adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Avqust 2018 00:28
9082
ƏDƏBİYYAT
A- A+

Titrə, özünə dön, millətim mənim!


(ESSE)

Hər gün diqqətlə izlədiyim ictimai, siyasi və hərbi informasiyar arasında qardaş Türkiyəyə aid xəbərlər məni daha çox maraqlandırır. Çünki Türkiyənin hər bir uğurlu günü Azərbaycanda bayram kimi qeyd edilir. Üstəlik Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin səmimi dostluq münasibətləri məni daha da qürurlandırır. Hər hansı dövlətin Türkiyə ilə problemi olursa, təbii ki, biz-türksoylu azərbaycanlılar bir qayda olaraq Türkiyənin yanında oluruq və olmalıyıq da. Bu Ulu Öndər Heydər Əliyevin bizə etdiyi tövsiyədir. Biz bu tövsiyəni dəyişilməz qanun kimi qəbul etmişik və bu yolumuzdan dönmərik. Dahilərimizin dediyi kimi Türkün dostu ancaq Türk ola bilər!
Bu günlərdə ABŞ tərəfindən Türkiyəyə tətbiq olunan iqtisadi sanksiyaların şiddətlənməsi nəticəsində dolların bahalaşması və Türk lirəsinin dəyərdən düşməsi ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa müraciətinə cavab olaraq ölkənin hər yerində - ticarət obyektlərində, bazarlarda kiçik və orta tacirlərin banka dollar verib türk lirəsi alan hər kəsə pulsuz meyvə- tərəvəz verdikləri xəbəri və bu səbəbdən sürətlə bahalanan ABŞ dollarının az vaxtda ucuzlaşması dünyada çox böyük maraqla qarşılandı. Bu türkün mətin iradəsinin bariz təzahürüdür. Belə bir məqamda öz xalqına arxalanan Rəcəb Tayyib Ərdoğan dedi ki, "ABŞ-ın iqtisadi hücumu cavabsız qalmayacaq". Bu qətiyyət, təbii ki, tək Ərdoğanın iradəsi ilə mümkün olmamışdır. Bu damarlarından türk qanı axan ölkənin hər bir vətəndaşının iradəsinin inikasıdır. Məhz bunun nəticəsində Türkiyəyə ötürülən iqtisadi sanksiyalar dalğasının Türkiyədən gözlənilməz sunami ilə geri qayıtması ABŞ-ı sarsıtdı və Dövlət Departamentinin sərrast düşünən nümayəndələri ABŞ-ın iqtisadi müharibəsinə Türkiyənin cavab həmləsini "ABŞ-ın uçuruma yuvarlanması" kimi qiymətləndirdilər. Əlbəttə ki, bu iqtisadi müharibədə Türkiyənin ilkin cavabı və göstərdiyi qətiyyət xalqın nümayiş etdirdiyi birliyin parlaq qələbəsi idi. Böyük siyasətlərlə başını qarışdıran oliqarxlardan, mafiyozlardan, biznesmenlərdən fərqli olaraq kiçik tacirlər, sadə və savadlı xalq həmişə dövlətinin müdafiəsində daha böyük fədakarlıq nümayiş etdirirlər. Eşq olsun xalqını, dövlətini sevən hər bir türk oğluna!
Bu məqamda 1990-cı ilin 20 yanvarında Bakıda törədilən qətlamı xatırladım. Bir vaxtlar sovet ittifaqının hər tərəfində Bakı kəndlərində yetişdirdikləri qərənfilləri satmaqla məşğul olan azərbaycanlı kiçik tacirləri çoxları adi Azərbaycan vətəndaşları sayırdılar. Amma o günün səhəri həmin kiçik tacirlər necə böyük vətəndaş olduqlarını sübut etdilər. Onlar şəhid qanı damcılayan torpağımızın hər qarışını al-əlvan qərənfillərlə örtdülər. Yollar, meydanlar, xiyabanlar və şəhid tabutları qərənfillərə büründü. O gülsatanlar-o kiçik tacirlər-o böyük vətəndaşlar qanlı gözyaşları və qırmızı qərənfilləri ilə şəhid qanları və şəhid məzarları qarşısında diz çöküb Vətənə and içdilər. Onların bu vətənpərvərliyi, bu fədakarlığı, hətta, rus hərbçilərini həm heyrətləndirmiş, həm də böyüklü-kiçikli ümumxalq birliyi onları qorxuya salmışdı.
Mən həmin günlərin canlı şahidi olmuşdum və bu gün də o hadisələr gözlərimin önündədir. Türk oğlu həmişə öz dövlətinin mənafeyi uğrunda ölümlə qarşı-qarşıya durmağı bacarıb, təki qarşısında qətiyyətli və milli qeyrətli lideri olsun. Müstəqilliyimizin ilk illərində - xarici və daxili düşmənlərimizin yaratdığı narahat günlərdə elə bir məqam yaranmışdı ki, ümummilli liderimiz Heydər Əliyev, hətta, gecə saatlarında xalqa müraciət etməli olmuşdu. Bir andaca milyondan çox vətəndaş meydana toplaşaraq öz lideri ilə həmrəy olduğunu nümayiş etdirmişdi. Müstəqilliyi yolunda öz lideri ilə addımlayan Azərbaycan indi dünyada öz sakit və firəvan həyatı ilə seçilən bir ölkəyə çevrilmişdir.
Rəcəb Tayyib Ərdoğan da, demək olar ki, hər gün mitinqlərdə, toplantılarda xalqla birgədir və açıq fikirli xalq onu dəstəkləyir. Bu birlik Türkiyənin qarşıdakı bir çox qələbələrindən xəbər verir. Çoxları bizim türklüyümüzə şübhə etsə də, biz türk oğlu türk kimi Azərbaycandan Türkiyəni və onun şanlı, qəhrəman oğlu Rəcəb Tayyib Ərdoğanın apardığı daxili və xarici siyasəti dəstəkləyir, onun mərdliyini və qətiyyətini alqışlayırıq. Aldığım yeni xəbərlər məni daha çox qürurlandırır. Bu günlərdə mətbuatdan oxudum ki, Türkiyə liderinin iradəsi ilə terrorçulardan xilas edilən Suriyalılar dənizkənarı parklarından birinə Rəcəb Tayyib Ərdoğanın, digərinə isə onları xilas edən əməliyyatın -"Zeytun budağı"nın adını veriblər. Bu - dünyanın harasında olmasından asılı olmayaraq, xilaskarlıq missiyasından dala durmayan türkə və türk liderinə sevginin təzahürüdür. Belə məqamda hər bir Türk oğlu silkələnib, ağır və uzaq düşüncələrdən ayrılıb daha sıx birləşməli, bir-birinə yardımçı olmalıdır. Dünya tarixi göstərir ki, birlik olmayan yerdə qələbə mümkün deyil. Bu gün dünya türklərinin Böyük Ərdoğan ətrafında birləşməsinə ciddi ehtiyac vardır və bu birlik türkü qələbəyə aparacaq yeganə yoldur.
Elə bu məqamda bizim müasirimiz və mənim əziz dostum şair Vaqif Aslanın "Ruhlarla söhbət" poemasından bir hissə yadıma düşdü. Həmin yerdə böyük şair Türkü özünə qayıtmağa, tarixin sınaqlarından nəticə çıxarıb birləşməyə səsləyir. Şair yazır:

Tutmasın gözünü özgə qumaşı,
Düşmənin ovçası, yadın şabaşı.
Baş etmə özünə əyilən başı.
Titrə, özünə dön, millətim mənim!

Yağının verdiyi paltarı çıxart.
Vətənin qanqalı üzərində yat.
Yatan qeyrətini silkələ, oyat.
Titrə, özünə dön, millətim mənim!

Yalandan tərifə tuturlar səni,
Yurd-yurd, oba-oba udurlar səni.
Doğudan, Batıdan güdürlər səni,
Titrə, özünə dön, millətim mənim!

Sünnüsən, şiəsən, budda, sufisən,..
İsəvi, Musəvi, ya konfusisən...
Sən-Türksən! Sən-Türksən!
Sən-Türksən! Türksən!
Titrə, özünə dön, millətim mənim!

Günəşi bayraqtək sancmışıq göyə,
Türkoğlu, bir dikəl, ona dur yiyə.
Ruhu əcdadının şad olsun deyə,
Titrə, özünə dön, millətim mənim!

Sənin tarixin var, bəngüdaşın var,
Daşdan da dözümlü qan yaddaşın var.
Hələ qabağında ər savaşın var,
Titrə, özünə dön, millətim mənim!

El-el, bölgə-bölgə paralanma gəl,
Qopub, buğum-buğum aralanma gəl.
Ad-ad, nəsil-nəsil qaralanma gəl,
Titrə, özünə dön, millətim mənim!!!
Titrə, özünə dön, millətim mənim!!!

Çingiz Ənvəroğlu