adalet.az header logo
  • Bakı 16°C
29 Avqust 2018 22:32
10763
ƏDƏBİYYAT
A- A+

TOPONİMİK RƏVAYƏTLƏR

(əvvəli ötən saylarımızda)

Ana qızından soruşmuş:
-Naxırçıya gedərsənmi?
-Nəyi var naxırçının-demiş. Nə evdə hanası var, nə də naxırda danası. Bir həsirdi, bir də Məmmədnəsir. Bir ağacıdı, bir də boğazı. Onunku odur-gündüz naxıra, axşam axura. Yayda topuğa, qışda lopuğa işləyəndir. Bir cüt çarıq, onun da bağı qırıq.
-Çobana gedərsənmi?
-Elə gedərəm.
-Nəyə görə?-sormuş ana.
-Qoyunu da var, oyunu da. Yayda dağın qaşında, qışda süfrə başında. Yaylaqda yağ yeyəcəm, qışlaqda qaymaq. Məndən hərəkət, süfrəmdə bin-bərəkət. Motallarım bucaqda, ağ oğlanım qucaqda. Övladlarımı da ağırlayıb-əzizləyəndə də deyəcəyəm: "Malım, qoyunum, varım-dövlətim". Dədələr qohum içində qayın, mal içində qoyun-deyiblər. Bir də Həzrəti Musa peyğəmbər az bilirdi məgər? Kişi ömrü boyu çobanlıq eləmişdir.
Sözə qüvvət: Naxırçılar ya həftəliyə, ya da aylığa durardılar. Sağmal inəklərin altı günlük südünü mal yiyəsi, bir gününü isə naxırçı götürərdi. Sənin həftəliyindən kar aşmaz-deyimi də kasıb adama işarədir.
Belə də deyirlər ki, uzun sözün azı-uzu, çobana vermə qızı, ya qoyun güddürər, ya quzu-bu da ki, çobana sataşmaqdan yanadır.

Lələlilər yeri

Lələnin adı ilə bağlı yer-yurd adları çoxdur. O, özündən sonra zəngin irs qoyduğu kimi, xeyli toponim də yadigar qoymuşdur.
Ərdəbilin Ərşaq mahalında Lələli kəndi, Gürcüstanın Bolnisi rayonunda Lələpaşa kəndi, Qərbi Azərbaycanda Lələkənd, Lələguğ ("guğ" ermənicə kənd deməkdir. Ermənilər bu azərbaycanlılar yaşayan kəndin adını öz dillərinə tərcümə etmişlər), Astarada Lələkəpeştə, Lerikdə Lələdulan, Lələkəran kəndləri, Zərdab rayonunda Lələağacı, Lələpaşa kəndləri, Laçın rayonunun Qazıdərə kəndində Lələ abidəsi, Lələbağırlı oymağı, Füzuli rayonunun Əhmədallar kəndində Lələ qəbri (Buna Aşıq qəbri də deyirlər), Yağlıvənd kəndində Lələli məhəlləsi, Horadiz kəndi ərazisində Lələ düzü, Böyük Bəhmənli kəndində Lələş tayfası, Füzuli rayonu ilə Cəbrayıl rayonu arasında Lələ dağı (buna Lələ təpəsi də deyirlər)... Qaracallı kəndindəki Lələlilər yeri də bu qəbildəndir.
El şairi Lələnin adı ilə bağlı yurd yerləri hələ bunlarla bitmir...

Bir ağız Lələ bayatısı:
Lələ bir dəyə tikdi,
Üzün güneyə tikdi
Nə gələn var, nə gedən,
Bilmədi nəyə tikdi.

