adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

BƏNZƏRSİZLİK

10161 | 2018-08-17 21:47
Sabir RÜSTƏMOĞLU
ADPU-nun Ağcabədi
filialının dosenti, AYB
və AJB-nin üzvü


Vətən, torpaq, yurd həsrəti Musa Urudun "Hər nə varsa..." (2008) kitabında olduqca maraqlı mövzuda yazdığı əsərlər yer almışdır. Kitab müəllifin "Söz mənim taleyimdir" adlı ön sözü ilə açılır. Şair burada sözün dəyər-qiymətindən və onun həyata, dünyaya baxışında oynadığı roldan danışır. Musa Urud söz və şeir haqqında özünəməxsus şəkildə fikirlər səsləndirərək deyir: "Şeir nədir? Şeir həyatdır. Bəs həyat nədir? - Bilmirəm! Bəs onda niyə yazırsan? Bəs onda niyə yaşayırsan? Nə bilim? Bir də ki, niyə yazdığımı, niyə yaşadığımı bilsəydim, Allah olardım. Bildiyim odur ki, şeir - taledir, qəza-qədərdir. Şairlik qismətdir. Allah-təala hərəyə bir bəxt yazıb, bir istedad - sərvət verib" (səh.5).
Musa Urudun söylədiyi bu fikirlər onun iç dünyasından bizə soraq verir. Sözün qiyməti şair üçün hər şeydən önəmlidir. Söz hər şeyin başlanğıcı da həyatın güzgüsüdür. Dəyərli söz əbədi qalır və müəllifini yaşadır. Musa Urudun "özündən sonra" da sözü yaşayan şairlər insanların ən xoşbəxtidir. Dünyanın əvvəli də, sonu da sözdür" (səh.6) deyimləri də onun yuxarıda söylədiyi fikirlərinin bir növ təsdiqidir. "Hər nə varsa..." kitabında Musa Urudun "Sevgiyə gedən yollar", "Bir parça Vətən torpağı", "Ancaq ürəyimə yaxşılar düşər", "Musa Urud, qəm eləmə" başlıqları altında 224 şeiri və iki poeması ("Basayevin ayaqları" və "Bu dəstə hara gedir") verilmişdir. Birinci bölmdə ilk yer alan şeir "Sən mənim ömrümə qayıdacaqsan"dır. Qaranlıq yolumun üstünü sənin dan işığı verən yolunu işıqlandıracaq. "Qaranquş yuvaya", "cüyür bulağa", "pərvanə çırağa" döndüyü kimi sən də mənim həyatıma dönəcəksən. Eyni ocaqda yanan qoşa daşıq. Gözəl ölümlü sonaya "tuş" gəlmişik. Qızıl güllə kimi şığıyan "qızıl ilan" və "qızıl quş"a bənzəyirik. Nə qədər dolansan da, mənim həyatıma dönəcəksən. Ağ günlər saçını sığalladığı kimi, yıxılanın qayğısına yıxan qalacaq. Onu ya "qarğış tutacaq", ya da "qan". Ancaq necə olsa da, sən mənim həyatıma dönəcəksən. Yaxan kömək etməyənin əlinə verilib. Yolu bağlayanı yola vermək lazımdır. Saralmış yarpaq yerə qismətdir. Ona görə də "sən mənim" həyatıma dönəcəksən. Şeirin sonunda deyilir:

Şehin çəkilsə də, şaxın solsa da,
Dönüb qayıtdığın quru kolsa da,
Ən uzaq səfərə bir gün qalsa da,
Sən mənim ömrümə qayıdacaqsan!
"Sənə Günəş deyim" şeirində müəllif ikinci şəxsin təki olan səni "günəş"lə, "ay"la, "külək"lə, "duman"la, "bulud"la, "bulaq"la, "göz"lə, "yaş"la və "nəvəs"lə müqayisə edir.

Sənə nəfəsim deyəcəm ancaq,
Gedib-gələssən, gəlib-gedəssən.
bir dəfə də gedib-gəlməyəssən,
Mənim də canım qurtaracaq!

