adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

BƏNZƏRSİZLİK

6853 | 2018-08-21 00:26
Sabir RÜSTƏMOĞLU
ADPU-nun Ağcabədi
filialının dosenti, AYB
və AJB-nin üzvü

(əvvəli ötən sayımızda)

Dünya bizdən asılı deyil və bizə görə də heç vaxt tükənməz. Fərhaddan sonra eşq yolu kəsilib. Kərəmin nakam sevgisindən sinəyə dağ çəkilib. Ancaq yenə də toy-düyün davam edir. Dünya bizimlə sona yetmir. Gözü açıq, qarnı isə toxdu. Qurdu quzusundan artıqdır. Sevgisinə qovuşan yoxdu. Ona görə də dünya bizimlə bitməyəcək. Yol daşa dönməmiş gedək. Daşa dönən heç daşdan utanmağımdır. Dünya bizimlə bərabər yaranmadığı kimi, bizimlə də sona yetən deyil.

Gedək, nə qədər ki, daşlamayıbdır,
Daşlayan bir yana, daşdan ayıbdır.
Bu dünya bizimlə başlamayıbdır,
Bu dünya bizimlə qurtarmayacaq!

Nakam məhəbbətin notları üstündə köklənən "Qayıt gəl" şeirində Musa Urud qəmli sonluqla bitmiş sevginin yenidən bərpa edilmək istədiyini incə bir deyimlə yad edir. Qəfil gələn zəngini gözləmirdim. Elə başa düşürdüm ki, bu sevgi artıq qəmli bir sonluqla bitib. Dəfn olunmuş gəncliyi bir zənglə geri döndərə bilirsənsə, onda səni gözləyirəm dön. Sel ki, dəhnəsindən çıxdı, ona dağdan bənd atsan da, axıb gedəcək. Sənin lövbərinin bünövrəsi yox imiş. Əgər qopardınsa, mən geri dönəcəm, sən də dön. Elə bir bulaq var ki, odu cızıldadır. Elə bir ocaq var ki, onun daşı özgə, odu ögeydir. Bu ocağın tüstüsündən başqa şey tapsaq mən də geri dönəcəm, sən də dön. Ağır yüklə yoxuş çıxırsan. Sən çağırsan da heç kəs eşitməz. "Bu dünyada bir əvvəl var, bir axır". Axır belədirsə, mən geriyə dönürəm, sən də dön gəl.

Yolun yoxuş, çiynindəki yük ağır,
Daha səni kim eşidər, ha çağır.
Bu dünyada bir əvvəl var, bir axır,
Axır busa, qayıdım gəl, qayıt gəl.

Musa Uruda görə sevgi hər bir cəhəti ilə gözəllik mücəssəməsidir. "Sevgi bütün gözəldi" şeirində də şair bu əbədiyaşar ideyanı təbliğ edir. Şükür edirəm ki, sevgi tamına mən də düçar oldum. Tanrı mənə sevgi payı verdi. Biz gəl sevgini ikiyə bölməyək, o bütöv olmalıdır. Mənə yarımçıq sevgi lazım deyil. Yarımçıq sevgi oduna ömrüm boyu və yarım kösöv kimi yanmışam. Məni köməkçi seç oduna ki, sən bütöv yanasan. Mənə yarımçıq sevgi lazım deyil.
Bulud göyə dərddən nalə tökür və dən torpaqda yanır. Bəzən yağış qəm, bəzən məhsul və bəzən də nur tökür. Sənə tərəf əllərim açıq və kirpiklərim yumulur.
Könlün yaş olmayanda gözümdən yaş axır. Sənin əlini buraxsam, əlim haqdan qopar. Bu gecə bütövlükdə mənim ol. Mənə yarımçıq sevgi lazım deyil. Bütöv ölüm yarımçıq yaşamaqdan yaxşıdır. Bir il ümidlə yaşamaqdansa, bir gün yaxşı yaşamaq gözəldir. Çörəyi bölmək yaxşıdı, ancaq sevgini bölmək olmaz. Mənə yarımçıq sevgi lazım deyil.