Cinni dərə

Mahmudlu kəndində qeydə alınan oronimlərdən biri Cinni dərə adlanır. Oronimin mənası "cin olan dərə" deməkdir. Yeri gəlmişkən: Gecə yarısı dəyirmançı Nəsir kişi görür ki, dəyirman birdən-birə yatdı. Baxıf görür ki, dəyirmanın suyu quruyuf. Belini götürüb dəhnəyə sarı gedir. Dəhnəyə çatanda görür ki, yastanadakı çəmənlikdə bir toy-büsat, bir vur-çatlasın var ki, gəl görəsən. Qara zurnanın səsi ətrafı başına götürüf. Adamlar dəstə-dəstə yallı gedillər, sındıra-sındıra süzüllər. Qovurma qazannarı, plov qazannarı yan-yana düzülüf. Yemək-içməyin iyi neçə verstlihdən adamı bihuş edir.
Nəsir kişini görən kimi hərə bir tərəfdən onu məclisin başına çəkir. Nəsir kişi süfrənin qırağında oturur. Onun qabağına bir qab plov qoyullar. Deyillər:
- Nəsir kişi, ye!
Nəsir kişi, əlini çörəyə uzadarkən "bissimillah!" deyir. Bu zaman kimsə onun başına bir qapaz ilişdirir. Nəsir kişi huşunu itirir. Hannan-hana ayılıb görür ki, çəmənlikdə uzanıb. Yan-yörəsində bir inni-cinni də yoxdu.
Nəsir kişi anlayır ki, o cinnərin yığnağına düşübmüş. Sonra da şükür edir ki, "nə yaxşı "bissimillah" dedim, yoxsa cinnər məni dəli edəjəhdilər!".
Sohralar Nəsir kişi deyirdi ki, cinnər toy eliyəndə evlərə girif evlərdən ət, yağ, düyü, qab-qacax oğurruyuf aparıllar. Onnar yalnız plov bişirif yeyillər. Əgər bəni-adəm onnarın dil-felinə allanıb həmin plovdan yesələr, o saat olallar cinnərin tayı.
Cinnər "bismillahdan" çox qorxurlar. Odur ki, adam oturuf çörək yeyəndə çörəyi kəsməmişdən qabax gərəh "bismillah" desin. Bismillah desən cinlər çıxıf gedəllər, sən də oturuf rahatca yeməyıı yəə bilərsən.

Daşkəsən kəndi

Cəbrayıl rayonunda, Qarabağ silsiləsinin ətəyindədir. Daş kəsilən adam, daş kəsilən yer mənasındadır. Daşkəsən kəndinin igid-qoçaq oğulları olmuşdur. Bu xalq ədəbiyyatında da müəyyən deyimlərlə təsdiqlənir. Dildə-ağızda belə bir oxşama yaşamaqdadır:

Balama qurban Daşkəsən,
İgidləri baş kəsən.

Daşkəsən dağı

Buna Daşkəsən təpəsi də deyirlər. Dağ başdan-başa daşlıq və qayalıqdır. Burada daş karxanası da mövcud idi. Lap qədim zamanlardan yerli əhali ilə yanaşı ətraf kəndlərin də sakinləri ev tikmək üçün bu daşlardan kəsib aparırmışlar. Ona görə də dağ belə adlandırılmışdır.
Deyilənə görə, Qarabağda ilk dəyirman daşları da Daşkəsən dağında kəsilirdi. Yerli sakinlərin dediyinə görə, Daşkəsən kəndində 3 su dəyirmanı fəaliyyət göstərirdi ki, onların da daşları məhz Daşkəsən dağında kəsilirdi.

