adalet.az header logo
  • Bakı 17°C

Köçür durna qatarı

27994 | 2018-08-15 22:11
Çingiz Nağıyev

İnsan həyatının elə anları olur ki, özünü ələ almaq, təmkinini bərpa etmək, ya da sevincinin, şadlığının müddətini uzatmaq üçün musiqi dinləmək ehtiyacı duyursən. Belə vaxtda bəzən eşitdiyin bayağı musiqi kökdən düşmüş tar simi kimi anlaşılmaz səslərlə əhvalının tarazılığını bir qədər də pozur. Mən belə ehtiyacla qarşılaşanda internetdən öz zövqümə uyğun mahnı tapıb səsləndirirəm. Ən çox dinlədiyim mahnılar isə mərhum dostum Səxavət Məmmədovun, Qulu Əsgərovun, Qədir Rüstəmovun, Akif İslamzadənin, Məmmədəli Əliyev, Nəzakət Məmmədova və İslam Rzayevin lent yazılarıdır. Bir də Xalq artistləri Zeynəb xanım Xanlarova, Könul Xasıyeva, Niyaməddin Musayev və şəxsi dostluq münasibətimiz olan Gülyaz və Gülyanaq Məmmədova bacıları. Onların repertuarından demək olar ki, hər hansı bir mahnı mənim emosiyamı, hiss və həyəcanımı tarazlamaq üçün kifayətdir. Onu da qeyd edim ki, bu mahnıların hamısı xalq tərəfindən sevilən və heç zaman unudulmayan mahnılardır. Bunun isə bir səbəbi var. Yuxarıda adlarını qeyd etdiyim müğənni və xanəndələrin hər birinin yüksək ifaçılıq məharəti və oxuduqları mahnıların sözləri ilə musiqinin vəhdəti. Bu mahnıların içində "Durna qatarı" və "Olmaz-olmaz" mahnıları ən çox sevdiklərimdir. Bu yazımda "Durna qatarı" mahnısını dünləyərkən düşündüklərimi qələmə aldım. 
Bu mahnını ilk dəfə eşidəndə ömrümün gənclik illəri idi. O vaxtlarda bu mahnını böyük sənətkar Zeynəb xanım Xanlarova oxuyurdu. Sözləri Xalq şairi Bəxtiyar Vahabzadənin, musiqisi Emin Sabitoğlunundur. Mən belə klassik mahnıları tam sakitlik şəraitində dinləməyə üstünlük verirəm. Ətrafda heç bir səs, danışıq olmasını xoşlamıram. Bu mahnının həm milli üslubda olan musiqisi, həm də sözləri insanı dərin düşüncələrə aparır.

Əsir payız küləyi,
Gecə uzun, gün gödək.
Ağacdan yarpaq düşür,
Bir ömrün günləri tək.

Böyük şair Bəxtiyar Vahabzadə bu misralarla sanki qarşımızda sakit, yetkin bir təbiət tablosu yaradır və hər dəfə bu mahnının sehrinə düşəndə xəfif əsən payız küləyi elə bil səni tərpədir, ömrünün hansı yaşda olmasına baxmayaraq ötən günlərinin uzun, qalan günlərinin qısa olduğunu mənə xatırladır və qalan günləri daha mənalı yaşamağa sövq edir. Sanki insana xatırladır ki, evinə, ailəsinə, sevdiyi, hörmət bəslədiyi şəxslərə, vətəninə, xalqına, millətinə fayda vermədiyin hər bir gün ağaclardan tökülən payız yarpaqlarına bənzəyir və ömrün bada gedir.

Susur çaylar, çeşmələr,
Köçür durna qatarı,Susur çəmən, dağ, dərə.
Uzaq-uzaq ellərə.

