur. İnsan itirdiyini itirir, ancaq yaddaşını, xatirələrini yaşadığı müddətdə itirmir.

Azərbaycan ədəbiyyatı yuxularla zəngindir. Az qala bütün obrazlar yuxu görürlər. İsa Hüseynovun "Tütək səsi” povestində, Yusif Səmədoğlunun "Qətl günü” əsərində, Mövlud Süleymanlının "Köç” əsərində, Anarın əsərlərində, Afaq Məsudun "Azadlıq” və "İzdiham” romanlarında yuxudan geniş istifadə olunub.

Əslində qorxulu yuxular nədir? Niyə insanlar belə yuxular görürlər? Həqiqətən edilən cadu və bu kimi əməllərin insan yuxusuna təsiri varmı? Alimlərin uzunmüddətli araşdırmalarına baxmayaraq, yuxu ilə bağlı bəzi məqamlar tam aydınlaşmayıb. Yuxu ilə bağlı fikirlərdə Şərq və Qərb alimlərinin fikirləri üst-üstə düşmür. Qərblilər yuxunu izah etməyə çalışarkən bildirirlər ki, yuxu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir. Şərqlilər isə fərqli olaraq yuxunun ilahi bir mesaj olduğunu bildirirlər. Yuxuda insan bəzən başına gələcəkləri tamamilə eyni olaraq, bəzən də müxtəlif mətnaltı məna və bənzətmələrlə görür. Məhz buna görə də yuxuları yozmaq lazım olur.

İnsan ömrünün 3/1-ni yataraq keçirir. Ancaq bu o demək deyil ki, hər yatdığımızda yuxu görürük. Alimlərin araşdırmaları göstərib ki, sən demə, yuxuların növləri də varmış. İnsan yatmaq üçün çarpayıya uzanır və gözlərini yumur. Çox qısa müddət sonra göz qapaqları titrəməyə başlayır, insan yuxuya gedir. Alimlərin fikrincə, yatmaq üçün qəbul olunmuş bəzi yuxugətirən dərmanlar insanın yuxu görməsinə mane olur. Onlar hesab edirlər ki, təbii olaraq yuxuya getmiş hər bir insan yatdıqdan sonra mütləq yuxu görür. İnsanların çoxu yuxuları ağ-qara gördüklərini söyləyirlər. Daim yorğun və başı hər hansı mövzu ətrafında fikirlərlə dolu olan insanlar oyandıqları zaman qarışıq yuxular gördüklərini söyləyirlər. Əksərən onlar fikirləşdikləri məsələni yuxularında da görürlər. Belə yuxuları yozmaq mümkün deyil.

Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyl-veyl dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi.