adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Sentyabr 2018 21:29
15015
ƏDƏBİYYAT
A- A+

Məşəqqətlərdən keçən Mehman Ömərov və ya ömür səhifələrini vərəqlədikcə...


...Qarşımdakı o zaman hələ oxumadığım və həmin səbəbdən də mənim üçün sirri-müəmma olan bu kitabla tanışlığım gözlənilməz oldu. Jurnalist dostlarımdan biri o şənbə səhəri mənə zəng vurub dedi ki, bu gün Poeziya evində şəhərimizin tanınmış ziyalısı, uzun illər Sumqayıt Rabitə qovşağının rəisi, şəhər Sovetinin deputatı olmuş, nüfuzlu kollektiv rəhbəri kimi tanıdığım Mehman Ömərovun "Ömür səhifələrim" adlı kitabının təqdimat mərasimi keçiriləcək.
Böyük həvəslə tədbirdə iştirak etdim və haqqında danışmaq istədiyim bu kitabla elə tədbirin gedişatı boyunca yaxından tanış oldum. Həm çıxış edənlər, həm müəllif özü kitabın yazılmasını zəruri edən səbəblər, ictimai-tarixi şərait və digər əhəmiyyətli məsələlər barədə ətraflı danışdılar. Qeyd edim ki, əvvəl sadəcə tanışlıq məqsədilə vərəqləmək istədiyim kitab məni o qədər cəlb etdi ki, tədbir boyunca onun yarıdan çoxunu oxuyub, başa vurdum. Kitab səlis, rəvan, axıcı, şirin bir dillə yazıldığından, əlindən yerə qoymaq istəmirsən, tanımayanlar əsərin müəllifinin peşəkar yazar olmadığına çətin ki inanarlar... Bir sözlə, kitab doğrudan da çox maraqla oxunur. Və bunun səbəbinin hadisələrin, sujet xəttinin maraqlı inkişafı ilə, ya müəllifin cəlbedici dil və hekayə üslubu ilə bağlılığını söyləmək çətindir. Yəqin ki, elə bu deyilənlərin hamısının bir-birini məntiqi tamamlaması, vəhdəti kitabın uğurlarını müəyyən edən meyarlardır.
Memuar janrında yazılmış kitab tək bir ömrün tarixçəsi olaraq qalmır. Xatirə - memuar oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə- memuar janrında yazılmış bu kitab yalnız bir insan ömrünə işıq salmış əsər olmaqda qalmır, eyni zamanda həmin dövrdə Sumqayıtda fəaliyyət göstərən sənaye müəssisələri, şəhərin rəhbər işçilərinin dolğun portret cizgiləri barədə də oxuculara məlumat verir.
Xatirələrlə tanışlıq oxucuya Mehman müəllimin xarakterinə xas olan fərdi, əsil məsuliyyətli bir insana xas olan keyfiyyətləri aydınlaşdırmağa kömək edir. Atası, anası, qardaşları ilə bağlı epizodlarda hələ gənclik illərindən onun ailəsinə necə bağlı bir insan olduğu, qayğıkeşliyi, təəssübkeşliyi, fədakarlığı aydın görünür.
Mehman Ömərovun "Ömür səhifələrim" kitabında bioqrafik epizodlarla yanaşı Sumqayıtın ən yeni tarixinin mühüm mərhələləri, şəhərin inkişafı xronikası, əlbəttə ki, ermənilərin 1988-ci ildə törətdikləri qanlı hadisələr də geniş əksini tapıb. Keçmiş SSRİ hakimiyyəti və erməni xüsusi xidmət orqanlarının Sumqayıt şəhərində törətdiyi hadisələrdən artıq 30 ildən artıq zaman ötür. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər həyatını itirdi. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.
Sumqayıt hadisələri əslində Ermənistan xüsusi xidmət orqanlarının həmin dövrdə təşkil etdiyi ssenarinin tərkib hissəsi idi. Bunu sübut edən kifayət qədər faktlar var. Kitabda bu faktlardan ətraflı bəhs edilir. Hadisələrin bilavasitə şahidlərinin ifadələrindən görünür ki, iğtişaşları təşkil edən "qara plaşlı" şəxslər sumqayıtlı olmayıblar. Onlar öz aralarında bəzi hallarda erməni dilində danışıblar, Azərbaycan dilini isə təmiz biliblər və hadisələr zamanı insanlar arasında ermənilər əleyhinə təbliğat aparıblar, camaata spirtli içkilər, güclü təsiredici həblər, dəmir parçaları və s. paylayıblar.
