Faiq QİSMƏTOĞLU: İŞIQLI YOL

FAİQ QİSMƏTOĞLU
44794 | 2018-09-03 12:54

… Millətin, xalqın maariflənməsi, elmi biliklərə və savada yiyələnməsi üçün həmişə mətbuata, qəzetəehtiyac duyulub. O millət ki, zaman-zaman mətbuatını yaradıb, qəzetini çap elətdirib, həmin millət də zaman-zaman işığa, nura və aydın yola qovuşub. Azərbaycanda milli mətbuatın bünövrəsi Həsən bəy Zərdabinin 1875-ci ilin iyulun 22-də nəşr etdirdiyi «Əkinçi» qəzetilə qoyulub. Bu qəzeti də yaradanda böyük ziyalı konkret bir məqsəd qarşıya qoymuşdu – insanların maariflənməsi, savadlanması və elmi biliklərə yiylənməsi. Təbii ki, «Əkinçi» nəşr olunanda o qəzetin maarifçilik ideyalarını təbliğ edən, insanlarda vətənpərvərlik duyğularını yaradan çoxlu sayda şöbələr fəaliyyət göstərirdi. O şöbələrdə kənddə yaşayan insanlara bostan-tərəvəz məhsullarının, eləcə də digərbitkilərin becərilməsi, yetişdirilməsi və necə qorunması öyrədilirdi. Yəni kəndli savadsız olmasına baxmayaraq, həmin qəzetdə əkib-biçdiyi məhsulların necə yetişdirilməsinin yollarını incəliyinə qədər əğz eləyə bilirdi.

Təbii ki, maarfiçilik ideyaları milli mətbuatımızın, qəzetlərimizin əsas məramı olub. Çünki bu məram böyük kütlə, insanlar arasında birmənalı olaraq onların savadlanmasına və biliklərinin artmasına təkan verib. Mətbuat onda xalqa yaxın olur ki, o xalqın bütün problemlərini, ağrısını, acısını, dərdini, kədərini gündəmə gətirir və ona məlhəm qoyur. Yəni sağalmayan yaralar da maarifçilik ideyalarını təbliğ edən mətbu orqan tərəfindən şəfaverici ideyalarla sağaldılır.

Bu gün «Əkinçi»nin böyük ideyalarını davam etdirən və daha doğrusu, onun varisi kimi dəyərləndirən bir mətbu orqan var – «Kənd həyatı». Bu qəzet 1923-cü ildən bu günə qədər bir zaman yaşayıb. Və müxtəlif vaxtlarda da ayrı-ayrı adlarla dərc olunub. «Kolxozçu», «Sovet kəndi», «Bərəkət»,«Həyat» və eləcə də bu gün nəşr olunan «Kənd həyatı». Bəlkə də qəzetin başqa adla çıxmasının bəzi məqamlarını unutmuşuq. Ancaq bir onu bilirik ki, 95 illik bir ömür yaşayan bu qəzet bu millətin, bu xalqın tarixində silinməz izlər buraxıb. Çünki müxtəlif adlarla çıxmış bu qəzetə Azərbaycanın çox böyük ziyalıları və vətənpərvər insanları redaktorluq eləyiblər. Həmin redaktorların adına və soyadına diqqət yetirək: Əliheydər Qarayev, Sultanməcid Əfəndiyev, S.C.Cavadzadə (Pişəvəri), M.Ə.Şahbazov, İ.A.Əminbəyli, Qulam Məmmədli, Akif Kazımov, Fazil Sadıqov, Nəriman Zeynalov, Asif Quliyev, Əfqan Əsgərov, Rəfael Nağıyev, Vaqif Bəhmənli, Firudin Rəsulov və ən nəhayət, 1999-cu ildən qəzetin baş redaktoru olan Sabir Hüseynov.


