UNUTMAQ İSTƏYİRƏM

ƏBÜLFƏT MƏDƏTOĞLU
57345 | 2018-08-24 22:19
BAXIŞ BUCAĞI

Amma bu mümkün deyil

Məni üzürlü sayın... İradlarıma görə məni qınamayın... Yazdıqlarıma görə mühakimə etməyin. Ümumiyyətlə, mənim bu yazımda günah, nöqsan axtarmağa cəhd göstərməyin. Çünki bu yazımda mən özümü, həyatımı, düşüncələrimi bir az çılpaq göstərmək istəyirəm. Bilirəm ki, oxucu qarşısına, ümumiyyətlə, ortalığa geyimsiz çıxmaq yaxşı hal deyil. Buna görə adamı daş-qalaq da edə bilərlər. Amma səmimiyyətimə inanın. Son gunlər özüm də bilmirəm nədənsə bu qəfil dəyişən hava kimi mən də bir az özümdən yazmaq, özümdən danışmaq, özümü göstərmək istəyirəm...
Bax, ötən gecə qaranlıq otağı işığa qərq edən şimşəyin işıqları balaca evimin bütün künc-bucağını işıqlandırmışdı. Göy gurultusundan qorxan qızlarım özlərini atmışdılar üstümə və onların gözündə mən həmin an göy gurultusuna müqavimət göstərəcək gücdə idim. Amma onlar bilmirdilər ki, son vaxtlar başının üstündə qılınclar oynayan bu özülsüz evimin sökülmək məsələsi gündəmdədi və mən heç ona qarşı çıxmaq gücündə deyiləm. Çünki şimşəyə əl açmaq olar, amma hökumətlə hökumətlik etmək olmaz. Ən azı ona görə ki, nə topum yoxdu, nə də topxanam. Olub-qalanım bir qələmdi, bir də yalnız uşaqlarıma gərəkli olan varlığım. Bu da öz yerində.
Bəli, deməli, bu dünyanın çarxının dolaşan vaxtı, kimin nə istəyib, nə umduğu və nəyin iddiasında olduğu həm qaranlıq, həm bəlli durumda özünü göstərən anda mən özümdən yazmaq fikrinə düşdüm. Ona görə yox ki, özümü kiməsə tanıtmaq, kiməsə təqdim etmək istəyirəm. Yox, məni tanıyan onsuz da tanıyır, tanımayan ən yaxşı halda qonşusundan soruşa bilər və ən azı da adımın mənasına fikir verən bunun arxasında bir dostluğun, bir səmimiyyətin dayandığını hiss edər (və bir də tanımayan bəlkə də daha xoşbəxtdi - Ə.M.). Mən bütün bunları sözgəlişi dedim. Ona görə sözgəlişi dedim ki, indi insanlar daha çox söz deyib, daha çox aradan çıxmağa üstünlük verirlər. Və onların göstəricisi, də nişanəsi də söz olur.
"Azərbaycan" nəşriyyatı söz deyən, söz yazan və cibində qələm gəzdirən insanların sayına görə, bəlkə də ölkədə birinci yeri tutur. Ancaq ölkənin ən uzaq guşələrinin birində nə yazmayan, nə də cibində qələm gəzdirməyən elə söz adamları var ki, bircə kəlməsi cild-cild kitablara, tirajlı qəzetlərə bəs edir. Deməli, sözünə sahib çıxmaq, ortaya söz qoymaq üçün təkcə hansısa qəzetdə işləmək, kiminsə kölgəsinə qısınmaq, kiminsə müavini olmaq və ən azı kiminsə çevrəsində görünmək bəs eləmir. Yaxşı xatırlayıram, rəhmətlik Nüsrət Kəsəmənli oğurlanan misralarına görə, təpik altına saldığı qələm adamlarından biri indi populyar şairdi. Diskləri, nəğmələri, bağı, nə bilim daha nələri var, amma şairliyi yoxdu. Bunu bilənlər bilir. Mən də "Ədalət" qəzetində öz sözümü, öz yazımı yazıram. Bunu da bilənlər bilir. Oxuyanlar da var, təbii ki, büküb kənara atanlar da. Heç kimi məcbur edə bilmərəm ki, yazdıqlarımı oxusun. Çünki mənim yazdıqlarım mənim özüməm, mənim həyatımdı, Quran ayəsi deyil və mən o iddiada da deyiləm.
Bu yerdə ağlımdan Sovet hökumətinə rəhmət oxumaq gəlib keçir. Çünki o hökumətdə ən azı 51 faiz hər kəs yerini bilir, qalan faizlər dostların, qohumların, dayıların, maddi imkanın hesabına yazılırdı. Təəssüf ki, bu gün 51 faiz sonuncuların hesabınadır. Nə isə...
Dünya indiki durumunda çoxlu sayda problemləri, sualları, hətta cavabı göz önündə olan sualların da qarşısında çox aciz bir şəkildə boynunu bükür. Bu da təsadüfi deyil. Ona görə ki, anlayanlar anlamayanlara borcludular.