Yarımçıq yaşamaqdan bütöv ölüm gözəldi,
Bir ilin umudundan vallah, bir gün gözəldi.
Çörək bölünsə yaxşı, sevgi bütün gözəldi,
İstəmirəm, sevgini istəmirəm yarımçıq!

"Gedirəm" şeirində müəllif məhəbbətin çətinliklərinə dözə bilməyən aşiqin sevgi yolundan uzaqlaşmaq istədiyi məqam əks olunmuşdur. Səsim tutqun çaydı. Başqasında gözüm yoxdur. Yüz arzumun içində ana çevrilib yox olmaq istəyirəm. Şahmat kimi şahın qoynunda yatır. Taçt-tac sahibi olsam da, o mənə yaddı. Mənim qədrimi bilmədin, indi gedirəm, ağlama. Çat, sınıq qəlb üçün bəhanədir. Əlin çatmayana uzatma. Ana, suyu arxamca atma. Sabaha doğru gedərəm mən. Yaşıl arzuların "baş-başa" verərək ağlayır. Gəl mənə qoşul yol azan. Haqq yoluna gedirəm. Dərddən bezmişəm və dosta xəbər göndərmişəm. Yolu qısaldıb, üzü Allaha tərəf gedirəm.

Dərddən həzər eyləmişəm,
Dosta xəbər eyləmişəm.
Yolu kəsə eyləmişəm,
Üzü Allaha gedirəm.

Musa Urud "Allah" şeirində Yaradana müraciət edir ki, məni Vətən, torpaq, el-oba həsrətindən qurtar, Uruda qaytar. Qulun sahibi olanlar da Allahın quludur. Köhlən atları çaparaq nəfəsin kəsənlər qurd görən kimi Allahı köməyə çağırırlar. Dərd görənlər dərd vermirlər. Mərdi yıxan bilinmir. Fatehlərə imkanı Allah yaradır. Mənim bildiyim Allah üçün gizli deyildir. Allah verməsə şair olmaq olmaz. Məni bağışla Allah, ömrüm Kərbəlaya gedən yoldur.
Getdiyim yolun səsi bilinmir. Qurtar məni bu yurd həsrətindən Tanrı. Allah ya Musanın canını al, ya da onu Uruda qaytar.

Getdiyim səs hanı, Tanrı?
Qurtar bu cəzanı, Tanrı.
Ya apar Musanı, Tanrı,
Ya qaytar Uruda, Allah!

Vətəni əsirlikdə olan Musa Urud "Salam aparın" şeiri ilə gələcək vətən övladlarına sanki vəsiyyət edir və onlardan xahiş edir ki, Uruda qayıdan zaman onun salamını kəndinə çatdırın. Bizi kötük kimi doğradılar və bu kötüklərdən pöhrələr - balalar yarandı. Haray çəkən ruhların səsinə balalar geriyə dönün və əsirlikdə qalan kəndimizə mənim salamımı çatdırın. Qarışqa yoluna oxşayır ömür. Onu yağış yuyur və dolu döyür. Cənnətdən itkin düşən oğlu Adəmə salam söyləyin. Biz pusqu və darda kiçik və xırda hissələrə bölündük. Vətəndən əsir düşən yurdumuza salam yetirin. Yüz və min il sonra yadında qala bilsəm bir ovuc torpaq götürüb bizim yollara səpin və məndən yurduma salam deyin.

Yüz il sonra, min il sonra
Yadınızda qalsam, əgər
Bir ovuc torpaq götürün,
Bizim yollara səpməyə.
Məndən də salam aparın!
"Yeri bilinməz" şeirində müəllif müəyyən şeylərin yeri bilinmədiyini deyir. Sacı yanaraq kül olur. Yaş gözündə yanır. Qəlbi qar olanın odu yananmaz.
Qəm daşıma çiskində və yağış ol başına yağ. Dağ başına çən dolanar, ancaq bulud olanmaz. Sən Səməd atdan yıxıldın. Əmanət saxla yüyəni. Çalada yanan hər oddan ocaq olmaz. Oymaqla dağ dağılar. "Dağ-dağ" olar ağ sinən. Torpaq olar bu oğlandan ancaq yeri bilinməz.

