adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 Avqust 2018 13:40
8604
MƏMLƏKƏT
A- A+

ATMOSFERİ ÇİRKLƏNDİRƏNLƏR MƏSULİYYƏTDƏN KƏNARDA QALMIRLAR

Bu dünya, bu Yer kürəsi Allah-Təala tərəfindən insanlara bəxş edilib. Ulu Yaradan yeri üzünü bərqərar etdi və biz insanları da tulladı onun üstünə. Hər şey verdi insanlara: gözəl meşələr, çaylar, dənizlər, okeanlar, dağlar, ormanlar və təmiz hava. Bəs biz insanlar neylədik? Biz insanlarsa Allahın bizə bəxş etdiyi bu gözəllikləri zaman-zaman yandırmağa, məhv etməyə və ən nəhayət, təmiz havanı yaman günə qoyduq. Göydə o qədər müxtəlif silahların sınağı keçirildi ki, o silahlar qar, yağış halında insanların özünə qayıtdı və onları pis günə qoydu. Heç bundan da dərs çıxarmadıq ha! Bir az da qəddarlaşdıq, bir az da amansızlaşdıq. Zavodlardan, fabiriklərdən, müxtəlif markalı avtomobillərdən atmosferə o qədər zəhərli qazlar atdıq ki, bu atmosferin gücü çatmadı ki, o zəhərli qazları öz dünyasında saxlasın. Və yenə zəhərli qazlar yağış kimi, qar kimi, dolu kimi bizim təpəmizə yağmağa başladı...

Dünyanın hər yerində təbiətin və atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün çox böyük qlobal proqramlar həyata keçirilir. Bu proqramlar Azərbaycanda da zaman-zaman gerçəkləşdirilir. Yəni ölkəmizdəki meşələri, təbii sərvətləri, təmiz havanı, çayları, gölləri və dənizi qorumaq üçün möhtəşəm proqramlar hazırlanıb və o da fasiləsiz olaraq icra edilir. Belə proqramlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin birgə keçirdiyi tədbirdi. Bu tədbir mütəmadi olaraq hər il avqustun 1-dən 31-dək respublika ərazisində «Təmiz hava» aylığı adı altında həyata keçirlir. Təbii ki, bu cür tədbirlərin gerçəkləşdirilməsi ilk növbədə təbiətə qənim kəsilənlərin – meşələri qıranların, çayların, göllərin, hövzələri çirkləndirənlərin, daş, çınqıl yataqlarını bərbad günə salanların və eləcə də təmiz havamızı yaman günə qoyanların qarşısını bu və ya digər dərəcədə xeyli almış olur.

Bu gün artıq avqust ayının 21-dir. Bu müddət ərzində Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki Müfəttişlik şöbəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə «Təmiz hava» aylığı ilə birlikdə xeyli işlər görüblər. Başqa sözlə demiş olsaq, Avtotexniki Müfəttişlik şöbəsinin əməkdaşları respublika ərazisində «Təmiz hava» aylığı ilə əlaqədar olaraq bir koordinatorluq təşkil edir. Yəni bu şöbə tədbirin keçiriliməsini diqqət mərkəzində saxlayır, reydləri təşkil edir, texniki cəhətdən nasaz olan avtomobillərin aşkar edilməsini bilavasitə üzə çıxarır.

Aydındır ki, Baş Dövlət Yol Polisi İdarəsinin bütün şöbələri və əməkdaşları respublika ərazisində keçirilən «Təmiz hava» aylığına cəlb ediliblər. Çünki reydlər nə qədər mütəmadi davam edirsə, nə qədər ardıcıl keçirilirsə, bir o qədər də texniki cəhətdən nasaz olan avtomobillər aşkar edilir. Bu avtomobillərdən atmosferə normadan artıq zəhərli qazlar atılır.

Bir faktı da qeyd edək ki, Ekoloji Bölüyün əməkdaşları tərəfindən bu günə kimi atmosferə normadan artıq zəhərli qaz atan 1260 nəqliyyat vasitəsinin sürücüsü aşkar edilib. Onların hər biri barəsində 50 manat məbləğində cərimə tətbiq edilib. Əlbəttə, cərimələr heç də bu məsələnin tamamilə həll edilməsini təmin edə bilməz. Öncə hər bir sürücü öz üzərinə düşən vəzifəni anlamalı, avtomobili texniki cəhətdən saz saxlamalıdır. Yəni ijektor və korbirator sistemi ilə işləyən nəqliyyat vasitələrinin texniki hissələri saz saxlanılmalıdır. Əgər həmin avtomobillər saz saxlanılarsa, onlardan heç vaxt atmosferə normadan artıq zəhərli qazlar atılmaz.


Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki Müfəttişlik şöbəsinin əməkdaşları bir neçə gün bundan əvvəl Qax, Zaqatala, Balakən, Şəki, Qəbələ, Oğuz rayonlarında «Təmiz hava» aylığı ilə bağlı reydlər keçiriblər. Reydlər zamanı çoxlu sayda sürücü atmosferə normadan artıq zəhərli qaz atdığına görə, məsuliyyətə cəlb edilib. Bununla yanaşı, yüzlərlə sürücü ilə Avtotexniki Müfəttişlik şöbəsinin əməkdaşları maarifləndirici söhbətlər aparıblar. Və həmin söhtələr də zaman-zaman öz təsirini göstərməyə başlayıb. Düzdür, qanunu pozan və atmosferə normadan artıq zəhərli qaz atan sürücülər cərimə edilib. Ancaq ən mütərəqqi metodlardan biri sürücülərin maarifləndirilməsi, onlar arasında təbliğat və izahat işlərinin aparılmasıdır. Hər bir sürücü ilə söhbət edilərkən onların nəzərinə çatdırılır ki, avtomobilləri texniki cəhətdən nasaz formada idarə etməsinlər. H ər hansı qüsur vaxtında aradan qaldırılsın ki, sükan arxasında əyləşmiş sürücü üçün problem yaranmasın.

Avtotexniki Müfəttişlik şöbəsinin əməkdaşları dünən və bu gün Sumqayıt şəhərində də reyddə iştirak ediblər. Bu reyd zamanı da onlarla müxtəlif markalı nəqliyyat vasitələrindən atmosferə zəhərli qazların atılması faktı aşkarlanıb. Faktın aşkarlanması isə onu deməyə əsas verir ki, hələ də bir çox sürücülər məsuliyyətsizlik göstərir, yol polisinin xəbərdarlıqlarına və maarifləndirmə tədbirlərinə əhəmiyyət vermirlər. Ona görə də bu sürücülər 50 manat məbləğində cərimə ediliblər.

Bir neçə gündən sonra yenidən Avtotexniki Müfəttişlik şöbəsinin əməkdaşları Quba, Xaçmaz, Şabran, Qusar rayonlarında olacaq, «Təmiz hava» aylığı ilə bağlı reydləri davam etdirəcəkdir. Avtotexniki Müfəttişlik şöbəsinin rəisi, polis polkovniki İlham Rəcəbov bizimlə söhbətində bildirdi ki, şimal bölgəsindəki reydlərimiz də birmənalı olaraq atmosferin çirkləndirilməsinin qarşısının alınmasına yönəldiləcəkdir. Biz ötən həftələr 7-8 rayonda tədbirdə iştirak etmişik. Bu tədbirlər göstərir ki, atmosferə normadan artıq zəhərli qaz atan nəqliyyat vasitələri hələ də çoxdur. Bax, bu bizi və rəhbərliyi narahat etməyə bilmir. Çünki əsas ali məqsədimiz ondan ibarətdir ki, atmosferə atılan zəhərli qazların azaldılmasına nail olaq. Bunun üçün biz əlimizdən gələni edir, rayonlarda keçirilən reyd və yoxlamalarda hər bir sürücüylə səmimi söhbətlər aparırıq. Və onu da deyim ki, bu söhbətlərdən nəticə çıxaran sürücülər də az deyildi. Bizi bir məsələ düşündürür ki, sürücülərin maarifləndirilməsi mütəmadi olaraq davam etdirilməlidir. Belə ki, inzibati cəzalar tam mənada mövcud nöqsanı aradan qaldırmır. Ona görə də reydlərdə sürücülərin maarfiləndirilməsini diqqət mərkəzində saxlayırıq və bu da öz müsbət nəticəsini artıq göstərməkdədir.

Göründüyü kimi, meşənin, çayın, dənizin və eyni zamanda atmofserin qorunması hər bir vətəndaşın həyat devizi olmalıdır. Yəni bu işdə tək ekoloqlar və yol polisləri deyil, bütün ictimaiyyət və cəmiyyət fəal mövqe tutmalıdır. Ən azından meşəni yandırana, suya, çaya tullantı atana, atmosferi çirkləndirənə biz hamımız «yox» deməliyik. Bax, bunu deyə bilirikmi? Bu sualın cavabını hörmətli oxucu, sizdən istəyirik.