adalet.az header logo
  • Bakı 20°C
03 Sentyabr 2018 21:21
26084
ƏDƏBİYYAT
A- A+

Süleyman Rüstəmin Cənubi Azərbaycan xatirələri

Abdulla İsmayıloğlu

Uzun illərdir kitab rəfimdə tozlanıb qalan Əziz Əliyev haqqında xatirələr kitabını əlimə götürərək, bir qədər nəzər yetirdikdən sonra qəhvəyi rəngli bu cib kitabını hər hansı bir tanışıma və ya bukinistlərin birinə hədiyyə etmək fikrini keçirdim. Lakin dili olmayan bu dördbucaqlı əşya sanki, dilə gələrək: "heç olmasa illərdir üzərimdə qatlara çevrilmiş tozların yükündən azad et, ən azından saralmasına baxmayaraq qara ləkələrlə parıldayan səhifələrimi vərəqlə və yalnız ondan sonra məni kiməsə peşkəş et..."
Bu "çağırışı" dəyərləndirmək qərarına gəldim. Əvvəlcə kitabın tozunu aldım, sonra vərəqləməyə başladım. 35 yaşı olan bu kitabın içində həm Azərbaycanın, həm də Dağıstanın ictimai, siyasi xadimlərinin Əziz Əliyevin şəxsiyyəti və fəaliyyəti barədə xatirələrindən geniş söhbət açılır. Bunlar içərisində mərhum xalq yazıçımız Süleyman Rüstəmin "Yada düşənlər" adlı xatirəsi xüsusi marağıma səbəb oldu. Ədibimizin xatirələri Böyük Vətən müharibəsi illərində Cənubi Azərbaycanda baş verən hadisələr və Əziz Əliyevin rəhbərliyi ilə Təbrizə göndərilən AKP-ın nümayəndələri, yazıçılar, alimlər, incəsənət xadimləri və digərlərinin cənub torpaqlarımızda ana dilimizdə məktəblərin açılması, teatr-kino tamaşalarının nümayişi, yerli kadrların hazırlanması və digər bu kimi həyatı əhəmiyyətli fəaliyyətlər istiqamətində addımların atılmasını əhatə edirdi. Bütün bu tədbirlər 1945-ci ilin noyabrında Azərbaycan Milli Hökumətinin yaradılmasında öz töhvələrini verdi.
İndi isə yazıçının xatirələrini diqqətinizə çatdırım.
"Belə oldu ki, Vətən müharibəsi başlananda sovet ordusu vətənimizi Alman faşizmi təhlükəsindən qorumaq məqsədilə İran torpağına qədəm qoydu. 1941-ci ildə İran ərazisinə daxil olan qoşunlarımızı xalq duz-çörəklə qarşıladı. Xan, mülkədar ailələrinə mənsub yüksək rütbəli zabitlərin qara niyyətləri puça çıxdı. Onların çoxu silahlarını kəndlilərə verib, əvəzində kəndli paltarı alaraq təğliyi-libasla Tehrana qədər qaçdılar.
O vaxt orduya çağırılmışlar sırasında mən də vardım. Hərbi şuranın üzvü Əziz Əliyev bizim rəhbərimiz idi. Əziz bizi bir yerə toplayaraq dedi: "Biz İranın daxili işlərinə qarışmırıq, lakin ölkədə sakitliyi qoruyub, hərc-mərcliyə yol verməməliyik. Biz bu ölkəyə müharibəylə gəlməmişik. Bütün əhaliyə açıq-aydın bildirməliyik ki, bizim xanla, tacirlə, mülkədarla və qeyriləri ilə işimiz yoxdur. Sovet ordusunun bir nəfərindən də İran əhalisi pislik görməyəcək. Hamımız özümüzü sovet vətəndaşına layiq aparmalıyıq".