Musa Urud "Olsun" şeirində maraqlı bir məsələyə toxunmuşdur. Soyuq olmağın qışla bağlıdırsa, onu qovum və bahar gəlsin. Əgər soyuqluq ömür və yaşla bağlısa, onların hər ikisinə "ar olsun". Yaxanı bağla, gün ona toxunmasın. Mən görsəm də, başqaları, o cümlədən sifətini "çən-çiskin" görməsin. Sinən dümağ qara bənzəsin. Ağızdan söz çıxmamış "qan" yaradan "sirrimi" dastana çevirən, məni dostdan uzaqlaşdırdın və düşməni özünə dost etdin. Məni "gilə-gilə" yandır və "gülə-gülə" dəfn et. Üstümdən o tərəf, bu tərəfə keç və yolunu "yumşaq", "hamar" et.

Yandır məni gilə-gilə,
Basdır məni gülə-gülə.
Keç üstümdən belə, belə,
Yolun yumşaq, hamar olsun.

"Ay da gəlir, il də gəlir" şeirində insan ömrünün müəyyən anlarına işıq salınır. Məhəbbət yolunun çətinliyi, ağrılı günləri, illərin keçib getdiyi iztirablı məqamlar anbaan xatırlanır və onun cəfası təsvir olunur. Sənin yolunu gözləməkdən ay və illər ötüb getdiyi kimi, ömür də keçib gedir. Təyyarə və qatarlar da, qış və bahar da sənsiz gəlib getdi, sən gəlib çıxmadın. Sən demişdin ki, tez gələcəyəm. Mən də ona görə heç nəyə toxunmadım. Köhnə ömrün içində yaşadım və hər şeyi olduğu kimi saxladım, heç nəyi dəyişmədim. Gözümdə yolların sonu görünmür. Ancaq yenə də yollardan gözümü çəkə bilmirəm. Öncə yalan, hazırda isə ümid məni aldadır. İsa çarmıxdan asıldığı kimi, mən də göydən asılı qalmışam. Ya "kəndiri kəs" məni azad et, ya da "kətili çək", məni öldür.

Göydən asılı qalmışam,
Çarmıxdakı İsa tək.
Ya gəl, bu kəndiri kəs,
Ya gəl, bu kətili çək!

Musa Urud "Sən o uzaqlarda neynirsən, gözəl" şeirində gözəlin uzaqlara baxmasının səbəbini soruşur və söyləyir ki, gözəlin arxalandığı dağa qar yağıb. Gözələ həmin qarı ağ gün hesab edib baxma deyir. Ağ gün artıq ağ kəpənək kimi uçub əlindən gedib. Ağ gün sənin yanağında şehə bənzəyirdi. Sənin ümid bağladığın ağ gün Nuhun gəmisi kimi Ağrı dağında ilişib qalıb. Başına göylərdən nə qədər ağ gün yağsa da, gözündən tökülən yaş qara çevriləcək. Hər ağ paltar geyən ağ günə çıxmır. Hətta insan torpağa qoyulanda da ağ kəfənə bükülür.
Göylərdən başına ağ gün ha yağsın,
Gözündə qara su qara dönürsə.
Çətin hər ağ geyən ay günə çıxsın,
Torpağa gedən də ağ geyinirsə!

"Sevgiyə gedən yollar" şeirində müəllif "ömür-gün" qumarının sonu bilinmir deyir. Bu oyunda bəzən udur və bəzən də uduzuruq. Bıçaq kürəyimizə hələ çox saplanacaq. Belə alçaqlar bizi mərdliyə doğru sürükləyir. Bu sevginin tufanı və qarı qabaqdadır. Heç geriyə dönmək də mümkün deyil. Sevgi bizi dərd və əzablı yollara aparır.
İrəlidə tufan, qar
Nə də geriyə yol var.
Sevgiyə gedən yollar
Dərdə aparır bizi
Qəlbimdə qövr edən qəm sızlayanda,

