adalet.az header logo
  • Bakı 19°C
15 Avqust 2018 22:18
22631
ƏDƏBİYYAT
A- A+

Eldar Həsənov, siz kimsiniz?

Ələmdar Məmmədov
Təqaüddə olan baş ədliyyə
müşaviri

Eldar müəllimlə əvvəllər şəxsi tanışlığım olmayıb. 1990-cı ilin aprel ayında bir məsələnin ədalətli həlli ilə əlaqədar Cəlilabada iki tanışını göndərmişdi. Həmin vaxt o, Gəncə Şəhər Milis İdarəsinin rəisi vəzifəsində işləyirdi. Xahiş olunan məsələ dövrün "qaydalarına" uyğun olmayan şəkildə öz qanuni həllini tapdı.
İllər ötdü. 1994-cü ildə Eldar müəllim Baş Prokurorun I müavini, mən isə Zaqatala rayon prokuroru vəzifəsində işləyirdim. Baş Prokuror yerində olmadığına görə bir günlük icazə almaq üçün Eldar müəllimə zəng etməli oldum. Salamlaşdıqdan sonra dedim:
-Eldar müəllim, tanış olmasaq da, Sizi yeni vəzifəniz münasibəti ilə təbrik edir və bir günlük icazə istəyirəm.
Eldar müəllim xoş ovqatla:
-Ələmdar müəllim, mən Sizi çox yaxşı tanıyıram, - dedi və icazə verdi.
Onun danışıq tərzi və unutqan olmaması məni məmnun etdi.
1994-cü ilin məlum oktyabr hadisələrindən sonra Eldar müəllim Baş Prokuror səlahiyyətlərini icra etməyə başladı və 1995-ci ilin mart ayında Baş Prokuror vəzifəsinə təyin olundu.
Eldar Həsənovun respublikanın Baş Prokuroru vəzifəsinə təyinatını birmənalı qarşılamayan prokurorluq işçilərini iki məsələ düşündürürdü.
Əvvəla, Eldar müəllim prokurorluq orqanlarında təzə adam olduğundan bu orqanın çoxşaxəli, bəzən elmi yanaşma tələb edən işini və nəzarət sahələrini mənimsəyib rəhbərlik edə biləcəkdimi!?
İkincisi, gənc yaşlarından DİO-da müxtəlif vəzifələrdə çalışmış, prokuror nəzarətinin ağırlığını çiynində daşımış bir adam idarəçilik üsullarını dəyişə biləcəkdimi? (Hansı polis işçisinə rast gəlirdin Eldar müəllimlə yaxınlığından, tanışlığından, bir yerdə işləməsindən danışırdı.) İrəli gedərək bildirim ki, Eldar müəllim işgüzarlığı, insani keyfiyyətləri və istedadı ilə qısa müddətdə hər iki sualın, necə deyərlər, cavabını verdi və Baş Prokuror olmağa layiq olduğunu sübut etdi. Polisdən saxladığı yeganə vərdiş, məsələlərə operativ yanaşması oldu.
Həmin dövrdə Baş Prokurorluğun Təşkilat analitik idarəsində rəis müavini isləmiş Əzizağa Həsənovun dediklərindən: "İlin yekunu ilə əlaqədar idarə rəisi ilə birlikdə məruzəni hazırlayıb Eldar müəllimə təqdim etdik. Kollegiyaya 2 gün qalmış bizi çağırdı. Necə deyərlər, alt-üst etdiyi məruzəni yenidən işləməyi mənə tapşırdı. Hansı məsələlərə daha çox fikir verilməli olduğunu yazılı şəkildə göstərdi. Mən düzü məəttəl qalmışdım. Bir gün də olsun prokuror nəzarəti sahəsində işləməyən adam dəyərli prokuror göstərişləri verirdi. Məruzəni hazırlayıb Eldar müəllimə təqdim edərkən oxuyub yenə bir neçə əlavə etdi".
Doğrudan da Eldar müəllimin məruzələrində yenilik ruhu hiss olunurdu. Özünəməxsus diksiyası onun çıxışlarını daha da canlı və effektli edirdi.
İdarəçilik üsulları ilə əlaqədar mənim yaxından iştirakımla baş vermiş bir hadisəni danışmaq istəyirəm.
