adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Avqust 2018 22:10
13799
ƏDƏBİYYAT
A- A+

MƏN ATAMI NECƏ SEVDİM...

Aynur BƏŞİRLİ

Nədənsə, hamıya elə gəlir ki, insanın ata-anasına məhəbbəti sövq-təbii bir hissdir, heç bir sual doğurmamalıdır. Gözünü açdınmı, ata-ananı sevməlisən. Bu, yer üzünün ən təbii, varlığına zərrəcə şübhə kölgəsi düşə bilməyəcək bir sevgisi olmalıdır...
...Mən uşaqlığıma boylananda özümü, atamı və anamı redaksiyaya gedən görürəm. Onun işıqlı kabineti, rəngli jurnallar, bu jurnalları yazmağım, hətta otağın döşəməsinə salınmış boz kovrolit belə yadımdadır. Bakıya gələndə gəzməyə getməyimizi, pilləkanları düşdükcə onun: "Ayağının altına bax,"- deməyini və mənim hər dəfə bu sözləri eşidəndə ayağımı qaldırıb ayaqqabılarımın altına baxmağımı, Kukla teatrında "Ələddinin sehrli çırağı"na tamaşa etməyimizi, teatrın divarlarındakı rəsmləri belə xatırlayıram. Amma bütün bunların içində atama xüsusi bağlılığım yadıma gəlmir. Mən uşaqlıqda atam üçün o qədər də darıxmırdım...
...6 yaşım vardı. Həyətdə oynayırdım. Birdən anam məndən soruşdu ki, atan üçün darıxmısan? Yalnız bundan sonra fikirləşdim ki, deyəsən, Ata çoxdandır ki, evdə yoxdur. Həmin günlər o, Avropada səyahətdə idi...
Uşaq vaxtı, düzü, atamın evə tez gəlməyini də xoşlamırdım. "Qaz 69"-un səsini eşidəndə güllə kimi evə qaçıb əlimə kitab alırdım. İkinci sinifdə ata mənə rusca imla yazdırdı, "solnüe" əvəzinə hər yerdə "solnçe" yazdım. Çox hirsləndi... Bu hadisədən sonra Allaha yalvarırdım ki, o, evə gec gəlsin. Allah səsimi eşitdi. Ata ikinci katib seçildi...
Amma bütün bunlar o demək deyildi ki, mən Atamı hiss etmirdim. Əksinə, onun varlığından necə lazımdırsa, bəhrələnirdim. Bizim münasibətlərimizi şərtləndirən çox incə bir məqam da vardı. Mən ailənin ortancıl övladıyam. Züleyxa evin böyük, Pakizə isə kiçik qızı olduğu üçün onlar daha çox nəzarət altında olublar. Səməd evin yeganə oğlu, sonbeşiyidir. Bu da ona olan münasibəti qismən də olsa, şərtləndirib. Mənə gəlib çıxana kimi həmişə özümdən əvvəl və sonra kimsə olub... Bu, mənə daha çox azad olmaq imkanı verib. Bu o Azadlıq idi ki, Atamla mənim münasibətlərimin məhək daşı oldu. Və mən Atamı sonra sevdim...
Ortancıl olmaq, hansısa mənada böyük bacımın yolunu davam etdirmək idi. Züleyxa musiqi məktəbinə gedirdi. Günlərin birində sağ-solumda kim varsa, hamısının piano çaldığını görüb həvəsə düşdüm. Ata məni musiqi məktəbinə yazdırdı. Birinci sinif pis keçmədi. Amma bas açarının notlarını sona qədər əzbərləmədiyim üçün ikinci sinif əsl işgəncəyə çevrildi. Həmin vaxtlar elə musiqi məktəbinin nəzdində rəsm dərnəyinə yazılmışdım. Rəsm çəkməyi çox sevirdim, plastilindən gözəl fiqurlar da düzəldirdim. Rəsmdə irəliləsəm də, Şumanın "Cəsur atlı"sını ikinci sətirdən o yana keçə bilmirdim ki, bilmirdim. Nə isə, günlərin birində qərara aldım ki, musiqi məktəbindən çıxım. Qərarımı anama və bacıma deyəndə ikisi də çaşdı. Mənim çalmaq istəməməyim təzə şey deyildi. Əcaba, bunu Ataya necə deyəcəkdim? Cəsarətimi topladım. Ata evə gələndə böyük otağa keçib çox qısa və qəti şəkildə dedim: "Mən musiqi məktəbinə getmək istəmirəm". Ata məndən nə dediyimi bir də soruşdu. Təkrarladım. Bununla da musiqi məktəbinin qapıları bağlandı və mənim üçün yeni bir səhifə açıldı - ömrümdə ilk dəfə qəbul etdiyim qərara Atam hörmətlə yanaşdı. Sonra mən şahmat məktəbinə getdim...
