adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Qaraxaçım, yaddaşında varammı?

10393 | 2018-08-17 21:37
Gözəlim yaylağımızın adı qara (böyük) və arxac sozlərindən yaranıb. Belə yaşadılır, belə yaşadılacaq.
Qaraxaç Dağ Borçalıda - Ermənistanın Amasiya rayonuyla sərhəddədi; şərti sərhəddindən Amasi-yayacan olan əraziyə "O üz" deyərdik, Cənnət bulağından Amasiyaya aparan yola - "O üz yolu"...
Qaraxaç 30 il səfasını məndən də əsirgəmədi; 3 yaşımdan 30 yaşımacan gördüklərim yaddaşım-dan silinməyib, silinməyəcək... İllərin necə sovuşduğunu indiki qədər kövrəkliklə, könül pərişanlığıyla hiss etməmişdim. İllərin o üzündə qalanların həsrəti məni bunca üzməmişdi. Nə qədər kövrək, nə qədər dilbilməz həsrətmiş! Ömrümün ruhu bir qanadının Qaraxaç olduğunu niyə unutmuşammış, niyə?! İllər sonra həsrət necə çırpınarmış, haray necə şeirləşərmiş! -

Könül açan gözəlliyə mehri varıydı,
Bir hikməti, bir ovsunu, sehri varıydı,
Söz adında çəkilməyən qəhri varıydı,
İllərimin o üzündə qalan dünyamın.
Bu dünya Faxralılıq dünyasıydı. Çılğınlığıyla, kövrəkliyiylə, elə-obaya, torpağa bağlılığıyla, saza-sözə vurğunluğuyla dünyaların sırasında boy göstərərdi..
Duyanlara görk olurdu öz biçimində,
Dünyalara ocağıydı köz biçimində,
Dağı-daşı dikəldirdi söz biçimində,
İllərimin o üzündə qalan dünyam hey.
Qərib düşdüm, qəribliyə qənim olmadı,
Qəribliyin gözlərində çənim olmadı,
Ha əlləşdim, ha vuruşdum, mənim olmadı,
İllərimin o üzündə qalan dünyam hey.
Şimşəyiydi, bir anlığa çaxdı da getdi,
Dağ çayıydı gözlərimdən axdı da getdi,
Acıqlıydı, köntöy-köntöy baxdı da getdi,
İllərimin o üzündə qalan dünyam hey.
Zaman hər birimizi bunca əzizləndiyimiz, bunca əzizlədiyimiz mənəvi-ruhi dünyamızdan uzaqlaş-dıracaqmış, uzqlaşa-uzaqlaşa ona yaxınlaşdığımızı bunca dərk edəndə illərin o üzündə qalan əlçatmazlıq adam varından yox olur; nə yaxşı əlçatmazlığın ruhda yaşaması duyğusu varmış:g
Nə biləydim dərd bələkli bir naçarıymış,
Dünənimdən bu günümə bir açarıymış,
Dərib sonda uduzduğum qulançarıymış,
İllərimin o üzündə qalan dünyam, heyyy...

Axşam-səhər ağır-ağır dinir, dinmirəm,
Pas bağlamış çıraq kimi sönür, dinmirəm,
Alnımın qırışına dönür, dinmirəm,
İllərimin o üzündə qalan dünyam hey.
Dinib nə deyəsiyəm ki? Başısoyuqluğa, biganəliyə, işin-gücün çoxluğuna, iş şəraitinin ciddiliyinə bəraətmi var?
Yaddaşımı kitab kimi varaqlayır da,
Qəhərimin saçlarını daraqlayır da,
Mən Rəşiddən o Rəşidi soraqlayır da
İllərimin o üzündə qalan dünyam hey...
34 il bütün yay boyu o Rəşid mən Rəşidi "məhşər ayağına çəkib". Bu il lap insafsızcasına:

... daşdı, Rəşid,
Dərdnən adaşdı Rəşid.
Dağda daşlar göyərdi,
Ürəyin daşdı, Rəşid!..
Qaraxaçın gözəlim yelləri gəlişimizə qucaq açacaqmı?!

