adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 Avqust 2018 00:29
19168
ƏDƏBİYYAT
A- A+

Küləkli gün

Hekayə

Əlisəfa Azayev

Şahbazın özü demişkən "ağır səfərdən" qayıdıb gəldiyi, o günlərin, illərin ağrı-acısının canından çıxmasından hələ çox da keçməmişdi. Dost-tanış üstünə düşdü ki, işləməlisən. Onlara da Allah kömək olsun, ona iş tapdılar da... Kommunal Müəssisələri Kombinatında... Adı təmizlik işi olsa da, hərdən elə çirkli işlərə cəlb edirdilər ki, ödü ağzından gəlirdi. Rayon mərkəzində də nə qədər çirkabla dolu yerlər, qablar vardı. Onları maşınlara qalamaq, aparmaq, boşaltmaq lap it zülmü, əzabı idi.
Əlbəttə, o belə işlərdən həmişə uzaq olmağa çalışar, arada da gileylənərdi. İndi də belə:
- Elə müəllimlər vaxtında dedilər, təkid etdilər ki, oxu, bala, savad, bilik yaxşı şeydi, oxumadım da... İndi öz bəlamı çəkirəm... Nolsun ey, oxumamışam, "za to" bu torpağın övladıyam. O borudan axan neftdən, benzindən bir damla bizə pay düşmür? Bu da pulludu də... Yeyib-içərəm, gəzərəm özüm üçün... Yarı yasa çatmışam, hələ də sərhəddən o tərəfə keçməmişəm... Belə də yaşamaq, həyat olar?!.
Onun bu giley-güzarlı səsini eşidən müdir ona yaxınlaşdı:
- Şahbaz, yenə nolub?!.
- Heç, elə-belə sağlığın...
- Dost adamsan, özünə fikir ver.
- Necə fikir verim ey, cibdə bir şey yoxdu.
Müdir onu həvəsləndirdi:
- Şəhərdəki tədbirdə iştirak elə, yaxşı olacaq.
- Nə tədbirində?
- Babanın ad günündə, yubleyində də. Gül dəstəsi də yadından çıxmasın. Müzeyin də açılışı olacaq.
- Bəs mərkəzin deyirlər?..
- Hə də.. Bir nəticəyə gələcəklər. Daha sənə siyahıya imza etdirmirəm.
Müdir gedəndə sonra Şahbaz onun qarasına deyib-danışdı:
- Başı xarabdı ey, indi nə vaxtdı ki, tədbirə məcburi adam aparsınlar...
Səhər ancaq nə fikirləşdisə, o da başqaları kimi əlində bir dəstə ətirli gül üz tutdu tədbir keçirilən yerə. Çoxları onu görüb gülümsəyir, gözlərinə inanmırdılar. Şahbaz isə belələrinə deyirdi:
- Ə, mənim bu kişiyə böyük hörmətim var. Babadı da... O atəşgaha nail olmasaydı, bəlkə də heç cəbhədən geri qayıtmamışdım.
- Bəs nə üstdə həbs olunmuşdun?
- Mart hadisələri vaxtı idi... Ağılsız komandirlərimizin günahından. Bir dövlət çevrilişi edən idik? Vəzifə axtardılar da.
- Düzdü...
Tədbir deyildiyindən də tez başladı. Başçının gəlişi ilə hamı bir yerə toplandı. Polislər, QAİ işçiləri hərəkətdə idilər ha... Onlar yolu bağlayır, maşınların hərəkətini saxlayaraq gələnlərin tədbir keçirilən yerə keçməsinə şərait yaradırdılar. Şahbaz bu an müdirinin gümrah səsini eşitdi:
- Əla!.. Bax belə də!.. Gül dəstən də var!..
- Xilaskarımızın ad gününə gəlmişəm də.
- Həm də yubiley tədbirinə.
- Muzeyin də açılışı bu gün olacaq?
- Mərkəzin də...
- Heykəl pis alınmayıb. Özünə oxşayır...
- Hə...
