adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Sentyabr 2018 14:16
9730
SİYASƏT
A- A+

İlham Əliyev yaponiyalı naziri qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Adalet.az xəbər verir ki, Azərbaycana səfərindən məmnunluq hissi keçirdiyini deyən Yaponiyanın xarici işlər naziri Taro Kono ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd edib və əlaqələrimizin daha da inkişaf etdirilməsinə ümidvar olduğunu bildirib.

Taro Kono Yaponiyanın "İtoçi” və "İnpeks” şirkətlərinin uzun illər "Azəri-Çıraq-Günəşli” (AÇQ) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələrində pay sahibi olduqlarını vurğulayıb, AÇQ üzrə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının önəmini qeyd edib və bu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib. Nazir daha sonra deyib ki, Yaponiya iki ölkə arasında birbaşa aviareyslərin açılmasında maraqlıdır və bu, turizm sahəsində əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

İki ölkəarasında ikitərəfli münasibətlərin çox uğurla inkişaf etdiyini deyən dövlət başçısı bu əlaqələrin siyasi, iqtisadi və digər sahələri əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, əməkdaşlığın gündəliyi çox genişdir və Yaponiyanın xeyli sayda şirkəti Azərbaycanda kontraktor, investor qismində uğurlu fəaliyyət göstərir. Eyni zamanda, dövlət başçısı iki ölkənin biznes dairələri arasında əməkdaşlığın daha da genişləndirilməsi yollarının müəyyən edilməsinin önəmini də vurğulayıb. Ölkəmizin turizm imkanlarına toxunan Prezident İlham Əliyev Azərbaycana gələn turistlərin sayının ildən-ilə artdığını qeyd edib və respublikada turizm infrastrukturunun ən yüksək səviyyədə olduğunu deyib. Dövlət başçısı Yaponiyanın xarici işlər naziri Taro Kononun səfərinin ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı kadr hazırlığı məsələlərində təcrübə mübadiləsinin önəmi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsində investisiyaların təşviqinin və qorunmasının əhəmiyyətindən danışıldı, ölkələrimiz arasında iqtisadi əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm və digər sahələrdə genişləndirilməsinin böyük potensiala malik olduğu qeyd edilib.