Biganəlikdən sıyrılıb gəlmişəm...
İş-güc bəhanəsini çığnayıb gəlmişəm...
Uyduğum işartılardan ayrılıb gəlmişəm...
Bu gəliş ruhun cana qayıdışıdı bəlkə?!..
Gəlmişəm.

Bu da 34 illik həsrətimin ünvanı Qaraxaç yaylağı (Gürcüstanın xəritəsində Cavaxeti yaylası kimi sənədləşdirilib). Üzü dönəndə könül küsdürən, eyni açılanda könül xoşluğuna dönən yaylağım. Vəfalılara qucaq açan, üzü dönükləri günüləyib köntöy-köntöy süzən, gözümdən uzaq olsa da könlüm-dən iraq omayan gözəllik məbədim! Çilik-çilik dolaşdığım, dərə keçib yol aşdığım uluca yaylağım, uca yaylağım! Elə istərdim ki, 34 ilin üzü dönüklüyünü unudub da məni bağrına basasan...
Yanğımı lilpar-lilpar söndürdüyüm, dumanına büründüyüm, qara dumanının boz ətəyindən yapışıb dizin-dizin süründüyüm, çadır-çadır binələrini görüncə ürəkləndiyim yurd yerləri, ululuğun eşqinə, keç günahımdan. Məni 34 ilin sızıltısına-giziltisinə bağışla, halallığın eşqinə, bağışla, bağışla...
Dan yeri sökülüncə anam bizi yuxudan oyadardı. Bir müddət ayaqyalın şehli otluqda gəzişərdik. "Şeh göz nurudu, gözünüzə qurban olum, gün şehi qurudunca gəzişin...", - belə deyərdi anam. Bütün analar kimi mənim anam da Qaraxaçın loğmanlığına inananardı. "Məni dağa döndər, ay nənə, Çiyələyə döndər!" - mahnısı bu inamın, bu inancın mahnısıdı bəlkə? - dağdan gələn uşaqların yanağından "qan damardı". Qaraxaç belə yaylaqdı!..
İlk binəçisi də Nağıların Hasan kişi olardı, son binəçisidi də. Mayın son günlərində Qaraxaça ilk salamı da Hasan kişi verərdi, payızın ilk ayının ortalarında hamının əvəzindən Qaraxaçla Hasan kişi halallaşardı.
Hərdən Hasan kişinin ocağının qırağında dövrələmə oturardıq. Söz sözü çəkərdi. Nələr danışardı Hasan kişi? - Aşıroğlu Mehralının Qaraxaçı Faxralıya necə ad eləməsindən, şıdırğı yağan dolunun mal-qaranı Qarannıx dərəyəcən necə kısnamasından, çəndə yol azan yeniyetmələri binələrinə - dəyələrinə necə aparmasından, itlərin boğuşmasına görə Aşıroğlu Usufla (Yusif) o üzə gedən binəçilərin sözləş-məsindən,...
Bulanan suyun durulması müddət çəkir. Ruhun durulmağına bir dönüş, bir gəliş, bir baxış kifayətmiş. Ruh yaşam boyu bir dəfə durulur, bir də bulandısa, durulmur. Ruhumun bir də belə sıxılcımlar çəkməsinə imkan vermərəm!..
Hümbətoğlu Şimeyil (İsmayıl) deyərmiş: Yer hündürdü, göy alçaqdı, yaylaqdı, o bala, yaylaqdı...
İyunun əvvəlindən avqustun sonunacan səfasını mehmanlarından əsirgəməzdi Qaraxaç. Duman dərələri dolduranda, çən-çiskin uzun çəkəndə "Qodu-qodu" gəzdirərdik. Məni qınamayın, "Qodu-qodu"nun halvasını dadar-dadmaz yeyincə çən-çisək çəkilərdi, günnü yağış yağardı. Günnü yağışa qoşa ovuc açardıq. Özümüzün "cücüyümüz çıxınca" - yağış kəsincə ürəksizləri cırnadardıq, Göylər üzə gülüncə hər şeyi unudardıq - cırnadanlar da, cırnayan da.
Dağın dağ oyunlarıyla gecələrin səhərinə tələsərdik - çilik-ağac, azbalı, apartma, mərəqazma, dirədöymə, atdandırma, ənzəli,... oynamaq həvəsiylə mal-qaranı örüşə aparacağımız vaxta tələsərdik. Oyun-oyun yorulardıq, yorğunluğumuzu oyunlar unutdurardı...
Yeniyetməlik oyunlarıydı bunlar. Uşaqlara məftil maşınları düzəldərdik - zamanında bizə də belə maşınlar düzəldərdilər. İlk qaldırıcı kranı Bayram müəllimin oğlu Etimad düzəltmişdi. Aşırğallı boyundan Aralığa bu maşını görməyə mən də getmişdim. Hamının könlündən belə maşın keçmişdi. O yay heç kimin belə maşını olmadı...
Qarannıx dərənin, Tərəlinin, Aralığın, Hasannının yurdunun, Aşırğallı boyunun, Qaradaşın, Divsizin (dibsiz anlamında dərin göl), Keçiqıranın, ... bulaqlarının, Ayrannı bulağın, Cənnət bulağının, Nazaroğlunun bulağının, bulaqlarının üstündə bıçaqla daşlara ad-soyadımızı, ili-ayı yazardıq; bütün bulaqların daşlarında H.Rəşid, il, ay yazısı da vardı. Hər il o yazıları yeniləyərdik. Zaman nə qədər qəddarmış! - o yazılar itib, oxunmur. Bu, üzüdöklüyün qisasıdı...
...Möcüzə misallı güllər dərmək üçün Xramın qaşından aşağı enib az qala Sülüklü göləcən gedərdik. Əgər şeir demək mümkünsə, ilk şeirimi də, deyəsən, Xramda yazmışam - pıçıldamışam, yadıma indi düşür:
Böyük Xram, qismətimdə varıymış,
Könül sərdim güllərinin ətrinə.
Təntimişəm, yanağıma yel əsdir,
Qaraxaçın ucalığı xətrinə...
Bir ayrı biçim meh əsmişdi...
O gecə yuxulaya bilmədim...

