adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Sentyabr 2018 00:20
7122
GÜNDƏM
A- A+

Yüz illik tariximizin şərəfli səhifəsi

Azərbaycan Prokurorluğu - 100

Oktyabr ayının 1-i Prokurorluq işçilərinin peşə bayramıdır. Prokurorluq orqanlarının yarandığı gündən nə az, nə çox düz yüz il keçir. Böyük zaman məsafəsində dövlət əhəmiyyətli bu vacib qurumun yaradılmasında və formalaşdırılmasında uğurlu addımlar atılıb. Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları peşə bayramlarını təntənə ilə qeyd etməsi artıq ənənə şəklini alıb. Bu günün qeyd olunması tarixi zərurətdən qaynaqlanır. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixdə müvafiq sərəncam imzalamışdır.
Tariximizin ötüb arxada qalmış yüz illık səhifəsinə boylananda görürük ki, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra o dövr üçün çox müasir və zəruri olan idarəçilik sistemini yaratmağa başlanıldı. Çünki ölkəni daha çevik, daha operativ idarə etmək zərurəti yaranmışdı. Cümhuriyyət rəhbərliyi tərəfindən 1918-ci il oktyabr ayının 1-də tarixi bir addım atıldı - prokurorluq orqanlarını yaradılması haqqında sərəncam verdi.
1918-ci il noyabr ayının 18-də isə Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edildi. F. Xoyski, X.Xasməmmədov, A. Səfikürdski, T. Makinski AXC-nin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları səlahiyyətləri daxilində böyük işlər görmüşlər.
Təəssüflər ki, min bir əzab-əziyyət bahasına qurulan və yardılan Azərbaycan Cümhuriyyətinin ömrü çox da uzun olmadı. Xalqımızın tarixində şərəfli səhifələr yazmış Cümhuriyyət 1920-ci ilin aprel ayının 28-də Xl Qızıl Ordu tərəfindən süquta yetirildi. Onun liderləri izlənilərək məhv edildi və yaxud həbs olunaraq ağır işgəncələrə məruz qaldı. Cümhuriyyətin süqutundan sonra ölkədə Azərbaycan Sovet Sosialist Respublikası elan edildi.
Cümhuriyyətin süqutundan sonra başqa dövlət orqanları ilə yanaşı prokurorluq və istintaq orqanları da ləğv edildi. Bu Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli "Xalq məhkəməsi haqqında" dekreti ilə həyata keçirildi. Sovetləşmənin ilk illərində bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması zəruriliyini nəzərə alaraq Azərbaycan SSR MİK-in 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında" Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu. Xalq ədliyyə komissarları Ə.Qarayev, S.Çivanov, B.Vəlibəyov, B.Talıblı, H.Hacıyev, A.Sultanova və başqaları həm də Azərbaycan SSR-in baş prokurorları olmuşlar.
1936-cı ilin iyulunda Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə ayrıca qurum kimi fəaliyyətə başlamışdır. Kommunist partiyasının mütləq hakim olduğu Sovet hakimiyyəti dövründə prokurorluq bu rejimə və partiya liderlərinə xidmət etmişdir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yoluna qədəm qoymuşdur.
1991-ci ildə keçmiş İttifaq süquta uğradıqdan sonra ölkəmiz bir əsrdə ikinci dəfə müstəqillik qazandı. 1993-cü ilin ortalarına qədər respublikaya rəhbərlik edənlərin səriştəsizliyi ucbatından ölkəmizdə gərgin vəziyyət yaranmışdı. Dövlətçiliyimizin başının üstünü dağılmaq təhlükəsi almışdı. Bu ağır günlərdə xalq özünə xilas yolları axtarırdı. O vaxtlar hakimiyyətə elə bir şəxs gətirmək lazım idi ki, xalqı düşdüyü bu ağır vəziyyətdən xilas etmək bacarığı olsun. Bu çətin günlərdə xalq bütün ümidlərini böyük dövlətçilik təcrübəsi olan Heydər Əliyevə dikmişdi. Ölkənin belə çətin günlərində xalq ölkəyə rəhbərlik etmək üçün bu dahi şəxsiyyəti rəhbərliyə dəvət etdi. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra qısa zaman ərzində ölkəmizin başının üstünü almış təhlükə sovuşdu, müstəqilliyimiz daha da möhkəmləndi.