Məlum olduğu kimi, bu hadisələr bir qrup azğınlaşmış dəstə tərəfindən törədilib. Həmin dəstəyə isə "Paşa" ləqəbli Qriqoryan Eduard Robertoviç adlı bir erməni başçılıq edib. Qriqoryanın həmin dəstənin ən fəalı olması şahid ifadələri əsasında sübut olunub. Həmin hadisələr zamanı öldürülən 26 ermənidən 6 nəfəri məhz Qriqoryanın "payına düşür".
E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını isə zorlamışdır. Bundan başqa onun bir dəstə rəhbəri kimi törədilmiş bütün cinayətlərdə əlinin olduğu tərtib olunmuş ittiham aktları sübuta yetirir.
Maraqlısı ondan ibarətdir ki, hadisələr zamanı Sumqayıtda yaşayıb, separatçıların yaratdıqları "Qarabağ" və "Krunk" təşkilatlarına pul köçürməyən ermənilər qətlə yetirilmişdi. Bu barədə Eduard Qriqoryan ətraflı təlimatlandırılmış və ona Sumqayıtda yaşayan həmin ermənilərin dəqiq siyahısı və ev ünvanları verilmişdi.
Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Məhkəmə azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal icra olundu. Əsas günahkar Qriqoryana isə 12 il iş kəsildi, lakin bir neçə ildən sonra o, azadlığa buraxıldı. 1980-1992-ci illərdə SSRİ Baş Prokurorluğu yanında xüsusilə mühüm işlər üzrə baş müstəntiq olan Vladimir Kaliniçenko vicdanlı bir insan kimi Sumqayıt hadisələrinin SSRİ KQB-nin və erməni millətçilərinin birgə hazırladıqları plan olduğunu dünyaya bəyan edib. O, bildirib ki, Ermənistandan qovulan azərbaycanlıların Sumqayıt və Bakıda yerləşdirilməsi, 1988-ci il fevralın 28-də Sumqayıt Şəhər Partiya Komitəsinin təşəbbüsü ilə mitinqin təşkili də KQB-nin öncədən yazdığı ssenari olub: "Şahid ifadələrindən mənə məlum idi ki, mitinq vaxtı öncədən hazırlanmış insanlarda artıq ermənilərin yaşadıqları ünvanlar var idi. Ermənilər Sumqayıt hadisələri zamanı ölənlərin sayını yalandan çoxaldıblar. Əslində hadisələr zamanı 33 nəfər həlak olmuşdu. Hadisələrdə dəqiq deyə bilərəm ki, 27 erməni və 6 azərbaycanlı həlak olub. 26 nəfərin meyiti aşkarlansa da, 1 nəfərin meyiti tapılmayıb. Heç bir azyaşlı nəinki öldürülməyib, heç xəsarət də almayıb. Odur ki, ermənilərin versiyaları yalandır. Biz ölü sayını gizlətməmişik. Sayı ermənilər şişirdirlər, amma bu, yalandır. Bir sözlə, Sumqayıt hadisələri Mixail Qorbaçovun sifarişi ilə KQB tərəfindən təşkil edilmiş təxribat olub. Qorbaçov Sumqayıt hadisələrinin baş verəcəyindən xəbərdar idi. Hadisələr SSRİ KQB-sinin ssenarisi əsasında həyata keçirilib".
V. Kaliniçenko Zori Balayan və Silva Kaputikyanın rəhbərliyi altında "Qarabağ" komitəsinin yaradılmasına, ittifaq rəhbərliyinin separatçı tendensiyanı dəstəkləməsinə, minlərlə azərbaycanlının Ermənistandan qovulmasına da toxunub: "Ermənistanda yaşayan azərbaycanlılar şaxtalı havada qovuldular. Onların neçəsinin o qarlı-şaxtalı havada öldükləri məlum deyil. Erməni tərəfi dərk etməlidir ki, onların fəaliyyəti nələrə səbəb olub". Sonradan xüsusi mühüm işlər üzrə baş müstəntiq V. Kaliniçenko məhz bu ədalətli mövqeyinə görə, SSRİ rəhbərliyinin, KQB-nin ermənipərəst sifarişini yerinə yetirməkdən imtina etdiyinə görə istintaqdan kənarlaşdırıldı...