Oymağınan dağ-dağılar,
O ağ sinən dağ-dağ olar.
Bu oğlandan torpaq olar,
Yeri bilinməz-bilinməz.

Şairə Nuridə Atəşiyə müraciətlə yazılmış "Nuridə xanım" şeirində Musa Urud Nuridə xanımla eyni dərdli olduqlarını poetik şəkildə qələmə almışdır. Hər ikimiz Nuridə xanım, Vətən həsrətliyik. Bunu Allah yazıb, bəndənin bu işdə suçu yoxdur. Qəriblik dünyanın qızına bənzəyir.
Qəriblər dərd yoldaşıdır. Sevgi və qəm Nuridə xanım Tanrı payıdı. Mən nə haqqın, nə ağacdan yarpağın, nə də sahildən qumun uzaq düşməsini istəmirəm. Hər od buzu əritmir. Hər öpüşdən yar sakit olmaz. Dərdin yaylağın Gün də qurutmaz. Vətən yox, onun səmasında buludlar ağlasın, şeir deyərək fəryad çəkən Musa və Nuridə xanım ağlasın.

Vətən ağlamasın təki,
Göyündə bulud ağlasın.
Misra-misra nalə çəkib,
Həm Musa Urud ağlasın,
Həm də Nuridə xanım.
Musa Uruda görə hər bir söz məqamında, zamanında və yerində söylənilməlidir. Məqamında deyilməyən sözün mənası olmaz. Şair "Deyilməz" şeirində də məqamında söylənməyən sözün dəyərsiz olduğu fikrini poetik dillə oxucuların nəzərinə çatdırmışdır. Tikan kolu gülün yanında, qara xal isə lalənin sinəsində olur. Ağlar və lal dərd var. Haray və ahın dərdini bir-birinə demək olmaz. "Başında çən-duman havası", "qoynunda quzğun yuvası", "tufanlar sındıran sırası" olmayan "hər bitili daş" qaya sayılmaz. Yazda hər tərəf yaşıl don geyinməsə, bənövşələr arxların qıraqlarında düzülməsə, "yarpızlar-yalqızlar" bir-biri ilə zümzümə etməsə və ona görə də bulaqdan nəğmə kimi süzülüb axan su çaya tökülməz. Ağ bulud göydə yalquzağa dönübsə, arı çəməndə çiçəkdən artıqdırsa, sünbülün dəni yoxdusa, onda quru süfrəyə dua söyləmək olmaz. Bulud, torpaq və dua Allaha, yağış, qamış və alqış şaha aiddir. Allaha deyilən sözü şaha demək olmaz. Söz haqdan yaranır və yaradır. Söz gün kimi işıq saçır və dan yeri kimi qızarır. Sözün Tanrıdan, ya Tanrının sözdən yarandığı bilinmir. Nəyin ucuz, nəyin baha olduğu məlum deyil. Sözü nəfsin ayağına bağlama. Sən öləndə söz qoy səni ağlasın, sən onu ağlama. Zamanı çatanda sözü de, əgər vaxtı keçibsə, onu deməyin mənası yoxdur.

Nəfsin ayağına bağlama sözü,
Sən öl, o ağlasın, ağlama sözü.
Məqamı gəldisə saxlama sözü,
Məqamı getdisə daha deyilməz.

"Bu göy, bu yer" şeirində şair göylə yeri müqayisə edərək onların xarakterik cizgilərini təbii boyalarla göstərmişdir. Pöhrələnməyə çalışan qoca dünyaya buludlar ümid verir. Hələ əkilməmiş torpaqlar indi şumlanır və buludlar göydə ağrı çəkir. Göy yerə uyğun ölçüdədir. Onların pisi də, yaxşısı da bizə aiddir.
Biçinçi kərəntini daşa döyməməlidir, onun ağzı korlanar. Buludlar hər an göydə ağrı çəkir. Göyün dodağı göynəyir hər an. İldırımın köynəyi əyninə dardı. Quşdan başqa göydə nə varsa, onu yerə endirin, buludlar göydə ağrı çəkir. Ey ağıl, kainatla işin olmasın. O inkişaf edərək yaşıl rəngə bürünəcək. Ağ don geymiş gəlinə bənzəyir alça çiçəkləri. Buludlar göy üzündə ağrı çəkir.