istidən
tıncıxmış şəkildə
şəhərin
küçələrində
elan vitrinlərində
iş gəzirəm, iş!
gözlərim
hədəqədən çıxıb
səbrim nəzarətdən...
bir başını qaldırıb
məni də gör
hərdən-
ay evi tikilmiş-
axı
avara qalıb bəndən!..

***
Həftənin son günləri hava şəraiti qəflətən dəyişdi. Yayın istisi canımızdan elə bil ki, bir yumruğa çıxdı, tarazlığımızı itirdik. Hansı paltarı geyinəcəyimizi, nə edəcəyimizi götür-qoy etməyə imkan da tapmadıq. Mən axırıncı dəfə kəndimizdə, dəniz səviyyəsinin hardasa 1100 metr hündürlükdə yağış damcılarının o boyda olduğunu görmüşdüm. Təsəvvür edin ki, maşının damına toxunan damcılar elə bil ki, nağara səsinə bənzəyirdi, sanki dolu yağırdı. Əlimi pəncərədən çölə çıxardım, ovcumun içərisinə düşən və ən azı fındıq boyda olan damcılar əlimi göynətdi. O damcıların tappıltısı bütün varlığımı ayağa qaldırdı. Dünənimi, keçmişimi gözümün önünə gətirdi və mən istər-istəməz hər şeyi, daha doğrusu, bugünkü həyatımla dünənimi və sabahımı bir müstəvi üzərinə gətirməyə çalışdım. Amma mümkün olmadı. Çünki dünənimdə saflıq daha çox idi. Bilmirəm bu nədəndi. Ola bilsin ki, onda dünyanı indiki kimi tanımamışdım... Ola bilsin ki, onda dünya bu qədər korlanmamışdı...Ola bilsin ki, onda mən və mənim özüm bildiklərim dünyadan bu qədər uzaq düşməmişdilər. Nə bilim vallah... Çox qarmaqarışıqlıqdı və bu qarışıqlığın içərisində tapıb öz yerində oturda bilmədiyim bircə şey var. O da hər kəsin özünün olmasıdır. Yəni tanıdığım, gördüyüm kimi özü!!! Təəssüf ki, mən o gücdə deyiləm. Əgər o gücdə ola bilsəydim, heç bir tərəddüdsüz mən də həm onları, həm də özümü üz-üzə gətirib siz oxuculardan, bizi necə görürsünüz? - soruşardım...
Bəli, biz əslində hər şeyi görüb və hər şeydən xəbər tütüb görüdüklərimiz və bildiklərimiz arasında bir savaş açırıq. Elə bilirik ki, bu döyüşdə özümüz qalib olacağıq. Amma unuduruq ki, bizim savaşımızda sərf olunan gücümüz özümüzün deyil. O gücü bizə verən var və o güc söykəndiyi həqiqət boydadı, gerçəklik boydadı. Ondan sonrası yalnız fərziyədi, boşluqdu. Bax, qalib gələ bilməməyimiz də o boşluğu həqiqət kimi görüb ona güvənməyimizdən irəli gəlir. Neyləyək ki, biz xəyalən özümüzü həmişə gerçəklikdən çox-çox uzaqda görmüşük. Ona görə də günün necə keçməsi, vaxtın necə ötməsi ya diqqətimizdən yayınır, ya da ona əhəmiyyət verməmişik.

günün necə keçməsindən
xəbərim olmadı
olsa belə,
nəsə edə bilməyəcəydim.
yaxamı vermişəm
günün əlinə...
duyğularım,
xatirələrim,
elə gün də...
bezibdi məndən.
nə yanımda qaldı
nə də
məni özü ilə saxladı...
anladım ki,
o qız
bu bitən gündən
daha etibarlıdır...
özü qalmasa da,
ruhumu alıb
getdiyi yerlərə
təmənnasız apardı.

