adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Avqust 2018 15:39
9781
DÜNYA
A- A+

Türkiyə ABŞ-ı məhkəməyə verəcək

Əgər ABŞ dəyəri ödənilən beşinci nəsil "F-35" qırıcı təyyarələrini Türkiyəyə verməsə, Ankara hüququ tədbirlər görərək Amerikanı məhkəməyə verəcək.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib. O, bəyan edib ki, Türkiyə nəinki "F-35"ləri alır, o cümlədən də onların istehsalı proqramında iştirak edir.
"Artıq bizim pilotlarımız bu təyyarələri necə idarə etməklə bağlı təlimlər keçirlər. Amma əgər zərurət yaranarsa, biz hüquqi tədbirlərə əl atmağa məcbur olacağıq. Ümid edirəm ki, məsələ o həddə gedib çatmayacaq”, – deyə Kalın vurğulayıb.

Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib. Lakin ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər. Vaşinqton hesab edir ki, "S-400" sistemlərinin alınması Türkiyəyə "F-35" qırıcılarının verilməsinə mənfi təsir edə bilər. Bu cür bəyanatlara rəğmən, Pentaqon 21 iyunda 2 ədəd beşinci nəsil "F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib.

Lakin daha sonra qəbul olunan ABŞ-ın 2019-cu maliyyə ili üçün 716,3 milyard dollarlıq müdafiə büdcəsində qeyd olunub ki, Pentaqon Ankaranın "F-35" sazişində iştirakının qiymətləndirilməsinə dair hesabat təqdim etməyincə, həmçinin Türkiyənin Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini alması ilə yarana biləcək riskləri hesablayanadək ABŞ Senatı Ankaraya "F-35" qırıcılarının satışına qadağa qoyur.