adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Sentyabr 2018 08:25
9379
GÜNDƏM
A- A+

AKTUALLIQ: YAXŞI, YOXSA PİS NÜMUNƏDƏ?


...Nə baş verib, nə olubsa, mətbuatımızın üz qarasına çevrilən bir sıra sayt və qəzetlər yenə fəallaşıblar. Artıq bütün cəmiyyətə məlumdur ki, bu tip nəşr və saytlar jurnalistikaya dəxli olmayan nələr varsa özündə birləşdirən vasitələrdir. Şər-böhtan qurğusu, yalan maşını, pul tələsi, həyasızlıq, həm də dilənçilik... İstər Mətbuat Şurası, istər digər analoji qurumlar belələrinə qarşı onsuz da mübarizə aparırlar. Ancaq görünən budur ki, hələ də istənilən nəticə əldə olunmur. Mətbuat Şurasının hüquq və imtiyazları daha böyük və işlək sferanı əhatə etməli idi. Təəssüflər olsun ki, bu məsələnin tam reallaşması ləngiyir. Qeyri-peşəkarlar, eyni zamanda peşəkar dələduzlarsa hər gün sanki son döyüşə çıxırmış kimi yalnız "qənimətlər" barədə düşünür, ona-buna sürtüşür, jurnalist adını daha da ləkələyirlər. Bu adı onlara verən olmayıb axı, öz-özlərini titullandırıblar. Qadın bilmir, mərd bilmir, xalqa, dövlətçiliyə sədaqətlilik bilmir, kimə gəldi sataşırlar.
Son vaxtlar həmin saytlardan bir qrupunun "yaradıcılığı" isə anektod kimi bir şeydir. Ağdaş Rayon Təhsil Şöbəsinin müdiri Hürü xanımın üzərinə məktəb zamanı yox, məhz yay tətilində, müdirin də məzuniyyətdə olduğu vaxtlarda hücum çəkirlər. Tez-tez zəng vurub ondan tənqid yazacaqlarını bildirirlər, nə bilim pul istəyirlər, daha sonra yazırlar, daha sonra bir-birilərinə ötürürlər. Əl çəkmirlər ki, uzun illərdir müdir işləyirsən, ayda 20-25 min (!!!!!) qazanırsan, bizim də payımızı verməlisən. Halbuki Hürü xanım ikinci ildir müdir işləyir və bütün bunları redaksiyamıza müraciət edib mənimlə danışarkən bildirir. Hürü xanım deyir ki, dəhşətə gəlmişəm bu anarxiyadan. Əvvəllər də təhsil şöbəsində rəhbər vəzifədə çalışmışam, onda məni sayt və qəzetlər tanımırdı heç. Əvvəlki vəzifələrimdə də elə indiki kimi fəaliyyət göstərmişəm, təhsilimizin inkişafı üçün üzərimə düşən vəzifələri icra etmişəm. İndi bu başsız, yiyəsiz saytların şər və böhtanlarından cana doymuşam. Hər şey bir yana, uzun illər təhsil sistemində çalışmış bir qadına qarşı bu qədər qanunsuzluq edərlərmi?
Hürü xanım Mətbuat Şurasına da müraciət edib. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələni nəzarətə götürüb. Yəqin ki, tezliklə lazımi tədbirlər görüləcək, günahkarlar - reket yazarlar əməllərinə görə cavab verməli olacaqlar.
Rayonun təhsil işçilərindən bir qrupu da məsələ ilə əlaqdar hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Buradaca xatırlayıram ki, mətbuat və cəmiyyət mövzusu həqiqətən də az qala hər gün aktualdır və işləkdir. Bu mövzularda çox yazmışam, çox çağırışlar etmişəm. İndi də bu fikirdəyəm. Həmin yazılardan birini - "Demokratiyanın ... tüfəngi"ni aktuallıq mənasında bir daha təqdim edirəm.
