adalet.az header logo
  • Bakı 16°C
26 Avqust 2018 13:00
15936
ƏDƏBİYYAT
A- A+

Oğuz Ayvazdan yeni şeir

Adalet.az Oğuz Ayvazın "Səni sevirəm sözünün kəşfi"adlı yeni şeirini təqdim edir.




sevmək başqa bir ömrə səyahətmiş sən demə
biletimi almışam, cibimdədi
özüm gedəcəm bu yolu,
əllərimdə illərin yorğunluğu...

"səni sevirəm"i axtaracam yol xəritəmdə
görən, harasında gizlənib bu müdhiş cümlə
hansı küncündə ağlayır
hansı bucağında darıxır
hansı köşəsində sevinir... bilmirəm...

elə bir şəhər olmalı mütləq
bir kaşifin tapıb ortaya çıxardığı
adını "səni sevirəm" qoyduğu
turistlərin axışdığı şəhər
bələdçilərin xoşbəxtcəsinə danışdığı
küçələr, parklar, muzeylər...

adamların şəkil çəkdirdiyi...
hansı xoşbəxt bucaqda...
hansı uşaq çığırtısında...
hansı yağışlardan qoruyan ağaclarda...

o şəhər hardadır görən
o şəhərdə yaşayan varmı
ölən varmı
bilirəm, o şəhərdə adamların cibi üşümür
maşınların səs-küyü yox orda
zibil qabları da gözə dəymir.

uşaqların göz yaşı şeirdir o şəhərdə
qocaların yerişi nəğmə...

gecələr düşmür o şəhərə
bəyazlara bürünüb yatır gecə...