adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Sentyabr 2018 13:54
30490
ƏDƏBİYYAT
A- A+

Söyüş söymək mədəniyyətsizlik deyil…?!

Ünsiyyətdə olarkən, sosial şəbəkələrdə hər hansı statusa söyüşlə cavab verən adamlar olur. Söyüş söymək hansı ehtiyacdan yaranır? İnsanlar niyə söyüş söyür? Ümumiyyətlə, söyüş normaldırmı? Ədəbiyyatda söyüşə, vulqar ifadələrə yer verilməlidirmi?

Adalet.az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik:


Yazıçı Səfər Alışarlı: "Əslində, söyüş insan həyatına orqanik şəkildə daxil olmuş münasibət, özünüifadə formasıdır. Mən uşaq vaxtlarımda kənddə kişilərin, arvadların söyüş söyməsini çox eşitmişəm. O vaxtlar mənə elə gəlirdi ki, söyüş söymək mədəniyyətsizlik əlamətidir. Böyüdükcə söyüşləri unutmağa başladım. Ancaq rusların bütün səviyyələrdə söyməyə davam etdiyinin şahidi oldum. (Mən bunu "Avqust” hekayəmdə yazmışam.) Anladım ki, söymək mədəniyyətsizlik əlaməti deyil. Əgər bir millətin leksikonundan söyüş tamam yox olubsa, deməli, o millət müəyyən qədər sterilləşdirilib: bu, qazanc deyil, itkidir.

1988-ci ildə rəhmətlik dostum Ağamalı Sadiq Əfəndi ilə tanış olana qədər mən bütün ömrümü söyüşsüz, "qulturnu” bir oğlan kimi yaşamışdım. Ağamalı leksikonunda söyüşü fikrin arasına yağ kimi soxurdu və fikir dərhal qanadlanıb daha tez mətləbə çatırdı. Bu mənada mən uşaqlıq illərimin təcrübəsi üzərində ondan bəzi şeylər öyrənmişəm.

Bədii ədəbiyyatda söyüş işlənir. O, obrazın xarakterinin açılmasına xidmət edir. Əgər doğrudan da söyüş situasiyaya və obrazın düşüncə səviyyəsinə görə işlədilirsə, mən orada qeyri-adi bir şey görmürəm.”



Yazıçı, publisist Allahverdi Eminov: "Söyüşün iki növü var, şərti mənada. Mahiyyətcə fəlsəfəsi var. Biri var kimi söyürsən, burda təbii ki, mənəvi inciklikdən və sosial narazlıqdan yaranır. Birincidə daixlən özündən inciyirsən, bir az da pessimizə qapılırsan. Sosial mənada isə təbii ki, maddi çətinliklərlə bağlıdır. Hətta bəzən yolla gedəndə insanların danışa-danışa getdiyinin şahidi olursan. Hiss edirsən ki, kiminsə ardınca danışır yaxud da söyür. Ümmiyətlə əxlaqi baxımdan söyüş məqbul sayılmalıdır. Çünki bunun təbiətində ikrah, ciddi narazlıq kimi əlamətlər olur. Birdə ki, söyüşün "özündən daha kəskin” tənələrlə əvəz etmək olar. Ədəbiyyatda isə bu yolverilməzdir. Çox təssüf ki, son illərdə ədəbi söyüşlər mətbuatda yer alır. Əsəri bəhanə edib ədəbi şəxsiyyətləri söyürlər. Məsələn, mən sovet dönəmində Əkrəm Əylislinin müsahibəsində belə bir cümləni oxudum: "Süleyman Rüstəm dəyysudur.” Sabiq xalq yazıçısı üçün bu əlbəttə yol verilməzdir. Gənclərə gəldikdə isə bəziləri öz yaradıcılıqlarına o qədər vurğundular ki, bəyənmədiyi əsəri yox, müəllifi söyüşə qonaq edirlər. Bunlar özlərindən bədgüman yazarlardır.”


Tənqidçi Əsəd Cahangir: "Söyuş söymək ruhun natəmizliyi və tərbiyəsizlikdən yaranır.
İnsan aciz olanda söyüş söyür. Söyüş qeyri-normaldır və insana yaraşmır. Ədəbiyyata söyüşə ancaq obrazın dilində yer vemək olar.












