adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Avqust 2018 00:11
618446
GÜNDƏM
A- A+

TİENS şirkəti: Alturizmlə komuflyaj olunan fırıldaq

Bu yaxınlarda "facebook" sosial şəbəkəsində "Vakansiya iş" səhifəsinə gözüm sataşdı. Bu səhifədə insanlara, xüsusən də kadrlar idarəsini üçün ehtiyatda olan zabitləri işlə təmin olunması barədə məlumat verilirdi. Orada iş qrafiki, normal maaş, uğurlu karyera haqqında da sözlər var idi. Amma hansı idarədə, təşkilatda iş olması haqqında heç bir məlumat verilmirdi. Səhifədə qeyd olunan nömrəyə zəng vurub, ehtiyatda olan zabit olduğumu və iş axtardığımı qeyd etdim. Mənimlə danışan A. müəllim sabah saat 10-da "28 May" metrosunun yuxarısında yerləşən "MEGAHAND" mağazasının yerləşdiyi III mərtəbəyə yaxınlaşmağımı bildirdi. Sabahı qeyd edilən vaxtda təyinat başında oldum. Orada 70-ə yaxın insanlar iş üçün gəlmişdi, amma nədənsə III mərtəbədə boş obyektlər çox idi, hətta iş üçün müraciət edənlərin müraciət etdiyi "Qəbul və məlumat ofisində" də hələ adı məlum olmayan "idarədə" az əməkdaşlar gözə dəyirdi nə isə...
Növbə mənə çatdı, məni ehtiyatda olan polkovnik qəbul etdi. Qısa "söhbətləşmədən" sonra mən birbaşa 2 tur keçmiş oldum, həmçinin 5 günlük "təlimd"ə iştirak hüququ qazandım. "Təlim" bitdikdən sonra birbaşa işlə təmin olunacağım barədə məlumat verildi. Artıq "təlimin" 1-ci günündə Çinin "TİENS" şirkətinə müraciət etdiyimi anladım. "Təlimçilər" başladılar adı çəkilən şirkəti reklam-tərif etməyə ki, "ay bu beynəlxalq şirkət 1993-cü ildə yaradılıb, dünyanın 124 ölkəsində nümayəndəliyi var, 2002-ci ildən Azərbaycanda fəaliyyət göstərir, bizim ölkə ilə 100 illik əməkdaşlıq müqaviləsi var, illik gəliri 18 milyard dollardır və s. bu kimi təbliğatlar". Bütün "təlim" boyu bizə nə işlə məşğul olacağımız barədə bir dənə də olsun bilgi verilmədi, ancaq "şirkət" tərifi və onun "təbii müalicəvi vasitələrindən" söhbət açıldı. Hətta "təlimçilər" iştirak edənlərə suallar verməyə belə icazə verilmirdi və qeyd edirdilər ki, "nə suallarınız varsa dəftərlərinizdə qeyd edin, "təlimdən" sonra himayədarlarınıza yaxınlaşın, onlar sizə hər şeyi izah edəcəklər". Himayədarıma yaxınlaşıb suallarımı verəndə onun suallarım qarşısında həm təəccübləndiyini, həm də karıxdığını gördüm. O, bəzi suallar "cavablar" verməyə çalışsa da konkret cavablar verə bilmədi və əlavə etdi, "müəllim təlimləri uğurla yekunlaşdırın sonra hər şey sizə tam aydın olacaq".
Daha sonra bir tanışıma TİENS şirkətinin təlimində iştirak etdiyimi deyəndə, həmin yoldaş mənə bu şirkətin fırıldağı, istismarçılığı ilə bağlı məlumat verdi. O bildirdi ki, 2015-ci ildə ora müraciət etmiş, sonra fırıldağı biləndən sonra aralanmışdı. Onun sözlərinə görə həmin şirkət insanlardan üzlülük olaraq 10, müayinədən keçmək üçün isə 78 manat alırdılar. Yoldaşın sözünə tam inanmasam da, şübhə qaldı. İnternetə baş vurdum və TİENS-in fırıldağı barədə onlarla xəbərlər, aldadılmış insanların, jurnalist araşdırmalar, azad sahibkarların adı çəkilən şirkətlə bağlı fikir və müsahibələrinə rast gəldim. Lakin buna baxmayaraq, sona qədər "təlim" də müşahidəçi kimi iştirak etmək qərarına gəldim. Artıq ikinci "təlimdə" həm tanışımın dediyi, həm də internetdə rast gəldiyimi məlumatlar özünü doğrultdu. "Təlimçinin" sözlərinə görə üzv olmaq istəyən hər bir kəs 13 manat pul ödəməli, kataloq, kitablar üçün isə 15 manat ödəniş etməli idi. Birinci ödəniş məcburiydi, belə ki, bu ödənişdən sonra guya hər ödəyiciyə şəxsi kod açılır və bu kod dünyanın 124 ölkəsində keçərlidir. İştirak etdiyim son 4-cü təlimdə isə yalnız şirkətin "1001 dərdə dərman" olan dərman məhsulları, şampunları, aparatları barəsində geniş təbliğatlar apardılar, iştirakçılara da əsas işlərinin yalnız şirkət məhsullarının reklamı, təbliği oldunu izah etdilər. Onu da xüsusi vurğulayım ki, "təlimçilərin" hamısı mahircəsinə insanları manipulyasiya etməyi bacarırlar, əsasən də insanlara "bu şirkətin özündən çox sizin qazanmanızda maraqlıdır", "şirkətə üzv olsanız zənginləşəcəksiniz", "bizim elə əməkdaşlarımız var ki, 1 saatına 1000 dollar pul qazanırlar", "siz niyə qazanmayasınız", "dövlətin "dəmir qəfəsli" işlərində sürünərək, il ərzində qazandığınız qəpik-quruşun 10 qatını bir saatda şirkətdə əldə edə bilərsiniz" və s. bu kimi gəlişi gözəl təbliğatlarla insanları tora salırdılar. Tora düşən qurbanlar da əsasən tələbələr və təqayüdçülərdir. 