adalet.az header logo
  • Bakı 7°C
06 Sentyabr 2018 11:33
87157
MÜSAHİBƏ
A- A+

İntihar şansımı arvad-uşaq əlimdən aldı… – Kəramət Böyükçöllə MÜSAHİBƏ

Azərbaycan ədəbiyyatının istedadlı və qalmaqallı yazarlarından olan Kəramət Böyükçöl "Ədalət” qəzetinin qonağı oldu. Kənddən şəhərə yenicə gələn kimi onu redaksiyamıza çağırdıq. Kəramətlə onun yaradıcılığından, ədəbiyyatdan, sosial problemlərdən söhbət açdıq.

Adalet.az Kəramət Böyükçöllə müsahibəni təqdim edir.


-Kəramət, yay tətilini harda, necə keçirdin? Yaza bildinmi?

-Mənim yazmaq, kitab çap etmək kimi arzum, istəyim yoxdur. İçimdə belə bir hiss yoxdu. İstəmirəm ki, cəmiyyət məni yazıçı kimi qəbul etsin. Artıq dayanmışam. Çünki, bu cəmiyyətdə, bu mühitdə, bu insanlarla bir yerdə yazmağın tamamilə mənasız bir şey olduğunu hiss etmişəm. Ona görə də bu yay tətilində gələcəyim haqqında düşündüm. Gələcəkdə necə edim ki, dolanışığım normal olsun. Ailəm, uşağım rahat yaşasın, evim olsun. İstədiyim kimi yaşaya bilim. Evdə atamla, anamla didişməyim. Bunlarla bağlı xeyli götür-qoy elədim, planlar qurdum. Təbii ki, bu problemlər də maddiyatın başındadır.


-Deməli sən daha yazmayacaqsan...

-Yox, buna indi hökm vermək olmaz. Çünki yazmaq bizim əlimizdə olan bir şey deyil. Heç kim öz xoşuna yazıçı olmaz. Tutaq ki, dünyanın böyük yazıçıları var, onlar istəsəydi belə yazmaya bilməzdi. Missiya kimi onların çiyinlərinə qoyulub. İndi mən bu missiyanı öz üstümdən süni olaraq kənara qoymuşam.


-Bir roman yazırdın, "Leyli və Məcnun”. O əsərin aqibəti necə oldu? Tamamlaya bildin?

-Demək olar hazırdı, yazmışam. Klassik struktur üzərində qurmuşam. Allahın tərifi ilə başlayır. Sonra hökmdarın tərifi ilə davam edir. "Çöl” romanımda vardı, Koroğlunun Amerika səyahəti, Buşla görüşür. Bu əsərdə də Leyli və Məcnun tamamilə bu günün Leylisi və Məcnunudur. Postmodern əsər olacaq. Ancaq o əsəri də çap etməyi lazım bilmirəm.


-Bayaq dedin, yazmağın mənasızlığını dərk etmişəm. Bəs gələcək planlarda nələr var? Kim olmaq istəyirsən? Nə işlə məşğul olmaq istəyirsən?

-Azərbaycanda ümumiyyətlə son dövr prosseslər göstərdi ki, kim olursan ol, xoşbəxt olmağın üçün imkanlar var. Adi bir taksi sürücüsü olsan belə xoşbəxt ola bilirsən və yaxud sayt rəhbəri olanda da xoşbəxt olursan, fəhlə olanda da. Amma yazıçı, mənəviyyat adamı olub bu mühitdə xoşbəxt olmaq, rahat olmaq mümkünsüz görünür. Çünki getdikcə o çirkabın, o bataqlığın dərinləşdiyini hiss edirəm. Bir yazıçının, mənəviyyat adamının, əxlaq adamının da bu çirkabın, bataqlığın içində yaşaması, öz ailəsi, uşaqları üçün yaşaması, yenə deyirəm, mümkünsüz görünür.


-Dünyada böyük yazıçılar olub: Dostoyevski, Tolstoy, Cek London və digərləri. Onların özü də bu çirkabdan yazıb və heç vaxt xoşbəxt olmayıblar. Mən inanmıram, dünyada elə bir yazıçı olsun ki, xoşbəxt yaşasın...

