HRANT DiNK ŞƏHiD SAYILACAQ

AQİL ABBAS
46953 | 2012-03-28 08:35
Şükür sənə, ilahi, ölmədik, axır ki, bu günü də gördük. Babalarımızın qılıncla yazdıqları şanlı tariximizə, indi qələmimizlə şanlı bir səhifə əlavə edirik.
   
   Abimiz Türkiyə parlamenti yeni bir qanun hazırlayıb. Açıla-açıla gedən Türkiyə parlamenti bu açılıma da imza atdıqdan sonra Hrant Dink də ŞƏHİD sayılacaq.
   
   Dəfələrlə Türkiyəyə, türkçülüyə, Atatürkə həqarət və təhqirlər yağdırdığına görə 17 yaşlı beyni qan bir cocuq tərəfindən öldürülən Hrant Dinki geniş təqdim etməyə ehtiyac yoxdur. Onu xatırladım ki, Ogün Samast adlı bu cocuq elədiyi cinayətə görə hətta həddindən artıq bir cəza alıb: 24 il. Amma ictimaiyyət tələb edir ki, bu cəza azdı, məhkəmə yenidən qurulmalıdı və onun cəzası belə olmalıdı: 2 dəfə güllələnsin!
   
   Nə isə... Qayıdaq Hrant Dinkə ŞƏHİD statusu verilməsi məsələsinə...
   
   Çanaqqala ŞƏHİDLƏRİNDƏN tutmuş, bu günlərdə Əfqanıstanda NATO-nun hesabına ŞƏHİD olmuş 12 mehmetciyin nəsil-nəcabətini silkələyəcək bu xəbəri oxuyanda yadıma, hazırda Türkiyədə Hrant Dink kimi məşhur və sevilən olmasa da, böyük yazıçımız Əziz Nesinin bir hekayəsi düşdü, uğunub getdim.
   
   Yeri gəlmişkən. Hrant Dinkin ölümünə görə Ogünə 24 il, bir neçə adama da ömürlük cəza verilib. Amma 1993-cü ildə Sivasda "Madimak" otelində 34 Türk ziyalısını diri-diri yandıranları zaman aşımına uğradığına görə ədalətli türk məhkəməsi açıb buraxdı. Onu da qeyd edək ki, Əziz Nesin də həmin yandırılanların arasında olmuşdu, yanğınsöndürənlərin qeyrəti sayəsində xilas edilmişdi.
   
   Bizdə olan kimi Türkiyədə də qəzetlər bir-birindən çırpışdırır, ...-başın, ora-burasın düzəldib öz yazıları kimi oxucularına sırıyır.
   
   Həmin hekayədən bir parçanı dərc edirik.
   
   "... bizim qəzetin rəqibi olan bir axşam qəzeti də vardı. Bir gün qəzetin sahibi bizi toplayıb:
   
   - Qəzetimizin vəziyyəti yaxşı deyil, - dedi (Qəzet az satılanda o, "qəzetimiz", çox satılanda isə "qəzetim" deyərdi). - Bir çarə düşünməliyik.
   
   Belə bir çarəni tapmaq bacarığı mənə bir Allah vergisi kimi verilmişdi. Mən:
   
   - O biri qəzet saat on üçdə çıxır, - dedim. - Bizimki on altıda çıxarsa, ondan daha çox satarıq.
   
   Mənim bu təklifimin nə demək olduğunu başa düşməyən yoldaşlarım "tez çıxan qəzet xəbərləri daha tez verəcəyi üçün, o daha çox satılar" deyə etiraz etdilərsə də, qəzet sahibi "Sənin dediyini təcrübədən keçirək", - dedi.
   
   Saat on üçdə çıxan qəzetdəki bütün xəbərləri qayçılayıb, bir az da ora-burasını dəyişdirib öz qəzetimizdə verirdik. Beləliklə, onların, yəni on beş əməkdaşın gördüyü işi, dörd yeni və iki köhnə qayçının köməyi ilə biz dörd nəfər daha yaxşı bacarırdıq. Bu müvəffəqiyyətin bütün xərci isə qayçıların itilənməsinə sərf edilən məbləğdən başqa bir şey deyildi.
   
   Bir gün həmin rəqib qəzetdə belə bir xəbər dərc edilmişdi: "Artin Yaşabasmazyan adlı bir vətəndaşımız evin üstündə asılmış bayrağın dirəyin ucuna ilişdiyini görüb onu oradan xilas etmək və dalğalanmasına imkan yaratmaq üçün oraya dırmaşırkən şalvarının arxası dirəyin ucundakı şiş dəmirə ilişmiş və dirək zavallı Artin Yaşabasmazyanın ağırlığına davam gətirməyib sınmış, bədbəxt vətəndaşımız da evin beşinci mərtəbəsindən səkinin daşları üstünə düşərək ölmüşdür. Qəzazadə Artin Yaşabasmazyanın cəsədi isə onunla birlikdə yerə düşən bayrağımızla örtülmüşdür".
   
   Bu xəbərdə qəzanın baş verdiyi evin ünvanı da göstərilirdi. Mən xəbəri dərhal qayçı ilə kəsdim, ora-burasını da bəzəyib "Zavallı Artin bayrağın dalğalanması uğrunda şəhid oldu" kimi böyük bir başlıqla qəzetimizdə verdim.
   
   "Müsəlman olmayan adamların ölümünə şəhid demək olmaz" - Belə bir mübahisə başlayırkən, dedi-qoduların qabağını almaq üçün qəzetimizdə Artinin sünnət edilmiş olması haqda bir xəbər də dərc etdik...".
   
   Bəlkə Hrant Dink də sünnət olunubmuş, sadəcə bizim xəbərimiz yox imiş!
   
   Bu yazını şəhid anaların oxuması məsləhət deyil!

TƏQVİM / ARXİV