***
Çoxillik təcrübəmə əsaslanıb hərdən jurnalistikamızın uğurlarından və bu kontekstdə problemlərdən də söhbət açıram. Son vaxtlar peşəkarların əksəriyyəti bu vacib məsələnin üstündən nəyə görəsə dinməzcə ötüb keçirlər. Ancaq bugünkü mətbuatımızın gerçək halına diqqət və səmimiyyətlə baxıb yaxşı mənada müəyyən qədər konservator ola bilsək, bir çox məsələlərin həllində çətinlik çəkmərik.
Baxın, indi qəzet və saytlarda çalışanların əksəriyyəti, başqa peşə sahibləridir, sonradan gəlmələrdir. Onlar - mühəndislər, sürücülər, təmirçilər, müəllimlər, dülgərlər, dərzilər, yazıçı və şairlər, zootexniklər, hərbiçilər, nə bilim, daha kimlər... sanki öz səadətlərini... jurnalistikada tapıblar.
Əvvəlki peşə və ixtisaslarını inkar edən bu "yaradıcı kütlənin" rolu nədən ibarətdir? Təkcə bu sualın cavabı üçün bir xeyli baş sındırmaq lazım gəlir. Hətta çox abırlı bir peşəkar dostumuzun yanğı ilə söylədiyi kimi, başımızı gerçəkdən bərk bir materiala çırpıb yaralamaqdan başqa çarə qalmır. Çünki ənənəvi və müasir tələbli jurnalistika qalır bir tərəfdə, onlarsa özləri bildikləri kimi fəaliyyət strukturu, şəbəkələri müəyyənləşdirir, alifatik birlik nümayiş etdirirlər. Jurnalistikaya əvvəlcə amatör kimi dürtülən bu "yaradıcı kütlənin" artıq cəmiyyəti özünə öyrəşdirməyə başlayan, sanki belə olmalıymış təşəbbüsü ilə şübhəli bir generasiyası formalaşmaqdadır. Qarşısı vaxtında alınmasa onların törəmələri sadəcə çoxalıb artacaqdır. Düşünən və təəssüf çəkən başlar da elə bu səbəbdən çatlayır. Bəzən də elə fiziki mənada. Bunların əksəriyyəti dolandırıcı və reket xislətli olub jurnalistikaya sağdan, soldan, arxadan... zərbələr vururlar, onu urvatdan salıb anasını ağladırlar, özlərinin manyakal məqsədləri üçün hər cür dona girməyi də bacarırlar. Ancaq üzbəüz gəlməkdən həmişə çəkinirlər. Çünki jurnalistikaya hələ orta səviyyədə gərəkli olan bilik və dünyagörüşü, etika, mədəniyyət, ədalət prinsiplərindən uzaqdırlar. Ancaq onların bəziləri hətta mətbuatın tarixindən, jurnalistika məsələlərindən trafaret cümlələr də işlədirlər. Eləcə poliqrafiyadan da - zamanını keçirmiş linotip maşınından, məsələn. Mələk donuna da girə bilirlər. Ancaq həm də bilmirlər ki, bu dünyada mələk adlanan ağaclar da var ki, normal dünyagörüşə malik olanlar bu bitkilərin ikinci həqiqi adının şeytan ağacı olmasını da nə vaxtsa oxuyub yadda saxlayıblar. Onlar jurnalistikanın nə keçmişini, nə də indisini tam öyrənməkdə maraqlı deyillər. Təbii, sonradan gəlmələr içində bir çox istisnalar var. Onlar öz zəhmət və sevgiləri ilə jurnalistika fakültəsini bitirən həmkarlarımızdan da irəli gediblər. Hətta elələri var ki, mən, tanınmış və peşəsinə sədaqətli bir juranlist kimi onların qarşısında obyektiv məqamda qələmi saxlamağı da özümə ayıb bilmərəm. İndi həmin məşhur jurnalistləri heç kəs ixtisasca filoloq, iqtisadçı, tarixçi və ya kənd təsərrüfatı mütəxəssisi kimi tanımır. Fitri istedadları öz yerində, onlar jurnalistika məsələlərini də mükəmməl şəkildə öyrənərək bu sahənin əsl senturionları kimi seçilirlər. Ən əsası yazılarında dilimizi daha da gözəlləşdirir, unikal yaradıcılıq prinsipləri ilə jurnalistikamızın reytinqini yüksəldirlər.