Zarafat deyil, bu mətbu orqan düz 95 ildir yaşayır və uzun illər keçib gəlib bu günümüzə çatıb. Biz ali məktəbdə oxuyanda «Sovet kəndi»nin redaktoru Fazil Sadıqov idi. Və həmin qəzeti tələbə vaxtı biz izləyirdik. Maraqlı və müxtəlif janrlı yazılara tez-tez rast gəlirdik. Amma «Sovet kəndi» heç kimin xətrinə dəyməsin, bizim müəllimimiz olmuş böyük ziyalı Nəriman Zeynalovun redaktorluğu dövründə tam fərqli, orijinal bir formada nəşr olunurdu. Bu qəzetMərkəzi Komitənin orqanı idi.Amma Nəriman müəllim qəzetə redaktor təyin olunandan sonra onurespublikasəviyyəsində çıxarıb ən populyar mətbu orqana çevirdi. Ətrafına öz tələbələrini, yəni jurnalistika fakültəsinin istedadlı yazarlarını topladı: Müzəffər Məlikməmmədov, Sədaqət Kərimova, Firuz Həşimov, Müştəba Əliyev, Vaqif Bəhmənli, Loğman Rəşidzadə, Etibar Mürsəliyev və adı yadıma düşməyən digər gözəl qələm sahibləri. Bu dövrdə «Sovet kəndi»ndə o qədər gözəl oçerklər, reportajlar, bədii yazılar dərc olunurdu ki, adam onu əl-əl axtarırdı. Xüsusən də Vaqif Bəhmənlinin, Loğman Rəşidzadənin, Sədaqət Kərimovanın qəzetdə dərc olunan bədii, publisist yazıları öz oxunaqlığı ilə, şirinliyi ilə oxucunu ardınca aparırdı. Və bəzən də oxucu ədəbi orqanlardan çox «Sovet kəndi»ndə dərc olunan gözəl hekayələri, oçerkləri və bədii-publisist yazıları izləyirdi. Yəni «Sovet kəndi» böyük müəllim və böyük ziyalı Nəriman Zeynalovun vaxtında Azərbaycan mətbuatı tarixinə qızıl hərflərlə yazıldı. Bu temp, bu rəngarənglik Asif Quliyevin redaktoru olduğu zamanda da təravətini itirmədi. Onda qəzetə bir neçə istedadlı yazarlar dəvət edildi: Aqil Abbas, Ağacəfər Həsənli və başqaları. Aqil Abbasın həmin dövrdə dərc olunan bir-birindən gözəl oçerkləri, reportajları və müsahibələri bu gün də mənim yaddaşımda dərin izlər qoyub. Onun Niyaməddin Musayevlə heç bir yazıya bənzəməyən orijinal müsahibəsi heç vaxt yadımdan çıxmır. Təsəvvür edin, «Ədəbiyyat» qəzetində belə yazılara az-az rast gəlmək olurdu. Ancaq «Sovet kəndi»nin səhifələrində bu cür yazılar oxucunun qəlbinə bir nur, bir işıq səpələyirdi.

Qəzet Vaqif Bəhmənlinin redaktor olduğu dövrdə də çox gözəl və rəngarəng çap edilib. Vaqif Bəhmənli həm istedadlı şairdi, həm publisistdi, həm də sübut elədi ki, istedadlı redaktordu. Çünki onun redaktorluğu dövründə «Sovet kəndi» yeni bir ömür yaşadı və mətbuat tariximizə yaddaqalan izlər qoydu. Hamı da yaxşı bilir ki, Vaqif Bəhmənli nə qədər təmiz, pak və saf bir ziyalıdır. O, bu təmizliyi, bu şəffaflığı qəzetdə işlədiyi son ana qədər qoruyub saxlamağı bacardı. Və bu gün qəzetin 95 illik fəaliyyəti dövründə yaddaqalan və yeni bir nəfəs gətirən redaktor kimi Vaqif Bəhmənlinin adı xüsusilə səsləndirilir.

…1999-cu ildən bu qəzetin baş redaktoru tanınmış yazıçı-jurnalist Sabir Hüseynovdur. Sabir Hüseynov baş redaktor olmamışdan qabaq «Sovet kəndi» qəzetindəmüxbir və məsul katib vəzifələrində çalışıb. Yəni onun nə qədər gözəl publisistqələmi varsa, bir o qədər də bədii tərtibat vermək istedadı özünü göstərib. Sovet dönəmində məsul katib işləmək və qəzetə rəng, çalarlar gətirmək elə də asan deyildi. Asan olmadığına baxmayaraq, Sabir Hüseynov böyük məktəb keçmişdi və bu məktəbdən bəhrələndiyini işlədiyi qəzetdə üzə çıxarmağı həqiqi mənada bacarırdı. Hər bir jurnalist gözəl yazı, gözəl məqalə qələmə ala bilər. Amma hər jurnalist redaktorluğu bacarmaz. Çünki redaktorluq özü də bir məktəbdir. Bu məktəbi keçmək, öyrənmək, əğz eləmək lazımdır. Və Sabir Hüseynov da özündən əvvəl bu qəzetdə redatkor işləmiş Asif Quliyevdən, Vaqif Bəhmənlidən, Rəfael Nağıyevdən çox şey öyrənmişdi. Elə öyrəndikləri də onun köməyinə, dadına çatıb.

