AYLI BİR GECƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
51251 | 2018-09-05 21:18
Ustad həmkarım, dəyərli ziyalı və dostum
Hüseyn Əsgərova ünvanladığım bir neçə söz

Oxucuların yadında olar. Təbii ki, söhbət "Ədalət" qəzetini izləyən oxuculardan gedir. May ayında Naxçıvana səfər etmişdim. Həmin səfərdən geri dönəndə özümlə birlikdə bir xeyli kitab gətirmişdim. Bu kitablar Naxçıvanda yaşayıb-yaradan dostlarımın mənə hədiyyəsi idi. Onların çox səmimi avtoqrafla bağışladığı kitablar bu gün də yazı masamın üzərindədi. Hətta bir neçəsini oxuyub barəsində düşüncələrimi də bölüşmüşəm. İndi isə növbə "Aylı bir gecə"yə gəlib çatıb. Kitabın müəllifi Azərbaycan oxucularının, mətbuat izləyicilərinin yaxşı tanıdığı Əməkdar jurnalist, yazıçı-publisist Hüseyn Əsgərovdu. Çox nəfis şəkildə, həm də zamanın çöhrəsində donduğu şəkillərlə birlikdə oxuculara təqdim edilmiş bu kitab əslində bir qələm adamının yaradıcılığının ayrı-ayrı məqamlarının toplusudu. Bunu ona görə xüsusi vurğulayıram ki, kitabda Hüseyn müəllim publisist yazılarından, bədii yaradıcılıq nümunələrindən, Naxçıvan Televiziyası üçün yazdığı ssenarilərdən, eləcə də başqa dillərdən etdiyi tərcümələrdən ibarət bir samballı kitab qoyub ortaya. Bu çevrədə fırlananda Hüseyn Əsgərovun təkcə peşəkarlığı yox, həm də mövzu dairəsinin, müşahidə arenasının nə qədər rəngarəng və böyük olduğunu görməmək mümkünsüzdür.

Mən kitabda öncə müəllifin özünəməxsus yumorunun ifadəsi olan satirik hekayələrini oxudum. Bunun da əsas səbəbi yaxından bələd olduğum Hüseyn Əsgərovun çoxlu lətifələr, gülməcələr bilməsi idi. Bu adamla istənilən mövzuda söhbət eləyəndə mütləq Hüseyn müəllim mövzuya uyğun anektod, yumor, nə isə insanı güldürəcək, ovqatını qəmdən kədərdən, yorğunluqdan çıxaracaq bir söhbət etməyi məharətlə bacarır. Yəni onun dilindən həmişə həmsöhbətinin ovqatını ayaqda saxlayacaq təbəssüm tökülür, gülüş yağır. Ona görə də mən satirik hekayələri demək olar ki, Hüseyn müəllimin mənə etdiyi söhbətlər kimi həm oxudum, həm də dinlədim.

Kitabdakı Təbriz xatirələri məni kövrəltdi. Sovet dönəminin çökdüyü, sərhəd məftillərinin qırıldığı bir zamanda Təbrizə getmək, onun küçələrini gəzib-dolaşmaq, müsahibələr götürmək, necə deyərlər, hər anın nöqtə-vergülünə qədər televiziya tamaşaçısı üçün həm sözlə, həm də kamera ilə çatdırmaq Hüseyn Əsgərovun bir juranlist kimi, bir televiziya əməkdaşı kimi ustalığını mənim gözlərim önündə bir az da böyütdü, bir az da artırdı. Elə buradaca vurğulayım ki, mən Hüseyn müəllimlə söhbətlərimdə həmin detalların müəyyən hissəsini onun öz dilindən eşitmişdim. Və indi kitabda həmin xatirələri oxuyanda elə bildim ki, Hüseyn Əsgərov məni də özü ilə birlikdə Təbrizə aparıbdı.

Kitabın adı ilə bağlı olan hekayə mövzu baxımından ədəbiyyat izləyicilərinə tanışdır. Yəni bu mövzu göydən götürülməyib, abstrak deyil. Amma Hüseyn Əsgərov bu mövzunu bütün incəliklərinə qədər ay işığına çıxarıb. Bir ailənin fonunda bir kəndin, bir kəndin fonunda bir bölgənin və bir bölgənin fonunda bir məmləkətin 90-cı illərin qaçqınlığını, köçkünlüyünü, ehtiyaclarını, ümidlərini bədii fikrin gücüylə oxucu süfrəsinə qoyubdur. Və bütün bu ağrılı-acılı, özü də yumor damarı da unudulmamış bu hekayədə çox məntiqi bir yekun var. O da bütün sonluqların, bütün olanların işığa çıxmasıdı. Bax, həmin hekayənin də sonunda qəflətən ayın doğması, ayın görünməsi elə iştirakçıların, yəni hekayənin qəhrəmanlarının, ümumiyyətlə isə bizim hər birimizin ümidlərimizin dirilməsi, işığa çıxması deməkdir.

Mən Hüseyn müəllimin bu kitabında konkret hadisələrə özəl münasibətin və bəzən də çox kəskin ironiyanın şahidi də oldum. Doğrudur, bu kitabda toplanan bütün materiallar həm Naxçıvan Televiziyasında, həm Muxtar Vilayətin, həm də respublikanın ayrı-ayrı mətbu orqanlarında işıq üzü görüb. Lakin toplum halında onları oxuyanda bir oxucu olaraq özümü dənizdə, dalğaların qoynunda üzən gəmidə hiss etdim. Çünki dalğalar o gəmiyə mürgüləməyə imkan vermir. Və sərnişin olaraq mən də mövzudan-mözuya keçdikcə hisslərə qapılmaqdan xilas oluram. Və sadəcə yumorun, özü də məntiqli yumorun qarşımda qoyduğu sualların cavabını düşünürəm. Bu düşüncələrimin müəllifi də yenə Hüseyn Əhmədovdu. O məni "Aylı bir gecə"də ay işığına dəvət edir.

TƏQVİM / ARXİV