***
Mən bu yazıda özümü yazmaq istəyirdim, özümü göstərmək istəyirdim. Amma hisslər güc gəldi... yaddaş imkan vermədi. Yəni yaddaş hissləri üstələdi, korun yaddaşı əlində olduğu kimi... karın yaddaşı gözdə olduğu kimi... lalın yaddaşı dodaqlarda puçurladığı kimi... Mən də elə kar kimi, kor kimi, lal kimi hər şeydən, daha çox isə özümdən danışmaq istədim, amma alınmadı. Bilmirəm niyə? Bəlkə də bilirəm, amma deyə bilmirəm. Çünki desəm öldürərlər... Daha doğrusu küsərlər.
Hər kəs dediklərimdən özünə nə isə götürər, dediklərimin içərisində özünü görər... İndiki yaşımda, indiki durumumda çörəyi daşdan çıxardığım bir məqamda bu mənə heç də lazım deyil. Qoy hər kəs öz bildiyini bilsin, mən də öz bildiyimi. Lakin hamının bilmək istədiyi, amma mənim bildiyim bir gerçək də var, o da təbii ki, özəl duyğu, özəl sevgidi. Bax bu mənada mən bütün yazılarımda toxunduğum həmin o, özəl olanın yanından sakitcə keçib gedə bilmərəm. Bax, elə indi də...
İnciyirəm özümün
Özümdə olmağıma.
Bu qədər ağrılarla -
Dözümdə olmağımag

Sevinirəm özünün
Özümdə olmağına.
Ürəyimə sığınıb,
Gözümdə olmağına!

İnciməklə sevilmək
Qarışıb bir-birinə.
Sındırsan nə qoyacam -
Ürəyimin yerinə?!

Hə, mən özümü yazmasam da, daha doğrusu bunu bütünlüklə edə bilməsəm də, düşünürəm ki, nəsə oxuna biləcək bir şey yazdım. Və onu da bilirəm ki, bu yazını heç kim oxumasa belə, sən oxuyacaqsan, çünki sən də sevirsən. Və deməli kim sevirsə, o oxuyacaq. Həm də ilin-günün bu vaxtında kimin gözü yol çəkirsə, kim xəyallarla əlləşirsə o da oxuyacaq. Bu mənim daxili inamımın diqtəsidir. Həmin inamla yazmışam ki...

Mənə elə gəlir ki,
sən indi
yatmayıb
telefonundakı
şəkillərə baxırsan...
tələsmədən, səbirlə
şəkillər arasındakı
zamanı
ipə, sapa yığırsan -
itirdiklərini tapmaq,
olanları
bərpa etmək üçün!..
Axı
mən demişdim:
-Özünə dönəcəksən
bir gün...
Bu qaçılmaz həqiqətdi,
bunu düşün...

Və nəhayət

Açılan səhərə həvəsim yoxdu,
Gözlərim baxsa da nəfəsim yoxdu,
Nə dilim tərpənir, nə səsim yoxdu,
Ömür mənasızdır artıq gözümdə,
Nə sən yanımdasan, nə mən özümdə...

Axır çay aşağı fikir elə bil
Nələr düşünürəm zikir elə, bil!
Tutub ayağımdan çəkir elə bil
Qaralır sonuncu qorum, közüm də
Nə sən yanımdasan, nə mən özümdə...

Əlim havadadır, dizim daş üstə,
Kirpik altda qalıb, çıxıb yaş üstə,
Özümə desəm də hər gün "baş üstə",
Dönüb sızıltıya daha sözüm də
Nə sən yanımdasan, nə mən özümdə...

Qar yağdı zirvəyə ildırım düşdü,
Dedilər həyatdı bu da bir işdi...
Sən demə bu sondu - bu bildirişdi,
Çat verdi içimdə o dağ - dözüm də,
Nə sən yanımdasan, nə mən özümdə!


TƏQVİM / ARXİV