Sabir Hüseynov bu qəzetin, bu mətbu orqanın iqtisadi durumunun çox ağır bir vəziyyətində redaktorluq edib. Vaxt olub ki, qəzetin heç bir maliyyə imkanı, pulu olmayıb və Sabir Hüseynov da əmək haqqı ummadan bu qəzeti yaşadıb, çap etdirib və bütün çətinliklərə təkbaşına sinə gərib. Başqa sözlə demiş olsaq, Sabir Hüseynov bu gün redaktoru olduğu qəzetin həm korrektorudur, həm müxbiridir, həm kuryeridir, həm də redaktorudur. Heç bir kömək olmadan təkbaşına o qəzeti yaşatmaq, yazı hazırlamaq, onu redaktə etmək və oxuyub oxucu kütləsinə çap edib çatdırmaq hər yazarın işi deyil. Bunu eləmək üçün həmin insanda çox böyük enerji, peşəkarlıq, savad və jurnalist sənətinə böyük sevgi gərəkdir. Bütün bunlar birmənalı olaraq cəsarətlə deyə bilərəm ki, Sabir Hüseynovun fəaliyyətində öz əksini tapıb.

Qəzetin təsisçisi Kənd Təsərrüfatı Nazirliyidir. Və qəzet xeyli vaxtdır ki, rəngli çıxır. Qəzet rəngli çıxanda onun oxucusu da yazıların bədii dəyərindən asılı olmayaraq, tərtibatına görə bir qədər çox olur. Amma yazılar rəngarəng olanda, janr zənginliyiözünü göstərəndə və qələmə alınan məqalələrin dili şirin olanda onun oxucusu daha da artır. Bu mənadadeyərdim ki, Sabir Hüseynov bütün bu incə tələblərin hamısını təkbaşına qorumağı bacarır. Bu gün qəzet «Əkinçi»nin ideyalarını yaşadan və davam etdirən mətbu orqanlardan biridir. Yəni «Kənd həyatı» qəzetində sahibkarların, təsərrüfat adamlarının maariflənməsi üçün rəngarəng yazılar hazırlanıb çap edilir.

Sovet dönəmində elə idi ki, pambıq sahələrinə və digər bitkilərə təyyarə ilə dərman səpiləndə insanlara xəbərdarlıq edilirdi ki, həmin gün sahələrə çıxmasınlar. İndi isə pambıq sahələrinə dərman səpilir, amma onu becərən adamlar yaxşı maarifləndirilmədiyinə görə, sahələrə çıxarkən zəhərlənirlər. Bu il bir neçə belə hadisə baş verdi. Ona görə də «Kənd həyatı» qəzetində bu cür maarifçilik təbliğatı aparan yazılar dərc edilib. Pambıqçılar, taxılçılar və baramaçılar maarifləndirilir. Qəzetin son nömrəsindəiki yazı diqqətimizi cəlb edir. Onlardan birinin adı belədir: «Kövşənliyi yandırmaq torpağı məhv etmək deməkdir». Digər yazı isə belə bir sərlövhədə dərc edilib: «Balın keyfiyyəti arıçının vicdanıdır». Bu səpgili yazıların qəzetdə verilməsi kənd adamlarını, əkin-biçin işləri ilə məşğul olan insanların maariflənməsinə, savadlanmasına çox böyük təkan verir. Alqışlanası haldır ki, indi də kənd həyatının əsas devizi insanların maariflənməsi və savadlanması ideyalarıdır.

Qarşıdan «Kənd həyatı» qəzetinin 95 illiyi gəlir. Bu qəzetin yaşamağa və gələcəyə addımlamağa mənəvi haqqı var. Yeni kənd təsərrüfatı naziri İnam Kərimov da qəzetin daha da populyarlaşmasına və kütlə arasında yayılmasına dəstək verir. Əlbəttə, cənab nazirin mətbuata olan belə bir diqqəti və qayğısı yüksək qiymətləndirilməlidir və bu qəzet öz əvvəlki ənənələrini yaşatmaqla üzü sabaha doğru inamla addımlamalıdır. Çünki Azərbaycan mətbuatı tarixində «Kənd həyatı» qəzeti mühüm yer tutur və onun da dövlətçiliyimizin inkişafına və kənd təsərrüfatının yüksəlişinə əvəzsiz töhfəsi ola bilər. Biz bir daha 95 illik münasibəti ilə qəzetin baş redaktoru Sabir Hüseynovu təbrik edir, bu enişli-yoxuşlu yollarda onlara böyük yaradıcılıq uğurları arzulayır və oxucuları yeni-yeni maraqlı yazılarla sevindirməklərini istəyirik.



TƏQVİM / ARXİV