adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Avqust 2018 16:21
12898
ELM VƏ TƏHSİL
A- A+

Son 5 ildə ali məktəbə qəbul sayında və imtahan ballarında artım var

Təhsil Nazirliyi 2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının ilkin nəticələrini açıqlayıb.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumatda bildirilir ki, statistik təhlilə görə, son 5 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə proqnoz yerlərinin sayı 20,8 faiz artıb. Eyni zamanda son 5 tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarında xeyli artım olub. Bu dövrdə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayında da ciddi artım müşahidə edilib. Belə ki, ötən il müsabiqə şərtlərini ödəyən və tələbə statusunu qazanmaq hüququ olan abituriyentlərin (imtahanlarda 200 baldan artıq nəticə göstərənlər) sayı 35790 nəfər olduğu halda, cari ildə bu göstərici 6,7 faiz artaraq 38201 nəfər təşkil edib.

Qeyd edək ki, cari ildə keçirilmiş qəbul imtahanlarının 2-ci mərhələsinin nəticəsinə əsasən, I-V ixtisas qrupları üzrə 40 806 abituriyent tələbə adını qazanıb.

Bununla yanaşı, son 5 ildə I-IV ixtisas qruplarının hər biri üzrə və bütövlükdə tələbə qəbulunun keyfiyyət göstəricilərində (Keyfiyyət qöstəricisi qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayına görə müəyyənləşdirilir) də nəzərə çarpacaq dərəcədə artım (18,2 faiz) müşahidə olunur.