BiR YAZIMA SÖZARDI...

AQİL ABBAS
38268 | 2006-08-30 04:34
Bir dəfə Koroğlu ilə bağlı, Qaçaq Nəbi ilə bağlı, nağıllarımızla bağlı bir yazı yazmışdım. Əslində bir dəfə yox, bir-iki dəfə bu məsələlərə toxunmuşam. Sadəcə söhbət konkret bir yazıdan gedir. Bir də gördüm ki, rəhmətlik Akif Səməd qəzetlərin birində mənə cavab yazıb, mənimlə fikrini bölüşmədiyini deyib və yazıdan narazı qalıb. Gəldi redaksiyaya, soruşdum ki, şair, sən o yazını diqqətlə oxumusan? Dedi, oxumuşam. Dedim, düzünü de, oxuyanda ayıqıydın, yoxsa babat? Dedi, lap babatıydım. Dedim, şair, indi ayıqsanmı? Hə! -deyəndə qayıtdım ki, onda bir də oxu, özü də ayıq başla.
   
   Nə isə. Oxudu, sonra təzədən bir məktub yazdı və mənimlə yüz faiz həmfikir olduğunu bildirdi. Demirəm mən "Quran" ayəsi yazmışdım və mənim yazdığımı hamı qəbul eləməliydi. Sadəcə olaraq təmiz başqa cür yanaşmışdım nağıllarımıza, atalar sözlərimizə, Koroğluya və Qaçaq Nəbiyə. Mən bu gün də fikrimdə qalıram. Çox biabırçı nağıllarımız var, çox ləyaqətsiz və biabırçı atalar sözlərimiz var və sair və ilaxır. Və ən zəhləm gedən nağıl da "Məlikməmməd" nağılıdır. Qardaş da qardaşının kəndirini kəsər? Hansısa it oğulları belə nağılları soxuşdurub bizim şifahi xalq ədəbiyyatımıza. Və bu nağılları oxuyanlar, "Ağ atlı"nı oxuyanlar Şuşada qardaşlarının kəndirlərini kəsdilər. Nə isə.
   
   Ötən nömrələrimizin birində Azərbaycanın iki görkəmli müğənnisinin bir-birlərinə qarşı "soyuq müharibə"lərinə öz münasibətimi bildirmişdim. Müəyyən məsələlərə də toxunmuşdum, orda Rəmişin nəşə çəkməsi söhbəti də vardı. Yəni mən Rəmişin nəşə çəkməsinə adi baxıram, pis baxmıram. Və bu heç də Rəmişin nəşə çəkməyini təbliğ etmək deyil. Qədir Rüstəmovun çox məşhur bir sözü var, deyir"::
   
   - Çox gitaraçılar nəşə çəkdilər ki, Rəmiş olsunlar, amma dəmiş oldular.
   
   Yəni məni Rəmişin nəşə çəkməsi yox, gitarada çaldığı musiqilər sehrləyib (özü də indi tərgidib və bəlkə də heç düz eləməyib, o zəhrimar nədisə Rəmiş onu qəbul eləyəndə mələyə çevrilir. Mənə də mələk Rəmiş lazımdı, qonşik Rəmiş yox, davakar Rəmiş yox).
   
   Mən belə düşünürəm və bu heç də narkotikanın təbliği deyil.
   
   Bir də bir söz var. Şərab şaha, şairə, bir də gədaya halaldı. Çünki şah içir, ürəyi genişlənir, daha çox bağışlayan olur, daha çox mehriban olur və bir də kimin hünəri nədi şaha bunu nöqsan tuta. Şair içir, ruhu yerlə göylə əlləşir və bir də günah da edəndə deyirlər şairdi də, içib. Gəda onsuz da gədadı, istəyir içsin, istəyir içməsin.
   
   İndi şair deyəndə söhbət elə bütün yaradıcı adamlardan gedir.
   
   Bu günlərdə "İslam faşizmi" adlı bir yazı yazmışdım. Bunu da qəbul eləməyənlər olub. Və hətta ağılına, savadına, elminə çox böyük hörmət elədiyim bir müəllimim redaksiyaya gəlib və mənim yazıma etirazını bildirdi. Professor deyir ki, İslam sözü ilə faşizm sözü bir yerə sığmır. Əslində heç bir dinlə, bilmirəm, buşmenlər hansı dinə qulluq eləyir, hətta buşmenlərin diniylə də faşizm bir yerə sığmır. Amma mənim "İslam faşizmi" adlı yazım tamamilə başqa bir məna kəsb edir. Həmin müəllimimin xətrinə və eləcə də yazını diqqətlə oxumayıb məndən narazı qalanların xətrinə "İslam faşizmi" adlı məqaləni bugünki nömrədə yenidən dərc edirəm. Və professorun münasibətini də dərc etməyə hazıram, eləcə də digər narazı qalanların.

TƏQVİM / ARXİV