- Özümü onlarla müqayisə eləməzdim. Amma hiss edirəm ki, bacarmıram. Bəlkə bacarmamağın özü elə sənin yaradıcılığına çevriləcək. Belə-belə yaza biləcəksən, bəlkə. Qayğılar həddindən artıq çoxdur. Ehtiyaclar get-gedə artır. Yaşamaq şərtləri ağırlaşır. İnsanlara təmənnasız yaxşılıq edənlər seyrəkləşir.


-Bəlkə sənin yaradıclığına evlilik mane olur?

-Xeyr, evlilik mane olmur. Bunu bir dəfə də demişdim, evlilik mənim bu həyatdan çıxıb getməyimə mane olur. Artıq hiss edirəm ki, içimdən, çölümdən, müxtəlif yerlərimdən bağlanmışam. Bu yerlərə, problemlərə, qayğılara, dərd-sərə bağlanmışam. Gül kimi intihar şansım vardı. Onu da arvad-uşaq əlimdən aldı. (gülür)


-Yaza bilməmək səni necə narahat edir?

-Mənim yaza bilməmək problemim yoxdu. Bu mənada, tutaq ki, istədiyim mövzuda yazıram. Gücümün çatdığı səviyyədə. Yazanda təbii ki, demirəm dahiyənə yazıram. Normal cümlə qura, azərbaycan dilində yaza, süjet qura, kompozisiya qura, obrazları danışdıra, apara, gətirə, onları müxtəlif yerlərdə gəzdirə, onları sonra öz içimdən keçirə bilirəm. Yazıçı üçün elementar şeylər nədirsə mən onları yazıb kənara qoya bilirəm. Ancaq onlara vaxt itirmək istəmirəm. Ondansa gedib bir sot torpaq alım, ev tikim, sonra onun qarşısında hin tikim, toyuqlar saxlayım.


-Yəqin sən doğlduğun torpaqlara qayıtmaq istəyirsən. Buddizimdə belə bir fikir var, harda doğulmusan, orda xoşbəxtsən.

-Şübhəsiz o amil də var. Şəhərdə bahalı restoranlarda yeyib içmək bizə o qədər ləzzətli gəlmir. Saatlarla yol gedib hansısa təbiət qoynunda, ağacın altında bir qəzetin üstündə bir tikə pendir çörək yemək bizə daha çox xoşbəxtlik verir. Bu təkcə mənə aid olan bir məsələ deyil, ümumən hesab edirəm ki, insani xüsusiyyətdir. Amma mənimlə qələm arasında çox ciddi problemlər yaranır. Artıq qələmlə yola getmirəm. Hesab edirəm ki, mənim yaxşı bir gələcəyim olacaqdı. Qələmi düşmən kimi görürəm. Söhbət bundan gedir. Yaza bilirəm amma yazmıram. 


- Yazıçı yaddaşını kiməsə verib xoşbəxt ola bilərsən?

- Onsuz da öz həyatımı korlamışam. Bundan sonra öz xarakterimi, xüsusiyyətimi dəyişmək mənim üçün çox çətin olacaq. Nə qədər çətin olsa belə heç olmasa süni də olsa buna cəhd eləmək istəyirəm. Alınacaqmı, alınmayacaqmı bilmirəm. Özümü başqa yerlərdə, başqa sahələrdə axtarıram. Qazancım, çörəyim, dolanışığım istəmirəm qələmdən çıxsın. Nə vaxt ki, görəcəm ailəmin, özümün dolanışığım rahat şəkildə başqa yerdən gəlir, bax onda hesab edirəm ki, bəlkə oturub rahat nəsə yaza bilərəm. 


- Nəşriyyat sistemi yaransa, müəlliflərlə işləsə, məsələn, qonarar versə ki, roman yaz, bu qədər pul verəcəyik və bu pul da səni qane edəcək. Bəs o zaman?