Xalq təbabəti

Füzuli rayonunun Şükürbəyli kənd sakini 80 yaşlı Şöhlət Alış qızı Qurbanova türkəçarəçi kimi tanınır. Təbiətin dilini-sirrini çox gözəl bilir. Bitkilərin insan həyatı üçün vacibliyini yaxşı bilir və bəzi xəstəlikləri türkəçarələrlə müalicə edir. Şöhlət nənə yalnız ona müraciət edənlərə köməklik göstərir. Uzun müddət yaylaq-yazlaq həyatı keçirən Şöhlət nənənin təbiətlə bağlılığı lap gənc yaşlarından başlayıb. Öskürək, zökəm, boğaz ağrısı, soyuqdəymə, diş ağrısının təbii yolla müalicəsini gözəl bilir. Hansı bitkinin ağ ciyər xəstəliklərinə, nəfəs yollarına, oynaq ağrılarına, mədəyə, bağırsaqlara faydasını ilk andaca müəyyənləşdirir. Ağız yarası, boğaz şişi, sinə ağrısı, keyləşməni, mədənin sıxlaşması, əsməcə halları onun köməkliyi ilə asanlıqla müalicə edilir.

Atəvəliyi

Kökündən və meyvələrindən dəmləmə və bişirmə halda islaha qarşı, dizenteriya xəstəliyinin müalicəsində istifadə olunur. Kökündən mədə-bağırsaq xəstəliklərində istifadə edilir.

Andız

Mədə-bağırsağı və qara ciyəri möhkəmləndirir. Cinsi həvəsi artırır. Öskürək, zökəm, boğaz ağrısı, ağciyər xəstəlikləri zamanı tövsiyə edilir. Balda bişirmiş mürəbbəsi öskürək, çətin nəfəs alma hallarında faydalıdır.
Təpitməsi dəri xəstəlikləri üçün çox yaxşıdır.

Acıyonca

ürək ağrıları və böyürək xəstəlikləri zamanı çiçəyini qurudub çay kimi dəmləyib icmək faydalıdır.

Alaqanqal

Köpmə, bel və onurğa ağrıları zamanı istifadə olunur. Gövdəsinin təpitməsi bəlğəmli şiş, şirəsi isə susuzluq və iltihab zamanı məsləhət bilinir. Kökü böyrək daşına qarşı faydalıdır.

Baldırğan

Huşsuzluğu aradan qaldırır, zehni qüvvətləndirir. Köpməni, həzm orqanlarında olan problemləri nizamlayır. Əsəb xəstəlikləri, nəfəs yolları xəstəlikləri, sinə ağrısı, öskürək, oynaq ağrıları zamanı faydalıdır. Mədəyə xeyri var. Mum və gül yağı ilə təpitməsi xeyirlidir.

Bağayarpağı

Yarpağı yaraları bitişdirmək üçün, mayesi böyrək, sidik kisəsi, qan təzyiqi, qızdırma, boğaz ağrılarında çox faydalıdır. Böyrək və sidik kisəsi ağrıları zamanı xeyirlidir. Yarpaqlarını çiban və yara üzərinə qoyduqda mikrobları məhv edir. Bağayarpağının qaynanmış suyu ilə göz xəstəliyini yumaq fayda verir. Öskürək və qızdırma zamanı istifadə edilir. Onun kökünü qaynadıb bir qədər bal qatmaqla ağız yarası, boğaz şişi zamanı bir qədər qarqara etmək xeyirlidir. Toxumları qulaq ağrıları, oynaq ağrıları və müxtəlif yaralar zamanı gül yağında təpitmə kimi işlənir. Toxumları baş ağrılarını bənövşə yağı ilə sakitləşdirir. Onun yarpaqlarını duz ilə qarışdırıb quduz it dişləyən yerə qoyurlar. Yanıq zamanı yarpağına yumurta ağı yaxaraq bağlamaq ağrıları aradan qaldırır.