M. Ömərovun xatirələr kitabında Sumqayıt hadisələrindən ətraflı bəhs olunur. Çünki o, şəhərin rabitə qovşağının rəhbəri kimi baş verən hadisələrin burulğanında idi. Şəhərdə başlanmış mitinqlər iğtişaşlara çevrilən anlardan, Eduard Qriqoryanın başçılıq etdiyi dəstələrin zorakılıqları davam etdiyi müddətdə o, telefon qovşağındakı bütün erməni qadınları binanın üçüncü mərtəbəsində saxlayır, Yerevan, Stepanakert istiqamətinə çıxan rabitə kanallarını bağlatdırır. Bu, şəhərdə baş verən hadisələr barədə hər hansı məlumatın Ermənistana ötürülməsinin qarşısının alınması məqsədilə edilmişdi və o dövrdə orada yaşayan azərbaycanlının həyatını xilas etmişdi...
Sonralar SSRİ Prokurorluğu Xüsusi İstintaq qrupu bu faktı ona qarşı cinayət işi açılmasında əsas kimi istifadə edəcək, SSRİ Ali Məhkəməsində mühakimə olunmasına nail olacaqdı.
Daha bir fakt da həmin hadisələrlə əlaqədar Mehman müəllimə qarşı cinayət işində istifadə olunmuşdu. İş burasındadır ki, həmin gərgin günlərdə o, tez -tez şəhər partiya komitəsində, mitinqlər keçirilən meydanda olduğundan rabitə zalında nəzarəti sex rəisi M. Tsapleva adlı qadına tapşırır. 28 fevral gecəsi səhərə yaxın Mehman müəllim sex rəisini yanına çağırır, ATS-dəki vəziyyətlə maraqlanır. Sex rəisi məlumat verir ki, stansiyanın yükü həddən çox artdığına görə SSRİ Rabitə Nazirliyinin Təlimatına əsaslanaraq, ATS-lərdə olan məxfi paketləri açıb, oradakı göstərişlərə uyğun olaraq telefonlara məhdudiyyət vermişik. Bu sözləri eşidən kimi, Mehman müəllim əsəbiləşərək sex rəisini otaqdan qovur. Bu əsəbililiyə səbəb isə sex rəisi olan qadının düşünülməmiş hərəkətləri idi. Onun fövqəladə hallarda SSRİ və ya Azərbaycan SSR Rabitə Nazirinin müvafiq əmri, sərəncamı və nəhayət şəhər Rabitə Qovşağı rəisinin tapşırığı olmadan məxfi paketləri aşmağa ixtiyarı yox idi! Lakin artıq olan olmuşdu. Şəhərdəki ev telefonlarının yarısına məhdudiyyət verilmiş, stansiyanın normal işi bərpa olunmuşdu. Mehman müəllim bu mürəkkəb vəziyyətdə təmkinini itirməmiş, gecə saatlarında nazir yerində olmadığından nazirliyin növbətçisinə, nazir müavininə şəhərindəki vəziyyət barədə məlumat verir və Təlimata uyğun hərəkət etmək haqda tapşırıq alır. Mehman müəllimin uzaqgörənliklə atdığı bu addım bir qədər sonra həm onun, həm də ATS-in rəisinin, iyirmi nəfərə yaxın qadın işçinin həyatını xilas etmiş olur. Çünki o dövrdə Sumqayıtda yaşayan ermənilər istintaqda ev telefonlarının qəsdən kəsildiyini iddia etməklə, bütün rabitə işçilərini təhlükəyə atmışdılar.
Əslində isə burda ermənilərə qarşı heç bir qəsd yox idi. Mehman müəllim isə bütün məsuliyyəti öz üzərinə götürməklə kollektivini həbs təhlükəsindən xilas etmişdi. Təlimatları dəqiq bilməsi, insanpərvərliyi, yüksək təşkilatçılıq bacarığı ona SSRİ Ali Məhkəməsində özünə qarşı irəli sürülən ağır ittihamlara tutarlı dəlillərlə cavab verməyə, tam bəraət almağa imkan verdi. Ali məhkəmədə onun işçiləri olmuş ermənilər çıxış edərək, Mehman müəllimin qırğınlar zamanı onları bir otağa yığaraq ölümdən xilas etdiyini bəyan etmişdilər.