Başçı gümrah görünürdü. Onu əhatə edən yaxınları ilə birlikdə abidə önünə ətirli gül dəstələri qoyandan sonra müzeyə tərəf keçdilər. Bir azdan təntənəli yığıncaq başladı. Başçı odlu-alovlu danışdı, əldə olunan uğurlardan danışdı. Hətta arada səsi bir az tutulan kimi oldu, pərtliyini büruzə verməmək istədi, gülümsədi. Kimsə ona tərəf əyilib pıçıldadı: "Bəlkə su içəsiniz..." O "yox" işarəsi verərək, sözünə davam etdi:
- Kim nə deyir desin!.. Uğurlarımız daha böyük, çoxdur!.. Görürsünüz də, əvvəl bura belə deyildi! Bərbad bir yerdə əsl cənnət-məkan düzəltmişik! Yaşıllıq, fəvvarələr!.. Gözəl oturacaq yerləri, skamyalar!.. Bunları qorumaq, saxlamaq, gələcək nəsillərə yadigar qoyub getmək hamımızın borcudu!..
Səslər, alqışlar eşidildi:
- Əla!..
- Allah sizdən razı olsun!..
- İşləyirsiz də!.. İşləmək necə olar ki?!.
Çıxış edənlər də bu uğurlardan danışdılar, görülmüş işləri öydülər:
- Rayon mərkəzimiz əvvəl belə deyildi axı. Hər yan təmizlənib, rənglənib, yaşıllaşdırılıb. Bir balaca bizim tərəfdə yer qalıb. İnşallah, ora da növbə çatar...
Veteran kişi də dedi:
- Su, qaz, işıq... Lap əladı... Hərdən suda fasilə olur. Bu da lazımdı da. Elə adam var qədrini bilmir. Xətlərdə də nasazlıq olur da. Yolları su basır, çirkabı aşağı axıdır...
Onu dinləyənlər başlarını buladılar. Müavinlər hirslə şöbə müdirlərinə, onlar da referentlərə tərəf baxdılar.
Söz bu qadına verildi:
- Dərdiniz indiyə qalmayıb. Lap gözəl yaşayırıq! Bugünkü uğurlardan danışmaq lazımdı. Çatışmamazlıqlar həmişə olub da. Elə biri mən... Səhərlər lap tezdən durur, idman edirəm. İdman sağlamlığın rəhnidi...
Başçı yenə də arada danışdı. Çiçəklənən partiyanın uğurlarından danışdı, naxələfləri, nankorları qamçıladı. Xoş bir gələcəyə doğru getdiyimizi dedi. Onu xeyli müddət alqışladılar. Kimsə ona gül dəstəsi verdi. Şahbaz bu həvəsdə olanda, müdir qoymayıb dedi:
- Sakit, bizi isə salarsan, protokolda nəzərdə tutulmayıb.
Təmizlik işçisi incik halda dilləndi:
- Babanın abidəsi önünə qoymaq olmaz?
- Bunu əvvəl bayaqdan qoyaydın da.
- Bir imkan verdilər ki...
- Yaxşı, tələsmə qoyarsan...
Şahbaz bir azdan özünü yaxşı hiss etmədi. Ağrınan kimi oldu. Hava da xoş deyil. İsti külək əsirdi. Hava boğucu, bürkülü idi. Başçı yenə də görünməz oldu. Söz musiqiçilərə verildi. O, arada abidəyə yaxınlaşıb:
- Allah sənə qəni-qəni rəhmət eləsin, baba, məzarın nurla dolsun!..
Kimsə arxadan onu səslədi. Rumka yoldaşları idi. Biri dedi:
- Ə kişinin bir babası olar, səninki lap üç imiş ki.
O birilər də onun səsinə səs verdilər:
- Biri ata babası...
- Birin ana babası...
- Bəs üçüncüsü?..
Şahbaz o an dilləndi:
- O bir mənim yox, elə sizin də babanızdı!
Biri kəkələdi:
- Canım üçün, hələ sağlığında, özü deyəndə eşitmişəm... Jurnalist qız soruşdu, dedi ki, mən nəvəmin babası ola bilərəm...