...Pis mənada seçilənlərsə cəmiyyəti təngə gətiriblər. Bu gün onlara jurnalistikanın istər poliqrafik, istərsə də yaradıcılıq mənasında rotasiyasını anlatmaq mümkün deyil, zülm bir işdir. Həmin çoxluğu, "yaradıcı kütləni" bir şey düşündürür: nə yolla olur olsun mətbuatda özünə yer eləyib cəmiyyətin və jurnalistikanın başını ağrıtmaq. Beləliklə, öz xislətlərinə uyğun olaraq da məqsədlərinə çatmaq!
Paradoksdur! Demokratiya cəmiyyətin azad inkişafı üçün necə mükəmməl imkan və şərait yaratmışdırsa, bütün sahələrdə insanları razı salan motivləri önə çəkmişdirsə, bir məqamda çox ciddi çaşqınlıq və anlaşılmazlığa səbəb olmuşdur. Təəssüflər olsun ki, məhz demokratik inkişaf... jurnalistikaya çox böyük zərbə endirmişdir. İndi də əlini-ayağını heç müxtəlif təsir vasitələri və cəza tədbirləri ilə də yığışdırmaq mümkün olmur. Bəli, qeyri-peşəkarlar üçün mətbuatın qapıları taybataydır. Kim istəyir keçib yuxarı başda da əyləşə bilər. Yəni qəzet, jurnal, sayt açıb müdir də ola bilər. Hətta peşəkar və təcrübəli jurnalistlərə irad da tutarlar, inanmazsınız.
...Adam nə qədər abırsız olmalıdır ki, yalan və böhtan üzərindən başqalarına irad tutsun, hədə gəlsin, eləcə fırfıra kimi fırlansın.
Adam nə qədər abırsız olmalıdır ki, cibində 4-5 qəzetin vəsiqəsiylə bütün günü yalnız idarə, müəssisə qapılarında sülənsin, hətta bəzən alçaldılaraq o qapılardan qovulsa belə...
Adam nə qədə inadkar, abırsız olar ki, həftədə, ayda nədir, ildə bir dəfə məqalə yazmaya, daha doğrusu, yaza bilməyə, ancaq hər yerə soxulub özünü jurnalist adlandırsın...
Adam nə qədər... Nə qədər desəniz oxşar misallar çəkmək mümkündür. Tək birini ayrıca qeyd edim, bununla da kifayətlənək. Hətta iş o yerə çatıbdır ki, ər-arvad birlikdə təşkilatları gəzir və özlərini jurnalist kimi qələmə verirlər. Təbii ki, vəsiqələr və qəzetlərlə birlikdə. Bəzən zəng gəlib ərin bir saatlıq harasa getməsini də diqqətdə saxlayın. Daha keçib, sutenyor "jurnalistlər" də fəaliyyətdədirlər. Ətrafınıza diqqətlə baxın!
Əsl mətbuat işçisinin, əsl jurnalistin həyat yolu bu cür anlayışlarla kəsişə bilərmi? Hətta acından ölsə belə!
Azərbaycan mətbuatı hər nə qədər inkişafdadırsa, göründüyü kimi onun zavalları da az deyil. Cəmiyyət bütün bunları bildiyi kimi, peşəkarların da ağrı-acısını duymalı, əsl jurnalistikanın halallığına inanmalıdır. İndi neyləyək ki, məhz həmin o "tüfəng" jurnalistikada demokratiya rolunu oynamağa alət oldu. Peşəkarlar birləşsə, bu af(y)orizmin səhv olduğunu sübut edə bilərlər.
Məzahir ƏHMƏDZADƏ