Şahmatı Ata bizim hamımıza öyrətmək istəsə də, bu oyunu ancaq Səmədlə mən sevdik. Ata bizə şahmat taxtasını bütövlüklə görməyi öyrədirdi və tez-tez təkrarlayırdı: "Taxtanın hamısını gör"... O, bizi "böyük taxta" üçün hazırlayırdı. Başqaları üçün ilk baxışda lazımsız görünən şeylər belə nəzərdən qaçmırdı. Məsələn, kart oynamaq. Babam anamın bizə kart aldığını görəndə əməlli-başlı əsəbiləşmişdi: "Yavaş-yavaş, pendir-lavaş", - demişdi. Atamsa əksini fikirləşiridi. Düzü, ömrümdə bircə dəfə də olsun, kart gərəyim olmadı... Ata bizə üzməyi də öyrədirdi. İlk çimərlik paltarlarımızı Şuşada almışdıq, elə orada pansionatın hovuzunda ilk dərsləri keçirdik. Düzdür, həmin yay cəhdlərimiz uğurla nəticələnmədi. Üzməyi gec öyrənsək də, hamımız uşaqlıqdan yaxşı velosiped sürməyi bacarmışıq. Velosipedləri bizə Ana alırdı. Mənimsə hətta roliklərim də vardı. Bu, 80-ci illərin əvvəlləri üçün əsl hadisə idi. Bakıda xalam uşaqları belə rolik sürməyəndə mən dostum Sveta ilə Lenin küçəsini roliklərlə yağır edirdik...
Velosiped, rolik, musiqi, rəsm, şahmat... Deyəsən, bizə heç nədə yox demirdilər. Bir məsələdən başqa. Ata geyim məsələsində çox sərt idi, tez-tez Lenin sadəliyindən danışırdı. Atanın geyimə fərqli münasibəti mənim uşaqlıqdan tikişə olan həvəsimi artırdı. 89-cu ildə biz Bakıya köçəndə Ata məni "Bilik" maarifçilik cəmiyyətindəki üçaylıq sürətli dərzilik kurslarına elə özü yazdırdı. Burada dərziliyin ölçü-qayçısını elə öyrəndim ki, daha dərziyə ehtiyacım olmadı - nə tələbəlikdə, nə də jurnalist işlədiyim günlərdə. Xarici səfərlərdən əvvəl bircə gün kifayət idi ki, özümə yeni kostyum tikim... Fikirləşirəm ki, nə yaxşı ki, Ata geyim məsələsində bu qədər ciddi idi - hətta qıyımsız görünəcək dərəcədə ciddi. Amma yaddaşım bunun qətiyyən belə olmadığını deyir...
Mənim bir hobbim vardı - evə qayıdanda yolüstü "Kitab evi"nə dəymək. İkimərtəbəli, içində pianosu olan, notlar və rəssamlıq ləvazimatı satılan "Kitab evi" cənnət misalı bir yer idi. Vaxtaşırı buradan ürəyim istədiyi kimi bazarlıq edirdim. Heç kim məndən kitaba verdiyim pulların haqq-hesabını soruşmazdı. 10-cu sinifdə isə istədiyim bütün jurnallara abunə yazıldım. Abunə kataloqunu qarşıma qoyub gözümə nə xoş dəymişdisə, hamısını işarələmişdim. Abunə pulu Atanın bir aylıq maaşından çox idi. Bu yerdə abunə yazılışına niyə limit qoyulmadığını da qeyd etməliyəm...
Dördüncü sinifdə oxuyurdum. Müəllim qış haqqında inşa yazmağı tapşırmışdı. Yazdım. Anam inşanı necə bəyəndisə Ata işdən gələndə birinci verdiyi xəbər elə inşa oldu. Həmin gündən yazdıqlarım artıq onlar üçün maraqlı idi. Düzü, Ata mənim dilimi o qədər də bəyənmirdi, Ana isə həmişə deyirdi ki, yazdıqca cilalanacaq. Anam, Dilarə Vəkilova, yazılarımı özü cilalayar, bundan sonra onları üzə çıxarardı. Hər dəfə gözəl bir yazı yazılanda Ana təntənəli surətdə deyirdi: "Get, indi Atan səni öpəcək". Atanın öpüşünü qazanmaq asan deyildi...
Atanın min bir işi olsa da, bizim üçün həmişə vaxt tapıb. Bir dəfə isə Ana dedi ki, Əlövsət ondan istədiyin heç nəyi heç vaxt unutmur, əvvəl-axır edir. Mən əvvəllər buna fikir verməmişdim, amma Ananın sözləri elə bil məni ayıltdı. Yadıma düşdü ki, Ata evə patefon alanda mən ondan patefon istədiyimi artıq unutmuşdum, o isə yox. Bu, təkcə bizə münasibətdə olmayıb. Ata əgər bir bizə edibsə, beş də ətrafdakılara edib...
