adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 Sentyabr 2018 11:22
11586
ELM VƏ TƏHSİL
A- A+

Bakı məktəblərində 442 147 şagird oxuyacaq

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 442 147 şagird təhsil alacaq.

BŞTİ-dən verilən xəbərə görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 47 000-dən çox, IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379, XII sinfində 690 şagird təhsil alacaq.

Bakıdakı 263 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 17 500-dən çox ərizənin onlayn qeydiyyatı (06.09.2018-ci il tarixinə saat 11:00-a olan məlumata əsasən) aparılıb. 2018-2019-cu tədris ilində 5 yaşlıların 75 faizi məktəbəhazırlığa cəlb ediləcək.

Avqustun 6-na (saat 11:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 46 420 sorğu yerləşdirilib. Onlardan 43 827-si ümumi təhsil məktəblərini, 2 593-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun, təxminən, 98 faizinə yaxındır. 2018-2019-cu dərs ilində 217 məktəbdə 483 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.

Paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 2 məktəb binasının və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin (ümumilikdə 4 məktəb) inşası başa çatıb. Eləcə də 1 məktəbin qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilib. Həmçinin, 1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi və 25 məktəbdə cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.

Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, tədris alanların təhsil şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan”, V-IX siniflərdə "Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.