Yazıçı Murad Köhnəqala: "İstənilən millətin dilində söyüş ifadələri, vulqar sözlər var. Düşünürəm, söyüş söymək acığı yatırtmaq üçün yaxşı vasitələrdən biridi.

Bizim tərəflərdə, yəni ölkənin qərb bölgəsində söyüş o qədər də ciddiyə alınmır. Ancaq elə bölgələrimiz var, orda adi söyüş üstündə qan salırlar. Kimsə acıqlanıb kimisə söyə bilər, ancaq onun qarnına bıçaq soxub öldürmək vəhşilikdi. Söyüşənləri üzr istəməklə barışdırırsan, məsələ bitir. İki söyüşənin birini qəbirə, o birini türməyə göndərməyin tərəfdarı deyiləm. Haqsız və yersiz söyüşün də tərəfdarı deyiləm.

Məsələn, söyüşlü anekdotu olduğu kimi söyləməsən ləzzəti itir. Qaldı ki, bədii mətndə söyüş, adətən, personajın dilindən səslənir. Yerinə düşərsə işlətmək olar. Ancaq müəllifin öz dilindən söyüş yazmasını qəbul eləmirəm. Söyüş sözləri də dilin tərkib hissəsidi. O boytdana Puşkin rus dilindəki söyüşləri yığıb kitab eləmişdi.”




Yazıçı Pərviz Cəbrayıl: "Söyüş ifadə edən sözlər də dilin lüğət tərkibinə daxildi. Əxlaq, etik qaydalar onu zirzəmidə yerləşdirib. Söyüş evin dəlisi kimidi, söyüş bəd it kimidi, söyüş işlənməsi yasaq olan silah kimidi. Bəzən insanın qəzəbi o həddə çatır ki, dəli zirzəminin qapısını, bəd it zəncirini qırır, yasaq silah ilşətməkdən başqa yol qalmır.

Ədəbiyyat isə kinə, qəzəbə qarşıdı, sülh carçısıdı, sağlamlığın tərəfindədi. Bir obrazın qəzəbini göstərmək üçün yazıçının əlində onlarla ifadə vasitəsi, fənd var.

Əlbəttə, söyüşlü mətnlər oxucuya ləzzət verir, öz üəriyndəkiləri onun yerinə deyən yazıçını, mətni sevir, ancaq məgər məqsəd oxucunun həzzidirmi? Narkotik də həzz verir, elə isə onu da təbliğ etməliyikmi? Ədəbiyyat daha böyük mətləblər üçündü. Dostoyevski söyüşsüz də böyük yazıçı ola bilibsə, demək, ucuz yola qaçmadan da yazıçı olmaq olar.



Yazıçı Qan Turalı: "Söyüş dilin bir hissəsidir, dildə var. Buna görə də mövcud olan bir görsənişi anormal adlandırmaq olmaz.

Ədəbiyyatda söyüş olar, ya olmaz sualına min dəfə cavab vermişik. Konteksə uyğun olaraq, məzmun olaraq hər şey mümkündür. Sənət azad fəaliyyət sahəsidir."








Telejurnalist Elçin Əlibəyli: "Söyüş emosiyanın ifadəsidir. Tədricən söyüş adiləşir və bir qədər də intimləşir. Bir nəfəri çox söydükcə o doğmalaşır. Ədəbiyyatda isə olduqca normaldır və belə də olmalıdır. Həyat gerçəkliyini əks etdirirsə bədii ədəbiyyatda ondan qaçmaq olmaz. Hələ bizdə söyüş qeyri-adi qəbul olunur, dünya ədəbiyyatında, kinosunda və məişətində bu artıq adi, ümumişlək sözlərdir və buna heç kim emosional yanaşmır. Əsas söz yox, hərəkətdir. Biz isə şərqli kimi hərəkətdən çox, sözə önəm veririk. Türk təfəkkürü belə olmayıb və söyüş adi sayılıb. Bu gün kəndlərimizdə buna çox rahat baxırlar. Hərəkət pis qəbul olunur. Baxın, dilimizdə əsl türk sözləri fellərdir. Yəni hərəkət önəmlidir. Nə deməyin fərqi yoxdur, necə deməyin isə böyük təsiri var.





Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: "Söyüş – özünüifadənin ən primitiv və ən asan formasıdır. İstənilən başqa bir ifadə forması üçün intellektual resurslar tələb olunur. Məsələn, bir gənc aşiq olanda şeir yazmağa cəhd edir. Niyə məhz şeir? Çünki şairlik – istedadın ən primitiv formasıdır. Musiqi bəstələmək, rəsm çəkmək, heykəl yonmaq daha çətin, xüsusi biliklər və fərqli istedad tələb edən formalardır, şeir isə yox. Söyüş də təxminən belə bir şeydir: öz fikir və emosiyalarını mədəni çərçivəni gözləməklə təsirli, effektiv formada ifadə etmək üçün əvvəla, müəyyən resurslar lazımdır, ikincisi, həmin resursları konstruksiya etmək üçün enerji sərf olunmalıdır. Milyonlarla neyronda elektrik impulsları qaçışmalıdır ki, biz hansısa fikrimizi effektiv formada çatdıra bilək. Amma söyüş hazır güclü şablondur. Heç bir intellektual zəhmət və düşüncə, enerji sərfi tələb etmir. Buna görə də, fikir versəniz, aşağı təbəqədən olanlar daha çox söyürlər, çünki onların beyni mürəkkəb linqvistik konstruksiyalarla işləyə bilmir. Mövcud ifadə vasitələrindən onlar üçün ən təsirlisi və eyni zamanda, həm də əlçatan olanı söyüşdür. Kübar insanlar isə söyüşdən istifadə etmir, fəqət olduqca mədəni sözlərlə fikirlərini elə çatdırırlar ki, istənilən söyüşdən qat-qat təsirli olur. Bu, "qara camaat” dediyimiz kütlənin əqli imkanları xaricində olduğu üçün, onlar təsirli ifadə vasitələrinin içində ən az resurs tələb edənini - yəni söyüşü seçirlər.



Yazar Alpay Azər: "Söyüş daha çox emosiyadan doğur. İnsanlar dalaşanda da söyüş söyürlər və Azərbaycanın elə bölgələri var ki, orda söyüşdən zarafat kimi istifadə edənlər də olur. Mənə görə, insan söyüş söyməməlidir və mənimçün ən böyük adam ən emosianal anında belə özünü söyüş söyməkdən saxlaya biləndir. Öz hekayələrimdə söyüşdən mümkün qədər çalışırsam uzaq olum, amma bəzən bu, məndə alınmır. Xüsusən, dialoqlarda emosional vəziyyət pik həddinə çatanda, obrazlarım söyüş söyməyə bilmir.”



Yazar Günel Natiq: "Söyüş etik qaydalara ziddir. Hər hansı bir situasiyanı dialoqun köməyilə yoluna qoymaq olar, demək istərdim, amma təəssüf ki, deyə bilməyəcəyəm, çünki sivil ünsiyyətdən çoxları anlamır. İndi insanların əsəbləri tarıma çəkilib, gərginlik yüksək həddədir. Ona görə səbrlə dialoqa girmək müşkülə çevrilir. Bir də əgər qarşısındakı nadandırsa və heç cür səni anlamaq istəmirsə, başqa yol qalmır. Belə ifadələr işlədən adamları bəzən anlayıram, amma küll halında söyüşün əleyhinəyəm. Nəinki qadınların, kişilərin də söyüş söyməyinə tənəylə baxıram. Kişilərin qadınların yanında qeyri-etik ifadələrə yol verməyi isə lap dözülməzdir. Belə kişilər gözümdən tez düşür, onlar nəzərimdə özlərinin işlətdiyi vulqar ifadələrlə assosiasiya olunur. O ki qaldı ədəbiyyatda belə ifadələrin işlədilməsinə, bu labüddür. Ədəbiyyat real həyatı əks etdirir. Reallığı ifadə edəndə təbii ki, belə vulqar ifadələr ortaya çıxır. Özüm hekayələrimdə belə ifadələri çox ehtiyatla işlədirəm, hətta demək olar ki, istifadə etmirəm.”