1992-1993-cü illərdəki xaos vəziyyəti arxada qalsa da, 1994-1995-ci illər də ayrı-ayrı yerlərdə itaətsizlik halları baş verirdi. Qonşu rayonun kəndlərinin birində bu vəziyyət daha ciddi şəkil almışdı. Kənd sakinləri polis və prokurorluq işçilərinin qanuni çağırışına gəlmir, özbaşınalıq edirdilər. Polis rəisi istintaq zərurəti ilə əlaqədar iki nəfəri çağırmaq üçün Qarabağ döyüşlərində bərkdən-boşdan çıxmış üç polis nəfərini kəndə göndərir. Polis işçiləri çayxanada olan həmin adamları maşına otuzdurub şöbəyə gətirmək istəyərkən ətrafda olan camaat toplaşıb mane olurlar. Yaxında olan post patrul xidmətinin əməkdaşları işə qarışsalar da mübahisə əlbəyaxa davaya çevrilir, nəticədə çoxsaylı kənd sakinləri və polis işçiləri xəsarət alır. Hadisədən sonra kənd ağsaqqalları və nüfuzlu şəxslər işə qarışır və məsələ rəsmiləşdirilmədən barışıq elan olunur.
15 gündən sonra Dağıstan Dövlət Şurasının sədri Maqomədəli Maqomədəliyevin imzası ilə Prezident Aparatına məktub daxil olur. Məktubda göstərilirdi ki, kənd sakinləri polis işçiləri tərəfindən zorakılığa məruz qalıb, 17 nəfər yüngül, bir nəfər isə az-ağır xəsarət alıb. Dağıstan Məhkəmə Tibb Ekspertiza Bürosu tərəfindən verilmiş rəylər məktuba əlavə olunur. Baş Prokurorluq tərəfindən CM-nin 168-ci maddəsinin 2-ci hissəsi ilə (səlahiyyət həddini aşmaqla bərabər zor göstərmə) başlanmış cinayət işinin istintaqı mühüm işlər üzrə müstəntiqə tapşırılır. Müstəntiq bir aydan artıq istintaq aparıb, 18 nəfər kənd sakinini zərərçəkmiş kimi tanıyır. Hadisədən xeyli müddət keçdiyinə görə polis işçilərinə yetirilmiş xəsarətlər ekspertiza rəyi ilə təsdiq olunmur. Bundan sonra cinayət işi heç bir səbəb göstərilmədən istintaqın davam etdirilməsi üçün Zaqatala rayon prokurorluğuna göndərilir.
İş materialları ilə tanış olarkən məlum oldu ki, mühüm işlər üzrə müstəntiq bütün istintaq hərəkətlərini yerinə yetirib, polis işçilərinin əməli sübuta yetirilib və onlara CM-nin 168- ci maddəsinin 2-ci hissəsi ilə ittiham elan olunmaqla barələrində həbs qəti-imkan tədbiri seçilməlidir. İşin istintaqını prokurorluğun müstəntiqi Fərrux Babayevə tapşırdım və göstəriş verdim ki, heç bir istintaq hərəkəti aparmasın.
Nə üçün belə qərara gəlmişdim!?
Dostlarım olsa da qonşu rayonun prokuroru və polis şöbəsinin rəisi barışığa getməklə kobud səhvə yol vermişdilər. Bütün hallarda hadisə qeydə alınmalı, xəsarət alanlar, o cümlədən, polis əməkdaşları ekspertiza müayinəsindən keçirilməli, CM-nin 189-1 maddəsinin 2-ci hissəsi (Polis işçisinə zor işlətməklə müqavimət göstərmə) və 168-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanılmalı idi. Əvəzində isə qanunda nəzərdə tutulmayan barışıq elan olunmuş, qarşı tərəf də verilən fürsətdən yetərincə yararlanmışdı. Beləliklə, prokuror, polis rəisinin səriştəsizliyi və mövqesizliyi, mühüm işlər üzrə müstəntiqin biganəliyi üzündən vətən uğrunda döyüşlərdə iştirak etmiş, necə deyərlər, "buyruq qulu olub" vəzifələrini icra edən sıravi polis əməkdaşları faktiki olaraq, "parter" vəziyyətinə salınmışdılar. Məni ən çox narahat edən isə bu işdə ədalət prinsipinin pozulması və bununla da dövlətçiliyə vurulan zərbə idi. Ona görə də polis işçilərini qorumaqda qərarlı idim (Bunu hamıdan gizli saxlayırdım.).
