adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Avqust 2018 13:05
8677
MƏMLƏKƏT
A- A+

Cocuq Mərcanlıda Qurban bayramı qeyd olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tədbir keçirib.

Adalet.az-ın məlumatına görə, Dövlət Komitəsinin Cəbrayıl Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi yad olunub.

"Mən bu gün burada bir daha əmin oldum ki, vətən torpağının azadlığı, işğaldan azad edilməsi uğrunda şəhid olmağa, şəhid verməyə dəyərmiş! Cocuq Mərcanlının bərpası, kənd əhalisinin yenidən doğma yurda qayıtması, burada qaynar həyatın başlanması qəhrəman şəhidlərimizin ruhuna hörmət və ehtiramın təcəssümüdür. Şəhidlərimizin qanı hesabına azad edilən hər qarış torpağımız bizim üçün müqəddəsdir! İnanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində doğma Qarabağımız tezliklə işğaldan azad ediləcək!” Bu sözləri Aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı Sevinc xanım Qurban bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Cəbrayıl rayon şöbəsinin sədri Səbuhi Hüseynov, Aprel döyüşlərinin şəhidi Ruhin Qəhrəmanovun atası Əşrəf Qəhrəmanov, Cocuq Mərcanlı sakini Faiq Həziyev və başqaları tədbirdə çıxış edərək, dövlətimizin başçısının torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı siyasəti dəstəklədiklərini bildirib, müharibənin nəticələrindən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.

Qeyd edilib ki, məcburi köçkünlərin problemlərinin həlli, məşğulluğunun təmin edilməsi ilə bağlı məqsədyönlü tədbirlər uğurla icra edilir. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial problemlərinin həlli prioritet məsələ kimi hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Cocuq Mərcanlının bərpası isə bu baxımdan xüsusi önəm kəsb edir.

Tədbirdən sonra kənd məscidində ehsan məclisi təşkil olunub, şəhidlərin ruhuna dualar oxunub. Kənd sakinlərinə qurban payı, məktəblilərə hədiyyələr verilib.