O illərdə Sumqayıt Partiya Komitəsinin birinci katibi Zülfü Hacıyev, şəhər prokuroru İsmət Qayıbov xalqının maraqları naminə özünü odlara atan Mehman Ömərovu SSRİ Ali Məhkəməsində bəraət aldıqdan sonra KQB-nin zindanında işgəncərdən, həbsdən azad etmək üçün onun deputat toxunulmazlığı statusunun qorunmasına çox çətinliklə nail ola bildilər..
Mehman Ömərovun xatirələr kitabında maraqlı məqamlar çoxdur. Kitabda Mehman müəllimin valideynləri, qardaşları ilə bağlı epizodlar da diqqətimizi cəlb edir. Şəhərə gəldiyi, təhsil aldığı, əmək fəaliyyətinə başladığı illərdə o, daim qardaşlarının da təhsil alması, işə düzəlməsi üçün var qüvvəsi ilə çalışır, həmişə onların qayğıları ilə maraqlanır. Mehman müəllim neçə illər onun evində, öz yanında yaşamış, universitetdə təhsil almış qardaşı Vaqiflə bağlı maraqlı bir hadisəni oxucuların diqqətinə çatdırır.
Bir gün qardaşı Vaqif onun yanına gələrək, Bakı və Sumqayıtın fəal kommunistlərindən təşkil olunmuş bir qrupun tərkibində Volskinin rəhbərlik etdiyi Dağlıq Qarabağ Üzrə Xüsusi İdarəetmə Komitəsində işləmək üçün Stepanakertə göndərildiyini bildirir.
Mehman müəllim buna qəti etiraz etsə də, Vaqif artıq siyahının MK-da təsdiq edildiyini, mütləq getməli olduğunu bildirir. Mehman müəllimi fikir götürdü. Moskvada onun məhkəməsində Yerevandan, Stepanakertdən çoxlu sayda erməni iştirak edirdi. Onlardan hansısa Vaqifin Mehmanın qardaşı olduğunu bilsəydi, onu sağ buraxmazdılar. Səhəri günü Vaqifi Stepanakertə yola salan Mehman Ömərov Volskinin adına belə məzmunda teleqram vurur: "Sizin yanınızda işləmək üçün göndərilən qrupda qatı millətçi Mehman Ömərovun qardaşı Vaqif Ömərov da var. Onun sizə inamla və səmimi xidmət edəcəyinə inanmıram. Sizi və rejiminizi ürəkdən sevən Sumqayıt vətəndaşı". Bir gün sonra Vaqif Sumqayıta, evinə qayıtmışdı! Mehman müəllim beləcə qardaşı Vaqifi real təhlükədən qurtarmış oldu...
Mehman Ömərov xatirələr kitabında keçdiyi ömür yoluna sanki illərin zirvəsindən nəzər salır, ötən illərdə gördüyü işlərə zamanın reallıqları prizmasından qiymət verməyə çalışır. Oxucu da bir həqiqətin şahidi olur ki, Mehman Ömərovun əmək bioqrafiyası doğma şəhərin inkişaf yolu, yüksəliş illərilə həmahəng davam edib. Təkcə bir faktı xatırlatmaq kifayətdir: o, 1982-ci ildə Sumqayıt Rabitə Qovşağına rəis təyin olunanda şəhərdə cəmi 5500 nömrə vardı, 2004-cü ildə işdən çıxan zaman idarəni 49700 nömrə ilə təhvil vermişdi!
Mehman Ömərovun əmək fəaliyyətini dövlət müxtəlif mükafatlar, medal və fəxri adlarla qiymətləndirib.
Mehman müəllimin özünün də etiraf etdiyi kimi, bütün bu mükafatlar sırasında onun üçün ən qiymətlisi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun təqdimatı ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən verilən "Tərəqqi" medalıdır.
Həyat davam edir. Mehman müəllim doğma şəhərin gözəl gələcəyinə inamla, sumqayıtlı olmağı ilə həmişə fəxr edəcəyini bildirir və kitabını da bu xoş məramla, qürur notları ilə bitirir...
İbrahim Abdullayev