Musa Urud "İçimdə" şeirində daxilində kükrəyən ötüb-keçən təlatümlü anları xatırlayır. Söyləyir ki, bəziləri həyat yollarındakı keçidi keçir, bəziləri isə həmin keçidi bağlayır. Biz arxamızda ağlayan yetimin kim olduğun bilmədik. Daxilimizdəki qoşa buludlar gurlasa da, ancaq yağmadı və ildırım çaxmadı. Nə qədər əl uzatsam da, nə əlini, nə yaşılını, nə xəzəlini, nə də dəniz sahilini tapa bilmədim. Elə ona görə də daxilimdə gəmi batdı. Sənin oduna yandığın Musa yoxdu. Həmin Musadan heç nə qalmayıb. İndi artıq nə bulaq, nə da çayam. Daxilimdə kükrəyən ancaq keçmişimizdən qalan oddu:

Təşnə gülüm, nə sən görən Musayam,
Nəyim qalıb, nə qoruyam, nə sayam.
İnnən belə nə bulağam, nə çayam,
Qaynayan da oddu elə içimdə

"Nə qalıb" şeirində də şair maraqlı bir məsələni cavablandırır. Uşaq kimi ulduzlardan od istəyirsən. Ancaq özün əl uzatsan ulduza çatar. Ürəyinə təsir göstərən mizrab uzaqda olsa da, ancaq "şirin söz" və "xoş qılıq" zamanı çatır. Çalış istək və arzun bərabər olsun. Qarşına çıxan uğursuz, qismətdən əl çək. Bədxahların qisməti həmişə gətirir.
Yaxşılardan isə ancaq yaxşı ad qalır. Köz ocaq daşını, ayaqlamaq torpağı və dərdə düçar olanı isə dərd möhkəmləndirir. Bəxtsizlərin isə qisməti göz yaşı olur.
Bir gülündən bəxt heç zaman keçmir. Dərd paylayan həmişə əməlindən çəkilmir. Gözlərinin qisməti son öpüşümdür və bizim ayrılığımızın artıq sonu çatıb.

Bəxtə qalsa, bir gülündən keçmədi,
Dərd paylayan tərs əlini kəsmədi.
Son öpüşüm gözlərinin qisməti,
Ömrüm-günüm, ayrılığa nə qalıb?

"Sən hələ uşaqsan" şeirində özünü uşaq sanıb başqalarının əməllərini dərk etməyən sadəlöv insanlardan söz açılır. Mənim tək başqalarına inamın olmasa da, ona niyə inandığı bilinmir. Allahımı danıb, yalan danışsam da sən o yalana inanırsan. Ona görə ki, sən hələ də uşaq kimi sadəlövsən. Sən məni ay və ulduz kimi görürsən və düz adam sanırsan. Sənə nə qədər "badalaq" vursam da, yıxılarkən elə biləcəksən ki, özün yıxılırsan. Ürəyində həsrət və gözlərində qəm var. Ah-nalən çən kimi saçlarına qırov salıb. Səni "sınaq körpüsü"ndən kimin keçirəcəyi bilinmir. "Sınaq sevgisi"ndən keçsən də hələ də uşaq kimisən. Qəm qəlbində daima "qövr" etdiyi üçün kədərdən dodağından qan süzüləcək. Keçmiş şum yeri dən həsrəti çəkdiyi kimi, sən də mənimlə olduğun günləri yad edəcəksən. Ancaq sən bu əməllərinlə yenə də uşağa bənzəyirsən.
Nisgildən dodağın qansızlayanda,
Köhnə şum yeri tək dənsizləyəndə
Mənli günlərinə qayıdacaqsan,
Sən hələ uşaqsan, hələ uşaqsan

Musa Urud "Yeri var" şeirində hər bir anın özünə görə yeri olduğunu deyir.Yağış yağdığına görə nəm yaylığı sərməyə yer tapmadığım, birinin barmağından çıxan və həmin barmağın izi qalan üzüyün başqasına verə bilmədiyini söyləyir. Göydə uçan ulduz izi, dildən çıxan söz, üzdə göz və günah yeri qalır. Göydə "şimşək", "göldə ördək", "sinəmdə ürək" yoxdu. Bunların əvəzinə "sarı yarpaq" izi qalıb. Bəxtimə çıxan tənha və "subay" paya baxdım və gözümdə səndən o tərəfə "bir ovuc" torpaq olduğunu gördüm.

