adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Sentyabr 2018 08:08
35905
LAYİHƏ
A- A+

ŞƏRUR YALLILARI

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ


Əzizim Naxçıvana,
Yol gedir Naxçıvana.
Şərurum bir tamaşa,
İndi gəl Naxçıvana.

Elə ki, hava qaraldı qaranlıq gecənin bağrını dələn bir səs yüksəlir göyə. Yallının səsi. Onda nə hikmət, nə ululuq varsa adamı tez əfsunlayır, sehrinə salır. Nağaranın səsi dağlarda, daşlarda əks-səda verir. Hay-harayın kəndləri bürüdüyünün şahidi olursan, çiyinlər birləşir, qollar çarpazlaşır, ayaqlar şimşəkdən sanki güc alır. Mağar boyu halay qurulur, yallı tutulur.
Belə başlanır Şərur toyları. Yaşlı nənələr, sinəsi sazlı-sözlü babalar, müdrik insanlar danışırlar ki, bu qədimlərdə də belə olub. Şərur elinin bütün məclisləri yallı ilə başlayıb, yallı ilə sona çatıb. Bu yurd yerinin suyundan içib, havasından udan hər kəs bu qədim rəqsin bir neçə növünü bacarırmış.
Əslində elə indi də Şərurda az adam tapılar ki, bütövlük, birlik simvolu olan vətənpərvərlik, mübarizlik təlqin edən bu qədim rəqsi bilməsin.
Elə yallı Şərur elinin "milli emblem"idir aforizmi də bu mənada yaranıb. Həm də ona görə ki, Şərur deyiləndə milli folklorumuzun bu qədim növü yada düşür. Nə zaman keşməkeşləri, nə də müasirləşmə yallılarımızı bizə unutdura bilməyib.
Şərurda fəaliyyət göstərən folklor ansamblları incəsənətimizin bu nadir növünü qoruyub yaşadır. Nəsildən-nəslə ötürücü, zənginləşdirici missiyasını uğurla davam etdirir. Yenidənqurma və əsaslı təmirdən sonra estetik görünüşü ilə göz oxşayan Şərur Rayon Mədəniyyət Şöbəsinin binasından ətrafa yayılan gözəl bir musiqiyə hakim kəsilmək isə bir başqa aləmdir.
Yallılar milli pasportumuz olan tarixi abidələrimiz qədər dəyərlidir. Səsi-sorağı sərhədləri aşır Şərur yallısının. Haralarda olmayıb Şərur yallısı?
1924-cü ildən fəaliyyətə başlayan bu folklor ansamblı böyük səhnəyə 1936-cı ildə qədəm qoyub. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə doğurduğu rezonans isə o zaman dahi bəstəkarımız Üzeyir Hacıbəyovun bu münasibətlə kollektivə göndərdiyi təbrik teleqramında da öz əksini tapıb.
Milli-mənəvi varlığımızın, qəhrəmanlıq, mübarizlik kimi ali keyfiyyətlərinin təcəssümü olan bu qədim sənəti yaşadan kollektiv Azərbaycan tarixinin dirçəliş mərhələsinin başlanğıcından fenomenal şəxsiyyət Heydər Əliyevin diqqət və qayğısı sayəsində respublika ümumittifaq miqyaslı tədbirlərin fəal iştirakçısına çevrilib.
Azərbaycanın Əməkdar Mədəniyyət işçisi. Kimya Babayeva deyir ki, Azərbaycanın milli mədəniyyətinin, folklorunun gözəl incilərindən biri yallılarımızdır. Yallılar Azərbaycanın bir çox bölgələrində yayılıb və inkişaf edib. Amma ən çox yallı növü Şərur mahalında geniş yayılıb. Şərur yallısının çox böyük tarixi var. Bir əsrə bərabər yaşı olan rəqs növü bu günümüzədək qorunub, saxlanılıb. Məqsədimiz gələcək nəsillərə təqdim etməkdən ibarətdir. Şərur yallı ansamblı əvvəllər kiçik qrup şəklində olub.
Sonradan dahi bəstəkar Üzeyir Hacıbəyovun SSRİ Ali Sovetinə bu rayondan deputatlığa namizədliyi irəli sürülüb.
Onun seçiciləri ilə göruşə gəlməsi zamanı konsert proqramı təşkil olunub. Yallı bəstəkarın çox xoşuna gəlib. Deyib ki: "Azərbaycanda da yallılar var, amma yallı Şərurda doğulub. Yallının məkanı Şərurdur".
Sözsüz ki, belə gözəl fikirlər müəyyən zamanlarda ulu öndərimiz Heydər Əliyev tərəfindən də deyilib. Biz Bakıda keçirilən tədbirlərdə iştirak edəndə, ulu öndər bizim kollektivə yaxınlaşıb bildirdi ki: Şərur yallısı bizim dünənimiz, bu günümüz və gələcəyimizdir. Şərur yallılarını qoruyub saxlamalıyıq". Bu fikirlər bu gün də bizim üçün önəmlidir.
Şərur yallı ansamblı doğma Naxçıvanımızı nəinki Azərbaycanda, ondan kənarda, dünyanın bir çox ölkələrində keçirilən folklor festivallarında təmsil etmişdir. Keçmiş SSRİ dönəmində biz Almaniyada, Macarıstanda, Polşada, müstəqillik əldə olunduqdan sonra 2000-ci ildə Misir Ərəb Respublikasında keçirilən folklor festivallarında iştirakçısı olmuşuq. Kollektiv orada yüksək çıxışına görə "Qızıl açar" mükafatına layiq görülmüşdür.
Mədəni əlaqələrimiz genişləndikdən sonra demək olar ki, hər il Türkiyə Respublikasına dəfələrlə dəvət olunur, folklor festivallarında iştirak edirik.
Yaxın vaxtlarda türk ulusoyun xətti ilə bu ilin gözəl bir tədbiri milli bayramımız olan Novruza təsadüf etdi və biz 10 gün müddətində həmin tədbirlərin iştirakçısı olduq. Hər bir yallı üzvü təşəkkür bəlgəsi ilə qiymətləndirildi. Son 2-3 il ərzində bizim 4-5 unudulmuş yallımız səhnədə ifa olunur. Gözəl musiqi və hərəkətləri var.
Şərur Yallı ansamblı üzvlərinin əksəriyyəti Azərbaycanın və Naxçıvanın fəxri adlarına layiq görülüblər. Onların arasında Prezident mükafatçıları da var. Biz çalışırıq ki, yüksək diqqət və qayğıya görə işimizin öhdəsindən layiqincə gələk.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları". Buna görə də biz bu inciləri qoruyub saxlamalıyıq.
Xalqımızın yaratdığı belə rəqslər saysız-hesabsızdır. Əsas məsələ yallının, rəqsin milli üslubunu qoruyub saxlamaq, təlqin etdiyi fikri, emosional təsir gücünü incə, zərif çalarlarla gənclərə çatdırmaqdır. Mənbələrdə göstərilir ki, yallı rəqs növünün tarixi çox qədimdir. Yazılı mədəniyyətdən əvvəlki dövrlərə təsadüf edir. Oğuz ellərinin həyat tərzi, məişəti, dünyagörüşü Dədə Qorqud boylarında sözlə, fikirlə, yallılarda isə rəqslə, ritmlə, hərəkətlərlə ifadə olunur. Mütəxəssislərin fikrincə bir vaxtlar Şərur bölgəsində yallının 100-dən çox növü olub.

(ardı gələn sayımızda)

Adilə Səfərova,
Naxçıvan Televiziyasının
baş redaktoru