adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Avqust 2018 21:29
12962
GÜNDƏM
A- A+

Hüseyn Cavid sənətinin cazibəsində

"Hüseyn Cavid sənətinin qüdrəti" (Bakı, 2018) monoqrafiyasının müəllifi Sona Vəliyevaya açıq məktub

Hörmətli Sona xanım, Hüseyn Cavid sənətinin və şəxsiyyətinin bitib-tükənməyən cazibəsi və möhtəşəmliyi, bu gündən tarixə, tarixdən bu günə və gələcəyə yönələn müasirlik məzmunu öz aktuallığını əhatə etdiyi mövzuların məzmun və ideya-fəlsəfi dərinliyi, irfani saflığı, ilahi ucalığı ilə qoruyub saxlamaqdadır.
Təsadüfi deyil ki, şair-dramaturqun şəxsiyyəti, taleyi və yaradıcılıq uğurları zaman-zaman mütəxəssislərin - Hənəfi Zeynallı, Abdulla Şaiq, Əli Sultanlı, Məmməd Cəfər, Yaşar Qarayev, Hüseyn İsrafilov, Zahid Əkbərov, Məsud Əlioğlu, Əbülfəz İbadoğlu, Rəfael Hüseynov, Vəli Osmanlı, Kamran Əliyev, Hüseyn Həşimli, Cəlal Qasımov, Azər Turan, və b. - diqqətini cəlb etmiş, haqqında məqalə, dissertasiya və monoqrafiyalar yazmışlar. Sizin bu sahəyə yeni münasibətinizin məhsulu olan "Hüseyn Cavid sənətinin qüdrəti" monoqrafiyanızı oxuyub haqqında rəy yazıb çap etdirmək niyyətindəydim. Lakin monoqrafiyanı oxuduqdan sonra rəy yaza bilmədim. Daha doğrusu, "Hüseyn Cavid sənətinin qüdrəti" adlı tədqiqat əsəriniz buna imkan verməyib, məni tədqiqat və təhlil xarakterli bir jurnal məqaləsi yazmağa istiqamətləndirdi, təhrik etdi. Məni bu işə H.Cavid sənətinin bütün parametrləri ilə cazibəsi və Sizin monoqrafiyanın məzmun və fikir tutumu, şair-dramaturqun şəxsiyyəti və sənətə yeni yanaşma tərzi, təhlil orijinallığı, məntiqi mühakimələrin konkret ədəbi və elmi-tarixi faktlara söykənərək aydın və əsaslı olması da sövq etdi.
"H.Cavidin fikir və sənət dünyası" başlıqlı on bir səhifəlik məqaləni yazıb qurtarandan sonra monoqrafiyada əhatə edilən məsələlərin bəzisinə ya ötəri toxunduğumun, bir çoxlarının isə "diqqətdən kənarda qaldığıyının" fərqinə vardım. Ona görə həmin məqalənin davamı kimi Sizə "Açıq məktub" ünvanlamağa qərar verdim.
H.Cavidin, doğrudan da, gözəllik aşiqi, ülviyyət və qüdsiyyət pərvanəsi olduğunu Siz bir daha təsdiq etmək üçün diqqəti şairin "Bir rəsm qarşısında" şeirinə yönəldir və elə misraları seçib misal gətirirsiniz ki, onlar şairin ancaq zahiri gözəlliyə deyil, həm də daxili zənginliyə, "ülvi bir zəkaya" malik, "hər baqışda fikrə min rəmz iyma edən, "pək nazlı, pək dilbər" keyfiyyətli gözəlliyin aludəsidir. "Peyğəmbər" əsərində həmin cəhət Peyğəmbərin Şəmsaya dediyi aşağıdakı sözlərdə bir daha aydın şəkildə belə təsdiqlənir:

Bən gözəllərdə gözəl ruh ararım,
Ruhu düşkünləri çirkin sayırım.
Bir gözəl levhə ki, yapmış rəssam,
Daha xoşdur ona məftun olsam...

