adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Sentyabr 2018 18:07
11057
SİYASƏT
A- A+

XİN: Avropa İttifaqı ilə saziş üzərində işlər sürətlə davam etdirilir

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanması gözlənilən strateji saziş üzərində iş aparılır.

Bu saziş nəticə etibarı ilə Azərbaycan-Aİ əlaqələrinin vahid bir çərçivədə hərtərəfli inkişafı üçün mühüm hüquqi zəmin yaradacaq bir sənəddir.

Adalet.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəriHikmət Hacıyevdeyib.

O, qeyd edib ki, sazişin imzalanması ilə bağlı tərəflər arasında intensiv danışıqlar gedir.

XİN rəsmisinin sözlərinə görə, burada ən önəmli məqam odur ki, tərəflər arasında konstruktiv mühit var.

H. Hacıyev bildirib ki, eyni zamanda, müxtəlif məsələlər üzrə fərqli fikirlər ola bilər, amma onlar da konstruktiv bir zəmində müzakirə edilir və edilməlidir.

"Yəni, sənəd bir neçə fəsildən ibarətdir.

Bu, siyasi, iqtisadi, ticarət, humanitar və təhlükəsizlik kimi məsələləri özündə ehtiva edir.

Burada da açıq desək müzakirə mövzusu olan əsas məsələ ticarət fəsli ilə əlaqədar məsələdir.

Çünki Azərbaycan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü deyil.

Orada da müəyyən - tariflər, subsidiyalar kimi məsələlər var və onlar da əlavə müzakirə mövzusudur ki, ekspertlər səviyyəsində bununla əlaqədar Aİ ilə müzakirələr davam etdirilir.

Ümumiyyətlə, hər hansı sənədin hazırlanması prosesində müəyyən fərqli fikirlərin olması normal bir haldır və elə əslində diplomatiya onun üçün var, onun üçün yaradılıb.

Yəni, danışıqlar-müzakirələr vasitəsi ilə bu kimi məsələlər həll yolunu tapsın.

Ən vacib məsələ isə odur ki, yüksək ali-siyasi iradə ortadadır.

Bu ali-siyasi iradə də Azərbaycan-Aİ əlaqələrinin inkişaf etdirilməsidir, onun saziş müstəvisinə salınması və keyfiyyətcə yeni səviyyəyə qaldırılmasıdır ki, biz bunun artıq müxtəlif istiqamətlərdə təzahürlərini görməkdəyik.

Hesab edirik ki, konkret vaxt demək bir qədər çətin olsa da, amma tərəflərin nümayiş etdirdiyi əzm və siyasi iradə sayəsində tezliklə bu sənədin yekunlaşdırılması, eyni zamanda, imzalanması mümkün olacaq. Biz Azərbaycan tərəfi olaraq bunu gözləyirik”- deyə, XİN rəsmisi sözlərinə əlavə edib.