Çobanyastığı

İki növündən istifadə edilir. Birincisinin çiçəyi ağ, ikincisinin çiçəyi isə sarıdır. Ağ çiçəkli çobanyastığını xörəyə qatdıqda həzmi yaxşılaşdırır, burun sulanmasının qarşısını alır, baş ağrısını kəsir, əsəbləri möhkəmləndirir, sidik, süd və tər ifrazını artırır. Sinə ağrısı, zökəm, öd kisəsi xəstəlikləri, qadınlarda bətn iltihabı zamanı işlənir. Mədəni möhkəmləndirmək, ağrılarını sakitləşdirmək üçün çay kimi dəmlənib içilməsi faydalıdır. Kökü cinsi həvəsi artırır. Çiçəyini iyləmək beyin üçün xeyirlidir. İkinci növündən istifadə bədənin müqavimətini artırır. Qanı təmizləyir, öd kisəsinin yollarını açır, tər ifrazını çoxaldır. Sidik kisəsinin, böyrək daşının, dalaq ağrısının müalicəsi üçün faydalıdır. Ürəkgetmə hallarına qarşı istifadə edilir. Çiçəyini iyləmək yuxu gətirir. Qulunc xəstəliyi olanlar üçün də məsləhətdir.

Gülxətimi

Gülxətimi çiçəyi öskürəyi kəsir, sinəni yumşaldır və səsi açır. Zökəm və boğaz ağrısı üçün çox faydalıdır.

Kəklikotu

Sinəni təmizləyir, böyrəyi möhkəmləndirir, nəfəs yollarını mikroblardan qoruyur. Həzmə kömək edir və iştahanı açır. Mədə üçün xeyirlidir. Kəklikotu çayı qripin dərmanıdır. Qaynanmış suyunu buruna çəkmək, başı onun buxarına tutmaq qripə və zökəmə qarşı faydalıdır. Sifətin rəngini duruldur, mədə və oynaqlarda olan yeli çıxardır. Zehni gücləndirir. Qaraciyər üçün faydalıdır.

İkinci mətn

Kəklikotu ot və balıqdan hazırlanan xörəklərdə işlədilir. Ondan çaya ətir vermək üçün də istifadə edilir. Kəklikotunu qurudub, narın döydükdən sonra çay kimi dəmləyir, diş və boğaz ağrısında qarqara edirlər. Kəklikotu gülünün mürəbbəsi zeyhni qüvvətləndirir.

Üçüncü mətn

Sifətin rəngini duruldur, qara cigər üçün faydalıdır. Mədə və oynaqlarda olan yeli çıxardır, zökəm üçün xeyirlidir. Zehni artırır. Mədə pozğunluğu zamanı faydalıdır. Kərəvəz suyu ilə sidik kisəsi zamanında istifadə olunur. Kökəldir. Mikrobu məhv edir. Qarın və bağırsaqlarda soyuqdəymədən olan ağrılara qarşı istifadə olunur. Toxumu daha təsirlidir. Ondan çəkilən yağ ilə bədəni sürtmək və ya qoymaq, onu içmək əsəcə, iflic və oynaq ağrıları zamanı faydalıdır.

Qırxbuğum

Yarpaqları qanı duruldur, qan təzyiqini aşağı salır, mədə-bağırsağı təmizləyir, sinəni yumşaldır. Bağırsaqlardakı şişlərə kömək edir. Qadınlarda bətn iltihabı, əsməcə halları zamanı istifadə edilir, döşdə çox süd toplanarkən təpitməsi məsləhət görülür. Həm təzə, həm də qurudulmuş yarpağından istifadə etmək mümkündür.

Şirin biyan

Kökü mədə iltihabı və susuzluq zamanı faydalıdır. Sidikqovucudur. Səsi açır, sinəni yumşaldır. Mədə bərkiməni aradan qaldırır. Şirəsi mədənin genişlənmə və sıxılmasının qarşısını alır, mədə xorası hallarında və xoranın tez yaxşılaşmasına kömək edir.

Yemlik

Sinəni yumşaldır, yaraları sağaldır, iştahanı artırır, qan üçün faydalıdır. Öskürəyi sakitləşdirir, xıltları təmizləyir. Kökü yel və dəri xəstəlikləri üçün faydalıdır. Keçi piyi ilə təpitməsi əzələ ağrısı, dəri çatlaması zamanı məsləhət bilinir.

Faiq ŞÜKÜRBƏYLİ,
Tədqiqatçı-etnoqraf