-O yaxşı şərtdi. Şübhəsiz ki, indiki şəraitdə, indiki sistemlə nəşriyyat elə-belə yaranıb sənə "otur nə istəyirsən yaz, gətir mən sənə qonarar verəcəm” deməz. Belə şeylər şübhəsiz ki, olmayacaq. Biz saytda köşə yazanda belə içimizdən gələn cümlələr öz-özünə redaktə olunacaq. Yenə də fikirləşəcəksən ki, düzdü maddi mənada vəziyyətin yaxşılaşır, problemlərin həll olunur. Amma o zaman da sən artıq nə yazacaqsan?! Ümumiyyətlə yazıçı dostumuz Şərif Ağayarla danışanda Mövludla həmişə belə bir zarafat edərdik ki, nəsrin 100 şərti var. İndi nəsrin 100 şərti varsa birincisi mənim düşüncəmə görə yazıçının azadlığıdı. Azadlığı, sərbəstliyi olmasa o yazıçı nə yaza biləcək. Azərbaycan balaca bir ölkədi. Məşhur lətifədə deyildiyi kimi – Çinli soruşur ki, nə qədər əhaliniz var, bizimki 10 milyon deyir, Çinli qayıdır ki, hamınız qohumsunuz, bir-birinizi tanıyırsınız. Azərbaycanda da ədəbi, ictimai, siyasi mühit var. Proseslər hamısı bir neçə sayt ətrafında cərəyan edir. Hamı bir-birini tanıyır.


- Səncə varmı azad yazıçı, yəni heç kimdən asılı olmadan.

-Bir müddət oldu. O da mümkünsüz olduğuna görə çıxıb ölkədən getdilər. Məsələn Seymur Baycan. Seymur ölkədən getdi, onun 5-6 il bundan qabaq getməyini anlamırdım. Bir az buna dırnağarası baxırdım. Ölkəsini bəyənmir deyirdim. Seymur ailə qurmayıb. Onun üçün daha asandır. Mənim də elə bir şəraitim olsa gedərəm, rahat da yazımı yazaram


- Şeir mənə yastı təpələri xatırladır, nəsrsə dağın döşündə ora bura qaçan vəhşi heyvanları. Bəs sənin gözündə üfüqdə nə görünür?

- Obrazlı şəkildə deyirsən. İnan Allaha, nə üfüq görürəm, nə də ayağımın altını görürəm. Olduğum vəziyyəti ifadə eləmək mənim üçün çox çətindir. Uzun müddət "Teleqraf" holdinqə daxil olan saytlarda yazılar yazmışam, müsahibələr almışam. Orada o qədər dəhşətli senzura ilə qarşılaşmışam ki, artıq müstəqil şəkildə oturub hekayə, ya da hansısa yazımı yaza bilməmişəm. Özüm artıq cümlələrimi redaktə edirdim ki, burda bu olmaz. Kiminsə xətrinə dəyər. Birdən saytı bağlayarlar. Senzura artıq içimdə oturub. O olmaz, bu olmaz. Bu çox pis şeydi, məsələn, qolun sınıb, gipsə qoymursan, əyri bitir. Sən onu necə düzəldəcəksən, artıq bu mühit, bu proseslər, bu baş verən iyrəncliklər, hamısı sənin xarakterinə keçib. Bir də gördün özün oğraşın yekəsi olmusan. Özünün xəbərin də olmadan. Görəcəksən ki, o iyrəndiyin şeylərin başında özün dayanmısan. Onu məhz sənə elətdirirlər. 


-Bu qədər çirkinlikdən danışdın, bəs sənin üçün təmiz olan yer nədir? Qutsal olan yer ki, mənən özünü orda rahat və özgür hiss edirsən?

-Neftin qiyməti düşəndən sonra qeyri neft sektorunun inkişafına başladılar. Ondan sonra təmiz qoyub gəldiyim yerlərə də gedəndə təmizlik görmədim. O yerləri dövlət traktorları gəlib şumlayıb, eləyib guya pambıq sahəsi. Mənim babamla bir yerdə qoyun otardığımız yerlər, fermalardan, insanları öz yurdlarından çıxarıblar. Bu proses göstərir, demək olar ki, təmiz yer qalmayıb. Təmiz yer qopub gəldiyim yerdi. Bir də bundan sonra gedəcəyimiz yerdi. 


- "Çöl" , "Səkkizinci gün" romanları yazdın, ədəbiyyatda da yaxşı qarşılandı. Xüsusən də "Çöl". Amma oxucular səni Elgizin verlişində şeir deyən oğlan kimi tanıyırlar. Bu səni narahat eləmir?