Təbriz və digər şəhərlərdə acınacaqlı bir məsələnin də şahidi olduq: azərbaycanlılar məktəblərdə öz ana dillərində deyil, fars dilində təhsil alırdılar. Məktəb daxilində öz doğma ana dilində danışmağa cürət edən uşaqlar məktəbdən xaric edilirdi. Daha əcaib bir məsələ də bu idi ki, kürdlərin dağlardan şəhərlərə gəlişi qadağan edilmişdi. Onları quldur, cani kimi qələmə verib, əhali arasında vahimələr yaratmışdılar. Kürd qızları Təbrizə gəldilər. Onları müşayiət edən bir dəstə oğlan da gəlmişdi. Qəribədir ki, Təbrizdə dərhal dükanlar, restoranlar, evlərin qapıları bağlandı. Əhali elə bildi ki, şəhərdə qətl qarət başlanacaq. Yox, belə olmadı. Kökü olmayan təbliğat heçə döndü. Yenidən dükanlar, restoranlar, bağlı qapılar açıldı. Əziz Əliyevin kürd və İran xalqları arasında belə yaxınlıq yaratması müsbət nəticə verdi. Təbrizdə Əziz Əliyevin kürd qızları və ruhaniləri ilə dostluq, qardaşlıq söhbətində Mehbalı Əmiraslanovla birlikdə mən də iştirak etmişəm. Onlar Rza şahın Kürd xalqına etdiyi zülmlərdən, bütün hüquqlardan məhrum edildiklərindən danışırdılar. Onlar söz verdilər ki, nə qədər sovet qoşunları İrandadır, kürdlər tərəfindən kimsənin burnu belə qanamayacaqdır. Sonralar bizimlə görüşən Kürd xalqının mərd oğullarını Məhəmməd Rza şah Tehranda dar ağacından asdırdı.
Təbrizdə konsert salonu, teatr binası və qeyri mədəni ocaqlar yoxdu. Əziz Əliyevin təşəbbüsilə Mirzə Fətəli Axundov adına Dövlət Opera və Balet Teatrı Təbrizə qastrola gəldi. Opera teatrını qarşılamaq üçün vağzala bütün Təbriz getmişdi, desəm, yanılmaram.
Əziz Əliyev kürdləri teatr artistləri tərəfindən verilən bir konsertə dəvət etdi. Kürdlər lojalarda oturmuşdular. Paltarları, çalmaları rəngarəngdi. Bellərində qəmələri, silahları vardı. Konsertdə müğənnimiz Sara Qədimova "Kürdün gözəli" mahnısını oxumağa başlayan kimi kürdlər cəld salondan çıxdılar. Tamaşaçıları heyrət bürüdü. Kürdlər birdən səhnədə göründülər. Bir-birilərinin qurşağından yapışıb kürdcə oxuyaraq yallı getdilər. Salonu arası kəsilməyən alqışlar bürüdü. Bu təbrizlilər və bizim üçün unudulmaz hadisə oldu. Əziz Əliyev həkim olduğundan Təbriz əhalisinin vəziyyətini, ehtiyacını nəzərə alaraq Təbrizdə əhaliyə pulsuz xidmət göstərən xəstəxana açdırdı. Bakıdan həkimlər çağırdı. Xəstəxananın müdiri, baş həkimi çox gözəl insan və həkim Qədimov oldu. O, tez bir zamanda Təbrizdə böyük hörmət və şöhrət qazandı.
Əziz Əliyevin bir təşəbbüsü də alqışalayiqdir. O, indiyəcən ucuz, eybəcər Amerika filmləri görmüş əhaliyə "Azərfilmin" çəkdiyi filmləri göstərməyi məsləhət bildi. Bakıdan "Kəndlilər", "İsmət" və digər filmlər gətirildi. Yadımdadır, sərin bir payız axşamı Gülüstan bağında, açıq havada "Kəndlilər" filmi göstərilirdi. Hava getdikcə soyuyurdu, lakin əhali quru yerdə oturub həyəcanla filmə baxırdı. Azərbaycanımızın keçmiş həyatından, xalqımızın mübarizəsindən danışan bu film göstərildikcə, təbrizlilər əsərin qəhrəmanını şiddətli alqışlarla qarşılayırdılar.