Bununla bir tərəfdən H.Cavidin həyata və ictimai-mədəni, sosial-psixoloji gerçəkliyə münasibətinin davamlı olması fikri ifadə edilirsə, digər tərəfdən həmin sabitqələmliyin daim inkişaf və təkmilləşmə xüsusiyyəti də göz önündə canlanır. H.Cavidin fikir və əqidə bütövlüyünün sənətkar qüdrətinin daim püxtələşməsini monoqrafiya boyu diqqət mərkəzində saxlamaqla qalmayıb, həmin dinamikliyin zirvə məqamını "Xəyyam" pyesində əsərə daxil edilib biri - digərini tamamlaya Ömər Xəyyam rübailəri ilə H.Cavid rübailərinin müqayisəli təhlili ilə çox gözəl əsaslandırır və haqlı olaraq, belə qənaətə gəlirsiniz ki, H.Cavid "Şeyx Sənan"ı əsatirdən reallığa gətirərək tarixdə özündən əvvəl yazılmış "Şeyx Sənan"ları kölgədə qoyduğu kimi "Şeyx Sənan"dan başlayan irfan fəlsəfəsi, təsəvvür poetikası "Xəyyam" əsərində dərin məzmun qazanır. Şərq və Qərb fəlsəfəsinə yaxşı bələd olması H.Cavidi Xəyyam obrazının nümunəsində bütün fəlsəfələrin kökündə Şərq fəlsəfəsinin dayandığı qənaətinə gətirdi"... O, bütün yaradıcılığında məhəbbət və həqiqətin mütləq "mən" mənbəyinə doğru yol gedirdi. Bunun üçün kainatın yaranışına elmi-irfani, fəlsəfi baxışların mövcudluğundan çıxış edərək daim axtarışda idi". Bu sözlər həm də ona görə inandırıcı və möhkəm özüllər üzərində dayanır ki, onları dünyanı Tanrı biçimində təsəvvür və qəbul edən bir vətəndaş alim-şair - Sona xanım Vəliyeva söyləyir. Siz fikrinizi yeni biçimdə davam və inkişaf etdirərək belə tamamlayırsınız:
"H.Cavid irfan, təsəvvüf əqidəsini kiçik şeir və qəzəllərindən başlayaraq davam etdirdi və "Xəyyam" dramında kamilləşdirdi. Övliya, mürşid simasının hər cizgisində dünyanın müdrikliyini qoruyub yaşadan H.Cavid əsərlərində təbliğ etdiyi ideyaların filosofu kimi yerlə göy, zamanla məkan fərqinin, Xaliqlə məxluq arasındakı körpünün memarı kimi görünür". Onu da nəzərdən qaçırmırsınız ki, H.Cavid həmin ruhi-irfani körpüdə nəzərə çarpan mənəvi, əxlaqi, sosial-psixoloji, aşınmalara səbəb olduğu, törətdiyi fəsadları da görməyə, bəşəriyyətin diqqətinə çatdırmaya bilmirdi. "Peyğəmbər", "İblis", "Azər" və s. əsərlər bu fikri təsdiq etməkdədir.
Səlma azərbaycanlı qadın-Ananın təkrarsız obrazı olduğu kimi, Afət həm də öz əməlləri, yol verdiyi xətaları ilə qızı Alagözün tale yolunda yaratdığı maneələri aradan qaldırmaq üçün fədakar bir ananın ata biləcəyi addımı atır...
Bəzi məqamlarda Siz Analıq, qadınlıq, valideynlik, ailə səadəti, övlad tərbiyəsinin səmərəliyi və s. haqda, həmçinin hazırda dünyanı cənginə alan siyasi və hərbi ambisiyaların yolverilməzliyi barədə öz vətəndaş mövqeyinizi də ortaya qoyur, ölüm ayağında "Mən orda Allah babaya hamısını deyəcəyəm", - deyə imperialist cəlladları təhdid edən dördyaşlı qızın ibrətamiz ittihamına şərik çıxırsınız.
"Qoca bir türkün vəsiyyəti"ni qulaqardına vuranların özlərindən xəbərsiz daddıqları mənəvi-əxlaqi, sosial-psixoloji zəhər haqda "Uçurum" əsəridə Uluğ bəyin dilindən səsləndirilən aşağıdakı fikirlərin yenə də aktuallığına vətəndaş yanğınızı gizlədə bilmirsiniz.

O gün ki, İstanbulda
Gənclik fransızlaşdı,
Getdikcə türk övladı
Uçuruma yaqlaşdı...
...Avropadan fəzilət,
Hikmət, ciddiyyət vüqar
Dururkən yalnız çürük
Bir zippəlik aldılar.

Hörmətli Sona xanım, monoqrafiyanızda H.Cavidin hər əsərinin təhlilinə həsr etdiyiniz bölmələrə həmin mətnlərdəki ideya-estetik fikir yükünə uyğun maraqlı və məzmunlu başlıqlara - "Monoloq və dialoqların vəhdəti: "Azər", "Əfsanə və romantik metod" və s. - həmin əsərləri daha geniş təhlil etmək məqsədilə yeni başlıqlar seçirsiniz; "Şeyx Sənan və Dərviz", "Şeyx Sənan və Xumar", "İblis və Arif", "Peyğəmbər və Şəmsa". Bu uğurlu başlıq seçimləri oxucunu cəlb edir, onu yormur və mətləbi daha asan anlamasına səbəb olur.
Hörmətli Sona Xanım, inanıram ki, monoqrafiyanızın elmi redaktoru, Cavidşünas professor Kamran Əliyevin və vurğuladığı kimi "... H.Cavidin yaradıcılığı həm ideyaları, həm poetikası, həm də mətn arxitektanikası baxımından inkişafda görünən" "Hüseyn Cavid sənətinin qüdrəti" adlı tədqiqat əsəriniz mütəxəssislərin diqqətini uzun müddət özünə cəlb edəcək.

Hörmətlə,
Alxan Bayramoğlu
(Məmmədov)
filologiya elmləri doktoru, professor