adalet.az header logo
  • Bakı 20°C
24 Avqust 2018 22:22
18819
ƏDƏBİYYAT
A- A+

Ruhun şad olsun, Böyükxan Bağırlı!

Eldən gedən adam barəsində yazılmış kitab haqqında...

Adətən yeni nəşrlər, xüsusilə ədəbi kitablar barəsində yazı yazmağa daha çox maraq göstərirəm. Çünki həmin kitablarda təkcə müəllifin düşüncələri, duyğuları, istəkləri ilə deyil, həm də özümün həmin o duyğularım, fikirlərim fonunda yaşantılarımı görürəm, təxmin edirəm. Bu da bir qələm adamı kimi mənə həm müsbət impuls verir, həm də mənim sözə sevgimi artırır, cilalayır. Bu, məsələnin bir tərəfi. O ki qaldı söylədiyim fikrin ikinci tərəfinə, mən birmənalı şəkildə vurğulayıram ki, oxuduğum bədii əsərlər məni həm də həmkarımla, yəni əsərlərin müəlliflərilə yaxınlaşdırır, doğmalaşdırır. Mən o əsərlərdə müəlliflərin özlərini görürəm...
Amma elə kitablar var ki, onları oxuyanda məni xatirələr ağuşuna alır, məni xəyal öz qanadları üstünə götürür. Bu kitablar öz vərəqlərinə hopdurduğu həyatı mənim gözlərimin önündə kino lenti kimi sərgiləyir. Doğrudur, bu kitablara bəzən biz xatirə ədəbiyyatının nümunəsi kimi baxırıq. Amma mən bunu xatirədən daha çox yaşanmışların, tarixin bir parçası kimi baxmağa üstünlük verirəm. Çünki xatırlanan deməli yaşayıbdı! Və əgər yaşayıbdısa, o, tarixdə iz qoyub, tarixin bir məqamının daşıyıcısıdır. Deməli, onda müdriklər, tanınmışlar, sayılanlar, seçilənlər barəsində yazılmış kitablar həm də tarixin özü barəsindədir.
İndi mənə təqdim olunmuş və bir neçə gündür ki, təkrar-təkrar gözdən keçirdiyim "Sübh yuxusu" adlı kitab mərhum yazıçı-publisist Böyükxan Bağırlıya məxsusdur. Yəqin ki, bu imzanı diqqətli oxucular tanıyırlar, yaddaşlarına yazıblar. Mən şəxsən bu imzanı kifayət qədər tanıyıram. Doğrudur, rəhmətlik Böyükxan müəllimlə şəxsi təmasım, şəxsi münasibətim olmayıb, necə deyərlər, yollarımız kəsişməyib. Amma mən onunla jurnalistlərin tədbirlərində, qurultayında qarşılaşmışam. Və bundan əlavə onun barəsində dövrü mətbuatda yazılanları da, xüsusilə "Ədalət"də çap edilmiş məqalələri də maraqla oxumuşam. Və heç ağlıma da gətirməmişəm ki, nə vaxtsa onun barəsində xatirələr oxuyacam və yaxud da yazı yazacam. Görünür, ən böyük hakim olan zaman bunu da mənim bəxtimə, taleyimə yazıbmış. Və mən indi yazı masamın üstündə olan kitabın üz qabığındakı şəklə baxa-baxa bu kitabın içərisindəki xatirələri sanki yenidən oxuyuram...
Yeri gəlmişkən vurğulayım ki, kitabın redaktoru, dəyərli yazıçı-publisist, "Ədalət"in oxucularının kifayət qədər tanıdığı ağsaqqal dostum Əlövsət Bəşirlidir. Əlövsət müəllim həm də bu kitaba bir növü ön sözü xatırladan redaktor yazısını əlavə edib. Həmin yazını nöqtə vergülünə qədər oxuyanda bu qənaətə gəldim ki, Əlövsət Bəşirli Böyükxan Bağırlının cismən ayrılığını sinirə bilmir. Çünki bu dünyada yaxşıları, sevdiklərini, güvəndiklərini itirməyin acısına dözmək çox çətindir. Xüsusilə əgər itirdiyin sənin gözünün önündə pillə-pillə qalxırsa, yüksəlirsə, bu doğrudan-doğruya çox dözülməz ağrı olur onu itirəndə.
"Tanrının ömür payı" adlı yazının müəllifi Əlövsət Bəşirli vurğulayır ki, "İndi ötüb keçənləri xatırlayanda ömrümün həmin illəri gözlərimin önündə bütün aydınlığı ilə canlanır. Sanki dünən olub, az qala yarım əsr əvvəl yox, lap dünən "Yeni gün" qəzeti redaksiyasında. Qapı astaca döyülür, bir qədər arıq, orta boylu cavan, nigaran baxışlı oğlan astanada görünür. Ayağa durub qarşılayıram. Salamlaşıb tanış oluram". Bəli, bu bir neçə cümlə artıq Əlövsət Bəşirlinin barəsində son dərəcə kövrək notlara köklənmiş xatirə nekroloqun qəhrəmanı olan Böyükxan Bağırlının kimliyi gəlib durur gözümün qarşısında. Və elə həmin yazıyla da Böyükxan Bağırlı Cəlilabadın "Yeni gün" qəzetinin sıravi əməkdaşından redaktoruna qədər yol keçir. Və maraqlıdır ki, mənim təxmin etdiyim bu qərarın yekununu da sanki Əlövsət Bəşirli öncədən hiss edərək belə tamamlayır: "Mən qətiyyətlə deyirəm