adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Avqust 2018 00:36
14604
ƏDƏBİYYAT
A- A+

Əvəz Lələdağ

Vətən,
sənə qurban olum

Yadlar məni boşaldıblar,
Misqal-misqal boşalmışam.
Doğma ilin gül bağından,
Perik düşən quş olmuşam.
Qınamasın dağlar məni,
Dönüb qəlbi daş olmuşam.
Diləyim var, Lələdağda
Əl dəyməyən bir qıraxda
Boynu bükük bir kol olam,
Qayasında sal daş olam,
Qartalına yoldaş olam.
Məclis quram Gurbulaqda
Saz, söz ola sağım, solum,
Vətən, sənə qurban olum.
***
Hər daşına, kəsəyinə,
Xoş arzuna, istəyinə.
Yamacına, yarğanına,
Sinəsiylə çən sürünən,
Başı qarlı çaldağına,
Qəribsəyən yaylağına,
Diş göynədən bulağına
Buz suyuna canım fəda,
Yol verməyək zalım yada,
Tez açılsın bağlı yolum,
Vətən, sənə qurban olum.
***
Ədalətin yaxasından,
İlan dilli şər asılıb.
Ər oğullar itirmişəm,
Ürəyimdə yası qalıb.
Qalayımız tükənibdi,
Qazanların pası qalıb.
Təndirimiz qaralıbdı,
Atmalarda hisi qalıb.
Gül bağını xəzan vurub,
Çiçəklərin pisi qalıb.
Sahibini haraylayan,
Nənəmin cəhrəsi qalıb.
Beş yüz yaşlı qara damda,
Çörəyin təhnəsi qalıb.
Qonşumuzun çatmasında,
Donbagöz nehrəsi qalıb.
Kətilikdə siv doğrayan,
Babamın dəhrəsi qalıb.
Bir açılmır əlim, qolum,
Vətən, sənə qurban olum.
***
Nuhun səsi gəlir İşıqlıdağdan,
Babam işıq görüb, burda dağ görüb.
Gözəldağ səsləyir deyir uzaqdan,
Zülmü, haqsızlığı bu torpaq görüb.
Bu dağda səs salıb Dədəmiz Qorqud,
Yal yurdda yaylayıb dəli Xançoban.
Bizə ondan qalıb bu oba, bu yurd,
Burda formalaşıb neçə qəhərman.
Bir də o yerlərə yolum düşərdi,
Yalyurda uşaq tək iməkləyərdim.
Doğma obasına elim köçərdi,
Bulaqdan su içib oxay deyərdim.
Burda kişnəyibdi şaxə qalxıbdı,
Yaxşı kişilərin, yaxşı atları.
Düldülü, Qıratı, Dürat, Bozatı,
Biz də unutmayaq gərək onları.
Burda Alapaça yetib Qırata
Koroğlunu suya basıb Mustafa.
Burda neçə ərgən çatıb murada,
Burda namərdləri asıb Mustafa.
Bu hicran karvanı uzanıb gedir,
Yollardan çəkilmir qatı duman, çən.
Qartal oylağında bayquş seyr edir,
Bizi haraylayır anamız Vətən.
Bizi haraylayır Arzubulağı,
Çəkir ağuşuna Göbəkdaş məni.
Yolumu gözləyir Hacının bağı,
İtirib axtarmır o sirdaş məni.
Zarıyır nənəmin ocağı, sacı,
Yanıb külə dönüb yazın təzəyi.
Yağının şərbəti acıdan acı,
Kim bizə tapşırıb bu gözləməyi?
Bizi haraylayır qoca Gülbağı,
Gülün ləçəyinə yenə xar düşüb.
Nadanlar yığılıb kəndin içinə,
Bir quru çöp üstə vurhavur düşüb.
Bizi haraylayır doğma kəndimiz,
Onun kimi vardı bizdən savayı.
Möhnətə nə qədər dözməliyik biz,
Nəyimiz qalıbdı sözdən savayı.
Yenə qayıdaydım o doğma kəndə,
Qapını üzümə anam açaydı.
Süzgün baxışıyla məni süzəndə,
İlhamım, həvəsim çiçək açaydı.
Açıb qollarını qucaydı məni,
Üzümnən, gözümnən öpəydi yenə.
İlıq nəfəsini gül çiçək kimi,
Üstümə, başıma səpəydi yenə.