- Əvvəl çox narahat edirdi. Hətta özüm də demişəm ki, 3 roman yazmışam, camaat məni ans-də dediyim gic-gicə bir şeirlə tanıyır. Metroda da, avtobusda da, hətta kənddə də, hər yerdə bir də görürsən oturduğum bir restoranda kimsə telefonda dediyim şeiri qoyub, səsini də çox verib. Öz aləmlərində mənlə məzələnirlər. Onsuz da tanınmağın başqa yolu nədən ibarət idi ki? Başqa cür necə tanına bilərəm ki?! Əslində heç bu qədər tanınmağa layiq adam deyildim. Bu dəqiqə elə tanınıram ki, elə bil müğənniyəm, nəyəm. Azərbaycanda yazıçının tanınmaq ərazi bir o qədər də geniş olmur. Heç kimə başa sala bilmərəm ki, dediyim şeir o gülənlərin özünə gülməkdi. Onların özlərinə ironiyadı ki, siz bu cəmiyyətdə yaşayırsız. Azərbaycanda necə olursan ol, kim səni necə görürsə, osan. 


-Sən əvvəllər daha həvəsli, narahatçılığın olmayan biri idin. Gənc yaşlarında "Çöl"ü yazmışdın. Yaxşı da reaksiya doğurmuşdu. Əkrəm Əylisli söz demişdi sənin haqqında. "Səkkizinci gün"ü yazdın daha sonra sanki yazmağa qarşı soyudun. Bu narahatçılıq haradan yarandı?

- Həvəsli, ümidli vaxtlarım vardı. Ümidli vaxtlarımda bir dəfə belə bir yazı yazmışdım. 23-24 yaşım vardı, indi də çox yaşım yoxdu, 30 yaşım var. Aradan cəmi 6-7 il keçib, uzun bir vaxt deyil,. İndi yazıçı təfəkkürünün kapitala çevrilməsinin tərəfdarıyam. Gələcəkdə ədəbiyyat tarixinə düşmək kimi heç vaxt belə arzum istəyim olmayıb. Mən onu yazıb maddi ehtiyaclarımı qarşılaya bilməyəndə həvəsdən, ruhdan düşdüm. Fikirləşdim ki, məsələn, bir dostum vardı, birlikdə universitetə hazırlaşırdıq. Hətta adını da deyəcəm çünki, mətbuatla maraqlanan deyil. Ceyhundu adı. Mən universitetə qəbul oldum, onda alınmadı. Dedim hazırlaş, qəbul ol, burda nə var ki. Sonra o oxumadı, getdi öz yoluna. İllər keçəndən sonra bir dəfə mənim borcum vardı. 1500 manat. Əlim yandı pul axtarırdım. Başqa bir dostum zəng elədi, dedi, keçən dəfə Ceyhunla oturmuşduq, səni də çox istəyir. Ondan al. Dedim hansı Ceyhun, güclə yadıma saldım, sonar onun nömrəsin soruşdum, zəng elədim, 80 minlik maşını ilə gəldi, məni apardı, bir milyonluq restorana. Deyir, televizora çıxanda sənə pul vermirlər? İndi universitet bitirən bitirməyəndən pul istəyir. Belə şey olacağını bilsəydim, heç oxumazdım. Adamı həvəsdən salmasın, neyləsin. Mən ani qərarlar adamıyam. Yəni hər hansısa bir hadisə haqqında düşünüb daşınıb, yüz ölçüb, bir biçib qərar verən adam deyiləm. Səhv ya düz. Amma nəyi düşünüb nəyi daşınasan axı. Öz içimi görün nə ilə ovuduram. Gedib kəndə atın üstündə ayaq üstə durmaqla, kanala qışqıra-qışqıra kəllə vurmaqla, yumalanmaqla. Bununla özümü ovuduram, daxili azadlığıma, rahatlığıma təsəlli verirəm. Guya azadam, rahatam. Amma başqa nə ilə ovudasan özünü, nə edəsən, çıxış yolu nədir? Buna faciə kimi də baxmıram. Keçən dəfə də yazmışdım. Adam bezir, içirsən, səhərisi gün adamı ruhdan həvəsdən salır. Həyatla əlaqələrin kəsilir. Fikirləşirsən ki, niyə yaşayım, sosial problemlər, qayğılar, ev yox. Evimiz var e, atamla anamla bir yerdə. Yola getmirsən bəzən. Alınmır. Hərdən deyirsən gedim elə Mövludla görüşüm. 


-İstəyərdin oğlun yazıçı olsun?

- Hansı ata övladının pisliyini istəyər.


-Mövlud dedin, bəlkə bu ümidsizliyin səbəbi elə Mövlud oldu?