Şeh qarışıq güllər dərərdik. Dəstələdiyimiz güllər dəyələrin bəzəyinə dönərdi. Arançılardan arana - kəndə güllər göndərərdik. Bütün yay boyu Faxralı Xram güllərinin ətrindən, rayihəsindən xumarlanardı. Hələ Dəvə qoruğunun gülləri. Hajxalıl ocağına adına günlərində burdan gedərdik. Minlərin əhatəsində ziyarəti uşaqlıq dünyamızın gözəgörünməz himayədarı bilərdik. Atlılardan insaflısı bizi tərkinə alardı. Ömür yolunda tərkə minməsəm də, ziyarət yolunda tərkə mindiyim anlar olub...
Musaların Asdanın danası itmişdi. Məhlənin kişiləri, cavanları, yeniyetmələri dananı gəzməyə getmişdi. Səpələmə axtara-axtara Yolum çınqıla çatmışdıq. Vəli müəllimin qışqırığı hamını özünə çəkmişdi: Burdadı! Dananın ayağı iki daşın arasında qalıbmış. Kişilər güc-bəla daşları aralamışdı, dana darlıqdan qurtarmışdı. Asdan kişi o gün dananı kəsmişdi:
-Oğurlansaydı el üzünə nə üzlə çıxardım? Bu itki məni son nəfəsiməcən yandırıb-yaxardı. Məni bir ömürlük sıxılcımdan qurtardınız. Dana halalınızdı. Ağız dadıynan yeyin.
Oğlu Bahaddini səsləmişdi:
-Anana deynən sandıqdakı araqları versin.
O gün Asırğallı boyunda görünməmiş bir məclis quruldu...
Yağış yağanda dəyədə damlaların ahəngdar səsi ruhumuzun laylasına dönərdi. Saatlar keçərdi - bezikməzdik, axşam düsərdi, şər qarışardı - bezikməzdik, layla misallı o ahəngə sarılıb yuxulayardıq. Sevə-sevə sevmədiyimiz, sevməyə-sevməyə sevdiyimiz o yağışlar 34 ildi ruhuma yağır:
Eşitdik ki, ustad Aşıq Söyün (Hüseyn) Saraclı Aşıq Nürsəlin qonağıdı; o gün analar, nənələr inəkləri tələm-tələsik sağdılar, o gün buzovların süd payı xeyli artıq düşdü. Daşlara dəyə-dəyə biz də Aralığa endik. Şərif öyünün İsaxan camaatın bura axışacağını güman etdiyindən itlərini bağlayıbmış.
Aşıq Nursəlin dəyəsinin sağı genişlik idi. Bu genişlikdə kişilər bir tərəfdə, qadınlar bir tərəfdə dövrələmə oturmuşdu. Ortalıqda göy üzünü qarsılayan qoşa ocaq alışırdı. Göy üzündə ulduz ulduzu çağırırdı. Ustadın tavar sazından süzülən havacatlar könül-könül gəzişirdi, dərdlilərin dərdini unutdururdu, bura gəlincə "dağı arana, aranı dağa daşıyanların" təsəllisinə dönürdü. 14 yaşlı Rəşidə elə gəlirdi ki, bu gedişlə "Ruhani", "Ruhani"dən köz götürən "Qaraçı", "Qaraçı"nın ovqatı düz-əməlli yaşanılmamış "Mansırı", "Yurd yeri", ... göyü yerə ələyəcək...
Ustadın şair Nəbidən oxuduğu "Dünya" gecənin gecə vaxtı el arana köçəndə bət-bənizi avazıyaran Qaraxaçda yüzlərin könül dünyasının sultanına dönmüşdü:
Qılıncın qınsızdı, qolun quvvatdı,
Baxmadın qocaya, cavana, dünya.
O gecə bir ayrı gecəydi. O gecənin ulduzları bir ayrı biçim sayrışırdı...
O gecə o yaşacan (o yaşdan da bu yaşacan) gördüyüm ən gözəl gecəydi; qınayanım olmasa, o gecəyə 64 ilin ən gözəl gecəsi deyərdim...
Dəyələrimizə dan söküləndə qayıtdıq...
...50 il əvvəl yazmalı olduğum şeir dodaqlarımda közə dönməkdədi:
Kövrələndə gələ bilsəm
dağa-düzə, yaşayaram.
Gözəlliyi gözlərimlə
üzə-üzə yaşayaram.
Qurulu alaçıq ola,
Yüyrək dilli aşıq ola,
Dəli könlüm açıq ola
saza-sözə, yaşayaram...