5 günlük təlimin 3 günü sırf şirkəti və onun məhsullarını təbliğ etməkdir, 4-cü təlim müraciət edənlərdən 13 manat pul yığılıb üzv edilərək (aldadılır) razılaşmaya qol çəkdirilir. "Razılaşma"da qeyd olunanlar ancaq şirkət məhsullarının reklamı, təbliği ilə bağlı idi, hətta adı çəkilən "sənədin" 2-ci bəndində qeyd edlir ki, "işə götürülən ilə işə götürənin heç bir öhdəliyi yoxdur". Mən diqqətlə "sənədi" oxudum və suallar verməyə başladım. Öz himayədarım suallarıma və iradlarıma cavab verə bilmədi, məni bir arıq xanıma yönləndirdi. O, da öz-özlüyündə sual-iradlarıma öz təxəyyülü ilə izah etməyə çalışdı. Onun izahlarında yalanlar, fırıldağ açıq-aydın görünürdü. Mən ona belə bir sual ünvanladım: bəs əmək məcəlləsinə uyğun müqaviləniz hanı, axı mən sizə ilk gündən kadrlar işinə qəbul üçün müraciət etmişəm, hətta kadrlar rəisi olan "polkovnik"də mənə şifahi vədd verib. "Xanım" mənə biz dövlət idarəsi deyilik, özəl şirkətik bizim öz müxtariyyət və qanunlarımız var dedikdə, mən əlavə etdim ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən istənilən, xarici şirkət nə qədər müstəqil olsa da ölkənin Konstitusiyası, Əmək Məcəlləsi, Vergi qanunlarının müddəalarını əsasında fəaliyyət göstərir, işçiləri də əmək məcəlləsinə uyğun işə qəbul etməli, hər bir işçisinə görə vergi ödəməlidir və s. bu cür qanunları onların yadlarına salanda, həm qorxdular, həm də duruxdular.
Sonda mənə belə şərt qoydular ki, əgər bugünkü təlimdə iştirak etmək istəyirsinizsə, çox xahiş edirik heç kimə 13 manat vermədən keçdiyinizi deməyin, çünki hər kəs ödəniş edib. Həmin gün məni çıxmaq şərtiylə 28 nəfərdən 13 manat yığmışdılar ki, bu da 364 manat pul edir. Hər gün müxtəlif zaman kəsiklərində bu qədər insanlardan pul yığılır. Son təlimdə də iştirak etdim, sonda bu fırıldaqçıların haqqında yazmaq qərarına gəldim. Qısa araşdırmamdan sonra bəlli oldu ki, bu fırıldaqçılar tez-tez məkanlarını da dəyişir.
Məsələn əvvəllər Sahil metrosunun yaxınlığında ofisləri var idi, sonra "Yeni Həyat Sağlamlıq Mərkəzi" Xan Şuşinski 60 ünvanında, indi isə yuxarıda qeyd etdiyim ünvanda gəlib insanları istismar edirlər. Həmçinin ehtiyatda olan zabitlərdən başqa, məktəb direktoru, direktor müavini, müəllimləri də "işə qəbul" üçün elanlar yerləşdirirlər. Bu kateqoriyadan olan insanların seçilməsi də təsadüfi deyil, çünki onlar insanlarla çox təmasda olub və gələcəkdə şirkətə də daha çox tanışlarını gətirə bilərlər.
Bu şirkəti tərifləyən, hələ də gözləri açılmayan insanlara aşağıdakı sualları verirəm
-Bir halda ki, TİENS şirkəti fırıldaqçılıqla məşğul deyilsə nə üçün açıq-aşkar fəaliyyətini təbliğ etmir, əksinə "Vakansiya iş" adı ilə sosial şəbəkələrdə gizlənir, həmçinin hər dəfə ofislərini dəyişməklə məşğuldurlar?
-Şirkət belə işsizləri düşünürsə, niyə dövlətin məşğulluq idarələrində vakansiya yerləri qoymur?
-Şirkət belə yüksək gəliri varsa, vətəndaşlardan niyə pul yığır?
-Şirkətin məhsulları bu qədər insan sağlamlığına xeyrlidirsə, niyə apteklərdə satılmır?
-İnsanlara 1 saatda 1000 dollar qazandıran şirkət varsa, ölkədə niyə yüz minlərlə işsizlər ordusu var?
Əgər bu sualları özünüzə də versəniz, anlayacaqsınız ki, "TİENS" və onun "əməkdaşları" fırıldaqçıdan başqa bir şey deyillər.
Sonda Samuel Batlerin aforizmi ilə yazımı tamamlayıram.
Dünyada axmaqların sayı fırıldaqçılardan daha çoxdu, əgər belə olmasa idi fırıldaqdçılar yaşaya bilməzdi!