1993-cü ildən başlayaraq prokurorluq orqanlarının təkmilləşdirilməsi istiqamətində çox uğurlu islahatlar həyata keçirildi. İnamla aparılan islahatlar az müddətdən sonra müsbət nəticələr verdi. Prokurorluq işçiləri də yaxşı işi, əməli və səmərəli fəaliyyəti ilə cəmiyyətdə öz layiqli yerlərini tutmağa nail oldular. Müstəqillik dövrünün ilk günlərindən başlayaraq prokurorluq orqanları ulu öndər Heydər Əliyevin dövlətçiliyimizi daha da möhkəmləndirmək istiqamətində apardığı siyasəti uğurla reallaşdırmağı bacardı. Hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak etdi.
Müstəqillik dövründə Azərbaycan Respublikasının Prokurorluğu ölkə rəhbəri ulu öndər Heydər Əliyevin daimi diqqət mərkəzində olmuşdur. Dövlət başçısının təşəbbüsü ilə prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktlar, o cümlədən "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında" və başqa zəruri qanunlar qəbul olunmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev həmişə prokurorluq işçilərinin əməyinə yüksək qiymət verirdi. Ulu öndər Heydər Əliyev 26 aprel 2000-ci il tarixdə Azərbaycan Respublikasının prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşü zamanı demişdir. "Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır..."
Böyük Vətən müharibəsi illərində digər dövlət strukturları kimi, prokurorluq orqanlarının da işi hərbi vəziyyətə uyğun qurulmuşdur. Həmin dövrdə prokurorluğun fəaliyyəti fərariliklə mübarizə, hərbi məhsulların tədarükü, cəbhəyə yardım və arxa cəbhənin möhkəmləndirilməsi haqqında qanunların icrasını təmin etməyə yönəlmişdir.
O dövrlər döyüşən orduya 70 prokuror və 163 müstəntiq səfərbər olunmuşdur. Onlardan bir çoxu döyüşlərdə həlak olmuş, böyük əksəriyyəti orden və medallarla təltif edilmişlər.
Ulu öndər Heydər Əliyevin ideyalarını dövlətçilik siyasətinin təməl daşı kimi qəbul edən və möhtəşəm əməli fəaliyyətini həmin ideyaların reallaşmasına istiqamətləndirən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2003-cü ildən başlayaraq cinayətkarlığa və kriminal xarakterli bütün mənfi təzahürlərə, korrupsiyaya qarşı mübarizənin yeni müstəviyə qaldırılması bu sahədə işin təşkilinə məsul olan hüquq-mühafizə, xüsusi xidmət, ədliyyə və məhkəmə orqanları, o cümlədən prokurorluğun fəaliyyətini sivil məzmunda formalaşdırılması üçün məqsədyönlü addımlar atıldı.
Azərbaycan Respublikası hərbi prokurorluğunun əməkdaşları da ölkəmizdə hüquqi dövlətin daha da möhkəmləndirilməsi üçün yorulmaq bilmədən daim iş aparırlar. Biz vaxtaşırı hərbi hissə və birləşmələrdə olur, hərbi qulluqçularla görüşlər keçirir, onlara lazımi hüquqi məsləhətlər veririk. Əsas diqqət qanunçuluğun daha da möhkəmlənməsinə yönəldilir. Aparılan səmərəli təbliğat və təşfiqat işlərinin nəticəsidir ki, bu gün hərbi hissə və birləşmələrdə nizam-intizam möhkəmlənib. Son illər cinayətkarlığın, qanundankənar əməllərin sayı xeyli azalıb. Günü-gündən ordumuzun gücü-qüdrəti artır, təchizatı yaxşılaşır.
Bu gün tam inamla demək olar ki, zabit və əsgərlərimizin döyüş hazırlığı yüksək səviyyədədir. Bunu 2016-cı ilin aprel döyüşlərində düşmən üzərində qazandığımız uğurlar bir daha təsdiq etdi.
Azərbaycan Respublikası Prokurorluğunun kollektivi həmişə olduğu kimi bundan sonra da dövlət başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində fəal iş aparacaq. Ölkəmizdə huquqi dövlətin qorunub saxlanılmasına və daha da möhkəmlənməsinə öz dəyərli töhfələrini verəcəklər. Əminliklə söyləmək olar ki, Azərbaycan Respublikasının Prokurorluğu bundan sonra da ölkəmizdə qanunçuluğun təmin edilməsi, cinayətkarlığa qarşı dönməz mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı surətdə qorunması işinə hüquqi töhfəsini verəcək, Azərbaycan Respublikası prokurorluğunun yaradılmasının 100 illik yubileyini alnıaçıq, başıuca qarşılayacaq və bu mötəbər günü bir qayda olaraq böyük coşqu ilə qeyd edəcəklər.

İslam Mahmudlu,
Füzuli Hərbi prokurorunun
müstəntiqi,
ədliyyə leytenantı