Aralıq, Tərəlinin qaşı, Hasannının yurdu, Aşırğallı boyun, Ayrannı bulaq, Qaradaş, Cənnət bulağı, Sarı bulaq, Soyuq bulaq, Nazaroğlunun bulağı, Yolum çınqıl, Dibsiz göl, Keçiqıran göl, Yastı qar, ... yerə-göyə inandığınız kimi inanın ki,
Görünmərəm güman kimi,
sürünmərəm duman kimi,
Köçə bilsəm iman kimi
qəlbinizə, yaşayaram...
... Bu da son dəyə yerimiz!
"Son" kəlməsi məni varımdan yox eləyir...
Baxa qalmışam; dəyəmizin yeri göynəyir elə bil. Yurd yerimizdə ocaq daşı göynəyir, üç daş yan-yanaşı göynəyir. O göynərtiləri duyuram, ürəyimin başı göynəyir - anam yoxdu...
Çiçək-çiçək çəmənləriylə, ləçək-ləçək çiçəkləriylə murğuzar olan Qaraxaç yaylağında yurd yerimizdə dəyə yoxdu, ocaq yerimizdə ocaq daşı yoxdu...
Dar macalda böyük Füzulimizin bir misrasını xatırlayıram:

Kimi ki, bivəfa dünyadə
gördüm, bivəfa gördüm...

Canımdan bir üşütmə keçir. "Tövbə qapısı həmişə açıqdı" kəlamını təsəlli bilirəm...
Kamal Şair Şaban oğlu 34 illik həsrəti bitirdi. Qolu bağlı qulunam, Qaraxaçım. Gəlmişəm. Kamal Şair Şaban oğlunun, Səyyad Muxtar oğlunun, Almaz Məhəmməd oğlunun, Əhməd Səməd oğlunun, Polad Teymur oğlunun şahidliyiylə hökm sənindi...
Qaraxaç yaylağı - Bakı,
avqust, 2018-ci il

Fotolar Elçin Xudatovundur


Rəşid FAXRALI

TƏQVİM / ARXİV