adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Avqust 2018 08:49
154513
GÜNDƏM
A- A+

Çinarə İsayeva


Nə qaldı sevincdən
gör əllərimdə

Göz yaşım üzümdə kiridi getdi,
Yarısı dərd idi, sər idi getdi.
Bir lopa qarıydı əridi getdi,
Nə qaldı sevincdən gör əllərimdə.

Qanadım xəyaldı, uça bilmirəm,
"Uç" əmri verilib uça bilmirəm.
Xətləri qarışıb aça bilmirəm,
Nə qədər gizlənib sirr əllərimdə.

Olanlar olubdu, ha çalış, qoru,
Közərdə bilməzsən kül altda qoru.
Görəsən əlimdə kim qurdu toru?
Çırpınır taleyim tor əllərimdə.


Yarı

Onsuz da dünyaya gəlməyəcəkdim,
Eşitdim adıma qurban kəsiblər.
Doğuldum dünyaya, amma nə fayda,
Bağrıma daş, başıma gül əkiblər

Hara getdim çiçək çıxdı qarşıma,
Tikanları əllərimi qanatdı.
Şirin - şirin yuxulara dalanda,
Bir eşq səsi yuxulardan oyatdı.

Yarı çiçək, yarı tikan dünyanın,
Mən bilmirəm harasında qalmışam.
Tam oxuya bilmirəm, bu nəğməni,
Bu nəğmənin yarısında qalmışam.


Bəlkə

Ey insanlar, qanad açıb uçuram,
Azadlığıa azad yollar açıram.
Baş götürüb bu yerlərdən qaçıram,
Sən çıxsan qarşıma duraram, bəlkə.

Yer üzündən kainata uçuram,
Bu həyatdan o həyata uçuram.
Yeldən, yelə, atdan ata uçuram,
Sən məni çağırsan qalaram, bəlkə.

Cöllər od - alovdu, buzdu qucaqlar.
Hayına yetmədim, küsdü uzaqlar.
Əsməyir küləklər, sönüb ocaqlar,
Ahımdan bir ocaq qalaram, bəlkə.


Həyat sənə nə verdi ki,
Çinarə

Həyat sənə nə verdi ki, Çinarə,
Doğulub yaşayıb ölməkdən özgə.
Dərdin ömrü uzun, sevinc bir anlıq,
Əində nə qaldı gülməkdən özgə.

Həyat sənə nə verdi ki, Çinarə,
Ürəyinlə bağlanırsan həyata.
Bir gün burax, bu həyatın əlini,
Bəlkə bilə dönüklüyü həyat da.

Həyat sənə nə verdi ki, Çinarə,
Ürəyinin ha tərəfi sağ qalıb?
Imaraətlər ucalıbdı dağ kimi,
Ürəyində Fizulidən dağ qalıb.


Nədəndir?

Göz yaşlarım selə dönüb bu gecə,
Hey silirəm, heç bitməyir nədəndir?
Ötüb deşir gözlərimdən indicə,
Xatirələr bəs etməyir nədəndir?

Yada düşdü ayaqyalın çağlarım,
Çüyür qaçıb, ceyran ötən çağlarım.
Mənimlədir sinəmdəki dağlarım,
O günlərə ün yetməyir nədəndir?

Dörd uşaqdıq, dördümüz də balaca,
Hər vaxt onlar xatirimdə qalacaq.
Görən məni bircə tifil anacaq?
Xəyal məni tərk etməyir nədəndir?
Mənimdi

Doğrusu da, yalanı da mənimdi,
Olanı da, qalanı da mənimdi.
Böşalanı, dolanı da mənimdi,
Çıxıb getsəm görən yerim dolarmı?

Başım üstən qara duman çox keçib,
Həssas qəlbim, ağrı çəkib, nəm çəkib.
Can tarlamda sevgi əkib, qəm biçib,
Ulu Tanrım məni yada salarmı?

Bir ah çəkdim, ahım göydə buruldu,
Tutqun qəlbim sular kimi duruldu.
Bu səhrada köhlən atım yoruldu,
Bu səhrada görən izim qalarmı?


Doğru

Yaman əsdi bu dövranın küləyi,
Sovurdu telimi bəyaza doğru.
Tanımadım ömür boyu fələyi,
Qurutdu ömrümü ayaza doğru.

Başladı əsməyə təqaətsiz dizim,
Yaxşını yamanı seçmədi gözüm,
Yoruldu qollarım qalmadı dizim,
Qurudu sularım ayaza doğru.

Yağılar əlində qaldı Füzulu,
Şəhərdi, qaladı, qaldı füzuli,
Gözümün yaşını aldı Füzuli,
Su üçün yüyürdüm Araza doğru.


Uzaqlar kimi

Darıxdım səninçün özüm bilmədən,
Gözünü daş tutmuş bulaqlar kimi.
Mən səni istədim sənin özündən,
Sözə həsrət qalmış dodaqlar kimi

Yaxın nədi, uzaq nədi, göy nədi?
Anlamadım sevən qəlbim göynədi.
Sevgi təzə, qoca dünya köhnədi,
Əlimi donduran sazaqlar kimi.

Düz dünya, yamyaşıl, gah sarı təhər,
Ürəyimdə sevinc, gözümdə qəhər.
Uzatdım əlimi sənə bu səhər,
Çatmadı, uzaqdın uzaqlar kimi