Bunların söhbəti də Şahbazı bir az dilxor elədi. Mədəsi pozulmuşdu. Özünü daha da pis hiss eləməyə başladı. Əsas qapıya yaxınlaşıb, çıxmaq istəsə də, mümkün olmadı. Oranı möhkəmcə bağlamışdılar. Polis nəfərləri lap yolkəsənlik eləyirdilər. Şahbaz əlacsız halda zabitə üz tutdu:
- Buraxın da...
- Mən kiməm... İcranın nümayəndəsi var. Ona yaxınlaş.
İcranın nümayəndəsi isə müavini göstərdi:
- Ona yaxınlaş. Tədbir hələ davam edir. İcazə vermirlər. hamı birlikdə çıxacaq. Çəkiliş qrupu hələ gəlməyib.
Məsələ aydın idi. Onları burada ləngitməkləri səbəbsiz deyilmiş. Müdirləri də eyni sözləri təkrarlayanda dedi:
- Daha bu olmadı da! Bizi nə yerinə qoymusunuz? Tədbir demirdiniz, gəldik də!.. Nə qədər gözləmək olar ki?!.
- Bir az səbrli ol.
- Dedim axı, mədəm pozulub. Burada da elə bir yer yoxdur.
- İndi çıxarlar. Birtəhər döz də.
- Yenə sizi eşidərlər, bir xahiş eləyin.
- Çətin... Tapşırıq belədi...
Müdir bu sözləri deyib, aradan çıxdı. Şahbaz əsl mənada meydanda komandirsiz əsgər kimi qaldı.
Dalda bir neçə qız-gəlinin cəmləşdiyini gördü. Bir qadının ürəyi sıxılmışdı, araya alıb üzünü yelpikləyir, deyirdilər:
- Qurtar da... Nədən utanırsan... Bir yüngüllük taparsan.
- Utanıram axı...
- Utanma... Olan şeydi.
Bu an Şahbaza elə bir dəli gülmək gəldi ki, özünü saxlaya bilməyib, gülə-gülə orada göstərilən şəkillərə, əl işlərinə baxdı. Sahə müvəkkili Bəşir soruşdu:
- Ə, uşaq kimi nəyə gülürsən?
- Elə-belə, xoş xatirələr yadıma düşmüşdü.
Bir azdan daha dözə bilmədi. Bağırsaqları, qarnı qırılırdı... Özündə deyildi. İsti külək lap kələyini kəsən kimi idi. Nə etdiyini də bilmədi. Bir də gördü ki, əl atıb hündür dəmir çərçivəli hasarın üstündən tullanır, adamlar səslənir:
- Bir baxın...
- Dözmədi də...
- Televizora çəkdilər...
Onun isə nə deyilənləri eşitmək, nə də gələnləri görmək həvəsi vardı. Aramsız polis fiti, səs-küy, arxasınca çağırış səsləri eşitsə də, oradan küçəyə tullanan kimi, arxasına da baxmadan evlərinə tərəf qaçmağa başladı.
Həyətlərinə çatan kimi özünü ayaqyoluna güclə çatdırdı. Yoxsa, əsl mənada şalvarını batırıb-bulayacaqdı. Bir azdan özünü qaydaya sala-sala oradan çıxırdı ki, onu yoxladılar. İki polis nəfəri idi. Biri dilləndi:
- Bizimlə gedəcəksən.
- Bilirəm... Qoy əlimi yuyum.
- Yumasan da olar. Maşın gözləyir.
- Ə, bir insafınız olsun. Müsəlmanıq axı. Müsəlmanın nəyi olmasa da, təmizliyə riayət edəndi.
Bir müddətlik özünü lap bütpərəst kimi polis şöbəsində keçirəsi oldu. Qaldığı müvvəqqəti saxlama kamerası bürkü olsa da, pis deyildi. Silib-süpürmüşdülər. Döşəmənin üstə uzanmış halda bir müddət fikirə-xəyala daldı. Sonra da şirin yuxuya getdi. Babasını yuxuda görmüşdü. Bu məzmunda aralarında söhbət oldu:
- "Ay dəcəl, yenə qaçırsan ha?"