Başımı qoyaydım mən sinəsinə,
Dolardı qoynuma ilıq nəfəsi.
Hicranın karvanı dönə tərsinə,
Çağlaya nənəmin nağıl dünyası.
Yenidən qayıda analı dünyam,
Çəkilə yolumdan qatı duman, çən.
İndi uşaqlığa, gəncliyə yadam,
Könlümdən keçir ki, uşaq olam mən.
***
Otuz payız getdi, otuz qış getdi
Otuz yazı, yayı yola salmışıq.
Doğma yuvasından saysız quş getdi,
İndi o yerlərə həsrət qalmışıq.
Nəyi gözləyirik ərlər, ərənlər,
Nəsillər torpaqdan uzaqlaşırlar.
Kimdi gül bağında çiçək dərənlər,
Orda "hayqanuşlar" hırıldaşırlar.
Afat yeri əsir bizim dağlara,
Gözəllər gəlmirlər çeşmə başına.
Həsrətlə baxırıq ötən çağlara,
Səhənglər söykənmir bulaq daşına.
Boynu bükük qalıb, intizar qalıb,
Ulu babaların məzar daşları.
Gülşən baxçasında boran, qar qalıb,
Vətəndən perikib vətən quşları.
Arzular, diləklər gül kimi soldu,
Sonasız çağlayır sonalı göllər.
Vətən deyə-deyə vətənsiz öldü,
Qərib qürbət eldə qərib ölənlər.
Yarıya bölüblər yarı qalmışıq,
Hələ də tapılmır kələfin ucu.
Qırılıb-qıpılıb biz azalmışıq,
Hünər meydanında bizik sonuncu.
Kimlərin əliylə paralanmışıq,
Gör neçə paradır Vətən torpağı.
Kimin gülləsiylə yaralanmışıq?
Kim çəkib sinəmə sağalmaz dağı.
Qorxu bilməzlərin, igid ərlərin,
Artıq sillələnib səbir kəsası.
Ala gözlərindən şux gözəllərin,
Axır bıldır-bıldır qanlı göz yaşı.
Nəyi gözləyirik ərlər, ərənlər,
Əsir tonqalları qalanır orda.
Orda çiçək dərmir bizim ərgənlər,
Zəhərli ilanlar dolanır orda.
Xırıldamaq nədi, ölmək gərəkdi,
Biz Şəhid olsaq da, Vətən ölməsin.
Mənim diləyim var, Vətən yolunda,
Vətəni sevməyən yetən ölməsin.
Vətən müqəddəsdir, Vətən uludur,
Eşqimiz, əhdimiz, andımız Vətən.
Vətən həqiqətin, haqqın yoludur,
Doğma anamızdır anamız Vətən.
Hüsnünə baxmaqdan doymayır gözlər,
Gözəldən gözəldir gülüzlü Vətən.
Doğma ana kimi bizi əzizlər,
Ona can deməsin hər yoldan ötən.
***
Bizə sağol deməz sonra gələnlər,
Yurdu ilanlardan təmizləməsək.
Bizi bağışlamaz yurdsuz ölənlər,
Ruhlar da şad olmaz orda gəzməsək.
Bu sözü deməyə haqqım var mənim,
Axı mənim olub o torpaq, o su.
Yaylaqlar, oylaqlar, bulaqlar mənim.
İçimdə boy atır döyüş arzusu.
Haydi igidlərim, düşmənə qarşı,
Qisas qiyamətə qalmasın gərək.
Vətən torpağının bircə qarışı
Yağı tapdağında olmasın gərək!
***
Mən qurban demişəm "Şəfa" pirinə,
Yurdu azad edib qurbanlar kəsək.
Bax, budu deyirəm, əlim dəyməmiş,
Yolumdan çəkilsin bütün daş, kəsək.
Min ildi gördüyüm o uçuq Küməz,
Adını yaşadır Bədəlxan bəyin.
"Qarapir" tarixdən heç vaxt silinməz,
"Anabat" haqqında mən nəyi deyim?
Yellicə Düldülü alıb qoynuna,
Nə qədər borandan, qardan keçibdi.
Gəl min Dəvədaşın dəvə boynuna,
Elat camahatı burdan keçibdi.
Düzdərin Piri də nurlu ocaqdı,
Naümid qayıtmaz ora gedənlər.
Qələbəm yağıya dərd olacaqdı,
Keşiksiz gedəcək gora gedənlər.