Təxminən üç ay keçdi. Şikayətlər səngimək bilmirdi. Qonşu rayonun polis rəisi və prokuroru hər həftə gəlir, canyananlıqla işin aqibəti ilə maraqlanırdılar. Hər dəfə onlara izah edirdim ki, çalışın şikayətlər az olsun. Mənim yanıma gəlməkdənsə, birinci gün etdiyiniz kimi, şikayətçilərlə barışığa gedin. Növbəti dəfə yanıma gələn və barışıqla bağlı heç bir real addım atmayan polis rəisi ilə bir qədər sərt danışaraq dedim ki, bir neçə üzləşmə hərəkəti aparıb, sizin əməkdaşları məhkəməyə vermək və sənin haqqında lazımi tədbir görmək çətin məsələ deyil.
İki gündən sonra Baş Prokurorluqdan zəng edərək məni və müstəntiqi cinayət işini məruzə etmək üçün Bakıya çağırdılar. Üç ay ərzində heç bir istintaq hərəkəti aparılmayan cinayət işini götürüb, özüm Baş Prokurorun müavini Nazim Allahverdiyevin qəbuluna getdim. Xüsusi nəzarətə götürülmüş, şikayətlərin ara vermədiyi, qonşu dövlət rəhbərliyinin qarışdığı cinayət işini üç ay hərəkətsiz saxlamağın məsuliyyətinin nə dərəcədə ağır olmasını istintaq və prokurorluq işçiləri daha yaxşı bilir. Gənclik illərindən dostluq münasibətində olduğum Nazim müəllim işi vərəqləyərkən istintaq hərəkətləri aparılmamasını qörüb həyəcanla:
-Ələmdar, sən nə etmisən?- dedi. Mən cinayət işi ilə əlaqədar mülahizələrimi və nəzərdə tutduğum tədbiri Nazim müəllimə deyəndə qismən razılaşdı. Birlikdə Eldar müəllimin qəbuluna getdik. Eldar müəllimlə görüşdə də eyni səhnə təkrar olundu. O, işdə heç bir istintaq hərəkəti olmamasının səbəbini bilən kimi, telefonun dəstəyini götürüb polis rəisi ilə danışdı. Adətən təmkinli və ağır hərəkətləri ilə fərqlənən Eldar müəllim rəislə əsəbi şəkildə danışaraq təxminən aşağıdakıları dedi:
-Biz səninlə gənc yaşlarımızdan bir-birimizi tanıyırıq, çörək də kəsmişik. Lakin bu sənə haqq vermir ki, səriştəsizliyinin günahını başqalarının üzərinə atasan. Mən bu ölkənin Baş Prokuroruyam və ədalətli prokuror mövqeyi mənim üçün hər cür dost-tanışlıqdan üstündür.
Eldar müəllim rəisə bir neçə ağır söz deyib, sonra Daxili İşlər Naziri Ramil Usubovla danışdı. Mən onun təklifi ilə Ramil müəllimlə də görüşdüm. Ramil müəllim də məni mehribanlıqla qarşıladı və qərarımı təqdir etdi.
Məlum səbəblərdən cinayət işi hadisədən 20 gün sonra başlanmışdı. Xəsarətlərin kim tərəfindən, hansı şəxsə, hansı şəraitdə yetirilməsini aydınlaşdırmaq mümkün olmadığından təqsirlilik dərəcəsini də müəyyən etmək mümkün deyildi. Qanunda nəzərdə tutulmasa da, bu əsasla cinayət işinin icraatı dayandırıldı.
Eldar müəllim dövlət və dövlətçilik məsələlərinə həssaslıqla yanaşırdı. Geniş təfərrüatına varmadan iki hadisəni nəql etmək istəyirəm.