Ha baxdım baxtın payına,
Yalqızına, subayına.
Gözümdə səndən o yana
Bir ovuc torpaq yeri var

Ötüb-keçən illərdə baş vermiş məhəbbəti qoruya bilmədiyini şair "Necə qoruyardım" şeirində poetik şəkildə qələmə almışdır. Bir pəri boynundan qopan mirvari kimi uzaq dənizdə qalmışdı. Əlim yalın olduğu üçün qasırğa ağzında olan bu məhəbbəti qoruya bilmədim.Nə yapışmaya saman çöpüm, nə açmağa qapım, nə də iynəyə dönsəm də, sapım olmadı. Bu məhəbbəti qorumağa köməyim olmadı."Ehləd daşını" tanıyınca şahlıq quşunun başından uçurtmuşdum. Onun doğumuna fələk qarğış tökmüşdü. Ona görə də bu məhəbbəti qoruya bilmədim. Dikə qalxmağa gücüm olmadığı halda uçmuş qəsri necə tikə bilərəm. Özüm sevgi qurbanıyam. "Bu məhəbbəti" qorumağı bacarmaram. Yaşamağa ümid, ruhun qışlamasına yurd və Musaya Urud qalmadı. Və buna görə də bu məhəbbəti qoruya bilmədim.

Tutub yaşamağa umud qalmadı,
Ruhum qışlamağa bir yurd qalmadı.
Musaya o boyda Urud qalmadı,
Necə qoruyaydım bu məhəbbəti?!

"Nağıl" şeirində Musa Urud nağılların insan həyatında, xüsusən də, uşaqlarımızın dünyagörüşündə oynadığı roldan poetik dillə söz açır. Gəl sənə nağıl söyləyim ki, səhərə qədər rahat yat. "Biri var idi" sözləri ilə nağılın başlayan hissəsi ümid verici, "Biri yox idi" sözləri ilə sona yetən hissəsi isə qəmli notlarla qurtarır. Sevgi olduğunu söyləsəm inan. Ancaq vüsala çatmaq olduğunu söyləsəm inanma. Dünyada nə tam xoşbəxt, nə də bədbəxt olan var. Bunları söyləsəm də, mənə inanma. Ey gözəl, dünyada sevib həmin sevgini yaşadan və onlardan eyni zamanda sevib ağladan və aldadan var. Sevgi adlı şey yoxa çıxıb. O əkilən dənə bənzəyir. Onu göz yaşı ilə suvarsan məhsulu olmaz. Yaxşı ilə yaman bir-birinə qarışanda bəhrə verməz. Bu sevgi yolunda hər gün dağ boyda ömrün əriyəcək və ancaq ondan izin qalacaq. Bundan əlavə söyləmək istədiyin sözün qalacaq.Sevgi kəpənəyə bənzəyir və o ovcundan uçacaq. Ovcunda onun toz zərindən başqa heç nə qalmayacaq. Uçandan sonra o geri qayıtmacaq. Hər zaman sənin gözün onu gül-çiçəklər arasında axtaracaq.
Güldən xallı kəpənək uçan zaman onun yerində "günah", ömür ötüb keçir və sevgidən "ah" qalır. Ömür bitir, sevgi sona yetir.Göydən üç alma düşər: biri nağıl danışanın, ikisi sənin olsun. Gəl həmin almalardan birini bölüb yeyək. Onda bəlkə iki küsəni barışdırmış olarıq.

Gəl sənə bir nağıl danışım, uyu,
Yuxun dadlı olsun, səhərə qədər.
"Biri var idi"ylə başlayan umud,
"Biri yox idi"ylə qurtaran kədər

"Bu dünya bizimlə qurtarmayacaq" şeirində Musa Urud dünyanın bizimlə bərabər yaranmadığı və bizimlə də tükənməyəcəyini deyir. "Dünyadan baş" götürüb getsək də, "bulud" və "ulduz"larla birləşib getsək də, yenə də dünya bizimlə bitməyəcək. Nə etmək olar bizə dayaq durmur. İncisin, almazın, bir cüt sevənin itirsə də, biz ona heç nə edə bilmərik.

(ardı gələn sayımızda)

TƏQVİM / ARXİV