Azərbaycanda Məhərrəmlik FƏTVASI verildi
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirilib.
Adalet.az-ın məlumatına görə, tədbirdə QMİ-ninQazilər Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib.
Məhərrəm ayının 10-u – Aşura günü sentyabrın 20-ə təsadüf edir. Bu münasibətlə bütün dindarlara dərin hüznlə başsağlığı verir, Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığının İmamın (ə) şəninə layiq şəkildə keçirilməsini tövsiyə edirik. Bildiririk ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Təziyə məclislərində dindarlar tərəfindən Kərbəla vaqeəsində İmam Hüseyn (ə) və onunla birlikdə şəhid olanlar yad edilməli, Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla anılmalıdır. Əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər.
Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Buna görə də bu, həyat verən savab əməl - örnək aksiya din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Bundan əlavə, din xadimlərimiz öz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri və Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla yanaşı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Vətən şəhidlərinin fədakarlıq nümunəsini də təbliğ etməlidirlər.
Moizə və xütbələrdə dindarlara erməni ekstremistləri tərəfindən zəbt olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı Ali Baş Komandanın əmrinə hər an hazır olmaq mətləbi təlqin edilməli, İmam Hüseynin (ə) fədakarlıq nümunəsinin mənəvi əhəmiyyəti bu baxımdan ilham mənbəyi kimi xüsusi vurğulanmalıdır. Din xadimlərimiz moizələrində dindarları daima Vətən təəssübünü, milli və dövləti mənafelərimizi uca tutmağa çağırmalıdırlar.
Milli-mənəvi, dini dəyərlərimizin qarantı olan dövlətçiliyimizə qarşı dini zəmində çağırışlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin bu yaxınlarda etdiyi müraciətdə əksini tapan məsələlərə din xadimlərimiz xüsusi diqqət yetirməli, İmam Hüseyn (ə) təziyədarlığından və digər dini mərasimlərdən təxribatlar üçün istifadəyə imkan verməməlidirlər.
Azərbaycan dindarları Vətənimiz və onun qüdrəti üçün misilsiz səylər göstərən, ölkəmizin siyasi-iqtisadi inkişafı, əmin-amanlığının təminatçısı, milli-mənəvi, dini-multikultural dəyərlərin himayədarı olan möhtərəm dövlət başçımızın fədakar fəaliyyətinə Uca Allahdan rəvac diləyir, ölkəmizin əmin-amanlığı və rifahı üçün dualar edirlər",- fətvada deyilir.