Ağıl qardaş, kainatı dinc burax,
Pöhrələnib, yaşıllaşıb daşacaq.
Gəlin alça çiçəkləyib ağappaq,
Göy üzündə ağrı çəkir buludlar.
Əgər məktub zamanında yazılmırsa, sonradan yazılıb əvvəlki ünvana göndərilirsə, bu gecikən məktub mənasız bir şeyi xatırladır.
Günahsız yerə güllələnmiş insana, ölümündən sonra günahkar olmadığı deyilirsə və onun günahsızlığı sübut edilib, "bəraət" verilirsə, gecikmiş məktublar da belə "bəraət kağızı"na bənzəyir. Musa Urud da "Gecikmiş məktublar" şeirində bu fikirləri irəli sürmüşdür. Bu məktublar artıq heç nəyi dəyişə bilmir. Keçmişi geriyə qaytarmaq olmaz, şairin gəldiyi qənaət belədir. Hərdən sevgi məktubları alanda ötüb keçən illərin ağrı-acısını anıram. Arxı, bərəsi dağılan və ünvanı bilinməyən göz yaşlarını xatırlayıram. Qapını döyən gecikmiş məktublar sanki ünvana düz gəlməyib. Düşünürəm ki, bunlar məktub yox, sanki kəfənə bürünmüş insan taleyidir. Güman edirəm ki, poçtalyon zamanı qarışdırmışdır. Məktub başqa bir ünvana göndərilib. Məktub mənə deyil, əzab çəkən və ruhu dağılan oğlanındır. Mənim simamda xoş əhval görünür. "Çınqıdan od oğurlaya"na oxşayır gözlərim. Dodaqlarımda təbəssüm görünür. Dilimdən qənd kimi şirin sözlər çıxır. Mənə belə məktub lazım deyil. Ocağın üstündə qalmış və obası köçüb gedən paxır qazana bənzəyirəm. Qolları yorulmuş izini bitirən məzarqazana oxşayıram. Mən nə gələn məktubu oxuyanam, nə də onlara cavab verən. Mən məktub yazana deyə bilmərəm ki, bu məktub qəm və qışa bənzəyir. Ona deyə bilmərəm ki, həmin oğlan yoxdu, o artıq daşa çevrilib. Aldığın məktublar dənizdən çıxan tordakı balıqlar kimi soyuq və buz parçasıdır.
Köhnə qəlpə ağrısı kimi gecikmiş məktublar evimə gəlir. Yay günündə seyrək yağıb yerə düşməyən yağışa bənzəyir gecikmiş məktublar. Qapını döyən gecikmiş məktublar günahsız güllələnən insanlara bənzəyir. Sanki bu məktublar güllələnmiş insanlara sonradan verilən "bəraət kağızı"na oxşayır.

Gecikmiş məktublar döyür qapımı,
Köhnə qəlpələrin ağrısı kimi.
Məktublar alıram yerə çatmayan
Yay gününün seyrək yağışı kimi.
Gecikmiş məktublar döyür qapımı,
Nahaq güllələnən günahsızların
Gecikmiş bəraət kağızı kimi!

Kitaba daxil edilmiş ikinci bölmə "Bir parça Vətən torpağı" adlanır. Burada şairin 76 şeiri yer alır. Bölmə "Minacat" şeiri ilə başlanır. Musa Urud Yaradana müraciətlə ondan kömək istəyir. Adam geriyə - yurduna qayıdar. Torpağını müqəddəs sayar, el-obasına, işıqlı gələcəyə aparan yola arxalanar. Onun bulaq üstündə sevgi deməyə, isti ocaq başında söhbət zamanı dərdini deməyə, ona ürəkdən dayaq olana və ən əsası, hər zaman Vətənə ehtiyacı var.

(ardı gələn sayımızda)

TƏQVİM / ARXİV