Doğma yurdumuzdan düşmən izini,
Silib aparacaq bizim Bazarçay.
Namərddən alacaq min əvəzini,
Sənə özüm qurban! Özüm Bazarçay!
Tarixi yurdumuz Göyçə, İrəvan,
Qol açıb bağrına basacaq bizi.
Hələ də kül altda odu sönməyən,
Ocaqlar qoynuna alacaq bizi.
Yenə axrına düşəcək hər şey,
Ellərin olacaq, ellərin varı.
Yaşıl yaylaqlarda gözə dəyəcək,
Qoyun sürüləri, dəvə qatarı.
Türfə gözəllərin şən gülüşləri,
Axıb töküləcək güllərin üstə.
Bir də gəzməyəcək qurd örüşləri,
İllər xoş gələcək illərin üstə.
Çiçəkli çəmənlə, laləli düzlə,
Qızlar gələcəklər çeşmə başına
Şirin təbəssümlə bir gülər üzlə,
Səhəng söykənəcək bulaq daşına.
Nələr söyləyəcək Dədə Ələsgər,
"Çərşənbə günündə çeşmə başında"
Sazı susmayacaq səhərə qədər,
Deyəcək, güləcək ahıl yaşında.
***
İlahi, yolumdan çəkilsin duman,
İntizar qalıbdı anamla Vətən.
Vüqarlı dağlarda gəzdim bir zaman,
İndi tamarzıyam o dağlara mən.
Orda uşaqlığım gəncliyim qalıb,
Evcik oynadığım o yeri görüm.
Beşikdə o şirin dincliyim qalıb,
Çəpərdən boylanan o qızı görüm.
İçimdə tığlanıb şirin arzular,
Niyə tərpənmirsən, niyə yatırsan.
İnsanın qəlbində min-min arzu var,
Bir, iki arzuya ancaq çatırsan.
Bütün arzularım çin olsun Allah,
Ərisin çəpərlər, açılsın önüm!
Göstər köməyini mənə İnşallah,
O yaylağa dönüm ,o yurda dönüm.
Vətəndə tikanı döşək sanaram,
Burda ərşə çıxıb gözün yuxusu.
Vətənsiz, ocaqsız, odsuz yanaram,
Gözümdə yurd salıb sözün yuxusu.
Oturub çəməndə bardaş qurardım,
Qızardı nənəmin küllənmiş sacı.
Burda tər gülləri ovsunlayardım,
Burda oxşuyardım körpə Siracı.
Sacın yuxasının öz ləzzəti var,
Üzlü pendir ola yeyib yatasan.
Yuxunu qaçırda dəcəl uşaqlar,
Bala, səs eləmə, deyib yatasan.
Burda keçirəsən quşlarla günü,
Paklıqla ucaldar özünü insan.
Alam sığırçının kövrək könlünü,
Həsrətlə gözləyir o günü insan.
Burda söhbət edəm, şirin söz deyəm,
Coşqun cavanlığım əldən gedibdi.
Ulular önündə durub baş əyəm,
Elin kişiləri eldən gedibdi.
Hani soltanbəyin kəhər atları,
Atlar Lalayurdda gözümə dəymir.
Ota buraxmırlar səhər atları,
Dağın sərin mehi üzümə dəymir.
Burda oturmuşam tikan üstə mən,
Orda narahatdır məzar daşları.
Yaman qəribsəyib çiçəkli çəmən,
Kimlər perikdirib burdan quşları.
Enib suya gəlmir dağ maralları,
Dağın gözəlləri yoxa çıxıbdı.
Naşılar hürküdüb burdan onları,
Marallar əlçatmaz dağa çıxıbdı.
Budurmu gərdişin həqiqət yolu,
Doğulduğum yurda gedə bilmirəm.
Haqqın, ədalətin bağlanıb qolu,
Onu bağlayanı dədə, bilmirəm.
Nə qədər yolundan dönməyib geri,
Əslini axtarır Kərəmlə, Lələ.
Nə qədər millətin saflığı yoxdu,
Bizi yoracaqdı bu ağır şələ.
Neçə yol yalvardım, neçə yol dedim,
Kərəmi bu yoldan qaytar, ay Lələ.
Sən borana düşdün, mən kədər yedim,
Keşişin hiyləsi baş tutur hələ.
Quduz yağıların bacoğlanları,
Bizim şirəmizi çəkirlər hələ.
