adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Sentyabr 2018 21:45
12819
ƏDƏBİYYAT
A- A+

ÜZMƏK İSTƏYİRƏM ÇİÇƏK GÖLÜNDƏ

Vuruldum nərgizin qız baxışına,
Ürək təslim oldu naz baxışına.
Elə bil düşmüşdüm gül yağışına,
Hər gülün, çiçəyin gözündən öpdüm.

Duman hərlənirdi dağın belində,
Üzmək istəyirdim çiçək gölündə.
Torağay danışdı nəğmə dilində,
Ruhumu oxşayan sözündən öpdum.

Arabir göylərdə şimşək çaxırdı,
Başımın üstündən bulud axırdı.
Uzaqdan dayanıb mənə baxırdı,
Çəməndə ceyranın izindən öpdüm.

Ay Vaqif, hər tərəf gül aləmidi,
Sevilmək dəmidi, sevmək dəmidi.
Bir ovuc suyu da can məlhəmidi,
Əyilib bulağın gözündən öpdüm.

ALDIM

Əlimdə eşqin camı,
Qurdum gözəl dünyamı.
Hər ümidi, inamı
Yaşıl yarpaqdan aldım.

Söz var ox kimi dəlir,
Söz var ruha xoş gəlir.
Hər sözüm haqdan gəlir,
Sözümü haqdan aldım.

Ölümün özü sirli,
Mələyin üzü sirli.
Mən işığı sehirli
Qara çıraqdan aldım.

Çatır ömrümün sonu,
Dərd etmərəm mən bunu.
Anamın qoxusunu
Qara torpaqdan aldım.

BU GECƏ YUXUMA
GƏLMİŞDİ ANAM

Buludlar üstündə durub yeridim,
Dünyanı təzədən qurub, yeridim.
Allahın ən xoşbəxt bəndəsi idim,
Bu gecə yuxuma gəlmişdi anam.

Çəkdiyim dərdləri gözümdən bildi,
Necə dolanıram üzümdən bildi.
Dünyadan köçəli gör neçə ildi,
Bu gecə yuxuma gəlmişdi anam.

Yaman kefsiz idi, görən nə işdi,
Mənim də əhvalım dərhal dəyişdi.
Qara saçlarına dən düşməmişdi,
Bu gecə yuxuma gəlmişdi anam.
Yaman tələsirdi, bizdə qalmadı,
Bilmirəm nə sirdi, bizdə qalmadı.
Heç kimi soruşub xəbər almadı,
Bu gecə yuxuma gəlmişdi anam.

Soruşdum ay ana, yerin hardadı,
Ocağın hardadı, pirin hardadı?
Dedi: "Xoşbəxtlik də, haqq da ordadı",
Bu gecə yuxuma gəlmişdi anam.

De, atam necədir, ay ana, - dedim,
Onsuz darıxıram, söylə, nə edim?
Yalvardım, səninlə qoy mən də gedim,
Bu gecə yuxuma gəlmişdi anam.

SƏNƏ DEYİLƏSİ
SÖZÜM VAR, ANA

Məzarın önündə durub qalmışam,
Səhərdən boynumu burub, qalmışam.
"Qapını" neçə yol vurub, qalmışam,
Səsimə bir səs ver, nə olar, ana!
Sənə deyiləsi sözüm var, ana!

Yastığın nə yaman ağır olubdu,
Yatmaqdan sağ böyrün yağır olubdu.
Qara bulud kimi gözüm dolubdu,
Yayda da üstümə yağır qar, ana!
Sənə deyiləsi sözüm var, ana!

Əllərin daş altda qalıb, bilirəm,
Xəstəlik canını alıb, bilirəm.
Yolunu uzağa salıb, bilirəm,
Fələk gülə-gülə can alar, ana!
Sənə deyiləsi sözüm var, ana!

Səni səsləyirəm səsimə səs ver,
Daha boğuluram, mənə nəfəs ver.
Söylə soyuqdumu yatdığın bu yer?
Müqəddəs ocaqdı məzarın, ana!
Sənə deyiləsi sözüm var, ana!

Altmışa çatıram, belim bükülür,
Ayağım titrəyir, əlim bükülür.
Can evim dağılır, daha sökülür,
Mənə də bir məzar qazılar, ana!
Sənə deyiləsi sözüm var, ana!

Fələk qapımızın zəngini çaldı,
Sənli günlərimi əlimdən aldı.
İsti yay günləri arxada qaldı,
Payızdı, köç edir durnalar, ana!
Sənə deyiləsi sözüm var, ana!

KİMİ

Sən yaman gözlərdən itsən yaxşıdı,
Ağac tək yol üstə bitsən yaxşıdı.
Köç edib dünyadan getsən yaxşıdı,
Qayğılar canını alana kimi.

Hər kəsin sevincdən gözləri dolsun,
Deyirəm çiçək də vaxtında solsun.
Qoy sənin qeyrətli düşmənin olsun,
Vəfasız dostların olana kimi.

Harda qaranlıq var, ora işıq saç,
Özünə həmişə özün bir yol aç.
Həyasız adamdan üz çevirib qaç,
Qəlbini ilan tək çalana kimi.

Həmişə özünü könlü tox saxla,
Tamahın güc gəlsə qəlbini dağla.
Üzünü dağlara çevirib ağla,
Gözlərin bulud tək dolana kimi.