-Yox onsuz da ümidsiz idik. Açığı Mövluda qibtə edirəm. Bu mənada, yəni o özünü xilas edə bildi. Gələcək problemlərdən, iyrəncliklərdən cavan yaşında özünü xilas elədi. Bizim gücümüz də yoxdu axı. Artıq özümə söz vermişəm intihar haqqında heç nə yazmayacam. Niyyətim olsa gedib edəcəm. Camaat da deyir ki, eləmək istəyirsən get elə də. Cəlili də başa düşürəm. Ona ironik yanaşılmasının tərəfdarı deyiləm.


-İntihar mövzusundan qaçaq. Gündəmi dəyişmək üçün məcbur qalırsan birinə ilişəsən. Bunu da edəndə deyirlər Kəramətlik eləmə. 

-Ən birincisi, Azərbaycan mediası, mətbuat, qəzetlər, saytlar sosial şəbəkələrlə mübarizə apara bilmirlər. Və o mediaya pul ayıran qüvvələrin də əsas şərti odur ki, siz sosial şəbəkələrlə mübarizə aparın. Bunlar mübarizə apara bilmirlər. Yüz minlərlə pul verirlər ki, get ictimai rəy formalaşdır, bunlar gəlib Kəramət Böyükçölün statusundan gündəm yaradırlar. Mənim yazdığım statuslar siyasi dairələrin də xoşuna gəlir ki, qoy elə gic-gic şeylərlə məşğul olsunlar. Açığı elə şeylər yazmaqdan, gündəmə gəlməkdən doymuşam.


-Səncə, bu tendensiyanı davam etdirsinlər? Hiss eləyirsən ki, cəmiyyət artıq bezib bu söhbətlərdən?

- Neyləsinlər? Cəmiyyətin tənqidə münasibəti artıq adiləşib. Yenə deyirəm, bu problemlərin yüzdə biridi. Dəfələrlə demişəm, xalq hakimiyyətdən də ədalətsizdi. Hakimiyyətin ədaləti olmasa da heç olmasa mərhəməti var. Üzr istəyirsən, əfv yazırsan. Səni bağışlayırlar. Xalqda bağışlamaq hissi yoxdu. Son yazdığım hekayələrdə əsas hədəf kütlədi. Kitab oxuyan adamı idarə eləmək çox çətindi. Azərbaycanda beyin erası qurtarıb. "Musqul” erasıdı. İdmançılara diqqət daha çoxdu. Restoranda oturub yeyib -içirsən bir balaca yüksək səslə danışırsan qolu zorlu adam gətirirlər, yumruğu vuracaq pəncərədən çıxacaqsan. Mənəvi yol ilə qələbə qazanmaq mümkün deyil. 


-Sonuncu dəfə nə vaxt kitab oxumusan? Yaxud filmə baxmısan?

- Qətiyyən oxumuram. Filmə də baxmıram.


-Bu etirazdı, yoxsa?

- Yox, ironiya, etiraz deyil. Oxumaq mənə əziyyət verir. İnsanlar arasında münasibətləri taraz saxlayan əslində qeyri-səmimilikdi. Təsəvvür elə, hamı səmimidi. Aləm bir-birinə qarışar. Adamlar öz iradəsi hesabına bunu tənzimləyirlər. Əslində lazım olmayan sözləri deyirlər. Azərbaycanda əxlaq deyəndə elə bilirlər ki, böyük gələndə ayağa durdun, oturuşunu, duruşunu bildinsə bu əxlaqdı. Əxlaq əslində saxtakarlıqdı. Əxlaq sənin öz hisslərinə don geyindirməyindi. Çərçivəyə salmağındı. Siyasətdə də belədi, mədəniyyətdə də belədi, bütün sahələrdə belədi. Saxtakarlığın adı əxlaqdı. Məsələn, dostunun bacısına vurulursan, amma deyə bilmirsən. Və məcbur qalıb deyirsən ki, "sənin bacın, mənim də bacımdır”.

- Bu əxlaqsızlıqdır?

- Yox, əgər sən bu sözü deyirsənsə və dostunun gözündə əxlaqlı bir adam kimi görünürsənsə, bu saxtakarlıqdır. İçindəki hissləri başqa cür dilə gətirirsən.



Söhbətləşdi: Oğuz Ayvaz