ki, yaradıcılığının qaynar çağında həyatdan köçən istedadlı qələm dostumuz ömrü boyu ləyaqətlə yaşayıb-yaradıb. Ürəklərə yol tapan sözləri, əsərləri bu dünyada onu mənən yaşadacaq". Elə mənim də yazının əvvəlində vurğuladığım fikrin mahiyyəti bundan ibarət idi. Vurğulamışdım ki, xatırlanan insan həm də tarixin, zamanın bir hissəsinin ifadəçisidir. Bu mənada Böyükxan Bağırlı haqqında fikirlərini ifadə edən ədəbiyyatşünas alim Vaqif Yusifli vurğulayır ki, Böyükxan Bağırlı sadə və yığcam hekayələrin ustası idi. Özü də həmin fikirlər təkcə bu kitabda deyil, Vaqif Yusiflinin və digər ədəbiyyat adamlarının Böyükxan müəllimlə bağlı yazdıqları məqalələrdə də zaman-zaman öz əksini tapmışdı.
Kitabı vərəqləyirəm. Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Böyükxan müəllimi "Nəsillər arasında körpü olmağı bacaran adam", Əməkdar jurnalist, Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə "Xəyalımın böyük insanı", Jurnalist Araşdırmalar Mərkəzinin sədri, Əməkdar jurnalist Seymur Verdizadə "Onun sayəsində "Yeni gün" doğdu..." adlı məqalələrilə həm də Böyükxan Bağırlının şəxsiyyətini, istedadını ifadə ediblər. Maraqla oxuduğum "Günəbaxan ömrü" məqaləsinin müəllifi, yazıçı-publisist Loğman Rəşidzadə Böyükxan Bağırlı barəsində fikirlərini ifadə edərkən vurğulayıb ki, "Əziz qardaşım! Ömrü boyu beləcə, həssas, duyğulu, deyim ki, lap emosional səviyyədə ürək, qədirşünas yaşadın. Heç kimi incitmək, narahat etmək istəmədin. Təbiidir. Sənin o çabalarını anlayıram. Sağ olsaydın üzünə deyərdim. Amma nə etmək olar, incimə, bu gün ruhunun qulağına pıçıldamaq məcburiyyətindəyəm: sənin işıqlı simanı, aydın, bütöv obrazını mənim nəzərimdə heç nə dəyişə bilməz, nəinki xəstəlik, hətta ölüm belə".
Doğrudur, biz müəyyən prosedurları, etik qaydaları gözləyib bəzən dünyasını dəyişən və yaxud da yubileyi olan kiməsə bir az qədərindən artıq tərif söyləyir, bir az uyğun gəlməyən epitetlərdən istifadə edirik. Ancaq oxucu, dinləyici kimin kim olduğunu özü daha yaxşı bilir. Bax, bu mənada mənim sizə təqdim etdiyim kitabın müəllifi Böyükxan Bağırlı Azərbaycan mediasında haqqı və xidmətləri olan dəyərli həmkarlarımızdan biri olub. O, təkcə redaktor kimi qəzetin nəşri ilə məşğul olmayıb. O həm də qəzetlə nəfəs alıb, qəzeti yaşadıb, qəzetlə birlikdə yaşayıb. Üstəlik, o, öz çevrəsində bir işıq əhatəsi yaradıb. Buna nur çeşməsi də demək olar. Həmin işıqlar da sönməyən ulduzlardı. Yəni Azərbaycanda ədəbi missiya daşıyan dəyərli yazıçı-publisistlərimiz Meyxoş Abdulla, Hacı Əlizadə Sərdaroğlu, Ələddin Əzimi, Əfrahim Hüseynli, Mirkamil Mirxəliloğlu, Aydın Hüseynov, Camal Zeynaloğlu, Bilal Alarlı, Niyaz Niftiyev, Məzahir Süleymanzadə, Cəmil Həsənli... adlarını vurğuladığım bu şəxslərin, bu imza sahiblərinin hər biri oxucuya məlum ünvan sahibləridi. Onların barəsində danışdığım kitabda mərhum Böyükxan Bağırlı ilə əlaqəli xatirələrini oxumaq kifayət edər ki, "Yeni gün"ün sabiq redaktorunu yenidən tanıyasan, yenidən kəşf edəsən. Bu tanışlığa kitabın ikinci bölümü əlavə təkan verir. Həmin bölümdə Böyükxan Bağırlının hekayələri və "Arabasının aqibəti" povesti verilibdi. Son olaraq vurğulamaq istəyirəm ki, yenicə işıq üzü görmüş bu kitabın tərtibçisi Böyükxan müəllimin övladı Təranə Bağırovadı. Kitabın məsləhətçisi Bilal Alarlı. Necə deyərlər, valideyn, dost üçün çox diqqətlə, çox sayğıyla çalışmış bu yaradıcı kollektiv mərhum Böyükxan Bağırlının cismani ayrılığının ildönümünə bir hədiyyə, bir xatırlatma kimi əllərində kitab gəliblər. Zənnimcə, bu kitab təkcə onu araya-ərsəyə gətirənlər üçün deyil, həm də barəsində danışılan, yazılan və həmin şəxsin özünün yaradıcılıq nümunələrilə bir toplum təşkil edən canlı varlıqdı. Yəni oxuduqca səninlə danışır, oxuduqca səninlə üz-üzə dayanır.
Bu gün Böyükxanla ayrılığın bir ili arxada qalır. Amma bu ayrılıq cismanidi. O isə ruhən aramızdadı...
Ruhun şad olsun, Böyükxan Bağırlı!