adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Avqust 2018 22:03
18806
ƏDƏBİYYAT
A- A+

Gümanımı qaytar geri, Bəs eləyər NURAFİZƏ

Nurafiz

 
Səsim ağrı geyəli
Səsim ağrı geyəli
İçim ayaqyalındı.
Gümanlar sığal çəkdi,
Çölüm yaman alındı.

Yenə tərsə inadla
Öz üstümə yeridim.
Fikrin ayağı altda
Sükut kimi əridim.

Güvənc yerləri çat-çat,
Tanrı niyə görmədi.
Yeyib doydum ömrümü,
...nağıl dadı vermədi.

Hər duamla
gün doğur

Yorulmuş səs boydadır
Sənə çatmayan yolum.
Bir doğmalıq boyuna
Tamarzı qalıb qolum.

Yığılıb iç-içə göy,
Görüntüsü gözəcən.
Hər duamla gün doğur
İçimdən son sözəcən.

Dəniz udan gileyim
Ayrılığa tən, həyan.
Bir misralıq sükutun
Sahilində tənhayam.

Yaddaşım oxumur durna səsini

Beləmi demişdim?... Sındı gümanım,
Sınıqçı sağaltmaz ümid sınanda.
Üzü göyüzünə, ağzı dualım,
Könül nə diləsin ümidsiz anda?

Ağ günə Gün salmaz qara sevdalar,
Aşılmaz yolları qarlı, qovğalı.
Ağaran saçlarım nağıl dilimi?
Susmağı öyrədir baxtı-yığvalı.

Ağ saç kəfəndimi?- illəri bükəm,
Anam da sağ deyil bələk yollasın.
Dağlar götürməsə, ahımı yandır, -
Deyin durnalara, lələk yollasın!

Hələki payızı nəmişlik sıxır,
Bəxtim quraqlıqdı,-dərd çiçək-çiçək.
Yaddaşım oxumur durna səsini,
Yolüstü gözümə sərçə şəkli çək.

Bu payız da qəm
məktubu

Yorulmuş at nəfəsində
Çeynəmmiş nar ağacıyam.
Öz içimdən asılmışam,
Yorulmuş dar ağacıyam.

Pas bağlamış tüfəng kimi
Bir xoş sözə açıllam ki.
Sənə əlim çatmasa da,
Ümid boyda ucallam ki.

Bu payız da qəm məktubu,
Yolağzıyam üzü sözə.
Gümanımı qaytar geri,
Bəs eləyər NURAFİZƏ.
Susdum,
sükut daş yedi

Min il qabaq görmüşdüm
Dodaqlarda bu adı.
Min il sonra anladım, -
Hər kəlməsi duadı.

Laylasına daş dinib,
Ahı dağı çəkirdi.
Səsin içi boyunca
Bir söz ağrı çəkirdi.

Susdum, sükut daş yedi!..
Dindim, sındı sırası.
Nə qədər uzaq imiş
Sözlə səsin arası.


Şeir şəkli çəkirəm

Yenə könül söykəyib
Hecanın divarına,
Şeir şəkli çəkirəm
Gecənin divarına.

Ay nurunda yuyunur
Lal gecənin çuxası.
Misra-misra süzülür
Fikirlərin yaxası.

Sözün havası vurur,
Mehlənir dərdim-sərim.
Dan üzünə dən səpir
Yuxulu kipriklərim.

Göz yaşın məndə
qalıb

Qırx il bundan öncənin
Dadı var küçənizin.
Şəhərdən qonaq gələn
"Yadı" var küçənizin.

Xatirələr danışır,
Kimsə çıxmır qarşıma.
İtiniz hürsün mənə,
Barı, belə qarşıla.

Tək yolun ayrıcında
Haça fikrin tilsimi.
Göz yaşın məndə qalıb,
Üzünü göndər, silim.

Şəklin şeir kimidir
Şəklin su kimi susur,
Şəklin şeir kimidi.
Mən bu dili bilmirəm,
Fikir açmır kilidi.

Bu gecəm də öləcək,
Yenə diri qalacam.
Yoxluğunla qızacaq
Dərd adında qalacam.

Səhər güzgü önündə
Utanacam özümdən, -
Fikrin ayaq izini
kim siləcək gözümdən?!

Bənövşə üzlü
gecəmin

Bənövşə üzlü gecəmin
Sükut yeyir hıçqırığı.
Sındırılmış ürəyimin
Yerə düşmür heç qırığı.
Kipriklərim ağı deyir
Lal gecənin kor gözünə.
Dan üzünə daş daşıyır,-
Səbrim az qalır üzülə.
Nağıl kimi ötür gecəm,
Üç alma gəlmir havayı.
İçimdə tək oturmuşam,
Kimsə yox Sözdən savayı.

***
Payız uşaq kimiymiş,
Nə varmış aldatmağa,-
Bir yarpağın qulpundan
Tutub göyə atmağa...

Payız nağıl kimiymiş,
Ruzi yağar üzündən.
Hamıya payı çatar,
Üç alması özündən.

Uşaq nağıl önündə
Hər şeyi unudubdu.
Payız ayrılıq boyda
Oxunmamış məktubdu.

***
Çox uzaqdı el-obam,
Qəlb isitmir qəm sobam.
Yadıma düşdü babam,
Nənəm, ay ömrüm-günüm.
Gün batıb axşamlanıb,
Dodaqda ah şamlanıb.
Yenə fikrim şumlanıb,
Dənəm, ay ömrüm-günüm.
Dilimdə bitib adın,
Dəyişib tamı-dadı.
Deyəsən tanımadın?!
Mənəm, ay ömrüm-günüm.

Mən sənin sürgün
yerinəm

Gözüm yoluna sürgün.
A. Nəzər

A mənim andım, əyanım,
Getmisən, yoxdu həyanım.
Sən mənim min il o yanım,
Mən sənin bir gün bərinəm.

Dilim dərdimin ozanı,
Necə qınayım yazanı.
Pozulub sözün mizanı,
Üzümdə vergül yeri-nəm.

Hər könülə düşmür havam,
Özümlədi daha davam.
Sən mənim sonuncu duam,
Mən sənin sürgün yerinəm.

Gəlib misra-misra
çatdım altmışa

Gəlib misra-misra çatdım altmışa,
Hələ çox illərim şeir olmadı.
Ömrün qapısını ruhumnan döydüm,
Ağrılar açanda xeyir olmadı.

Bir ömür yaşadım iynə ucunda,
Gümanın gözündən keçirəmmədim.
Alın yazımdakı boş sətirləri
Vaxt edib könlümə köçürəmmədim.

Səbrimin üzündə vaxtın meh yeri,
Böş gedən illəri öpdü qəzəbim.
Anam bu dünyadan köçəndən sonra,
Dua əvəzinə qoruyur təbim.

Bəlkə qazancımdı uduzduqlarım,
Nəfsimə qəniməm, Qurdam-asiyəm.
Fələklə söhbətim sabaha qalsın,
Özümlə davamı qurtarasıyam

Redaksiyadan: 60 yaşın mübarək,
şair!