adalet.az header logo
  • Bakı 18°C
05 Sentyabr 2018 11:11
8938
MƏMLƏKƏT
A- A+

Sumqayıtda tədbir keçirildi

04.09.2018-ci il tarixində Sumqayıt şəhəri Tarix Muzeyində "Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Əlilliyi olan gənclərin 1918-ci il azərbaycanlıların soyqırımı haqqında maarifləndirilməsi və Şamaxıdakı xatirə abidəsinə ziyarətin təşkili” layihəsi üzrə "1918-ci il azərbaycanlıların soyqırımı” mövzusunda elmi-praktik konfransını keçirdi.

Bu barədə ƏSMİD ictimai birliyinin rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə bu konfransın məqsədi "Sağlamlıq imkanları məhdud gənclərin arasında soyqırımının yüzüncü ildönümü” ilə əlaqədar tariximizin təbliğini aparmaq,ölkəmizdə baş vermiş siyasi, mühüm hadisələrlə bağlı məlumatlandırmaq və onların informasiya balansının artırılmasına yardımçı olmaqdır.

Konfransı layihə rəhbəri Səbinə Kərimova açaraq,layihə barədə geniş məlumat verdi və bildirdi ki, Mart soyqırımı — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunmuşdur.

Sonra Sumqayıt şəhər icra hakimyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov bu layihənin çox önəmli olmasını qeyd edərək,1918-ci ildən bu günü kimi ölkəmizdə baş vermiş hadisələrdən danışdı. Bildirdi ki, 1918-ci il soyqırımı daha öncələr Qərbi Azərbaycan əyalətlərində baş vermiş və 1992-ci ildə Xocalıda da təkrar olunub.