Coşqun etiraslı yazda mayalanıb, isti yay aylarında barını yetişdirən təbiətin kamillik dövrü olan payızda sakitləşən çayları, çeşmələri, dağı, dərəsi insanı düşündürür. İnsan özü- özünə sual verir bəs mən nə etmişəm? Yazda böyük coşqu və yaşamaq etirası ilə bizim ellərə gələn bir çox quşlar, xususilə durnalar özlərinin sevdalı günlərini yaşayıb, bala böyüdüb ərsəyə yetirib öz missiyalarını yerinə yetirirlər. Bəs nə üçün payızda başqa yerlərə üz tuturlar? Bəlkə özümüz də bilmədən onların xatirinə dəymişik? Yox onlar yaranışdan belədirlər. Bəs nə üçün belədirlər? Bəlkə onlar Bəxtiyar Vahabzadənin başqa bir şeirində yazdığı kimi "Mən yaza vurğunam, qışı neylərəm" kəlamını öz həyatlarında dəyişilməz qanun kimi qəbul ediblər. Bəlkə durnalar da, başqa köçəri quşlar da bir ildə iki yaz yaşamaqla qısa ömürlərini uzatmaq, öz həm cinsləri ilə yazın təbiət qanunları ilə canlılara bəxş etdiyi sevginin coşqusunu bizim yaşadığımız bir təqvim ilində iki dəfə yaşayıb təbiətə borclarını ikiqat vermək istəyirlər. Bəlkə durnalarda həyat eşqi, Tanrının canlılara bəxş etdiyi sevginin coşqusu, etirası bizdən qat-qat yüksək olduğu üçün onlar daha çox yazı xoşlayırlar və bu istəklərinə çatmaq üçün yaz fəslini daha çox sevirlər.
Bələ halda getməkləri bizim üçün niskilli görünən durnaların gedişi onlar üçün fədakarlıqdır.
Deyəsən təbiət qanunlarını biz insanlardan da çox durnalar yüksək dəyərləndirirlər. Biz özümüzü nə qədər daha çox təbiəti sevən, milli münasibətlərdə isə tolerant göstərmək istəsək də köçəri ömür yaşayan durnalar deyəsən daha kamil bəşəri duyğulara malikdirlər. Belə anlaşılır ki, durnalar coşqun etiraslı sevgilərini yaşamaq üçün min kilometrlərlə məsafə qət etməyi bacarırlar, insanlar isə öz sevgiləri üçün bəzən qonşu kəndə getməyə ərinirlər.

Yarpaqlara, otlara,
Sarı-sarı zər düşür.
Yaşımıza yaş gəlir,
Ömürdən günlər düşür.

Zaman öz hökmünü verir, yarpaqlar, otlar öz rəngini dəyişir, hər gün, hər ay, hər ötən fəsil bizim üçün tarixə dönür. Təbiyət qanunları ilə yaranan insanlar öz soy-kökünə uyğun kamilləşir. Ya müdrikləşib dünyanı olduğu kimi dərk etməyə çalışır, ya da aldığı tərbiyəyə, ata-babasından gördüyü, adət etdiyi qeyri insani hərəkətlərlə ömrünü davam etdirir. Düşdüyü mühit insanları xasiyyətini dəyişir. Yaxşı insanlar ildən-ilə azalır. Bəs nə üçün instik hisslərlə yaşayan canlılar min illər öz yaşam tərzini qoruyub saxlaya bilirlər, şüurlu insanlar isə həyatlarında olan yaxşı adət- ənənələri unudub gah Afrikalıya, Asiyalıya, gah da Avropalıya oxşamaq istəyirlər.

Köçür durna qatarı,
O, baharda dönəcək.

Payızda köçüb gedən durnalar isə baharda yenə bizim ellərə dönürlər. Biz heç bilmirik gedən durna hansı idi qayıdan hansıdır. Həmin durnadır, yoxsa onun balasıdır. Amma dəyişməyən bir gerçəklik var. Qayıdan durnalar eyni xasiyyətli, öz genlərinə, öz ənənələrinə sadiq olan durnalardır.

Ötən gün də dönəydi,
Durna qatarları tək.

İnsanlar nə üçün ötən günlərin həsrəti ilə yaşayırlar. Əlbəttə hər insanın həyatında xoş xatirəyə çevrilən günlər, saatlar hətta bir baxışla ürəyini fəth edən dəqiqələr olur. Ancaq unudulmaz sevgiylə yüklənən həmin anlar o insanın həyatında silinməz xatirəyə dönürsə, deməli, o insan özünə xoşbəxt həyat qura bilməyib. O, sevgisinə çatmayıb, həsrəti özü üçün unudulmaz sevgiyə çevirib. Bir çox insanlar öz xoşbəxtliklərini xoş xatirələrdə tapırlar və özləri üçün saxta, süni həyat qururlar. Durnalar isə öz sevdikləri ilə təbiətdən gələn coşqun etirasa çatmaq üçün yaz axtarışı ilə dünyanın bu başından o başına gedirlər və qayıdırlar. Onlar öz həyatlarında ötən sevdalı, qayğılı günlərin xatirəsi ilə yox, o günləri bir daha yaşamaq eşqi ilə bahara qayıdırlar. Durnalar çox insanlardan fərqli olaraq sevdiklərinə də sadikdirlər. Bəlkə də durnalar sevgiləri coşduran, etizaza gətirən baharı ona görə xoşlayırlar.

TƏQVİM / ARXİV