Mən hərdən Atadakı keyfiyyətlərin ona kimdən keçdiyi barədə düşünürəm. O, öz atasını demək olar ki, görməyib, amma onun qara kağızının gəldiyi günü yaxşı xatırladığını bilirəm. Onu anası və nənəsi, bir sözlə, qadınlar böyüdüb. Amma Kişi kimi böyüdə biliblər. Ata uşaqlıqdan anasına evi saxlamaqda kömək edib. Universiteti qurtaran gündən isə nənəm daha işləməyib və həmin vaxtdan etibarən o, özünün şərəfli adını qazanıb - "Bəşirovun anası". Onu Cəlilabadda belə daha çox tanıyırdılar. Nənənin öz dost-tanışı vardı, şübhəsiz ki, Ata onlara da əl tuturdu. Onlardan biri qonşumuz Gülbacı xala idi. Bu bapbalaca, qıvraq qadın həmişə uzun çit yubka, üstündən də elə çit köynək geyinərdi, çit yaylığının altından qoşa hörüklərinin nazik ucları siçan quyruğu kimi çıxardı. O, oğlunun yetim qalmış balalarını tum satmaqla böyüdürdü...
Ata məktəbə 9 yaşında getsə də, məktəbi qızıl medalla bitirib. Ata-anamızın məktəbi medalla qurtarmaqları bizim üçün həmişə qürur mənbəyi olub. Əvvəllər mənə elə gəlirdi ki, bu, çox təbii haldır. Sonralar anladım ki, Anamın müəllim ailəsində məktəbi medalla bitirməsi nə qədər təbii idisə, evin tək övladı olan, atasız böyüyən Atanın məktəbi qızıl medalla bitirməsi bir o qədər də gözlənilməz idi. İndi anlayıram ki, Ata self-made (özü- özünü yaradan) insandır. Məktəb rejimini quranda da, qızıl medal üçün inşanı yazarkən direktorla dör-dör döyüşüb öz haqqını tələb edəndə də. Bu xasiyyət Atanı heç zaman tərk etmədi. Hətta partiya işində də. Bir də görürdün ki, birinci katiblə yenə sözü düşüb, yenə də öz sözünü deyib. Hər partiya konfransı ailəmiz üçün stress olurdu. Bilirdik ki, Ata katib seçilə də bilər, seçilməyə də. Bilirdik ki, o, adamsızdır, amma Allahsız deyil. Sükür, Allah nəzərini heç zaman ondan və ailəmizdən əsirgəməyib. O, Cəlilabadın tarixində ən çox seçilən ikinci katib olub. Necə işlədiyini cəlilabadlılar daha yaxşı bilirlər. Bu yaxınlarda səhər Ata adəti üzrə köşkdən "Ədalət" qəzetini alıb evə qayıdanda ağlına da gəlməzdi ki, elə bu qəzetdə onu sürpriz gözləyir. "Sağlığında qiymət verin insanlara" adlı yazı onun 80 illiyinə həsr olunmuşdu. O, əvvəlcə müəllifi - Ələddin İbrahimovu xatırlaya bilməsə də, sonra Cəlilabadda Siyasi Maarif Evinin müdiri işləmiş gənc yadına düşdü. Məncə, elə bu yazının özü haçansa edilmiş təmannasız yaxşılığın gözlənilmədən bir gün qəzet səhifəsində yubiley təbriki kimi qayıtması onun zəhmətinə verilən ən böyük qiymətdir.
Ana Ata üçün həmişə deyir ki, Əlövsət qarayaxa adamdır, bir şeyi sona qədər edir. Amma mən deyərdim ki, Ata qarayaxa yox, qibtə ediləcək dərəcədə yüksək intizamlı, daim öz üzərində çalışan adamdır. Onun yerinə kim olsa idi, başı partiya işinə elə qarışardı ki, dünyadan və ədəbiyyatdan xəbərsiz yaşayardı. Ata isə işarası vaxt tapanda böyük otaqda kresloda oturub roman-qazeta oxuyurdu. Onun yerinə kim olsa idi, həyatın ən çətin məqamlarında depressiyaya düşərdi. Ata isə əlinə qələm alıb ürəyini kağıza boşalda bildi. Ata həyatını mənalı edə bilən adamdır. 2009-cu ildə o, təqaüdə göndərildi. 10 il yaxın vaxt ötsə də, heç birimiz onun darıxdığını duymamışıq. Əksinə, bu illər Ataya özünü mənən borclu saydığı insanlara mənəvi borcunu qaytarmaq üçün bir vəsilə oldu...
Bu illər həm də bizim hamımıza Ata ilə ünsiyyətdə olmağa daha çox imkan yaratdı. Və mən onda anladım ki, biz bir-birimizə çox oxşayırıq...
Keçən ilin yayında həyətdə oturmuşduq. Ata mənə uzun illər öncə başına gələnləri danışırdı. O danışdıqca, mən özümün atdığım addımlara onun danışdığı xatirələrdə, başına gələn əhvalatlarda cavablar tapırdım. Mənə elə gəlirdi ki, özüm-özümlə söhbət edirəm. Qarşımda çox doğma, hər hərəkətini anladığım bir insan əyləşmişdi. Anlayırdım ki, onun mənə olan dözümünün, hərəkətlərimə verdiyi qiymətin və dəstəyinin kökündə bizim bir-birimizə olan çox böyük oxşarlığımız durur. Və mən onu da anlayırdım ki, bu oxşarlıq mənimlə bitməyəcək... Mənim ona olan sevgim kimi...