Aşura günü Təbrizdə qəribə bir hadisənin şahidi oldum. Təbrizin mərkəzi küçəsində böyük bir izdiham göründü. Bunlar zəncir vuranlardan, başlarını yaranlardan, sinə vuranlardan ibarət idi. Təbriz ajanları bu izdihamın qarşısını kəsə bilmədi. Dəstənin qabağında adamlar ələmlər arasında Stalinin əksini aparırdı. İzdihamdan bu sözlər yüksəlirdi: "Məhv olsun zalimlər, qəhr olsun cəlladlar! Yaşasın hürriyyət, ədalət! Yaşasın şürəvilər!".
Bir gün Əziz Əliyev məni və digər bir yoldaşı yanına çağırıb dedi:
-Düşmənlərimiz min vasitəylə çalışırlar ki, İranda sovet qoşunları olan yerlərdə normal həyat, şərait olmasın. Səbəblərini də bizim ayağımıza yazsınlar. Siz sabah Ərdəbilə yola düşün, amma ehtiyatla hərəkət edin. Özünüzü qoruyun. Sizə yaxşı yol!
Səhəri gün yola düşdük. İkimiz də silahlı idik. Belimdə parabellum, çiynimdə karabin vardı.
Bu yol bizə tanış deyildi. Yolda gediş-gəliş yox idi. Qaranlıq düşdü. Külək əsirdi. Sərabda qalmalı olmadıq. Ərdəbilə yaxın Nir deyilən qəsəbədə gecələdik. Səhər Ərdəbilə çatdıq.
Çayxanaları gəzməyə başladım. Çayxanaların birində qəribə hadisə üz verdi: Vaxtilə Bakıda, keçmiş Spasskaya (indiki Qasım İsmayılov) küçəsində cənubi azərbaycanlı iki qardaş yaşayırdı. Onlar xırda alverlə məşğuldular. Kiçik qardaş Baba Novxanı kəndindən Zəhra adlı qızla evlənmişdi. Məhləmizdə atama və başqa adamlara İranı ağız dolusu tərifləyirdi. Guya orda işləmə, əziyyət çəkmə, başına qızıl yağsın. Bəzən mənimlə də çürük mübahisəyə girişirdi.
Bəli, çayxanaya girdim. Göz-gözü görmürdü. Tüstü aləmi bürümüşdü. Çayxananın yeri palçıq idi. Ayaqyalın bir nəfər iri padnosdan müştərilərə çay paylayırdı. Bu adam mənə tərəf yaxınlaşanda lapdan padnos əlindən yerə düşdü, stəkanlar sındı. O, üstümə cumub məni bərk-bərk qucaqlayıb, hönkür-hönkür ağlamağa başladı. Bu, vaxtilə məhəlləmizdə yaşayan, İranı tərifləyən həmin Baba idi. Başına gələn müsibətlərdən danışdı...
Bir gün Əziz Əliyev məni və Həsən Şahgəldiyevi yanına çağırıb dedi ki: "Qubernator Fəhiminin dediyinə görə, Sərabın dağ kəndlərinin birində bizim adamlar guya ixtişaş salırlar. Bu, düşmən hiyləsidir. Sərabın dağ kəndində baş verən hadisəni Sərab əmniyyə nümayəndələrilə birlikdə yoxlamağı sizə tapşırıram. Ehtiyatlı olun, orada hər cür fitnə baş verə bilər".
Maşınla Səraba gəldik. Dağlara atla getməli idik. Sərabın əmniyyə rəisi ilə görüşdük. Bizimlə görüşməkdən boyun qaçırdı: "Dağ kəndlərində bizi öldürə bilərlər. Bir neçə kənddə əmniyyələrimizin silahlarını alıblar" - dedi. Zamin olduq ki, bizimlə getsələr onlara toxunmazlar. Mən at sürməyi bacarırdım.