1996-cı ilin əvvəllərində gecə saat 1:00 radələrində bir vətənpərvər mənə zəng edərək hüquqi fakta söykənməsə də, dövlətçilik üçün mühüm əhəmiyyət kəsb edən məlumat çatdırdı. Xeyli fikirləşdim. Məsələ mənim səlahiyyətim və imkanım xaricində, Respublika müstəvisində həll olunmalı idi. Hava məkanı ilə əlaqədar olan bu hadisə səhər saat 7-8 radələrində baş verə bilərdi. Necə deyərlər, "bu gün tezdir, sabah gec" dilemması qarşısında idim. Saat 1:30-da Baş Prokurorluğun növbətçisinə zəng etdim. Növbətçi dedi ki, Eldar müəllim işdən saat 22-də gedib. Sabah zəng edərsiniz. Dedim ki, məsələ ciddidir, sabahı gözləyə bilmərəm, Eldar müəllimlə mütləq danışmalıyam. Həyəcanla gözləyirdim (Məlumat yalnış da ola bilərdi.). Heç 20 dəqiqə keçməmiş Eldar müəllim zəng etdi. Həmişəki qaydada gümrah səslə salamlaşıb kef-əhval soruşduqdan sonra məsələnin mahiyyəti ilə maraqlandı. Aldığım məlumatı məruzə etdikdən sonra bildirdim ki, məlumat yalnış da ola bilər, lakin dövlətçilik üçün əhəmiyyət kəsb etdiyini güman etdiyimdən Sizi narahat etmişəm. Eldar müəllim cavabında:
- Düz eləmisən, dövlətçilikdə xırda məsələ yoxdur, - dedi.
Səhər saat 10 radələrində Eldar müəllim yenidən zəng edərək:
-Məsələ ən yüksək səviyyədə həll olundu. Sağ ol! - dedi. Mən rahat nəfəs aldım.
Goranboy rayonunda işlədiyim ilk aylarda sərhəd məsələləri ilə yaxından tanış olarkən bir neçə uyğunsuzluq və təhlükəli məqamlar hiss edib fikirlərimi Eldar müəllimlə bölüşdüm. Eldar müəllim məni diqqqətlə dinləyərək məsələnin şəxsən cənab Prezidentə məruzə edilməli olduğuna görə, öz fikirlərimi yazılı şəkildə çatdırmağı məsləhət bildi. Mən rayona qayıdıb bəzi detalları bir daha dəqiqləşdirərək iki vərəqədən ibarət məktub yazdım. Lakin özümü sığortalamaq məqsədi ilə prokuror "siyasəti və təcrübəmi" işə salaraq məktuba aşağıdakı məzmunda əlavə etdim.
P. S. Hörmətli Eldar müəllim! Mənim bu dediklərim prokuror kimi konkret hüquqi faktlara deyil, vətəndaş kimi şəxsi müşahidə və mülahizələrimə əsaslanır. Xahiş edirəm nəzərə alasınız.
Bu əlavə ilə məktub hüquqi müstəvidən çıxıb, adi məlumata çevrilsə də, Eldar müəllim məsələyə operativ müdaxilə edərək uyğunsuzluğun aradan qaldırılmasına nail oldu.
Müdriklik özündə bir çox elementi ehtiva edir. Ədalətli və savadlı olmaqla yanaşı səbr və təmkinli olmaq müdrikliyin əsas şərtidir. Eldar müəllimdə bu xüsusiyyətlər özünü daha qabarıq şəkildə göstərirdi. Bir hadisəni nəql etmək istəyirəm.
1992-ci ildə Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bütün ölkə üzrə gücləri çatan qədər kütləvi kadr dəyişikliyi etdilər. 1993-cü ildə Xalq Cəbhəsi hakimiyyətdən getdikdə bütün rayonlarda əks proses-cəbhəçilərin hakimiyyətdən uzaqlaşdırılması başladı. Zaqatalada bir çox cəbhəçilərin vəzifədə qalaraq rayonun ictimai-siyasi həyatında iştirak etməsinə şərait yaradıldı. Həmin dövrdə demək olar ki, hər gün Kütləvi İnformasiya Vasitələrində bu və ya digər rayonda cəbhəçilərdən silah-sursat yığılması, evlərdə axtarış aparılması barədə xəbərlər yayılırdı. Bəlkə də yeganə rayon idi ki, Zaqataladan belə məlumatlar yayınlanmırdı. Bu o demək deyil ki, Zaqatalada qanunsuz silah gəzdirən və saxlayanlara qarşı mübarizə aparılmırdı. Əsla! Bu sahədə Zaqatala hüquq-mühafizə orqanları daha ciddi mübarizə aparırdılar. Sadəcə olaraq biz gördüyümüz işləri gözə soxmur və "siyasiləşdirmirdik".
(ardı gələn sayımızda)