adalet.az header logo
  • Bakı 21°C
05 Sentyabr 2018 00:29
8878
ƏDƏBİYYAT
A- A+

Muğamın!


Yaranandan həmişə həmdəmidir söz muğamın,
Əbədi od kürəsindən nur alar göz muğamın!

Məcnunun ahı olub şimşəyi yandırsa çalış,
Babadağdan da ağır siqlətinə döz muğamın!

"Rast", "Rahat" şöhrətimiz, "Heyratı", "Şur" şöhrətimiz,

Ulu sərkərdə desək, əsgəriyik biz muğamın!
Başqa xalqa, sənətə, musiqiyə hörmət üçün

Gərək əvvəl sevilə öz vətənin, öz muğamın !
Bakıda hamını heyran eləyən Mərkəzi var

Mehribandan soruşun kimliyini siz muğamın!
Xan, Əlövsət, Qulu, Şövkət...yaşayır qəlblərdə,

Üzeyir bəy adına gülşənini gəz muğamın!
Çinara oxşadanı nəğməli bağban sayıram,

Budağı,şaxələri sınmaz, əyilməz muğamın!
Sevərək , qoruyaraq haqqın ucaldıb səsini,

Yam-yaşıl yarpağına toz qona bilməz muğamın!

Dahi Vahid qəzəlindən güc alıb zirvəyə qalx,
Ya da dəryaya cumub qəvvası tək üz muğamın!

Məmləkətlər,qitələr yaxşı tanıyırlar onu,
Tər çiçək toplayaraq yollarına düz muğamın!

Dinlə, Oqtay Rza, hər həftə teleradionu,
Yarnandan həmişə həmdəmidir söz muğamın!

Doğmadır...

Uzaq üfüqlərlə nikbin baxırıq,
Hər cür imtahandan qalib çıxırıq;
Vətən qorunursa, demək biz varıq!
Vətən qalasıdır CÜMHURİYYƏTİN,
Yurdumuz dönəcək bütöv ölkəyə;
İki dövləti var eyni millətin:
Biri Azərbaycan, biri Türkiyə!
Kükrəyib çağlasın qaynaqlarımız,
Heç vaxt sönməyəcək çıraqlarımız;
Doğmadır Himnimiz, Bayraqlarımız!
Dostluq olmalıdır sarsılmaz, mətin,
Dostluq sınaqlarda gərək bərkiyə!
İki dövləti var eyni millətin:
Biri Azərbaycan, biri Türkiyə!

Tək işıq

Sübhədək ətrafa nur yayır,
İçir şərbətini çöl-bayır;
Ümid çırağı tək parlayır
Uzaqda görünən tək işıq!

Sağ dağın ətəyi, sol aran,
Duyğumu, gücümü artıran,
Günəşə borcunu qaytaran,
Uzaqda görünən tək işıq!

Gündüzün kiçicik ardımı?
Ovudar kimsəsiz adamı,
Zülmətə qərq olan adamı
Uzaqda görünən tək işıq?!

Olub bap-balaca kürə o,
"Ağ yol"dan xoş gəlib Yerə o;
Oxşayır ehrama, pirə o -
Uzaqda görünən tək işıq!

Əlacmı gecəlik həsrətə,
Rəvacmı vüsala, qismətə,
Möhtacmı səmimi rüsxətə
Uzaqda görünən tək işıq?!

Xəyalım narahat gəmidir,
Ürəyim sıxılmış mərmidir;
Sonuncu mogikan kimidir
Uzaqda görünən tək işıq!

Ovcumda gəzdirib közü mən,
Düz-dürüst yayıram sözü mən;
Ay ellər, özüməm, özüməm
Uzaqda görünən tək işıq!

Rübai

Bakı doğulduğu, sevdiyi məkan,
Qələmlə qazanıb mükafat, ad-san.
Yer üzü Əflatun Nemət oğlunun
Səsini eşidir Anadoludan!