- "Qovurlar da..."
- "Heç kimin səninlə işi yoxdu... Təqsir özündədi..."
- "Nə edim... Başqaları kimi ola bilmirəm də..."
- "Bax, bircə anlıq səbr etsəydin, indi burada yatmazdın..."
Şahbazın xəbəri yox idi. Bu anlar bütün rayon ancaq ondan danışırdılar. Nəzarətçi də şadyana bildirdi:
- Dur, nə yatmısan... Televizorda səni göstərdilər... Elə qaçan yerdə şəklini çəkmişdilər...
Əslində isə bu kadrı göstərən özəl tele-kanallardan biri idi. Şahbazın hasardan tullanıb qaçması kadrını təsadüfən lentə götürsələr də, onu çox məzəli şəkildə təqdim edirdilər. Bu da başçıya açıq getmiş, dərhal müavinləri yanına çağırtdıraraq özündən çıxmışdı:
- Bu nə biabırçılıqdı! Televiziyanın rəhbərliyinə təcili zəng vurub, etirazınızı bildirin! Bir də aydınlaşdırın, bu yaramaz hansı idarənin işçisi olub?!.
Müavin lap kökündən vurdu:
- Aydınlaşdırarıq, cənab başçı. Bəlkə elə təxribatçı olub.
- Hə də...
- Hələlik polisdədi. Görək hakim nə cəza verəcək.
Səhər onu məhkəməyə lap xüsusi təyinatlı maşında gətirdilər. Elə bil ki, həbs altında yatan ağır cinayət etmiş dustaq idi. Serjant gileyləndi:
- Nə edək, nəqliyyat, benzin yoxdu da.
- Bunun hərəkəti az təhlükəlidi bəyəm?
- Daha belə, it maşınında yox da.
Hakimin yanında olanda isə Şahbaz əsl mənada tamaşa göstərdi:
- Mən nə etmişəm ey?!. Tutub gətiriblər!..
Hakim bu an özündən çıxdı:
- Hələ bir dili də var ey danışmağa! Bu boyda rayonu respublikada biabır elədin!.
- Yəqin başqa yerlərdə baxanlar da olub...
- Sakit!.. Əhlikef!.. Camaat o gün tədbirə toplaşıb, bu qaçıb aradan çıxır!..
Şahbaz ağrına-ağrına bildirdi:
- İnanın, cənab hakim... O gün özümdə deyildim mədəm pozulmuşdu... Rəisə də dedim... Buraxmadılar. Əlacsız qalıb hasarı aşıb qaçası oldum.
Biz qoyunuq ki, ora salmışdılar?!
Sahə müvəkkili ona göz ağartsa da, hakim onun bu sözlərinə gülümsəyəsi oldu:
- Orada darıxan, pis vəziyyətə düşən bir sən deyildin ki?
- Mən səbirsizlik elədim də. Küləkli gün idi. Ölürdüm də... Nəfəsim kəsilmişdi. Belə şeylərə dözümüm yoxdu.
- Yaxşı, bəs o öz-özünə gülməyin nə idi? Görən olub...
Şahbaz qımışaraq dedi:
- O gün bir qadını ürəyi sıxılan gördüm. Allah ölənlərinizə rəhmət eləsin, bir nənəm vardı... Rəhmətə gedib. O yadıma düşdü. Tünlüyə düşəndə, aşağı çömbələr, iri, uzun tumanı hər yanı tutardı. Belə vəziyyətdə də təbii çıxarını yola verərdi...
Hakim onun başabəla olduğun görüb dedi:
- Cərimə edək, getsin də...
Şahbaz o an duruxdu, sözündən qalmadı:
- Cənab hakim, vallah, bundansa inzibati həbs yaxşıdı. Hörmətinə görə çox sağ ol. Keçən dəfə də cəzamı azaltdınız, borcu hələ də verib qurtara bilməmişik.