Qobustanda xalça istehsalı emalatxanası və tədarük məntəqəsi tikilir
Bu il istifadəyə verilməsi nəzərdə tutulan xalça istehsalı emalatxanalarından biri də Qobustan şəhərində inşa olunur. Burada həmçinin Regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi də yaradılır.
"Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən Adalet.az-a verilən məlumata görə, hər iki obyekt "EL-SEYM İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikilir.
Burada inzibati otaqlar, toxucuların rahatlığı üçün yeməkxana, onların sağlamlığının qorunması məqsədilə tibb otağı istifadəyə veriləcək.
"Azərxalça”nın filialları həm də turizm obyekti kimi mühüm əhəmiyyət kəsb edir. Son vaxtlar respublikamızın bölgələrinə səfər edən turistlər xalça istehsalı emalatxanalarını da ziyarət edirlər. Toxunan xalçaların satışını həyata keçirmək üçün emalatxanalarda xalça satışı salonları yaradılır. Qobustanda inşa olunan emalatxanada da xalça satışı salonu istifadəyə veriləcək.
Xalça emalatxanasında il ərzində, təqribən, 1000 kvadratmetr xalça toxunacaq. Binanın tikintisinin və infrastrukturunun yaradılmasının bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.
Bu, Şirvan bölgəsində istifadəyə veriləcək sayca üçüncü xalça istehsalı emalatxanası olacaq.
Qobustandakı emalatxanada qədim şirvan çeşniləri ilə xalçalar toxunacaq. Şirvan qrupuna Azərbaycanın Şamaxı, Ağdaş, Ağsu, Kürdəmir, Hacıqabul, Göyçay, Zərdab, İsmayıllı, Qobustan, Ucar, Qəbələ, Salyan kimi rayonlarında "Gördəst" üsulu ilə toxunan xalça və xalça məmulatları daxildir.
Yerli flora və fauna ehtiyatları ilə zəngin olması tarixən Şirvan bölgəsində boyaqçılıq sənətinin geniş yayılmasına səbəb olub. Bu da xalçaçılığın inkişafına öz təsirini göstərib. Şirvanda orijinal bədii tərtibatı, rəng seçimi ilə fərqlənən xalçaların olması onların burada bəslənən qoyunların yüksək keyfiyyətli yunundan hazırlanan, bitkilərdən alınan təbii boyaqlarla boyanan iplərdən toxunması ilə əlaqədardır.