adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Avqust 2018 17:26
7288
MƏMLƏKƏT
A- A+

Prezident İsmayıllıya 3 milyon manat ayırdı

Prezident İlham Əliyev "İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, İsmayıllı şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli və 4 birmərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Sərəncamda qeyd olunur ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində İsmayıllı rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilib, əsas kapitala yönəldilmiş vəsait 74,8 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 75,9 dəfə artıb, Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, Peşə Tədris Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 88 mənzilli 3 yaşayış binası inşa edilib, 42 ümumtəhsil müəssisəsi istifadəyə verilib.

Bununla yanaşı, İsmayıllı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, 110/35/10 kV-luq "İsmayıllı” elektrik yarımstansiyası və ümumi gücü 3,2 MVt olan 2 su elektrik stansiyası istismara verilib, xalçaçılıq müəssisəsi, "Buta-Qrup” MMC-nin aqroparkı və digər iri sənaye, kənd təsərrüfatı və emal müəssisələri yaradılıb, 10 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.