ELDƏN GEDƏN İNSAN

ƏBÜLFƏT MƏDƏTOĞLU
324846 | 2018-08-29 22:18
O ruhən yaddaşlarda yaşayır

Onu xatırlayanda gözlərimin önünə həmişə qayğılı, nigaran çöhrəsi gəlir. Elə bil ki, nəyisə düşünür, nəyisə tapıb yerinə qoymaq istəyir. Amma axtardığını, yerinə qoymaq istədiyini tapa bilmir. Çünki o, xatirəyə çevrilib, şirin bir xatirəyə. Və düz bir ildir ki, mən onu yuxularımda, xatirələrimdə danışdırır, söhbətinə, sözünə qulaq asıram. Amma bir vaxtlar...
İbadət müəllimlə tez-tez görüşürdüm. Amma görüşlərimiz bir növü qaçaraq olurdu. Çünki həmişə məşğul olan, həmişə daha çox işə vaxt sərf edən bu insanın demək olar ki, asudə vaxtı çox az olurdu. Ona görə də söhbətlərimiz də qısa, konkret və bir az da işgüzar xarakter daşıyırdı. Mən bu narahat adamı bir jurnalist kimi, bir mətbuat işçisi kimi kənardan izləməyə, onun fəaliyyətini bir müşahidəçi kimi qəzetə köçürməklə məşğul idim. Amma bir dəfə onun iş otağında üzbəüz müsahibə götürmək imkanım oldu. Və söhbətə başlamamışdan öncə bildirdi ki, nə qədər bacarırsan sualları konkretləşdir. Anladım nə demək istədiyini. Və "Neft daşları" qəzeti üçün "İş başında söhbət" rubrikası altında onunla söhbətləşdim. Bu günün özündə də dedikləri yaddaşımdadı. Özü də düz 14 il bundan öncə etmişdim o söhbəti. Həyat davam etsə də, tarix dəyişsə də, onun söylədiklərinin hər birini kino lenti kimi yaddaşımda izləyir və fələyi qınayıram. Onun vaxtsız ölümünə təəssüflənirəm...
Həmkarım Zahir Mehrəliyevin İbadət müəllim barəsində söylədiyi bu fikirlər məni də özünə çəkdi. Düşündüm ki, "yaxşılar unudulmur, ölmür" deyimi bir gerçəklikdir. Əks halda, 14 il bundan öncə həmsöhbət olduğun bir adamı yadında saxlaya bilməzsən. Bax, bu inancımla da mən indi ruhu bizi izləyən İbadət müəllimin fəaliyyətini, sözün böyük mənasında insanlığını özüm üçün canlı obraza çevirirəm, həyat reallağına kökləyirəm. Və onda bir daha əmin oluram ki, İbadət İbrahimov bu dünyada izini yaddaşlarda, xatirəsini qoyub getmiş Allah bəndələrindən biridir. Ona görə də xatırlanır, ona görə də onun yoxluğu təkcə doğmalarının, ailəsinin deyil, həm də dostlarının könlünü sızladır. Üstəlik, burda belə bir deyim də yada düşür: "İbadət müəllim kimi insanlar təkcə evindən yox, həm də elindən gedir". Eldən gedənlər isə unudulmamaq haqqını qazanırlar. Yəni onlar ruhən elin, obanın qəlbində həmişə yaşayırlar, həmişə xatırlanırlar. Və onların yaşamı ailəsi üçün də bir təsəlli olur. Axı İbadət müəllim kimi insanların adı çəkiləndə hər kəs ona Allahdan rəhmət diləyir...
Bəli, indi ruhlar dünyasının sakini olan İbadət İbrahimov özünün işıqlı xatirələri və xeyirxahlıqları ilə bir daha günümüzə, həyatımıza qayıtdı. Gəlib gördü ki, biz ondan danışır, ondan yazırıq. Və o da həmişəki kimi vaxtı, zamanı dəyərləndirib bir təbəssümlə yenə öz dünyasına qayıtdı. Axı, bizim dünya o cür insanların işığıyla nurlanır. Və biz də onun sahiblərinə deyirik:
- Qəbriniz nurla dolsun, ruhunuz həmişə şad olsun, İbadət müəllim!

TƏQVİM / ARXİV