Təhkim olunduğum süvari diviziyasının komandiri polkovnik Alekseyevin tapşırığı ilə dağıstanlı bir mayor Təbriz düzənlərində, dağlarında mənə at çapmağı öyrətmişdi. Sən demə, Həsən Şahgəldiyev heç ata minməyibmiş. Mən əmniyyələrlə birlikdə atlarımızı dağlara doğru çapır və hərdən ara verib, bizdən çox geridə qalmış Həsəni gözləyirdim. Yolda əmniyyə rəisi məni qəribə bir vəziyyətə salmağa təşəbbüs etdi:
-Ağa, sol tərəfə baxın, canavardır. Bu yerlərdə çox canavar olur.
Diqqətlə baxdım. Canavara oxşayırdı. O, məni tələsdirdi:
-Ağa, canavardır. Tez nişan alın, qaça bilər!
Mən gözlərimi uzaqdakı nöqtəyə zilləmişdim. Çox çəkmədi ki, rəisin canavar dediyi kəndli ayağa qalxdı. Demə, namaz qılırmış. Rəis pərt oldu. Fitnəsi baş tutmamışdı.
Kəndə çatdıq. Əhali toplaşdı. Xanın evi qarət olunmuşdu. Namusuna toxunulmuş qızlar, xanın oğlu tərəfindən döyülmüş kənd cavanları və əzab, işgəncə çəkmiş qoca kişilər, qarılar bizə odlu şikayətlər etdilər. Xanın evindən aparılmış əşya geri qaytarıldı, lakin xanın və oğlunun harada olduğu aydınlaşmadı. Əmniyyə rəisinə dedim ki: "Hanı burda sovet adamları? Hanı sovet vətəndaşları? Siz niyə zülmünüzdən cana gəlmiş adamların sizə qarşı çıxışını bizim ünvanımıza yazırsınız?"
Əmniyyə rəisi qonşu kəndə getməyimizi xahiş etdi. Guya orda 12 əmniyyəni bizimkilər tərk-silah ediblər. Kəndə çatdıq. Bir ağsaqqal kişi bizi kasıb evinə dəvət etdi. Balaca otağın qırıq pəncərələri kağızla, xəmirlə yamanmışdı. Otağın döşəməsinə köhnə həsir salınmışdı. Divarlara qəzetlərdən, jurnallardan kəsilmiş şəkillər yapışdırılmışdır. Balaca otaq adamla doldu. Lakin onların arasında bir nəfər də olsun sovet adamı yox idi. Aydın oldu ki, bu kəndin öz camaatı əmniyyələri qudurğan hərəkətlərinə görə tərk-silah edib yola salıblarmış. Əmniyyə rəisi utanmadan, qızarmadan bizə işarə edib kəndlilərə müraciətlə dedi: "Bu ağalar İranda müvəqqəti qonaqdılar. Müharibə qurtaran kimi vətənlərinə qayıdacaqlar. İranda yenə sizinlə biz qalacağıq..." Bu sözlərdən sonra bir kəndli ayağa qalxıb dedi: "Vay bizim halımıza vay!"
Əmniyyə rəisi ajanlardan alınmış 12 tüfəngi kəndlilərdən tələb etdi. Kəndin ağsaqqalı mətbəxə keçdi. Oturduğumuz otağa on bir ədəd tüfəng gətirildi. Əmniyyə rəisi 12-ci tüfəngi də inadla tələb etdi. Araya dərin sükut çökdü. Sonra mətbəxdən çıxan çadralı qadın qundağı sınıq 12-ci tüfəngi də gətirib digər silahların üstünə atdı. Elə bu vaxt 8-9 yaşında bir uşaq qartal kimi 12-ci tüfəngin üstünə şığıdı. Tüfəngi bağrına basıb: "Bunu heç kəsə vermərəm" deyə fəryad qopardı. Əmniyyələr tüfəngi zorla uşaqdan ala bildilər. Ana oğlunu qucaqlayıb dedi: "Ağlama bala. Böyüyərsən başqa tüfənglə atanın intiqamını alarsan, ağlama!"

(ardı gələn sayımızda)