Gələ Əmir Teymur əzə onları
Düşə belimizdən bu ağır şələ.
Gələ qaçaq Nuruş, igid Qəhrəman,
Bizim canımızı qurtara şərdən!
Gələ qoçaq Nəbi, qaçaq Süleyman,
Yağının izini silə bu yerdən!

***
Siz tək xain olmaz, deyib atalar,
Yolunu azana yol qənim olsun.
Nakəsin qəddini əyib atalar,
Ədalət, həqiqət qoy mənim olsun.
Vətən, yurd deməyə haqqım var mənim,
Min illik tarixim şahiddi buna.
Güllərə şeh çilər dumanım, çənim,
Qoymaram çiçəyə, gülə xar qona.
Çaldağ, Qızılboğaz, Muradtəpəsi,
İşıqlıdağ mənim, Sarıyer mənim.
Burda pərvazlanıb Alının səsi,
Burdan qovulubdu neçə min qənim.
Arxaşan, Qumarxac o Leyliqaçan,
Mənim varlığımdı, mənim canımdı.
Dağlardan süzülən sərin bulaqlar,
Vena damarımda axan qanımdı.
Götür bu yerləri zərrəbinlə gəz,
Adına bir təpə, bir dağ tapılmaz.
Bir yanım Qoşqardı, bir yanım Kəpəz,
Sənin izin qalan torpaq tapılmaz.
Qoşaküməz vardı 5yüz il qabaq,
Sənə qənim olsun Cijim ocağı.
Bu hava, bu sərvət, bu su, bu torpaq,
Heç vaxt qəbul etməz sən tək alçağı.
Şimalım, Cənubum, Şərqim, Qərbim var,
Qərbim Irəvandı, Şərqim Gündoğan.
Şimalda Dərbəndim, Qasımkəndim var.
Doğma qardaşımdı Cənubdan baxan.
Göstər bircə-bircə nəyin var sənin,
Yalan söyləsən də bəşər inanmaz.
Bir neçə kəndimə "ad" qoymusan sən,
Tarixi adları dəyişmək olmaz.
Yarıcan olmusan işğalçı yağı,
Addımın daralıb yola yaramaz.
Mən sənə verdiyim pendiri, yağı,
Bir yolluq itirdin, sarsaq yaramaz.
Nankorsan, nadansan haqq itirənsən,
Mənim torpağıma dikmə gözünü.
Xeyir baxçasında şər bitirənsən,
Taleh dağlayacaq sırtıq üzünü.
Niyə unutmusan qul olmağını,
Əziz peşən idi ulaq nallamaq.
Çəkiclə əzərdin baş barmağını,
Yoxdur yer üzündə, sənin tək axmaq.
Hardan gəlmisənsə tez qayıt ora,
Basarmı bağrına bu dağlar səni.
Yüz il də yaşasan, yadında saxla,
Hər an yandıracaq bu dağlar səni.
***
Qurban sənə, qoç Koroğlu,
İfçin nallat, alma gözlü,
Qız biçəkli, Qıratını.
Aman vermə, Şər adamlar
Məhmizləsin şər atını.
Bir dəfəlik xilas olaq ,
Dərd əlindən, qəm əlindən.
Qarabağda iz qalmasın,
Yağıların əməlindən.
Vətən azad nəfəs alsın,
Günəş olsun, nəğmə olsun.
Baş qarışsın ev işinə, çöl işinə,
Heyran olaq, körpələrin gülüşünə.
Əkin əkək, biçim biçək,
Yaz olanda dağa köçək.
Yayda olsun yay qayğısı,
Payız çəkək toy qayğısı
Gəlin gəlsin,
Cıqqasında durna teli,
Bəyimizə tac qondarsın.
Zəhmət əli, qeyrət əli,
Qılıncından alov yağan.
Haqsızlığı dərhal boğan,
Vətən oğlu, qoç Koroğlu.
Bir az tez gəl,
Vətən qalıb dar ayaqda,
Biz də ondan çox uzaqda.
Qaçqın kimi köçkün kimi yaşayırıq,
Yerd-yurd dərdin çiynimizdə daşıyırıq.
tez Gəl babam,
İntizarda qoyma bizi.
Gəl onlara tanıtdır sən,
Əslimizi nəslimizi
Bir açılsın əlim-qolum,
Yurd yuvama qurban olum.