ŞƏMİ KİŞİNİN VOLEYBOL ANLAYIŞI

MƏZAHİR ƏHMƏDZADƏ
42973 | 2018-09-01 08:18
VƏ YAXUD DONALD TRAMP
REFERİ ROLUNDA

Maraqlı hadisə idi. Amerika Birləşmiş Ştatlarının prezidenti Ağ Evdə FİFA rəhbərliyini jurnalistlərin və digər iştirakçıların qarşısında qəbul edərək 2026-cı ildə Kanada, ABŞ və Meksikada keçiriləcək dünya birinciliyinə hazırlıq prosesinin müzakirə olunduğunu bildirdi. Donald Tramp elə oradaca oğlunun futbolla maraqlandığını da söylədi. Özününsə bu oyundan çox uzaq olması İnfantino ilə dialoqundan və digər hərəkətlərindən aydınca hiss olunurdu.
İnfantino görüş zamanı Ağ Evin sahibinə hədiyyələr də verdi. Üzərində "Tramp" yazılmış və nömrələnmiş futbol köynəkləri, kitabçaya oxşar digər əşyalar... Super dövlətin başçısı da bu hədiyyələri həmişəki anlaşılmaz təbəssüm və jestlərlə salondakılara göstərirdi. Həm də naşı bir görkəmdə. İnfantinonun sonuncu hədiyyəsi sarı və qırmızı kartlar idi - futbol hakimlərini də unutmamışdı. Və ya nəsə başqa bir şey düşünmüşdü bəlkə də. Əvvəlcə sarı vərəqəni göstərir və təbii ki, funksiyasını da izah edir. İnfantino qırmızı vərəqi Trampa göstərərkən "Körpə gəzintisinin" iki-üç saniyəlik indiki məşhur epizodiki kartı o üz-bu üzə çevirib qutusuna qaytarmaq istədi. Ancaq FİFA rəhbəri ona nə dedi, nə demədi, Tramp qarşısındakıların üzərinə qolazlayırmış kimi qəribə bir oyun durğuzdu. Və sonra kartı masanın üstünə buraxdı. İnfantinonun təkrar müdaxiləsindən sonra (o, sanki cənab Trampa futbolun hansı idman növu olduğunu anladırdı) prezident qırmızı vərəqi götürüb hakimsayağı salondakılara tuşladı. Cənab Tramp simvolik və yaxud zarafatyana da olsa "meydandan" kimi, kimləri qovurdu? Əlbəttə ki, jurnalistləri!
Salondakılar gülüşürdülər. Ancaq Pyerluicci Kollina həmin vaxt orada olsaydı, yəqin ürəyi partlayardı.
Telesujet bununla da şərhsiz olaraq bitdi.
Ancaq şərhə ehtiyac var.
Dünyanın ən güclü dövlətinin prezidentinin futbola marağı olmaya bilər. Belədə sarı və qırmızı vərəqələrin funksiyasını bu cür naşı şəkildə, ümumiyyətlə tutduğu vəzifə ilə qətiyyən uzlaşmayan formada nümayiş etdirməsi də eləcə xarakterik məsələdir. Ancaq həm də marağı olmamaqla, anlayışı olmamaq fərqli nəticələrdir. Ən azından bu görüşə standart məlumat şifrəsi ilə gəlməli idi. Əgər Tramp üçün bu görüş də elə-belə şou xarakterli əyləncə deyildisə.
Biznesdə bəxti gətirən milyarder, Hollivudda epizodik sarışın, qadın məsələsində vecsiz bir brokonyer, siyasətdə ... Amerika bu adamı prezident seçib. İndi Yusif Sərrac dövrü də deyil ki, başqa şeylər düşünəsən. Məsələ o qədər bəsitdir ki, yəqin heç kəllə-paçanın da nə olduğunu bilmir, Aqil Abbas demiş.
Bəs bu FİFA, bəs onun prezidenti?
Elə bu tip səbəblərdəndir ki, son dövrlər, son illər futbol öz məntiqindən uzaq düşür, idmanın şahı özünün fantastik məbləğli biznesi və digər "atriburları" ilə daha çox qeyri-səlis məntiqə yol alır. Bəlkə elə bu səbəblərdən də 70-80-ci illərin futbolu xiffətlə xatırlanır. Baxmayaraq, indi də ulduzlar var, Messi kimi "başqa planetdən gələn" var.
Beləliklə...
...İndi o qədər hiss olunmasa da, deyəsən futbolun gələcəyi robotlaşmağa doğrudur.
Nə isə.
Bu əhvalat yeniyetmə illərimizi xatırlatdı mənə. Çox uzaq assosiasiya yaratmağına baxmayaraq unutmadığım əhvalatdır. O vaxtlar rayonlarda uşaq-gənclər idman məktəbləri fəaliyyət göstərirdi. Əsasən güləş, boks, futbol və voleybol bölmələrindən ibarət olan bu məktəblərə düşmək hər bir yeniyetmənin arzusu idi. Biz iki-üç dost voleybola yazılmışdıq. Qonşuluqda yaşayan Vaqif adlı onuncu sinif şagirdi də məşğələlərə bizimlə birlikdə gedirdi və pis də oynamırdı. Növbəti məşğələlərin birində biz onu görmədik. Sonradan məktəbə gəlməməyinin səbəbini soruşanda pərtliyini gizlətməyə çalışdı. Çox təkid etdikdən sonra Vaqifin dilxor etirafını dinlədik, ancaq inana bilmədik. Vaqif dedi ki, atam voleybol bölməsinə getməyimi biləndə bərk əsəbiləşdi, icazə vermədi məşqləri davam etdirməyimə. Dedi topnan oyun olmaz, çaşarsan, bilmərsən top düşər başına başın yarılar...
Vaqifin atası Şəmi kişi avtobus sürücüsü idi...

TƏQVİM / ARXİV